Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı öz ifaçılıq məharətilə respublikamızın musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərə malikdir. Böyük bir kollektivi özündə birləşdirən bu ansambl uzun illər milli musiqi mədəniyyətimizin inkişafı və geniş yayılması sahəsində əhəmiyyətli işlər görmüşdür. 1940-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası nəzdində yaradılan ansamblın təşkilində dahi bəstəkar, Azərbaycan profesional musiqi mədəniyyətinin banisi Üzeyir Hacıbəyov xüsusi xidmətlər göstərmişdir. Üzeyir Hacıbəyovdan sonra uzun illər ərzində ansamblın rəhbəri xalq musiqimizin gözəl bilicisi, əməkdar incəsənət xadimi, kollektivdə neçə-neçə istedadlı yaradıcı kadrlar yetişdirən Qılman Salahov olmuşdur.
Qılman Balalaməmməd oğlu Salahov 16 mart 1906-cı ildə Bakının Balaxanı kəndində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirən Qılman dayısı tarzən Ağanəsimin himayəsində qalır. Dayısının tar çalması onda musiqiyə maraq doğurur. Dayısı Qılmanın musiqiyə sevgisini görüb, onu dahi bəstəkar Üzeyir Hacıbəylinin yanına aparır. Üzeyir bəy ona violonçel alətində görkəmli pedaqoq və dirijor Leopold Rostropoviçin (Mstislav Rotsropoviçin atası) sinfində oxumağı məsləhət görür.
Qılman bir il həmin sinifdə təhsil alır. Üzeyir bəy bu alətdə ifa etməyin uşaq üçün ağır olduğunu görür və ona iş otağında saxladığı kamançasını verir. Beləliklə, Qılman Slahovun kamança sevgisi başlayır. O, Üzeyir bəyin yaratdığı Azərbaycan Dövlət Türk Musiqi Məktəbinin (Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Musiqi Kolleci) kamança sinfində təhsilini davam etdirir.
Görkəmli tarzən Əhməd Bakıxanov 1927-ci ildə Musiqi Texnikumunun nəzdində “Solistlər” ansamblını yaradır. Qılman Salahov da ansamblın üzvü kimi kamançada ifa edir. 1936-cı ildə Ü.Hacıbəylinin təklifi ilə Q.Salahov Mahnı və rəqs ansamblının bədii rəhbəri olur. Dahi bəstəkar kollektivlə mütəmadi olaraq bölgələrə gedir, istedadlı gəncləri ansambla cəlb edirdi. Üzeyir bəyin məktəbini keçən Q.Salahov da xalq mahnı və rəqslərini toplayır və nota salırdı.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə Q.Salahovun rəhbərlik etdiyi Mahnı və rəqs ansamblı da çıxış edir. Kollektiv Azərbaycan xalq mahnıları və rəqslərindən başqa, keçmiş SSRİ-nin bir çox xalqlarının mahnı və rəqslərini də ifa edir. Ongünlükdə ansamblın belə bir yaradıcılıq yolu yüksək qiymətləndirilir və bu cəhətdən onun işi xüsusilə bəyənilir. Uğurlu çıxışdan sonra ansambla Dövlət Statusu verilərək "Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı" adlandırılır.
Bundan əlavə, Üzeyir bəyin təklifi ilə kamança ifaçısı dahi bəstəkarın təşkilatçılarından olduğu və 1939-cu ildə Moskvada keçirilən xalq çalğı alətləri ifaçılarının I Ümumittifaq müsabiqəsində iştirak edərək laureat olur.
1941-1945-ci illər müharibəsi dövründə xalq arasında böyük hüsn-rəğbət qazanmış Mahnı və rəqs ansamblı Qılman Salahovun rəhbərliyi altında dəfələrlə cəbhəyə getmiş və hərbi xəstəxanalarda çıxış etmişdir.
1950-ci illərdə Q.Salahov ansamblı daha da böyüdərək, xor və orkestr qruplarını qüvvətləndirir. Bundan əlavə orkestrin tərkibi yeni musiqi alətləri – saz, tütək, qoşa nağara və sairə ilə tamamlandırılır. Dövrünə görə müasir mövzulu repertuarın yaranması ansamblın başlıca müvəffəqiyyətini təyin edən amillərdən birinə çevrilir. Q.Salahovun ansambla rəhbərlik etdiyi dövrdə musiqi sənəti ilə yanaşı olaraq, yeni-yeni istedadlı ifaçı qüvvələr də xeyli inkişaf edir. Ansamblda bir çox rəqqaslar Azərbaycan xalq rəqslərinin mahir ifaçıları kimi şöhrət qazanır, xalq mahnılarının ifa olunmasında yeni ifaçılar nəsli təşəkkül tapır. Ansambl keçmiş SSRİ-nin bir çox respublikalarına qastrol səfərlərinə gedir, milli musiqimizi təbliğ edirdi.
1958-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 3 ay Çində qastrol səfərində olur. İstedadlı musiqiçi özü bu barədə deyirdi:
“Bu sadəcə səyahət deyil, kollektiv üçün əsl yaradıcılıq imtahanı idi. Hər şeydən əvvəl, repertuar məsələsi üzərində ciddi düşünmək lazım idi. Bu məsul imtahana köhnə baqajla getmək olmazdı. Bu işə can-başla girişən bəstəkarlarımız “Vətən haqqında süita”, ”Çadra ilə rəqs”, “Yallı”, “Tirmə şal”,
“Gənclik rəqsi” əsərlərini yazdılar.
Bunlardan başqa ansamblın repertuarında “Vağzalı”, “Ay bəri bax”, “Qarabağ maralı”, “Nazlana-nazlana”, Çin xalq mahnısı “Alamuxan” və sair mahnı və rəqslər də var idi.
Kollektiv üçün, həmçinin, çox zəngin geyim hazırlanmışdı. Hər bir partiya səhnəyə xüsusi milli geyimlərdə çıxırdı. Geyimlərinin eskizini isə respublikanın əməkdar incəsənət xadimi Reyhan xanım Topçubaşova vermişdi”.
Qastrol konsertlərində ansamblın üzvləri – xalq artistləri Rübabə Muradova, Əminə Dilbazi, Roza Cəlilova, eləcə də Böyükağa Atababayev, Əlibaba Abdullayev uğurlu çıxışları ilə tamaşaçıların rəğbətini qazanır.
Ən xoşagələn cəhət bu idi ki, kollektivin Çinə səfəri əlamətdar bir günə təsadüf edirdi. Oktyabrın 1-də Çin Xalq Respublikasının elan edilməsinin 9 illiyi tamam olurdu. Konserti dinləyənlərin arasında Çinin Dövlət Şurasının sədri, yəni Baş nazir Cjou Enlay da olur. O, ansamblın üzvləri ilə görüşür və kollektivin daha 10 gün də Çində qalmasını xahiş edir. Q.Salhaovun rahbərliyi altında Mahnı və rəqs ansamblı dost ölkədə milli musiqi mədəniyyətimizi daha da şöhrətləndirir.
Ansambl Çindən Monqolustana dəvət edilir. İncəsənət ustalarımız 20 gün də Monqolustanda uğurlu konsertlər verirlər.
Tanınmış musiqi xadimi Qılman Salahov rəhbərlik etdiyi ansamblın inkişafı üçün daim yorulmadan fəaliyyət göstərmişdir. Onun kollektivin nəzdində yaratdığı “Sazçı qızlar” ansamblı musiqi ictimaiyyətinin yaddaşında dərin izlər qoymuşdur.
Tələbələrinin dediklərinə görə, Qılman Salahov istedadlı musiqiçi olmaqla bərabər, həm də qayğıkeş müəllim idi. O, Azəf Zeynallı adına Musiqi Texnikumunda kamança üzrə not sinfində dərs deyirdi. Qayğıkeş müəllim sənətin sirlərini yorulmadan, həvəslə tələbələrinə öyrədir, məktəbdə dərsləri çox ciddi şəkildə keçirdi. Bəzən istədiyini tələbələrdən almayınca lazım gələndə saata da baxmazmış.
Əməkdar artistlərdən Tələt Bakıxanov, Hafiz Mirzəbəyov və digərləri Q.Salahovun tələbələri olub. Görkəmli xanəndə Cabbar Qaryağdıoğu, yaşının müdrik çağlarında Qurban Primiv Q.Salahovun müşayiəti ilə oxuyub. Onun kamançada müşayiəti ilə sonralar Xan Şuşinski, Zülfi Adıgözəlov, Seyid Şuşinski, Rübabə Muradaova Şövkət Ələkbərova kimi məşhur xanəndələr el şənliklərində konsertlər veriblər.
Üzeyir Hacıbəyli məktəbinin layiqli yetirməsi, Əməkdar incəsənət xadimi Qılman Salahov 12 oktyabr 1974-cü ildə vəfat etmişdir.
Məqalənin hazırlanmasında 234№-li fondun sənədlərindən istifadə olunmuşdur
Xatirə Qədirova
S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət arxivinin şöbə müdiri
| Bugün: | 1016 |
| Dünən: | 1505 |
| Bu həftə: | 12417 |
| Son həftə: | 13420 |
| Bu Ay: | 35922 |
| Son Ay: | 55392 |
| Bu İl: | 187961 |
| Ümumi: | 1881886 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az