Səhnəmizin Dağıstanlısı
Belə bir fikir vardır ki, artist yalnız başqalarının sözlərini əzbərləyir və xüsusi intonasiya ilə tamaşaçılara çatdırır. Əlbəttə, belə düşünməklə aktyor sənətinə ömrünü vermiş neçə-neçə unudulmaz sənətkara haqsızlıq etmiş olarıq. Aktyorluq xüsusi istedad, yüksək yaradıcılıq qabiliyyəti tələb edən bir sənətdir. XX əsr Azərbaycan teatr sənəti bu xüsusiyyətlərə malik olan neçə-neçə görkəmli səhnə ustaları ilə zəngin olmuşdur. Heç şübhəsiz ki, bu zənginlikdə unudulmaz sənətkar, Dövlət mükafatı laureatı, xalq artisti İsmayıl Dağıstanlınında payı vardır.
İsmayıl Yusif oğlu Hacıyev 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində muzdur ailəsində anadan olmuşdur. Uşaqlıq illərini bu səfalı kənddə keçirən İsmayılı atası aqronom olaraq görmək istəyirdi. Ancaq uşaqlıqdan artistliyə meyli və qabiliyyəti onu addım-addım öz istəyinə aparırdı.Onun aktyor yaradıcılığının ilk səhifələri Şəki ipək fabrikinin fəhlə dram dərnəyi ilə bağlı olmuşdur. Bakı Teatr Texnikumunda oxuduğu illərdə (1926-1930)gənc aktyora Moskva və Leninqraddan dəvət olunmuş teatr mütəxəssisləri ilə yanaşı görkəmli dramaturq və pedaqoq Əbdürrəhim bəy Haqverdiyevdə azərbaycan dili və bədii qiraət fənlərindən dərs demişdir. Elə “Dağıstanlı” adını da ona görkəmli ədib vermişdi.Gənc İsmayıl təqaüdsüz oxuduğu üçünçox məşəqqətli günlər görmüşdü.Belə ki, dərsdən sonra dəmiryolunda yük daşıyaraq gündəlik xərcini çıxarır, gecələr isə “Təzə pir” məscidinin həyətində yatmalı olurdu. Lakin möhkəm iradə sahibi olangənc aktyor gələcəyə ümid ilə baxır, öz üzərində daim işləyirdi. Artıq İsmayıl Dağıstanlı birinci kursun sonundan Azərbaycan Dövlət Dram Teartında oynanılan tamaşalarda epizodik rollarda çıxış edirdi. Bu iş ona görkəmli sənətkarlarla tanışlığa çox böyük imkanlar yaradırdı.Texnikumu bitirdikdən sonra Dövlət Dram Teatrının səhnəsində ilk rolu Konstantin Trenyovun “Düşmənlər” (“Lübov Yarovaya”) dramında Koşkin obrazı olur. Bundan sonra gənc aktyora bir çox tamaşalarda məsul rollar tapşırılır.
Bu dövrdə gənc istedadın teatr sahəsində təşkilatçı və təbliğatçı kimi fəaliyyəti də diqqəti cəlb edir. Məhz, onun böyük əməyi nəticəsində1932-ci ildə Dərbənddə, 1936-cı ildə İrəvanda Azərbaycan dövlət dram teatrları yaradılır.
İsmayıl Dağıstanlı yarıməsrlik səhnə fəaliyyəti dövründəDövlət Dram Teatrında tamaşaya qoyulmuş neçə-neçə Avropa, rus və eləcə dəmüasiri olduğu Azərbaycan dramaturqlarının əsərlərində yüzdən artıq bir-birindən rəngarəng və tutarlı rollar oynamışdır.Təbii ki, bunların içində teatrsevərlərin yaddaşında həkk olunmuş obrazlar da vardır.1936-cı ildə dahi rus dramaturqu A.N.Ostrovskinin “Günahsız müqəssirlər” dramı tamaşaya qoyuldu. Bu tamaşada İsmayıl Dağıstanlı Neznamov rolunda çıxış edirdi. Məlumdur ki, Neznamov rolunu o vaxta qədər bir çox aktyor ifa etmişdi. Lakin İsmayıl Dağıstanlı heç bir təqlidçiliyə yol verməyərək valideynlərindən ayrı düşmüş bir əyalət artistinin ədalətsiz cəmiyyətə qarşı mübarizəsini özünəməxsus çalarlarla canlandırmışdı. Səhnə dostları, teatr tənqidçiləri və ədəbiyyat xadimləri illər keçsədə görkəmli sənətkarın yaratdığı bu obrazı çox yüksək qiymətləndirmişlər. Azərbaycanın qocaman yazıçısı, dramaturqu və ictimai xadimi Mirzə İbrahimov Dağıstanlının Neznamovu haqqında təxminən otuz il sonra belə yazırdı: “İsmayıl Dağıstanlı hələ gənc idi. İstedadı yeni-yeni səhnəmizdə işıq verməyə başlayırdı. Neznamov rolunda bu istedad birdən-birə bütün qüdrəti ilə özünü göstərdi. Onun qəlbindəki əbədiyyət işığı üzə çıxaraq minlərlə insanların ürəklərini qeyri-adi bir sevinclə, hərarətlə, məhəbbətlə doldurdu. O zaman hamı inandı ki, Azərbaycan səhnəsinə yeni parlaq istedad gəlmişdir.”
Təbii ki, görkəmli səhnə ustasının həyat və yaradıcılığı Sovet hakimiyyəti illərinə təsadüf edir. Bu dövrdə bütün sahələrdə olduğu kimi teatr yaradıcılığında da Sovet dövlət və partiya xadimlərinin obrazlarının yaradılması önə çəkilir, bu rolların oynanılması daha təcrübəli aktyorlara həvalə edilirdi. İsmayıl Dağıstanlının böyük səhnə ustalığı imkan verirdi ki, ona bu kimi obrazların yaradılması tapşırılsın. Peşəkar aktyor Kirov və Nərimanov surətlərini yaratmaqla yanaşı neçə onilliklər Lenin obrazının da əvəzolunmaz mahir ifaçısı olmuşdur.
İ.Dağıstanlı kino sahəsində də özünü sınamağa nail olmuşdur. Bir neçə bədii filmə dəvət almış görkəmli səhnə ustası əsasən “Səbuhi” filmində Mirzə Fətəli Axundov rolu ilə yaddaşlarda qalmışdır. Bundan başqa, “Qara daşlar”, “Kölgələr sürünür”, “Koroğlu”, “Böyük dayaq” və digər bədii filmlərdə rol almışdır.
Görkəmli aktyorun Azərbaycan teatr sənətinin inkişafında gördüyü işlər əvəzsiz qalmamış, dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, həm SSRİ, həm də Azərbaycan SSR-nin Dövlət mükafatı laureatı və xalq artisti adına layiq görülmüş, orden və medallarla təltif olunmuşdur.
İ.Dağıstanlı 1aprel 1980-ci ildə 73 yaşında vəfat etmişdir.
İsmayıl Dağıstanlı çoxcəhətli yaradıcılıq xüsusiyyətlərinə malik bir aktyor kimi Azərbaycan dramaturgiyasının realist bünövrəsi üzərində yüksəlmişdi. O, əlvan sənətkarlıq boyaları ilə dramatik və faciəli rolların öhdəsindən bacarıqla gəlirdi. Əlbəttə, sənətindəki bu müvəffəqiyyətlərinin tək səbəbi işində hər daim gərgin və səmərəli axtarışları olmuşdur. Özünə qarşı hər zaman tələbkar olan unudulmaz aktyorun yaradıcılığında diqqətəlayiq cəhətlərdən biri də həyat eşqi, gənclik ehtirası və ictimai pafosun çox güclü olması idi.
O, hər gün teatra gəlir, bəzi tamaşalarda iştirak etməsə də, mütləq səhnəyə baş çəkirdi. Sənətinə olan vurğunluğu ona yeni zirvələrə yüksəlməkdə qol-qanad verirdi. Görkəmli sənətkar zamanın tələblərinə cavab verən sənət inciləri yaratmaq üçün daim çalışırdı.
İsmayıl Dağıstanlı yaradıcılıq ehtirası ilə yaşayan bir sənətkar olmuşdur. O öz pərəstişkarlarını həmişə yeni obrazlar, aktyor tapıntıları ilə sevindirirdi.Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Mirzə İbrahimov unudulmaz teatr xadimi haqqında belə deyirdi: “Dağıstanlı səhnəmizin düşünən, nəzəri təfəkkürə malik olan yaradıcılarındandır”.
Bəli, səhnəmizin Dağıstanlısı məhz, bu kimi usta keyfiyyətlərinə görə Azərbaycan teatr salnaməsində və teatrsevərlərin yaddaşlarında hər zaman öz adını yaşadacaqdır.
İ. Dağıstanlı Neznamov rolunda
Neznamov(İ.Dağıstanlı) və Kurçinina (Mərziyə xanım Davudova)
İ.Dağıstanlı Otello rolunda
Otello (İ.Dağıstanlı) və Dezdemona (Leyla Bədirbəyli)
Məqalənin yazılmasında Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin 680 №li fondunda mühafizə edilən sənədlərdən istifadə edilmişdir.
Cavid Məmmədli
S.Mümtaz adına Dövlət Ədəbiyyat və
İncəsənət Arxivinin şöbə müdiri
Bugün: | 834 |
Dünən: | 817 |
Bu həftə: | 834 |
Son həftə: | 6197 |
Bu Ay: | 6106 |
Son Ay: | 25580 |
Bu İl: | 218924 |
Ümumi: | 1239345 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az