Azərbaycanın görkəmli opera ifaçılarından biri olan Vasili Alekseyeviç Nikolskinin səhnəyə gəlişi bir çox vokal ustaları kimi sovetləşmədən öncəyə təsadüf etmişdir.
O, 1882-ci ildə Rusiyanın Vladimir quberniyasının Şuya adlı vilayət şəhərində, kiçik qulluqçu ailəsində doğulmuşdu.1898-ci ildə üçillik şəhər peşə məktəbini bitirdikdən sonra dəmiryolu idarəsində əvvəlcə teleqrafçı, daha sonra katib vəzifələrində işləyir. Vasili Alekseyeviçinən böyük arzusu mühəndis olmaq idi. Ancaq bir təsadüf nəticəsində V.A.Nikolskinin gözəl səsə malik olduğu üzə çıxır. Onun səsini dinləyən məşhur bəstəkar və dirijor Mixail Mixailoviç İppolitov-İvanov gənc Vasiliyə sənədlərini özünün professoru olduğu Moskva Konservatoriyasına verməsini məsələhət görür.
Vasili Nikolski eyni vaxtda hər iki ali məktəbə - Ali Texniki Peşə Məktəbinə və Moskva Konservatoriyasınaqəbul olur. Ancaq sonradan inqilabi solçu dərnəklərin işində iştirak etdiyi üçün Ali Texniki Peşə Məktəbindən qovulur. Moskva Konservatoriyasında isəprofessor M.M. İppolitov-İvanovun həyat yoldaşı professor Varvara Mixailovna Zarudnayanın vokal sinifində təhsilini davam etdirir.
Konservatoriyanı müvəffəqiyyətlə bitirdikdən sonragənc istedada Moskva operasında işləməyi məsləhət görürlər. Moskva Xalq Evi (Moskva operası belədə adlanırdı) səhnəsində uğurlu debütündən sonra bir neçə mövsüm imperiyanın ən güclü opera teatrlarında – Odessa, Kiyev, Tiflis, Yekatrinburq səhnələrində çalışan Vasili Nikolski bir çox görkəmli rejissor, dirijor və vokalçılardan opera sənətinin incəlikləriniöyrənir. Öz üzərindəhər daim yorulmadan çalışan V.A.Nikolski bu müddət ərzində (1908 – 1919) İvan Susanin, Borus Qodunov, Qalitski, Mefistofel, Dodon, Qoçubey, Sen-Bra, Don Bazilio, Nilokanta kimi 80-dən artıq möhtəşəm partiyaların mahir ifaçısına çevrilir.
Opera janrı Bakı əhalisinin musiqi zövqünə heç vaxt yad olmamışdır. Bu səbəbdəndir ki, kütlənin opera sənətinəolan marağı onun parlaq gələcəyindən xəbər verirdi. Ümumiyyətlə, XIX əsrin sonlarından başlayaraq Bakının qaynar həyatında teatrın öz yeri vardı. Şəhərə təşrif buyuran truppalar və artistlər sakinlərin musiqili tamaşalara münasibətindən çox razı qalırdılar. Qeyd etmək lazımdır ki, Bakı səhnəsində bir çox səs ustaları, o cümlədən, Fyodor Şalyapin, Nikolay Fiqner, Yevgeniya Mravina, Anton Sekar-Rojinski, Aleksandr Uluxanov kimi opera dahiləriçıxış etmişlər.
Bu ustalardan biri olan Vasili Nikolski 1919-cu ilin sonlarında Bakıya gəlir. O, Azərbaycan Demokratik Respublikası höküməti tərəfindən təsis olunmuş Dövlət Teatrının səhnəsində oynanılan opera tamaşalarındapartiyalarla çıxış edir. Kifayət qədər sanballı səhnə təcrübəsinə malik olan rus vokal ifaçısı respublikanın sovetləşməsindən sonra burada qalıb işləməyi qərara alır. Sonralar məhz, onun simasında Bakı operası möhtəşəm səhnə ustası, görkəmli vokalçı və dramatik obrazların parlaq yaradıcısını tapmışdı.
1923-cü ildə milli opera səhnəsində ilk dəfə fransız bəstəkarı Kleman Leo Delibin məşhur “Lakme” operası Azərbaycan dilində oynanılır. Tamaşada Vasili Nikolski ona heçdə yad olmayan Nilokanta partiyasını ifa edir. Çıxış uğurlu alınır və bu ifadan sonra istedadlı səs ustası Azərbaycanca səhnəyə qoyulan bir çox opera tamaşalarında iştirak edir. Onun Bakı teatrının səhnəsində Reynqold Qliyerin “Şahsənəm” (Bəhram bəy), Üzeyir Hacıbəyovun “Koroğlu” (İbrahim xan), Müslüm Maqomayevin “Nərgiz” və “Şah İsmayıl” (Həsən kişi və Aslan şah) kimi operalarında ifa etdiyi Azərbaycanca partiyalar hər dəfə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan incəsənətini bütün ittifaqda layiqincə təmsil edən Vasili Alekseyeviç Nikolski 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə də iştirak etmişdir.Onu da qeyd etmək istərdik ki, dövlət tərəfindən müxtəlif orden və medallar ilə təltif olunmuş Vasili Alekseyeviç Nikolski hələ 1934-cü ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülmüşdü.
Yüksək tembrli geniş səs diapazonuna sahib olan V. Nikolski keçən əsrin 20-ci və 30-cu illərində formalaşmaqda olan Azərbaycan operasının əvəzolunmaz səs ifaçılarından bir idi. Təxminən otuz il ərzində qırxa yaxın partiyanı ifa edən görkəmli vokalçı milli səhnəmizin Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Sona Hacıyeva, Fatma Muxtarova, Hüseynağa Hacıbababəyov, Həqiqət Rzayeva, Məhəmmədhənifə Terequlov kimi bir sıra ustad sənətkarlar ilə çiyin-çiyinə çalışmışdı.
Vasili Alekseyeviçin vokal yaradıcılığında pedaqoji fəaliyyətin özünə məxsus yeri olmuşdur. Görkəmli opera ustasının zəngin səhnə təcrübəsindən yararlanmaq üçün konservatoriyaya yenicə rektor təyin olunmuş dahi bəstəkar Üzeyir Hacıbəyov onu vokal kafedrasına işləməyə dəvət edir.
V.Nikolski 23 il ərzində (1939-1962) bu musiqi məbədində əvvəlcə məsləhətçi, daha sonra müəllim olaraq çalışmışdır.
Bir çox sənət adamı kimi Vasili Nikolskinin də ailəsində onun yolunu davam etdirən bir övladı vardı. Olqa Vasilyevna Nikolskaya 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinifini bitirmişdir. Üzeyir Hacıbəyov və Boris Zeydman kimi dövrünün musiqi bilicilərindən bəstəkarlıq sənətinin sirlərini öyrənmiş O.Nikolskaya çoxlu simfonik əsərlərin, mahnı və romansların müəllifi olmuşdur. O, bir sıra rus-sovet şairləri ilə yanaşı Azərbaycan klassiklərindən Nizami Gəncəvi, Məhəmməd Füzuli və Molla Pənah Vaqifin də yaradıcılığına müraciət edərək müxtəlif musiqi nümunələri yaratmışdır. Bülbül adına Musiqi Məktəbinin müəllimi işləmiş Olqa Nikolskaya 1964-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.
Ömrünün yarım əsrdən çox bir dövrünü Azərbaycan və sovet vokal sənətinin inkişafına həsr etmiş Vasili Alekseyeviç Nikolski 3 aprel 1967-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Azərbaycan incəsənətinin inkişafında xidmətləri olmuş Nikolskilərin həyat və yaradıcılığına aid sənədlərin bir qismi Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunmaqdadır.
Məqalədə 49 və 262 nömrəli fondların sənədlərindən istifadə olunmuşdur.
Cavid MƏMMƏDLİ
S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət Arxivinin şöbə müdiri
Bugün: | 324 |
Dünən: | 774 |
Bu həftə: | 5693 |
Son həftə: | 6350 |
Bu Ay: | 18402 |
Son Ay: | 25108 |
Bu İl: | 284551 |
Ümumi: | 1304972 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az