Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-02-28 23:51:13
Baxış sayı : 3190

Qocaman müəllim - Mirzə Həsən Rüşdiyyə  

 

         M.H.RusdiyyeVətəni sevmək imandandır. Millət üçün çalışmaq isə müqəddəs bir vəzifədir. Əgər bu fədakarlıq elm yolundadırsa, sadə dillə desək o şəxsin axirətdə yeri cənnətdir. Çünki, dinimiz İslama görə, öyrənmək və öyrətmək ibadətlərin ən gözəlidir. Peyğəmbərimiz Həzrət Mühəmməd Salavatullah belə buyurmuşlar ki:”Elm öyrənmək hər bir müsəlmana vacibdir. Eşidin! Allah elmə məhəbbət bəsləyənləri sevər”. Əgər elm ziyadırsa, elmi öyrədən təbii ki, ziyalıdır. Belə ziyalılardan biridə Mirzə Həsən Rüşdiyyə idi.

          Mirzə Həsən Rüşdiyyə 1851-ci ildə Təbriz şəhərində, öz dövrünün alimlərindən olan Molla Mehdinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini doğma şəhəri Təbrizdə almışdı. Təhsilini davam etdirmək üçün o Nəcəf şəhərinə getməli və buradan mükəmməl bir ruhani olaraq qayıtmalı idi. Çünki, bu dövrdə təhsil ocaqları ancaq mollaxana və mədrəsələrlə məhdudlaşırdı.İranda da digər müsəlman məmləkətlərindəki kimi əsasən din xadimlərinin hazırlanmasına fikir verilirdi. Mövcud təhsil sistemi ölkənin kadr hazırlığı sahəsindəki təlabatı ilə ayaqlaşa bilmirdi. İstanbulda iki təbrizli naşir - Mirzə Nəcəfəlixan və Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunan “Əxtər” (farsca “ulduz” deməkdir) qəzetində yazılmış bir məqalədə deyilirdi ki, Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurdan irəli gəlir... İranda da Avropasayağı məktəblər olmalıdır.

          Məhz bu fikir, gənc Mirzə Həsənin gələcək məqsəd və məramını müəyyənləşdirən əsas amil oldu. Atasının razılığı ilə Türkiyəyə səfər etdi. İstanbul,   Beyrut və digər şəhərlərin təhsil sistemi ilə maraqlandı. Burada fəaliyyət göstərən məktəblərin adı onun diqqətini cəlb etdi və özünə təxəllüs götürdü – Rüşdiyyə. Beyrutdakı Darülmüəllimində (Pedaqoji Universitetində) təhsil aldığı zaman üsuli-cədid (ərəbcə “yeni tərz” deməkdir) məktəblərinin təsisini və idarə edilməsini öyrəndi.

         Mirzə Həsən Rüşdiyyə ilk pedaqoji fəaliyyətini Şimali Azərbaycanın şəhərlərindən biri olan İrəvanda başlamağa qərara aldı. 1883–cü ildə burada yaşayan qardaşı Mirzə Əli ilə birgə özünün ilk üsuli-cədid məktəbini açdı. Bu məktəb Şimali Azərbaycanda heç də ilk təhsil ocağı deyildi. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundovun milli təhsil uğrunda apardığı gərgin mübarizənin nəticəsi olaraq, Şamaxı (1870) və Şəkidə (1877) yeni tipli milli məktəblər açılmışdı.  Rusiyada elmi pedaqogika və xalq məktəblərinin banisi olan Konstantin Uşinskinin layihəsi əsasında 1876–cı ildə Qori Müəllimlər Seminariyası təsis edilmişdi. Üç il sonra isə (1879) Seminariyanın türk (rusların təbirincə “tatar”) bölməsi açıldı. Bölmənin təsisində görkəmli ədib M.F.Axundovun böyük rolu olduğunu qeyd etmək lazımdir. Şimali Azərbaycanın, eləcədə bütün Qafqazın milli burjuaziyasının təşəkkülündə Qori Müəllimlər Seminariyasının xüsusi xidmətləri olmuşdur. Məzunlarının adını sadalamaqla bunu sübut edə bilərik: Üzeyir Hacıbəyov,Müslüm Maqomayev,Cəlil Məmmədquluzadə, Rəşidbəy Əfəndiyev, Nəriman Nərimanov, Fürudinbəy Köçərli, Sultan Məcid Qənizadə və başqaları. Hər biri Azərbaycanın və həm də Qafqazın ictimai-siyasi həyatında, o cümlədən elm, mədəniyyət, maarif və mətbuat sahəsində xidmətləri danılmaz dahilərdir.

        XIX əsrin ikinci yarısında Qafqazda milli maarif sahəsində başlanmış intibah Cənubi Azərbaycan ziyalılarının da nəzər – diqqətini cəlb etmişdi. İsmayıl Kazımzadə və Mirzə Kazım Əsgərzadənin İrəvanda açdıqları yeni üsul ana dili məktəbləri bu prosesdə iştirakın sübutu idi. Mirzə Həsən Rüşdiyyənin də müəllimlik fəaliyyətinə məhz İrəvan şəhərində başlaması heç də təsadüfi deyildi.

Gənc müəllimin pedaqoji fəaliyyətində atdığı ilk addım uğurlu alınmışdı.  İran şahı Nəsirəddin Qacar İrəvan şəhərinə səfər edərkən bu təhsil ocağını da ziyarət etmişdi. Məktəbin fəaliyyəti çar hökümətinində diqqətindən kənarda qalmamışdı. Dövlət idarələrinə savadlı yerli məmurlar hazırlamaq istəyən çar dövləti M.H.Rüşdiyyənin fəaliyyətindən məmnun idi. Təsadüfi deyildir ki, M.H.Rüşdiyyə dövlət tərəfindən mükafatlandırılmış və hətta ona maddi yardımda göstərilmişdi. Uğurlu pedaqoji fəaliyyətə baxmayaraq, Mirzə Həsən Rüşdiyyə İrəvanda çox qalmadı. 1888–ci ildə zəngin təcrübə toplayan gənc müəllim doğma Təbrizə qayıtdı.

XIX əsrin ikinci yarısında İranda formalaşan milli burjuaziya dövlətdən təhsil sistemində ciddi islahatlar tələb edirdi. Bunlar yeni üsul məktəblərinin artırılması, ibtidai təhsil ilə əlaqədar əlifbada dəyişikliklər edilməsi və təlim- tərbiyə metodlarının muasirləşdirilməsi idi. Məhz bu tələblərin həyata keçirilməsi üçün savadlı və təcrübəli müəllimlərdə lazım idi. Mirzə Həsən Rüşdiyyə bu tələblərə cavab verə biləcək müəllimlərdən idi.

Təcrübəli pedaqoq İrana qayıdan kimi, ilk işi doğma Təbrizdə “Dəbistani–Rüşdiyyə” və “Mədrəseyi-Rüşdiyyə” adlı məktəblərini açmaq oldu. Mirzə Həsən  Rüşdiyyə məktəblərini məktəbxana formasında saxlasada, tədris işini fars dilindəki asan kitablardan sövti (səs) üsulu ilə aparırdı.

Mirzə Həsən Rüşdiyyənin gördüyü işlərdə müvəffəqiyyət qazanması köhnə fikirli  məktəbdarları və mürtəce ruhaniləri qıcıqlandırırdı. İşində nə qədər ehtiyatlı olsada, cəhalət yenə öz işini görürdü. Tədris işini sövti üsulu ilə aparmasını bəhanə gətirərək onun məktəblərini qarət edirdilər. Bu fitnəkar qəsdlər zamanı məktəblilərdən  ölən və yaralananlarda olurdu. Hətta Rüşdiyyə özü belə bir neçə dəfə ağır yaralanmışdı.

Mənəvi, maddi və fiziki zərbələr alan mübariz müəllim müvəqqəti də olsa Təbrizi tərk etməli oldu. O, Xorasana, Misirə və Qafqaza səyahət etdi. 1893–cü ildə yenidən Təbrizə qayıdan Mirzə Həsən Rüşdiyyə əsasən ana dilinin tədrisinin yer aldığı  “Rüşdiyyəye - Müzəffəriyyə“ məktəbini təsis etdi. Məktəbin tədrisinin doğma türk (Azərbaycan) dilində təşkil olunması Cənubi Azərbaycan üçün mühüm tarixi bir hadisə idi. Çünki bu təhsil ocağı Səfəvilər dövründən sonra ana dilində açılan ilk milli məktəb idi. Bəlkə elə buna görədə bu təhsil ocağına “Rüşdiyyəye-Milli“ məktəbi deyilirdi.

“Rüşdiyyəye-Müzəffəriyyə“ məktəbində tarix, coğrafiya, fizika, riyaziyyat, təbiyyat və s. elmlərlə yanaşı fars, ərəb, fransız və rus dillərinin tədrisi də əsas yer tuturdu. Dərslər sövti üsulu əsasında aparılırdı.Dövrün ziyalı şəxsləri, o cümlədən Məhəmmədəli Tərbiyət, Əhməd Müdərris, Hüseyn Kamal Təbibzadə və başqaları bu məktəbin müəllimləri olmuşlar. Məktəbdə 200-dən çox şagird təhsil alırdı. Əksəriyyəti yoxsul uşaqları olan bu şagirdlər pulsuz təhsil alırdılar.

      1894–сü ildə Mirzə Həsən Rüşdiyyə özünün ilk  “ Vətən dili ” adlı əsərini yazdı. “Rüşdiyyəye-Müzəffəriyyə”də tədris olunan ana dili dərsləri məhz bu  kitab üzrə aparılırdı. Təbrizdə çap olunan ” Vətən dili ” öz dövrünün ən mükəmməl dərsliyi idi. Sadə və aydın dil ilə yazılan dərslik onu qavramaqda məktəblilər üçün heç bir çətinlik yaratmır və sövti üsulu ilə ərəb əlifbasının öyrənilməsini xeyli asanlaşdırırdı. Altı ay ərzində yazıb-oxumağı öyrədən bu dərslik bütün İran Azərbaycanında yayılmışdı.

    Mirzə Həsən Rüşdiyyə “ Vətən dili ” kitabından başqa türk (Azərbaycan) və fars dillərində bir çox əsərlərin müəllifidir. “Bədayətüt-təlim”, “Kefayətüt-təlim”, “Nehayətüt-təlim”, “Təkmelətüs-sərf”, “Ana dili”, “Əlifbaye-Rüşdiyyə”, “Üsule əqaid və ya ittihade bəşər” və s. əsərləri bütün İranda oxunur və bir çox məktəblərdə dərs vəsaiti kimi istifadə olunurdu.

     1896–cı ildə Nəsirəddin şahın oğlu 43 yaşlı Müzəffərəddin taxta çıxdı. Azərbaycan vilayətinin hakimi (valisi) olmuş Müzəffərəddin xan, özündən sonra hakimlik etmiş Mirzə Əlixan Əminüddövləni sədr-əzəm (baş nazir) təyin etdi. Əminüddövlə Azərbaycan hakimi olduğu zaman Rüşdiyyənin maarif sahəsində gördüyü işləri təqdir və müdafiə edirdi. Onun Tehrana çağrılması Təbrizdəki mürtəcelərin Rüşdiyyəyə qarşı olan fitnəkar hücumlarının yenidən alovlanmasına səbəb oldu. Bu sıxıntılı günlərdə Rüşdiyyə yenə də Əminüddövlə tərəfindən müdafiə edildi. Sədr-əzəm onu Müzəffərəddin şahın əmri ilə Tehranda üsuli-cədid məktəbi açmağa dəvət etdi. Bu dəvət ilə M.H.Rüşdiyyə apardığı maarifçilik mücadiləsinin yeni mərhələsinə qədəm qoydu. O, Tehrandakı pedaqoji fəaliyyətinə başladığı zaman Mirzə Nəsrulla Məlikülmütəkəllimin, Yəhya Dövlətabadi və Şeyx Mehdi Kaşani kimi maarifçi ziyalılarla əməkdaşlıq edirdi.

     1898–ci ildə təşkil edilən Maarif Əncüməni və Ali Maarif Şurası yaradıcılarından biri olan M.H.Rüşdiyyənin tədris metodu artıq özünü doğrultmuşdu.İranda açılan bütün üsuli-cədid məktəbləri bu metodla işləməyə üstünlük verirdilər.Ancaq  Təbrizdən fərqli olmayaraq, mürtəce qüvvələr Tehranda da öz işini görürdü. 1898-ci ilin iyul ayında yeni maarifçi hərakatın hamisi olan Əminüddövlə sədr-əzəm vəzifəsindən kənarlaşdırıldı. Bu hadisə M.H.Rüşdiyyə və digər maarifpərvər ziyalıların vəziyyətini pisləşdirdi. Əgər əvvəllər fitnəkar qüvvələr mürtəce ruhanilərdən ibarət idisə, indi onlara saray məmurlarıda qoşulmuşdu. Bu təhlükəli vəziyyətdən qurtulmaq üçün M.H.Rüşdiyyə 1900–cü ildə Məkkə, Şam və Qafqaza səfərə çıxdı. 1902–ci ildə Tehrana qayıdan Mirzə Həsən Rüşdiyyə müəllimlik fəaliyyəti ilə yanaşı naşirliklə də məşğul olmağa başladı. Tehranda nəşr etdirdiyi  “Tehran” və “Məktəb” adlı qəzetlərində həm elmi-metodiki tövsiyələrlə, həm də inqilabi məqalələrlə çıxış edirdi. Çünki, o XX əsrin əvvəllərində İranda cərəyan edən inqilabi hərakatın fəallarından idi. Məhz bu fəaliyyəti onun      

       Sürgündən azad olduqdan sonra Tehrana qayıdıb yenidən elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. Qafqazın və İranın bir çox şəhərlərində üsuli-cədid məktəbləri açmış-dır.

1933–cü ildə təqaüdə çıxan Mirzə Həsən Rüşdiyyə Qum şəhərinə köçərək, ömrünün sonunadək burada yaşamışdır. Qocaman müəllim təqaüdə çıxmasına baxmayaraq, maarif sahəsində yeniliklər üzərində çalışmaqdan yorulmurdu. Doxsan üç illik keşməkeşli həyatın altmış ildən çoxunu vətəninin və millətinin maarif sahəsində tərəqqisi uğrunda sərf etmiş Mirzə Həsən Rüşdiyyə 1944–cü ilin dekabrında dünyaya gözlərini əbədi yumdu. 

     Qocaman müəllim Mirzə Həsən Rüşdiyyənin elmi-pedaqoji fəaliyyətini, həyat və yaradıcılığını tədqiq edərkən, heç şübhəsiz dahi rus pedaqoqu K.D.Uşinskinin bu sözləri yada düşür:“Əgər biz həkimlərə öz sağlamlığımızı etibar ediriksə, müəllimlərə uşağımızın əxlaqını, ruhunu, bütün bunlarla bərabər, öz Vətənimizin gələcəyini etibar edirik. Şəxsiyyətin inkişafına və müəyyənləşməsinə yalnız şəxsiyyət təsir göstərə bilər. Xarakteri yalnız xarakter yarada bilər”.

 

       Məqalənin yazılmasında ARDƏİA-nin  aşağıdakı sənədlərindən istifadə edilmişdir:

       Fond 713,siy.1,iş 48.

 

 

                                                                                                Сavid MƏMMƏDLİ

 

                                                                                ARDƏİA–nin Sənədlərin nəşri və 

                                                                                        istifadəsi şöbəsinin müdiri



Bugün: 310
Dünən: 1014
Bu həftə: 5476
Son həftə: 6066
Bu Ay: 19372
Son Ay: 28223
Bu İl: 260413
Ümumi: 1280834
1280834