Öz dövrünün tanınmış ictimai-siyasi xadimi Rəhim bəy Əlağa oğlu Vəkilov haqqında bəzi qeydlər.
Azərbaycan xalqının tanınmış ictimai-siyasi xadimlərindən biri də Rəhim bəy Əlağa oğlu Vəkilovdur. Lakin təəssüflər olsun ki, bu günə qədər Rəhim bəy Əlağa oğlu Vəkilovu ictimaiyyətə və geniş oxucu kütləsinə təqdim etmək üçün onun həyat və fəaliyyəti haqqında hər hansı bir tədqiqat əsəri və ya kitab yazılmamışdır. Ümumiyyətlə, Azərbaycan tarixində Rəhim bəy Vəkilovun fəaliyyətinin tədqiq edilmədiyini desək səhv etmərik deyə düşünürəm. Bu səbəbdən də cəmiyyətimizdə onun haqqında məlumatlar demək olar ki, yox səviyyəsindədir. Lakin onun Azərbaycan Xalq Cümhuriyyəti tarixində adı və izi qaldığı üçün onun öyrənilməsi əhəmiyyət kəsb edir deyə düşünürəm və bu məqaləni yazmaqla, onun fəaliyyətinin öyrənilməsi istiqamətində ilk addımı atıram.
Qeyd edirəm ki, Rəhim bəy Əlağa oğlu Vəkilov haqqında yalnız Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının ikinci cildində müəyyən məlumatlar verilmişdir. Həmin məlumatlara əsasən Rəhim bəy Vəkilov 29 fevral 1897-ci ildə Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur. Lakin təəssüflər olsun ki,onun doğum tarixi haqqında sənədləri Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində, eləcə də Qazax rayon dövlət Arxivində aşkar etmək mümkün olmamışdır. Lakin Rəhim bəy Vəkilovun Cümhuriyyət dövründə ictimai-siyasi fəaliyyəti haqqında müəyyən arxiv sənədləri və materialları Azərbaycan Respublikasının Dövlət Tarix və Dövlət Arxivlərində qayğı ilə qorunub saxlanılır. Rəhim bəy Əlağa oğlu Vəkilovun fəaliyyəti haqqında Azərbaycan Respublikasının Dövlət Tarix və Dövlət Arxivlərində qorunub saxlanılan müəyyən həcmdə olan sənəd və materialları aşkar edərək həmin sənədlərdəki məlumatlar əsasında bu məqaləni yazmağı qərara aldım. Düşünürəm ki, Rəhim bəy Əlağa oğlu Vəkilov haqqında yazdığım bu yeni məqalə hörmətli oxucularımız tərəfindən maraqla qarşılanacaqdır.
Rəhim bəyin doğum tarixi haqqında sənədləri Arxivlərdə aşkar etmək mümkün olmadığına görə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının II cildində Rəhim bəy Vəkilovla bağlı dərc olunmuş materiala əsaslanaraq qeyd edirəm ki, Rəhim bəy Əlağa oğlu Vəkilov 1897-ci il fevralın 29-da Yelizavetpol Quberniyasının Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur.[1] O, əvvəlcə ibtidai kənd məktəbində oxumuş, sonra isə Bakı realnı məktəbinə daxil olaraq təhsilini burada davam etdirmişdir. Rəhim bəy Vəkilov Bakı realnı məktəbində oxuyarkən fəal həyat tərzi ilə seçilmişdir. O, Bakı realnı məktəbində şagird təşkilatının fəal üzvü olmuşdur. Həmin şagird təşkilatı sonrakı illərdə “ Ümumqafqaz tələbə təşkilatına çevrildikdən sonra isə Rəhim bəy bu təşkilatın fəal üzvu olaraq fəaliyyət göstərmişdir.
Rəhim bəyin ilk milliyyətçi baxışları məhz tələbə təşkilatlarında formalaşmışdır. O, 1916-cı ildə Bakıda Realnı məktəbini bitirdikdən sonra 9 saylı rus-tatar məktəbində müəllim işləmişdir. 1917-ci ildə Rusiya İmperiyasında baş vermiş Fevral İnqilabından sonra “ “Ümumqafqaz tələbə təşkilatı” milli əlamətlərinə görə parçalanmış və həmin təşkilatın türk qrupu “ Müsəlman Demokratik “Musavat” partiyasının tərkibinə daxil olmuşdur. Rəhim bəy Vəkilov 1918-ci ilin əvvəllərində “Müsavat” partiyasına daxil olaraq fəaliyyətini burada davam etdirmişdir. O, “Musavat” partiyasında siyasi işlər komissiyasının rəhbəri təyin olunmuşdur.Yeri gəlmişkən xatırladıram ki, 1917-ci ilin oktyabrında Rusiya imperiyasında Oktyabr çevirilişi baş vermiş və bolşeviklər hakimiyyəti ələ keçirmişdilər. Lakin bolşeviklərin Petroqraddakı çevrilişi Zaqafqaziyada heç də rəğbətlə qarşılanmır. Nəticədə Zaqafqaziyada 1917-ci il noyabrın 15-də J.P. Qeqeçkorinin başçılığı ilə bu ərazidə yaşayan (Azərbaycan, gürcü, erməni) xalqlarının nümayəndələrindən ibarət Zaqafqaziya komissarlığı yaradılır.[2]1917-ci il noyabrın 26-28-də Rusiya Müəssislər Məclisinə seçkilər keçirilir. Rusiya Müəssislər Məclisinə Zaqafqaziyadan 34 nəfər seçilir və seçilənlərdən də 12 nəfəri müsəlmanlar olur.[3]Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş müsəlman deputatlardan biri də Rəhim bəy Vəkilov olmuşdur. Həmin dövrdə Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş deputatlar yollar baqlı olduğu üçün Petroqrada gedə bilmirlər. Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş deputatlar 1918-ci il fevralın 14-də ölkədə hakimiyyət orqanı kimi Zaqafqaziya Seymini yaratmağı qərara alırlar.[4] Zaqafqaziya Seymində 44 azərbaycanlı nümayəndə iştirak edərək Seymin Müsəlman Fraksiyasını yaradırlar. Seymin Müsəlman Fraksiyasına daxil olmuş 44 nəfərdən biri də Rəhim bəy Vəkilov olmuşdur. [5] Müsəlman fraksiyasına Zaqafqaziya Seyminin bütün Müsəlman fraksiyalarının ilk iclası Seymin üzvü M.Ə. Rəsulzadənin sədrliyi və Seymin üzvü R.b.Vəkilovun katibliyi ilə 16.mart 1917-ci ildə keçirilmişdir. İclasda əmlakı müsadirə edilmiş mülkiyyətçilərin əllərindən təsərrüfat inventarlarının da alınması məsələsinə baxılmış və bununla bağlı yekdilliklə müsbət qərar qəbul edilmişdir.[6] Həmin iclasda bu məsələdən savayı aşağıda qeyd olunan şəxslərin başçılığı ilə Seymin müxtəlif komissiyaları o cümlədən M.b. Cəfərovun başçılığı ilə özünüidarə(muxtariyyət; M.H. Seyidov-hüquq; F.b. Köçərli - kitabxana və A.A. Mahmudbəyov- dəmiryolu -komissiyaları yaradılmışdır. [7]
Rəhim bəy Vəkilov Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, 1918-ci il mayın 26-da Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü və katibi olmuşdur.
Azərbaycan Milli Şurasının Tiflis şəhərində 28 may 1918-ci il tarixdə keçirilmiş iclasında Azərbaycanın Müstəqil Dövlət elan edilməsi haqqında qərar - İstiqlal Bəyannaməsi qəbul edildi. İstiqlal Bəyannaməsi qəbul edilmiş bu tarixi iclasda Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybətqulu Məmmədbəyov,Mehdi bəy Hacinski, Əli Əsgər bəy Mahymudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şaxtaxtinskiy, Camo bəy Hacinski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlik Yeqanov və Hacı Molla Səlim Axundzadə iştirak etmişdilər.[8]
Rəhim bəy Vəkilov, həmçinin İstiqlal Bəyannaməsi mətninin katibi və onu imzalayanlardan biri olmuşdur.[9]Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi -Məbusanının təsisi haqqında” (1918, 19 noyabr) qanuna əsasən Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Rəhim bəy Vəkilov Azərbaycan Parlamentində “ Musavat” fraksiyasını təmsil edirdi. 1918-ci il dekabrın 7-də açılan Azərbaycan Parlamentinin ən gənc üzvü olan Rəhim bəy Vəkilov Azərbaycan Respublikası Parlamentinin sədr müavini Həsən bəy Ağayevin təklifi ilə Parlamentin katibi seçilmişdir.[10] 1918-ci ildə Türk ordusu Bakıya gələndən sonra Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsi və müstəqillik tərəfdarları arasındakı mübarizədə Rəhim bəy Vəkilov müstəqillik tərəfdarları sırasında olmuşdur.[11]
“1920-ci il il üçün Azərbaycan Respublikasının ünvan təqvimi” kitabında Rəhim bəy Vəkilovun rus dilində “Azərbaycan Respublikasının yaranma tarixi” adlı oçerki çap edilmişdir.[12] Həmin oçerk Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair ilk ümumiləşdirici əsərlərdən biri kimi tariximizə daxil olmuşdur.
1920-ci ilin aprel işğalından sonra 1923-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakultəsinə daxil olmuş və eləcə də “ Musavat”ın gizli təşkilatında fəaliyyət göstərərək ziyalılar arasında iş aparmışdır. Həmin fəaliyyətinə görə Rəhim bəy Vəkilov 1923-cü iln iyun və oktyabr aylarlnda həbs edilmiş, 1924-cü ilin aprelində üç illik müddətə Rusiyanın Yaroslavl şəhərinə sürgün edilmişdir, az müddət sonra isə əfv olunaraq vətənə qayıtmışdır. 1926-cı ildə isə yenidən həbs edilmiş və 28 fevral 1927-ci il tarixdə SSRİ-nin şimal bölgəsinə sürgün olumuşdur. Burada onun rəhbərliyi ilə gizli “ Musavat” qrupu yaradılmışdır. Mübariz insan olaraq Rəhim bəy Vəkilov 1934-cü ildə vətəninə qayıdır və az sonra Tiflisə, orada da müalicə üçün Borjomiyə gedərək orada bir neçə ay da işləmişdir. Daha sonra Tiflisə gedərək bir müddət yaxın dostlarının evində yaşamışdır. Lakin Rəhim bəy Vəkilov hökumət orqanları tərəfindən amansız təqiblərə məruz qalırdı və o, sonda bu təqiblərə dözməyərək 1934-cü ildə intihar edərək həyatına son qoymuşdur. Bununla da qırmızı terrorun təsiri altında Rəhim bəy Vəkilov kimi mübariz insan da bu dünyadan köçmüşdür. Lakin onun adı və xidmətləri xalqımız tərəfindən unudulmur, böyük hörmət və ehtiramla yad edilir.
Milli Arxiv İdarəsinin
Arxiv sənədlərinin nəşri, istifadəsi və
informasiya təminatı şöbəsinin baş məsləhətçisi
Rafiq Səfərov
İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:
[1] Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.İkinci nəşr.Cild.2.v.429.
[2]Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurası İclaslarının Protokolları. Bakı, 2006,s.5.
[3] Всероссийское учредительное собрание (1917 год в документах и материалах. Москва-Ленинград, 1930Г)
[4] Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurası İclaslarının Protokolları. Bakı, 2006,s.6.
[5]. Yenə orada.
[6] Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurası İclaslarının Protokolları. Bakı, 2006,s.73.
[7] Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurası İclaslarının Protokolları. Bakı, 2006,s.6-7.
[8] ARDA, f.970, siy.1, iş.1.V.49-50;
Собрание Узаконений и распоряжений правительства Азербайджанской Республики.1919,№1.ст.1.с.4-6.
Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurası İclaslarının Protokolları.Bakı, 2006,s.126-127.
[9] Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.cild.2.v. Bakı-2014, c.429
[10] Azərbaycan Xalq Cümhuriyyəti(1918-1920) Parlament.Bakı-1998,s.37-38.
[11] Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.cild.2.v.429. Bakı-2014
[12] “Адрес-Календарь” за 1920г. с.98-111.
| Bugün: | 1016 |
| Dünən: | 1505 |
| Bu həftə: | 12417 |
| Son həftə: | 13420 |
| Bu Ay: | 35922 |
| Son Ay: | 55392 |
| Bu İl: | 187961 |
| Ümumi: | 1881886 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az