Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Qılman İlkin

Son Yenilənmə : 2024-07-01 09:06:09
Baxış sayı : 180

XX əsr Azərbaycan poeziya mühitində öz qələmi ilə seçilən bir çox ziyalılar yetişmişdir. Həmin illərdə yazılan əsərlər, təsvirlər, real həyat hadisələri bu gündə öz aktuallığını itirmir, maraqla oxunur. Dövrün görkəmli, istedadlı publisistlərindən olan Qılman Musabala oğlu Musayev    ( Qılman İlkin) 1914-cü ildə 28 aprel də Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. Kiçik yaşlarında atası vəfat etmişdir. Ibtidai təhsilini Zeynəlabdin Tağıyevin Mərdəkanda açdığı məktəbdə almışdır. Feyzulla Qasımzadə, Cəfər Rəmzi ona dərs deyiblər. Qılman İlkin Tağıyevi xatırlayarkən deyirdi; “Tağıyev hərdən bizim məktəbə də baş çəkirdi, o qədər sadə idi ki, heç deməzdin bu milyonçudur...”          

Qılman İlkin daha sonra Bakı şəhərində 18 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. O ilk iş fəaliyyətinə Xaçmaz rayon Əhmədoba kəndində müəllim kimi başlamışdır. Hər zaman illərlə göstərdiyi müəllimlik fəaliyyəti dövründə də gənclərə çıraq olmuş onlara düz yol göstərmişdir. Gənclərə məsləhət bilirdi ki, ədəbiyyata peşə kimi baxsınlar. O gənclərə hər zaman belə deyərdi: “ Gəncliyində hamı az-çox nəsə yazır. Lap istedadlı yazanlar da olur. Ancaq gəlin baxıb görək hamı bu istedadı illərin sınağından çıxarıb sona kimi apara bilirmi..”              

Daha sonrakı illərdə o Pedaqoji İnstitutun Azərbaycan dili və Ədəbiyyat fakültəsinə qəbul olunur. Təhsilini başa vurduqdan sonra “Uşaqgəncnəşr”də məsləhətçi, baş redaktor, Azərbaycan Dövlət Pedaqoji Universitetində ( indiki Bakı Dövlət Universiteti) müəllim kimi fəaliyyət göstərmişdir. O yaradıcılığının ilk illərində Qilman Musayev adı ilə əsərlər çap etdirib. Ancaq özü kimi yazıçı olan Qurban Musayevlə adı qarışıq düşürdü. Iki yazıçının baş hərfləri çaşqınlıq yaradırdı. Bu səhvliyi aradan qaldırmaq üçün o özünə İlkin təxəllüsünü götürüb və o gündən bütün yaradıcılığını Qılman ilkin kimi davam etdirib. O yaradıcılığa bir publisist kimi başlayıb. Onun “Ədəbiyyat” qəzetində tənqidi məqalələri dərc edilib. 1943-cü ildə “ Yaralı şahin” adlı hekayə ilə rəğbət qazanmışıdır. Onun bir çox hekayələri çapdan çıxmışdır. Lakin bir publisist kimi yaradıclığının məşhurluğu  “Şimal küləyi”, “Qalada üsyan”, “ Yetimin ölümü” romanları ilə başlamışdır.                                          

Qılman İlkin 1966-cı ildə “Azərbaycan” jurnalında daha sonra isə 1974-cü ildə isə “Azərnəşrdə” baş redaktor və direktor vəzifələrinə təyin edilmişdir. O işlədiyi illərdə bir sıra islahatlar aparmış, əhəmiyyətli yazıların çap olunmasına diqqəti artırmışdır. Öz xatirələrində direktor işlədiyi illəri belə xatırlayırdı : “ Bir çox gərəkli, çap olunmalı yazılar ləngidilirdi. Jurnalda pis mənada ənənəçilik hökm sürürdü. Halbuki jurnalda Əli Kərim, Yusif Səmədoğlu, İsa Hüseynov, Əliağa Kürçaylı kimi istedadlı qələm sahibləri çalışırdı”...                 

Işlədiyi müddətdə bir çox əsərləri çap etdirmişdir. Bunlardan biri də İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost” romanı olmuşdur. Yazıçı o günü belə xatırlayırdı: “ İlyas Əfəndiyev günlərin birində yanıma gəldi. Ona dedim ki, əsərini göndərmişəm çapa, növbəti nömrədə oxuyarsan. İnanmadı...”                                                                       

Yaradıcılığı dövründə 50-dən çox kitabı çap olunmuşdur. Bunlardan dördü roman, digər kitabları isə əsasən povest və hekayələr idi. O 60 ildən artıq bir dövrü nasir kimi fəaliyyət göstərmişdir. Ədəbiyyatımızın inkişafında əvəzsiz rolu olmuşdur. Yazıçının qələmindən çıxan bütün əsərlərdə vətənpərvərlik, tarixilik əsas rol oynayırdı. Qarabağ müharibəsindən bəhs edən publisistik məqalələri gəncləri vətənpərvər ruhda yetişdirirdi.    

Yazıçının haqqında hər zaman qələm yoldaşları da xoş xatirələr söyləmişdir. Onun Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm və başqaları ilə hələ gənc yaşlarından tanışlığı olmuşdur. Onu tanıyanlar hər zaman deyirdi ki, Qılman İlkin saf, kövrək təvazökar adam idi. Qara Namazov isə onu belə xatırlayırdı: “Qılman İlkinin əsərlərinin mövzu dairəsi genişdir.  Onun əsərlərində təkcə inqilabi keçmiş və vətəndaş müharibəsi deyil, dinc quruculuq uşaqların təhsili, vətənimizin zəngin sərvətlərinin axtarılması, ətraflı təsviri, tərənnümü olmuşdur. Qılman İlkinin sənətkarlıqla qələmə alınmış əsəri “Şimal küləyidir”. Burada xalqımızın keşməkeşli tarixinin hələ düzgün şərhi verilməyən illərinin bədii mənzərəsi vardır. Onun qaynar yaradıcılıq dövrü dövlətin də diqqət mərkəzindən kənarda qalmayıb. 1989-cu ildə Azərbaycan SSR Əməkdar İncəsənət xadimi, 2003-cü ildə isə Azərbaycan Respublikasının Xalq yazıçısı adına layiq görülmüşdür.Onun adına Xəzər rayon Mərdəkan qəsəbəsində küçə vardır.                         Yazıçı zəngin, qaynar bir ömür yaşamışdır. Ömrünün sonunadək yazmaqdan yorulmamış və hər zaman ilhamla öz yaradıcılığına davam etmişdir. Bu gün də onun irsi Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət arxivində sənədlər 207 N-li fond adı altında qorunur. Həmin fonda 7 siyahı daxil edilmişdir. Onun arxivdəki sənədlərinin əsasını əlyazmaları, yazışmaları, tərcümeyi-hal sənədləri təşkil edir və zəngin çoxşaxəli irsi gələcək nəsillərə əmanət olaraq qorunub, mühafizə edilir. Qılman İlkin 2009-cu ildə noyabrın 6-da ürək çatışmazlığından 96 yaşında vəfat etmişdir. O İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.                    207 №-li fondda olan sənədlərdən istifadə edilmişdir.

 

Gülnar Şərifova

ARDƏİA-nin aparıcı arxeoqrafı

 



Bugün: 285
Dünən: 774
Bu həftə: 5654
Son həftə: 6350
Bu Ay: 18363
Son Ay: 25108
Bu İl: 284512
Ümumi: 1304933
1304933