Rəşid bəy Əfəndiyev-160
Şəki yurdumuzun ən gözəl və səfalı guşələrindən biridir. Bu torpağı insanlara sevdirən bir çox özəllikləri ilə yanaşı həm də ədəbi-mədəni tariximizdə böyük xidmətlər göstərən ziyalı övladlarıdır. Onlardan biri də, tanınmış maarif xadimi, yazıçı, etnoqraf, pedaqoq Rəşid bəy Əfəndiyevdir.
Rəşid bəy İsmayıl oğlu Əfəndizadə 1863-cü ildə Şəki şəhərində ruhani ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Cümə məscidində yerləşən mollaxanada Əbdürrəzzaq Tahirzadə adlı bir müəllimdən almışdır. Gündüzlər məktəbdə molladan, axsamlar isə evdə ruhani atasından şəriət elmlərini, şərq dillərini öyrənmişdir.
1873-cü ildə məscid məktəbini bitirib, təhsilini rus dilində əvvəl qəza məktəbində, sonra şəhər məktəbində davam etdirmişdir. O, bu məktəbdə hesab, tarix, coğrafiya, fizika, kimya və Avropa yazıçılarının yaradıcılığı ilə tanış olmuşdur. Ardınca Qori seminariyasında oxumuşdur. 1882-ci ildə seminariyanı bitirib, Qəbələ kənd ibtidai məktəbinə təyinat alır. O burada səkkiz il işləyir və 1890-cı ildə iş yerini Xaçmaz kənd məktəbinə dəyişərək iki il də, orada çalışmışdır.
Əyalət məktəblərində işləməkRəşid bəyi dərslik yazmaq, uşaq mütaliəsi üçün xüsusi ədəbiyyat hazırlamaq zərurəti ilə qarşılaşdırır. Əsasən uşaq ədəbiyyatı, dramaturgiya və bədii tərcümə sahəsində çalışmağı sevən Əfəndiyev pedaqoji fəaliyyətinin ilk günlərində məktəblərin milli zəmində hazırlanmış dərsliyə, uşaqların sağlam ədəbiyyata ehtiyacını ödəmək məqsədi ilə orijinal əsərlərdən, tərcümələrdən ibarət dərsliklər nəşr etdirir. Onun hazırladığı “Uşaq bağçası” və “Bəsirətül-Ətfal” adlı hər iki dərslik maarif sahəsində böyük şöhrət qazanır, dəfələrlə nəşr olunur, azərbaycanlılarla yanaşı, Qafqazda türk xalqları yaşayan digər bölgələrin məktəblərində də tədris olunur.
R. Əfəndiyev on il kənd məktəbində çalışdıqdan sonra 1892-ci ildə Tiflisə köçür. Tiflisdə Qafqaz Müsəlmanları Ruhani idarəsində katib müavini və müftinin himayəsi altında fəaliyyət göstərən “Ömər məktəbi“ndə müəllim işləyir. Ədib Aleksandrovsk Müəllimlər İnstitutuna daxil olub, şəhər məktəblərində dərs vermək hüququna malik olur.
1900-cu ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitunu bitirən R. Əfəndiyev Qori Müəllimlər seminariyasının Azərbaycan şöbəsinə ana dili və şəriət fənləri müəllimi vəzifəsinə təyin olunur. On altı il seminariyada dərs deyən Rəşid bəy burada F. Köçərli və Ə. Muxtarovla çiyin-çiyinə çalışır.
Azərbaycan Dövlət Tarix Arxivində qorunan fondlar içərisində Rəşid bəyin adı çəkilən sənədlər əsasən “Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsi” fonduna aiddir. 22may 1911-ci il tarixli Qori seminariyası tatar şöbəsi öyrəncilərilə aparılan tətbiqi məşğələlərin məsələləri haqqında komissiya iclasının protokolunda iştirakçılar arasında F.Köçərli, Ə.Maqomayev, Ə.Muxtarovla yanaşı onun da adı qeyd olunmuşdur (f.797, siy.1, sax.vah.7, səh.3-5).
Daha bir maraqlı sənəd tatar ibtidai məktəbinin muzeyi üçün Rəşid Əfəndiyev tərəfindən tərtib edilmiş tatar dili üzrə zəruri vəsaitlərin siyahısıdır. Bu siyahıda öz kitabları ilə birgə Ə.Haqverdiyevin, Çəmənzəminlinin hekayələri, Lev Tolstoydan tərcümələr və bir çox ədiblərin əsərləri yer almışdar (f.797, siy.1, sax.vah.8, səh.2).
Bunlardan əlavə seminariyanın kondiut jurnalında Rəşid müəllimin növbətçilik zamanı yazdığı xeyli qeydləri var. Məsələn: “Bütün üçüncü sinif və bəzi aşağı siniflərin şagirdləri, tatar bölməsindən cəmi 34 öyrənci olmaqla Tiflisə Müəllimlər İnstitutuna axşam tamaşasına göndərilmişdir.
Böyük knyaz Aleksey Nikolayeviçin varisinin adqoyma münasibəti ilə dua mərasimi keçirildi.
Növbətçi tərbiyəçi: R. Əfəndiyev.” (f.797, səh.1, sax.vah.10, səh.16)
Jurnalda yazılan qeydlərlə böyük pedaqoqun seminariyanın həyatında göstərdiyi səmərəli fəaliyyətini yaxından təsəvvür etmək mümkündür. Bu bir həqiqətdir ki, seminariyada dərs deyərkən Azərbaycanın görkəmli musiqi xadimləri olan Üzeyir Hacıbəyli və Müslüm Maqomayev məhz Rəşid bəyin tələbələri olmuşdur.
Rəşid bəy Əfəndiyev 1916-cı ildə İrəvan, Naxçıvan və Ordubadşəhərlərində müəllimlər üçün qısamüddətli kurslar yaradır.1917-ci ilin əvvəlində çar höküməti yıxıldıqdan sonra quberniyada məktəblərin milliləşməsi işinə rəhbərlik edir.1918-ci ildə Bakıya gələrək, Azərbaycan Xalq Cümhuriyyətinin xalq maarifi sahəsində tədbirlərin həyata keçirilməsinə yaxından köməklik göstərir, maarif nazirinin əmri ilə Bakı kişi seminariyasının direktoru təyin olunur. Maarif nazirliyi yanında əlifba komissiyasının tərkibində latın qrafikasına keçmək üçün təqdim olunmuş layihələrin müzakirəsində fəal iştirak etmişdir. O, sovet hakimiyyəti illərində də, pedaqoji və elmi fəaliyyətini davam etdirmiş, Şəkidə pedaqoji məktəbin direktoru, etnoqrafiya cəmiyyəti Şəki şöbəsinin elmi katibi, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının elmi işçisi olmuşdur.
Rəşid bəy Mirzə Fətəli Axundovdan sonra ilk dramaturqlardan biri hesab edilir.Hələ XIX əsrin 80-ci illərində Qori seminariyasında oxuyarkən dram ilə maraqlanmış, "Qan ocağı" pyesini yazıb məktəb səhnəsində tamaşaya qoymuşdur.İlk əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olmuşdur.Səhnə əsərləri yazır, bunların birinci növbədə məktəb səhnələrində qoyulmasını təşkil edir, hətta şəxsən özü artist kimi iştirak edirdi. Onun "Qan ocağı"ndan başqa, "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız ərə gedər", "Pul dəlisi", "Bir saç telin qiyməti", "Tiflis səfirləri", "Diş ağrısı", "Təbiətdə əhvali-məişət" adlı dramları vardır.
Rəşid bəy elmi, maarifi, məktəbi təbliğ edən bir sıra mənzumələr yazmış, rus klassiklərindən (Puşkin, Lermontov, Krılov) dərs kitablarına münasib parçalar seçib tərcümə etmişdir. Eləcə də farscadan "Rüstəm və Söhrab" əhvalatını (Firdovsidən), "Cam" adlı mənzuməsini (Şillerdən) tərcümə etmişdir. O, istər şeir tərcümələrində və istərsə müasir mövzularda yazdığı şeirlərində klassik şeir üslubundan istifadə etmişdir. Hətta Şilleri də Firdovsinin işlətdiyi vəzndə, mütəqarib ilə tərcümə etmişdir.
Geniş yaradıcılıq diapazonuna malik pedaqoq olan зRəşid bəy Əfəndiyev iki hissədən ibarət “Müxtəsər şəriət” dərsliyinin də müəllifidir. Bundan əlavə, etnoqrafiya (“Nuxada evlənmək adətləri”, “Qəbələ mahalı”, “Qutqaşen kəndi haqqında bir neçə məlumat” və s.), ədəbiyyatşünaslıq (“Azərbaycan türklərinə məxsus ədəbiyyat”, “Azərbaycan ədəbiyyatı nümunələri”, “Lev Nikolayeviç Tolstoy”, həmçinin “Seyid Əzim Şirvani” və s.) sahəsində də fəaliyyət göstərmişdir.
R. Əfəndizadə 1924-cü ildə Azərbaycanın Birinci Ölkəşünaslıq Qurultayının nümayəndəsi və Etnoqrafiya Cəmiyyəti Şəki şöbəsinin elmi katibi seçilmişdir.
1942-ci avqustun 31-də Şəkidə vəfat etmişdir. Hal-hazırda Şəki şəhərində ev muzeyi fəaliyyət göstərir.Eyni zamanda Şəkidə ölkəşünaslıq muzeyi, məktəb, kitabxana və küçə onun adını daşıyır. Həyatınıxalqınınsavadlanmasınasərf edən bu maarif xadiminin həyat və fəaliyyəti gənc nəsillər üçün daimörnək kimi xatırlanacaqdır.
Səbinə Kamalova,
Dövlət Tarix Arxivinin
Sənədlərin nəşri və istifadəsi şöbəsinin
aparıcı arxeoqrafı
Bugün: | 756 |
Dünən: | 740 |
Bu həftə: | 3008 |
Son həftə: | 6066 |
Bu Ay: | 16904 |
Son Ay: | 28223 |
Bu İl: | 257945 |
Ümumi: | 1278366 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az