Azərbaycan səhnəsinin qüdrətli sənətkarları içində Kazım Ziyanın xüsusi yeri var. Onun səhnədə yaratdığı müxtəlif obrazlar bir sənətkar üçün olduqca səciyyəvidir. Geniş aktyorluq diapozununa malik olan Kazım Ziya səhnəmizdə tamamilə müxtəlif ruhlu və xasiyyətli rollar oynamış, bir çox yadda qalan surətlər yaratmışdı.
Kazım Cəfər oğlu Kazımzadə (Kazım Ziya) 1896-cı ildə (bəzi mənbələrdə 1894-cü il göstərilir) Ordubad rayonunun Yuxarı Əylisli kəndində bağçı Cəfərin ailəsində dünyaya göz açıb.
Kazımın dünyaya gəlişi Cəfər kişini böyük sevincinə səbəb olmuşdu. Necə də sevinmiyəydi. Axı Cəfər kişinin doğulmuş oğlan uşaqları həddi-buluğa çatmamış dünyasını dəyişirdi. Yalnız onun qız övladları qalırdı. Cəfər kişi Kazımın yaşaması üçün Allaha dua edər, nəzir paylayar, sonuncu qəpiyini mollalara verərdi.
Ata oğlunu ruhani görmək istəyirdi, ona görə də onu ilk növbədə mollaxanaya və sonra isə mədrəsəyə qoyur.
İlk gündən uşağın fenomen yaddaşı müəllimləri heyrətə gətirir. Lakin təhsilinin birinci ili atası dünyasını dəyişir. Onun ölümündən sonra 6 yaşlı Kazımı əmisi Hüseyn himayəsinə götürür. Kazım Ziya mədrəsini bitirdikdən sonra birillik şəhər məktəbinə daxil olur. Bir müddət sonra əmisinin ailəsi ilə birgə Bakıya köçür. Burada o, İranın xeyriyyəçi tacirlərin vəsaiti hesabına fəaliyyət göstərən “İttihad” gimnaziyasına daxil olur. Gimnaziyanın proqramına əsasən burada əcnəbi dillərindən fars, ərəb, fransız, rus dillərini öyrənməyə üçtünlük verilirdi. Kazım Ziya bu dilləri mükəmməl öyrənməyinə baxmayaraq, şəhərin səsli-küylü həyatı onu ağuşuna çəkirdi. Xeyriyyə axşamlarının birində o ilk dəfə olaraq Azərbaycan aktyor truppasının iştirakı ilə teatr tamaşasına baxır və bundan sonra aktyor olmağı qarşısına məqsəd qoyur.
Kazım Ziya aktyoluq məharətini ilk dəfə olaraq məktəbdə keçirilən “Novruz bayramı” şənliyində göstərməli olur.
25 mart 1914-cü il tarixdə Azərbaycanın qüdrətli aktyoru Hüseyn Ərəblinskinin rejissorluğu ilə fransız yazıçısı Molyerin Kazım Ziya tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş “Zorən Təbib” komediyası məktəb səhnəsinə qoyulur. Bu tamaşada Kazım Ziyanın yaratdığı rol məktəb və müəllim heyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Beləliklə Kazım Ziyanın bu əsərlə səhnəyə ilk gəlişi olur. Onun uğur qazanmasında Ərəblinskinin az rolu olmur.
Tamaşadan sonra H.Ərəblinski Kazım Ziyaya kömək edəcəyi təqdirdə onun qarşısına məqsəd qoyur: yalnız dərsdən sonra səhnəyə çıxmağı ona tövsiyyə edir .
Qüdrətli aktyor sözünün üstə durur və Kazım Ziya 1916-cı ildə gimnaziyanı bitirdikdən sonra “Müsəlman aktyorlarının truppası”na daxil olur və peşəkar aktyorlarla birgə ilk teatr mövsümünə başlayır.
1917-ci ildə birinci dəfə olaraq “Bakı Türk aktyorlarının ittifaqı” təşkil olunarkən Kazım Ziya buraya katib seçilir. 1918-ci ildə ilk dəfə olaraq Astraxana qastrol səfərinə çıxır və burada N.Nərimanovun yardımı ilə tamaşa və konsertlər verir. Astraxandan Ərəblinski ilə Bakıya qayıtdıqdan sonra “Hacıbəyov qardaşları truppası”na daxil olur və bir müddət sonra truppa ləğv olunur.
Kazım Ziya 1924-cü ildə Nazçıvan Xalq Komissarlar Sovetinin dəvəti ilə yeni təşkil olunmuş teatrda rejissor fəaliyyətə başlayır. Lakin burada bir qədər işlədikdən sonra, 1925-1937-ci illərdə Azərbaycan Fəhlə-Kəndli teatrının truppasında baş rolların ifaçısı olur.
1937-ci ildə görkəmli sənətkar Kazım Ziya öz yolunu müəyyənləşdirir, yaradıcılığının kamillik dövründə o, M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrına keçir. Kazım Ziyanın burada yaratdığı bədii surətlər silsiləsindən olan zəngin və rəngarəng, son dərəcə realist bir üslubda ifa etdiyi rollar onun qüdrətli aktyor olduğunu bir daha sübut edir...
Repressiyaya məruz qalanlar haqqında kitab üzərində işləyirdim. Milli Təhlükəsizlik Xidmətinin arxivinin əməkdaşına erməni daşnaklarının, bolşeviklərin qatı düşməni, Nuru Paşanın yavəri olmuş Əhməd Triniçin şəxsi qovluğunun gətirilməsini xahiş etdim. Həmən qovluğda Ə.Triniçin əleyhinə çıxış edənlərdən Kazım Ziyanın ifadəsi fərqli olar. Xalq artistinin 13 noyabr 1935-ildə verdiyi ifadədən məlum olur ki, o, Ə.Triniç tərəfindən nəinki vəhşilik, öldürmə görməmiş, hətta хatırlamır da. Yalnız 1918-ci ilin mart hadisələrində o həyətinin darvazasında dayanarkən Əhməd Triniçin əlində mauzer хalqa müraciət etdiyinin şahididir.
“Qorхmayın qardaşlar, türk ordusu artıq gəlir.”
Sonralar o, Ə.Triniçin müsavat hökuməti dövründə Bakıda “Yardım Alayı” zabiti formasında gördüyünü də qeyd edir.
1937-ci ilin əvvəllərində ölkədə gedən repressiyalar teatr tərəfə istiqamət götürür. İlk növbədə teatrmızın qartalı Abbas Mirzə Şərifzadə, bir neçə ay sonra Ülvü Rəcəb həbs edilir. Müstəntiqlər DTK-nın qaranlıq zirzəmisində əksinqilabi, millətçiliyi təbliğ edənlər sırasında aktyorlardan Ələsgər Şərifov, Mirzəağa Əliyev, Rza Əfqanlı, Nüsrət Fətullayevlə yanaşı, 1938-ci ildə Tiflisdən Bakıya gələrək Milli Dram Teatrında şöhrətlənmiş Kazım Ziyanın həbsi üçün də “danoslar” hazırlayırdılar. İki qüdrətli sənətkarların həbsindən sonra növbə Kazım Ziyanın idi. Xalq artisti Fatma Qədri Leyla xanıma Bədirbəyliyə danışarmış ki, onu, Kazım Ziyanı, Mirzağa Əliyevi ləkələməyə çalışırlarmış. O üzdən gecələr gözünə yuxu getməzmiş. Mirzağa Əliyev gecə zəng vurub soruşarmış: Necəsən? Hələ gəlməyiblər? Fatma xanım da deyərmiş: Yox! Mirzağa Əliyev qayıdarmış: Allaha şükür! Lakin həm Kazım Ziya və həm də Mirzağa Əliyev repressiya məngənəsindən qurtula bilmirlər.
K.Ziyanı vaxtilə Ə.Triniç haqqında dediyi xoş sözlərə görə yuxarı dairələr onu bağışlamaq fikiri yox idi.
Məhz buna görə də ona əks-inqilabçı, millətçi, üsyançı yarlığı vurulur. 1938-ci ildə Borşev tərəfindən təsdiq olunmuş orderə əsasən Kazım Ziyanın həbsinə və evində axtarış aparılmasına icazə verilir...
Aktyorun ünvanına atılan iftiralar müsbət həllini tapmır. Bir müddət sonra K.Ziya ölkəni qorxu içində saxlayan “qara maşınların vəonu idarə edən qara meşinlərin” caynaqlarından qurtula bilir. Bir müddət sonra aktyor yenidən səhnəyə qayıdır. Hüseyn Cavidin "İblis", "Şeyx Sənan"da, Arif, Dərviş, Səməd Vurğunun "Vaqif" "Xanlar"da Vaqif, Söhbət Sabit Rəhmanın "Toy" və "Xoşbəxtlər"də Surxay, Usta Segah, Süleyman Sani Axundovun "Eşq və intiqam"da Piri baba, Cəlil Məmmədquluzadənin "Ölülər"də, Şeyx Nəsrulla, Cəfər Cabbarlının"Yaşar" "Oqtay Eloğlu"da, İmamyar, Xaspolad Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri"də Mirzə Həbib, Xan Lermontovun "İki qardaş"da, Mixail Dmitri, Ənvər Məmmədxanlının "Şərqin səhəri"də General Tomson və başqa rolları müvəffəqiyyət qazanmışdı. K.Ziya Bakı kinostudiyasının və “Lenfilm”in istesal etdiyi “Səbuhi”, “Bir ailə”, “Sualtı qayıq-T-9”, “Fətəli xan” filmlərinə də çəkilir (“Fətəli xan” aktyorun ekranda son işidir). O, Hökümə Qurbanova, Ələsgər Ələkbərov, Lyubov Orlova, Mərziyə Davudova, Mustafa Mərdanov, Boris Çirkin, Leyla Bədirbəyli, Mustafa Mərdanov, Oleq Yakov, Nəcibə Məlikova və başqaları ilə birgə bu filmlərə çəkilmişdi.
K.Ziya eyni zamanda tərcümə ilə də vaxtaşırı məşğul olurdu. L.Tolstoyun “Canlı meyit”, H.İbsenin “Cəmiyyət sütunları”, V.Sobkonun “İkinci cəbhə arxasında”, “Qanlı qala” əsərlərlə ilk dəfə onun tərcüməsində tanış oluruq.
İncəsənət xadimləri arasında nadir sənətkarlar var ki, onlar əməkdar artist olmadan birbaşa Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Həmən nadir sənətkarlardan biri də Kazım Ziya idi. O, 17 iyun 1943-cü il tarixdə “əməkdar artist” adı almadan, birdəfəlik “xalq artisti” fəxri adına layiq görülmüşdü. Aktyor həmçinin 20 aprel 1948-ci ildə Ənvər Məmmədxanlının "Şərqin səhəri" tamaşasındakı Tomson roluna görə Stalin mükafatı laureatına, 2 iyul 1949-cu ildə isə SSRİ Ali Attestasiya komissiyası tərəfindən “dosent” elmi dərəcəsinə layiq görülür.
Görkəmli aktyor, istedadlı tərcüməçi, klassiklərimizin əsərlərini ifadəli nitqi ilə qəlbləri fəth edən, Kazım Ziya 20 noyabr 1960-cı ildə –– 60 yaşında vəfat edir və o fəxri xiyabanda dəfn olunur.
Aslan Qasımlı
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinin direktor müavini
Bugün: | 288 |
Dünən: | 774 |
Bu həftə: | 5657 |
Son həftə: | 6350 |
Bu Ay: | 18366 |
Son Ay: | 25108 |
Bu İl: | 284515 |
Ümumi: | 1304936 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az