Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Ədəbiyyat tariximizin fəxri - Pənah Xəlilov

Son Yenilənmə : 2025-07-01 06:44:42
Baxış sayı : 118

    O, uzun bir ömür yaşadı – 94 il. 1948-ci ildən fəal ədəbi yaradıcılığa başladı. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsində  genişmiqyaslı işlər gördü, yazdı, yaratdı. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşdı, peşəkar bir alim kimi püxtələşdi. Söhbət görkəmlıi ədəbiyyatşünas alim, tənqidçi və tərcüməçi, mərhum professor Pənah Xəlilovdan gedir.

    Pənah Xəlilov 1925-ci ili iyulun 1-də Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuş, ibtidai təhsilini burada almışdır. Ailəsinin Gəncəyə köçməsi ilə əlaqədar olaraq orta təhsilini həmin şəhərdə almış, orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1942-ci ildə   Azərbaycan Dövlət Universitetinin (indiki Bakıl Dövlət Universiteti) fililoji fakültəsinə imtahansız qəbul edilən Pənah Xəlilov dövlət təqaüdünə layiq görülür, universiteti bitirdikdən sonra aspiranturada saxlanılıır.

    1951-ci ildən universitetdə müəllim işləyən aspirant üç il sonra “Böyük Vətən müharibəsi dövründə Azərbaycan sovet poeziyası“ mövzusunda dissertasiya müdafiə edərək filoloji elmlər namizədi alimlik  dərəcəsini alır.

    Pənah Xəlilov az vaxt ərzində Azərbaycan sovet ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı üzrə ixtisaslı mütəxəssis olur. O, müəllimliyə başladığı ildən etibarən SSRİ xalqları ədəbiyyatından dərs deyir, bu ədəbiyyatı tədqiq və təbliğ edir. İyirmi ilə yaxın müddət ərzində alimin bu sahədəki tədqiqatı ali məktəblər üçün müntəxabat və ikicildlik dərsliklə nəticələnir.

    P.Xəlilov ötən əsrin 60-cı illərində nəşr etdirdiyi “SSRİ xalqları ədəbiyyatı” adlı tədqiqat əsərini filoloji elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya əvəzi müdafiəyə təqdim edir. Rəsmi opponentlər dissertasiyaya yüksək qiymət verirlər. Onlardan biri – Daşkənd Dövlət Universitetinin professoru L.Qəyyumov yazmışdı: “Pənah Xəlilov geniş bir əsər yaradaraq, onlarla xalqın milli ədəbiyyatını dərin elmi icmallarda əhatə edə bilmişdir. Ədəbiyyatşünaslığın müasir inkişaf mərhələsində bu qədər  geniş elmi baxışa nail olmaq nadir qabiliyyət sahiblərinə müyəssər olur. Belə adamlardan biri də “SSRİ xalqları ədəbiyyatı” dərsliyinin müəllifi Pənah Xəlilovdur”.

      Özbək alimin fikrincə, SSRİ xalqları ədəbiyyatına dair P.Xəlilovun əsərindən əvvəl də, sonra da Moskva, Daşkənd və SSRİ-nin digər şəhərlərində bu mövzuda əsərlərin çap olunmasına baxmayaraq, Azərbaycan ədəbiyyatşünasının yaratdığı dərsliyin tayı-bərabəri yoxdur.

   Tək Azərbaycanın ali məktəblərində deyil, türkdilli respublikaların da ali məktəblərində geniş istifadə edilən və mətbuat səhifələrində müsbət qiymətləndirililən bu əsər məlum, köhnəlmiş tədqiqatlar əsasında yazılmamışdır. Bu əsər müəllifin müstəqil tədqiqatının, elmi ümumiləşdirmələrinin, keçmiş Sovet İttifaqının ayrı-ayrı xalqlarının ədəbiyyatının tarixi üzrə apardığı çoxillik elmi axtarışlarının məhsulu idi.

     P.Xəlilovun bütün elmi-tədqiqat işləri mükəməlliyi və əhatəliliyi ilə seçilsə də, onun iki cildlik “SSRİ xalqları ədəbiyyatı” dərsliyi və həmin dərsliyin əsas məsələlərini əhatə edən ”SSRİ xalqları ədəbiyyatının inkişaf yolu” adlı avtoreferatı həmin dövrdə sovet ədəbiyyatşünaslıq elmində hadisə kimi dəyərləndirilmişdir. Müəllif uzun və ağır zəhmət nəticəsində gürcü, tacik, özbək, türkmən, qazax, qırğız, tatar ədəbiyyatını, onun qədim və müasir görkəmli ədəbi simalarını dərindən öyrənmiş, şərqi slavyan xalqlarından Ukrayna və Belarus ədəbiyyatını tədqiq etmiş, habelə başqa xalqlara nisbətən Azərbaycanla ədəbi-mədəni əlaqələri zəif olan Baltikyanı xalqların ədəbiyyatından məhəbbətlə söhbət açmışdır. Müəllif hər bir xalqın mədəni irsinə  yaxından bələd olduğuna, böyük və ya kiçikliyindən asılı olmayaraq hər bir xalqın ədəbi-mədəni sərvətinə eyni məhəbbətlə yanaşdığına görədir ki, bu mövzuda o, irihəcmli, elmi cəhətdən kamil bir əsər yaratmağa müvəffəq olmuşdur.

     Şifahi xalq yaradıcılığı, onun xalq həyatının müxtəlif sahələri ilə sıx bağlılığı, “İqor polkunun dastanı” (rus), “Manas” (qırğız), “Kalevipoeq” (eston) və digər dastanların mənsub olduqları xalqların mənəvi böyüklüyünü əks etdirmələrinə həsr olunmuş hissələr, şifahi ədəbiyyatla yazılı ədəbiyyatın qırılmaz əlaqəsi və digər məsələlər çox dəqiq və elmi cəhətdən yüksək səviyyədə işlənmişdir.

     Pənah Xəlilovun tədqiqat işləri ilə tanış olarkən ədəbiyyatşünaslıq elminin nəzəri əsasları ilə silahlanmış kamil bir filoloqla üz-üzə gəlir və inanırsan ki, o, işlədiyi mövzularla əlaqədar olan bütün mənbələri nəzərdən keçirib saf-çürük etmiş, ədəbi hadisələri dövrün müasir tələbləri səviyyəsindən işıqlandıraraq, ideoloji və nəzəri cəhətdən qiymətli elmi-tədqiqat əsərləri ərsəyə gətirmişdir.

     Pənah Xəlilov nəinki dərsliklər müəllifi olan yaxşı müəllim, həm də görkəmli ədəbiyyatşünas və tənqidçi kimi də tanınmışdı. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla, 150-yə yaxın ədəbi-tənqidi  məqalələrin müəllifi idi. Görkəmli alim bir sıra ali məktəb dərsliklərinin, Azərbaycan sovet ədəbiyyatı tarixinin yaradılmasında  yaxından iştirak etmişdir. Pənah Xəlilovun 22 kitabı işıq üzü görmüşdür. Alimin müxtəlif illərdə nəşr edilmiş “Azərbaycan sovet ədəbiyyatı”, “Ədəbiyyatşünaslığın əsasları”, “Dostluğun gücü”, “Ukraynanın böyük Kobzarı”, ““Kitabi-Dədə Qorqud” – intibah abidəsi”, “Əhməd Yəsəvi”, “Əli və Nino problemləri”, “Türk xalqlarının və slavyanların ədəbiyyatı” və digər bu kimi kitabları, ruscadan onlarla tərcümələri yüksək elmi sanbalı ilə seçilir.

     Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüş Pənah Xəlilov uzun illər Bakı Dövlət Universitetinin türk xalqları kafedrasının müdiri vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə ədəbiyyat və ədəbiyyat tarixinin araşdırılması və öyrənilib üzə çıxarılması sahəsində bir çox alim yetişmişdir.

     Görkəmli alim Pənah Xəlilov 16 avqust 2019-cu ildə vəfat etmişdir.

Məqalənin hazırlanmasında Ədəbiyyat və İncəsənət Arxivində daimi mühafizə edilən 78 nömrəli fondun materiallarından istifadə edilmişdir.

 

                                                                                      Xatirə Qədirova

                                                                           S.Mümtaz adına Dövlət Ədəbiyyat

                                                                           və İncəsənət arxivinin şöbə müdiri 



Bugün: 345
Dünən: 1430
Bu həftə: 9981
Son həftə: 11350
Bu Ay: 38154
Son Ay: 48584
Bu İl: 38154
Ümumi: 1732079
1732079