Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Solmuş arxiv qovluqlarında yaşayan ömür. İlk qadın pedaqoqlardan Səhra xanım Zeynalovanın fəaliyyəti öyrənilməlidir

Son Yenilənmə : 2023-04-18 03:45:03
Baxış sayı : 778

Azərbaycanda qadın  təhsilinin əsasının  qoyulmasında və  onun inkişaf   etdirilməsində, müsəlman qadınların məktəbə cəlb edilməsində  müəyyən rolu və xidmətləri  olmuş  bir sıra tanınmış qadın pedaqoqların, o cümlədən  Nigar xanım Vəlibəyova, Mina  xanım  Aslanova, Məryəm xanım Sulkeviç, Gülbahar  xanım Axriyeva, Məleykə xanım Hacıbəyova(Terequlova), Rəhilə xanım Hacıbababəyova (Terequlova), Zəhra xanım Ağayeva, Səhra xanım Zeynaliva-Rzabəyova,  və  digər  qadın pedaqoqların  həyat və fəaliyyətləri təəssüflər olsun ki, indiyə qədər kifayət qədər araşdırılmamış, ensiklopediyalarda və digər kütləvi nəşrlərdə  dərc edilərək  geniş  oxucu kütləsinə  çatdırılmamışdır. Bu qüsuru aradan qaldırmaq üçün mənim tərəfimdən artıq müəyyən işlər yerinə yetirilmişdir. Belə ki, mənum tərəfimdən  Azərbaycanın pedaqogi və təhsil tarixində rolu və xidmətləri olmuş həmin pedaqoqların pedaqogi fəaliyyəti  haqqında dəyərli məlumatlar  Respublikamızın Dövlət Arxivlərinin müxtəlif  fondlarından  aşkar edilərək  həmin sənədlər əsasında elmi-publisistik məqalələr hazırlanmış və  bir sıra kütləviinformasiya vasitələrində dərc edilərək cəmiyyətimizə çatdırilmışdır. İndi isə cəmiyyətimizə indiyə qədər tanıdılmamış digər qadın-pedaqoq - Səhra xanım Zeynalovanın  pedaqoji fəaliyyəti haqqında hazırladığım  bu  məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 309 saylı "Bakı -Dağıstan xalq məktəblərinin rəhbərliyi" və 312 saylı Bakı quberniyasının müsəlman əhalisi arasında savadın yayılması üzrə "Nəşr -  maarif" cəmiyyəti adlı fondlarında Balaxanı qadın ibtidai məktəbinin  müəlliməsi,az sonra isə müdiri işləmiş Səhra xanım Zeynalovanın şəxsi işləri qorunub saxlanılır.Səhra xanımın şəxsi işlərindəki sənədlərə  əsaslanaraq hazırladığım bu məqaləni tanış olmaqdan ötrü geniş oxucu kütləsinin diqqətinə çatdırıram. Düşünürəm ki, Azərbaycanın təhsil tarixində, məktəb işinin inkişafında yeri və rolu olmuş müəllim və pedaqoqların fəaliyyəti mümkün qədər araşdırılmalı, öyrənilməli və  cəmiyyətə çatdırılmalıdır ki, onların Respublikamızda təhsilin və  məktəb işinin inkişafı yolundakı zəhməti və xidmətləri unudulmasın. 

Bakı quberniyasının  müsəlman  əhalisi arasında  savadın yayılması üzrə "Nəşr - maarif"cəmiyyəti adlı fondda ibtidai məktəbdə rus dili müəlliməsi adına  malik olan Səhra xanım Zeynalovanın 1915-ci il sentyabrın 18-də "Nəşr-Marif" Cəmiyyətinə  göndərdiyi aşağıdakı məktubu qorunub saxlanılır. Səhra xanım həmin məktubda qeyd edirdi:" Cəmiyyətin tabeliyində olan Balaxanı məktəbində müdir yerinin vakant olduğunu eşitmişəm. Əgər bu həqiqətən  də belədirsə, xahiş edirəm ki, mənə  həmin məktəbin müdiri vəzifəsini verəsiniz. Bununla yanaşı sizə 2585 saylı şəhadətnaməni də təqdim edirəm."

Səhra xanımın yazdığı həmin məktub yuxarıda  adı çəkilən Cəmiyyətinin idarə heyətinə  çatdıqdan  sonra 1915-ci il sentyabrın 30-da "Nəşr-Marif" Cəmiyyətinin sədr müavini Ağa Aşurov Səhra xanım İsmayıl qızı Zeynalova haqqında şəxsi məlumatları  Bakı Quberniyası və Dağıstan vilayəti üzrə  2-rayonun  müfəttişi S.M.Qəniyevə göndərərək bildirirdi ki," "Nəşr-Marif" Cəmiyyətinin İdarə heyəti tərəfindən Balaxanı ibtidai qadın məktəbinə müdir olaraq Səhra xanım Zeynalova  seçilmişdir. Səhra xanım azərbaycanlıdır, müsəlmandır, Bakı Mariyin qadın  gimnaziyasının 4-cü sinifini bitirərək gimnaziyanı tərk  etmişdir. İbtidai məktəb müəllimi rütbəsinə malikdir. Əvvəlki xidmət yeri- Aleksandrinski rus-müsəlman qadın məktəbində təcrübə keçmişdir. İbtidai  məktəbin müəlliməsi adına malik  olduğunu təsdiq edən 2585 saylı şəhadətnaməni də əlavə edirəm.

Bu haqda sizə məlumat verərək məsələyə dair sizin tərəfdən hər hansı bir etirazın olub-olmadığını bildirməyinizi xahiş edirəm." Lakin əlavə olaraq qeyd  edirəm  ki, Səhra xanımın  Arxivdə  saxlanılan şəxsi işlərində  onun şəhadətnaməsi aşkar edilməmişdir.Arxiv sənədlərində Səhra xanım Zeynalovanın  20489 saylı etibarlılıq şəhadətnaməsinə  də  malik olduğu  qeyd edilmişdir.

Bakı  Quberniyası və Dağıstan vilayəti üzrə  2-rayonun  müfəttişi S.M.Qəniyev 1915-ci il oktyabrın 10-da Bakı-Dağıstan Xalq məktəblərinin rəhbəri A.S.Tixorjevskiyə müraciət edərək Səhra xanım Zeynalovanın 1 oktyabr 1915-ci ildən etibarən "Nəşr - maarif"cəmiyyətinin Balaxanı qadın məktəbinə nəzarətçi müəllimə vəzifəsinə təyin edilməsinə onun tərəfindən icazənin verilməsini xahiş etmişdir. Müsəlmanlar  arasında  savadın  yayılması  üzrə "Nəşr-Maarif" Bakı   cəmiyyətinin İdarə heyəti  adından  Cəmiyyətin sədr müavini Ağa Aşurovun  imzası ilə 17 oktyabr 1915-ci il tarixdə  müəllimə  Səhra xanım Zeynalovaya 506 saylı məktub göndərildi. Həmin  məktubda qeyd edilirdi: " Hörmətli cənab, sizə bildirirəm ki, siz 15 oktyabr 1915-ci il tarixdən etibarən ayda 660 rubl, məktəbi idarə etməyinə görə ildə 50 rubl olmaqla "Nəşr - maarif"cəmiyyətinin Balaxanı qadın real məktəbinə nəzarətçi-müəllimə təyin edilirsiniz, həmçinin siz aldığınız məvacibin 6 % tutulmaqla həmin  tarixdən etibarən müəllim və müəllimələrin pensiya kassasının iştirakçısı kimi siyahıya  daxil edilirsiniz. Bunları bildirərək sizdən  xahiş edirəm ki, Cəmiyyətin yuxarıda adı çəkilən məktəbinin əmlakı və işini qəbul  etmək üçün xidmət yerinə gedib siyahını imzalayaraq "Nəşr - maarif"cəmiyyətinin İdarə heyətinə göndərəsiniz."

Səhra xanım  Zeynalova "Nəşr - maarif" cəmiyyətinin Balaxanı qadın real məktəbinə nəzarətçi-müəllimə vəzifəsinə Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S.Tixorjevskinin 15 oktyabr 1915-ci il tarixli 11989 saylı qərarı ilə təyin edilmişdir. Bu haqda Bakı Quberniyası və Dağıstan vilayəti üzrə 2-rayonun müfəttişi S.M.Qəniyevin "Nəşr - maarif"cəmiyyətinin məktəb şöbəsinin sədrinə göndərdiyi 16 oktyabr 1915-ci il tarixli 2474 saylı məktubunda qeyd olunmuşdur.

Səhra xanım 1917-ci il iyunun 8-də  Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoruna ərizə ilə müraciət edərək onun bağ evinə getməsi ilə əlaqədar olaraq  sentyabr ayının 1-dək olan müddətlərdə-iyun,iyul, avqust  ayları  üçün   əlavələrin ödənilməsinin saxlanılmasını  xahiş  etmişdir.

Əlavə olaraq xatırladıram  ki, 1903-cü ildə H.Z.Tağıyevin Qafqaz Səhmdar Cəmiyyətinin lifli cisimlərin emalı fabrikinin nəzdində məktəb yaradılmışdır. H.Z.Tağıyevin Qafqaz Səhmdar Cəmiyyətinin lifli cisimlərin emalı fabrikinin direktoru 1918-ci il noyabrın 10-da Bakı quberniyasının xalq məktəblərinin müfəttişi S.M. Qəniyevə 111 saylı məktub göndərərək bildirirdi ki, fabrika məktəbinin müsəlman şöbəsi üçün müəllimə Səhra xanım Zeynalovanı  noyabrın 1-dən etibarən işə qəbul etmişdir və o, artıq dərslərə başlamışdır.

Bakı quberniyası xalq məktəblərinin direktoru 19 noyabr 1918-ci ildə Balaxanı qadın ibtidai məktəbin müəlliməsi Səhra xanım Zeynalivaya 3598 saylı məktub göndərərək onun 1 noyabr 1918-ci ildən etibarən fabrika nəzdindəki ibtidai məktəbə müəllimə  vəzifəsinə keçirildiyini  bildirmişdir. Bakı Quberniyası xalq məktəblərinin direktoru Tağıyevin fabrikinin direktoruna 1918-ci il  noyabrın 17-də  3597 saylı  məktub göndərərək  Balaxanı  qadın ibtidai  məktəbinin  müəlliməsi Səhra  Zeynalovanın 1 noyabr 1918-ci il tarixdən etibarən Tağıyev fabrikinin nəzdindəki məktəbə keçirildiyi haqqında məlumat vermişdi.

Bakıda 1917-ci ilin martından - 1918-ci il iyulun 31-dək hakimiyyət orqanı olmuş Bakı sovetinin 25 aprel 1918-ci il tarixli  qərarı ilə Bakı Soveti Xalq Komissarlığı tərkibində Xalq Maarif Komissarlığı yaradılmışdır. Azərbaycanda məktəb işinin inkişafı, məktəb şəbəkəsinin genişləndirilməsi və s. məsələlər Xalq Maarif Komissarlığının qarşısında duran məsələlərdən biri sayılırdı. Bakıda Aşağı Təzəpir küçəsi ev 22-də yaşayan Balaxanı qadın ibtidai məktəbinin müəlliməsi Səhra Zeynalovanın 14/27 may 1918-ci ildə Xalq Maarifi Komissarlığına  yazdığı ərizəsi qorunub saxlanılır. Səhra xanım həmin ərizəsində qeyd edirdi:" 1916-cı ildən etibarən Balaxanı qadın məktəbindəyəm. Komissarlığın əmrinə görə mən bildirirəm ki, bundan sonra da mən bu məktəbin müəlliməsi olmaq istəyirəm və xahiş edirəm ki, məni adı çəkilən məktəbin müəlliməsi vəzifəsinə qəbul edəsiniz.Mənim bütün sənədlərim Xalq Məktəbləri direksiyasındadır. Cari ildə mən heç bir yerə getməmişəm və getməyərək  bu şəhərdə qalacağam. Əmrə uyğun olaraq məndən partiyadan vəsiqə tələb edilir ki, bunu da mən təqdim edə bilməyəcəyəm, çünki, heç bir partiyada işləməmişəm." 

1918-ci ildə Bakı Soveti Xalq Komissarlığı tərkibindəki Xalq Maarif  Komissarlığına Rusiya  Sovetlər Respublikası tərəfindən göndərilmiş 17 iyul 1918-ci il tarixli  2856 saylı məktubda  Bakı rus-tatar qadın məktəbinin müəlliməsi Səhra Zeynalovanın ibtidai  məktəbin müəlliməsi adına malik olduğunu təsdiq edən 2585 saylı şəhadətnamənin  göndərildiyi bildirilirdi.

Arxiv sənədlərindəki  məlumatlara  əsaslanaraq qeyd edirəm ki, Səhra Zeynalova çox guma ki, 1919-cu ildə Həşim bəy Rzabəyovla ailə həyatı qurmuşdur. Çünki, Səhra xanımın fəaliyyətinin əks etdirən 1918-ci ilə qədər olan sənədlərdə onun soyadı Zeynalova, sonrakı  1919-1920 illərə dair sənədlərdə isə Zeynalova-Rzabəyova kimi qeyd edilir.

Səhra xanım Zeynalova-Rzabəyovanın 1920-ci il yanvarın 21-də Xalq Ma arif  Komissarlığına unvanladığı məktubda xahiş edirdi ki, ona Komissarlığın tabeliyindəki  ibtidai məktəbdə 4 illik xidməti haqqında vəsiqə verilsin.O, həmçinin qeyd edirdi:"Sizin tabeliyinizdə olan ibtidai məktəbdə dördillik xidmətim haqqında vəsiqə verməyinizi xahiş edirəm. Bununla yanası məruzə edirəm ki, mən 1916-cı ildə Balaxanı qadın məktəbinə müdir təyin ediimişəm, 1918-ci ildə isə Tağıyevin fabriki nəzdindəki məktəbə keçirilmişəm  və  xəstəliyimə  görə  1919-cu il noyabrın 1-də  işdən azad olunmuşam. Vəsiqəni öz həyat yoldaşı Həşim bəy Rzabəyovun  götürməsinə  etibar  edirəm.

Azərbaycan  Respublikasının  təhsil tarixində rolu və izi qalmış bütün müəllim və pedaqoqlar, o cümlədən  Səhra xanım Zeynalova-Rzabəyovanın da  xatirəsi  bu gün xalqımız tərəfindən böyük hörmət və ehtiramla yad edilir və onun pedaqoji fəaliyyəti öyrənilir və təbliğ edilir. Həmin pedaqoqların  Azərbaycanda təhsilin və məktəb işinin geniş yayılmasındakı rolu danılmazdır.

 Milli Arxiv İdarəsinin

Arxiv sənədlərinin nəşri, istifadəsi və

informasiya təminatı şöbəsinin baş məsləhətçisi

Rafiq Səfərov

              

 

 

  İSTİFADƏ EDİLMİŞ MƏNBƏLƏRİN SİYAHISI:

          1.ARDTA.f.312.siy.2.iş.50,v.1a

          2.ARDTA.f.309.siy.4.iş.392,v.1; .

         3. ARDTA.f.312.siy.2.iş.50,v.1(arxa üzü)

         4. ARDTA. f.309.siy.4.iş.292,v.2(arxa üzü).

         5 ARDTA.f.312.siy.2.iş.50,v.4.

         6.ARDTA.f.309.siy.4.iş.392,v.2.

        7. ARDTA.f.309.siy.4.iş.392,v.3;

        8. ARDTA.f.312.siy.2.iş.50,v.3.

        9. ARDTA.f.309.siy.4.iş.392,v.4.

      10. ARDTA.f.309.siy.4.iş.392,v.5.

      11. ARDTA.f.309.siy.4.iş.392,v.11

12. ARDTA.f.309.siy.4.iş.392,v.6

13. ARDTA.f.309.siy.4.iş.392,v.8.

ARDTA.f.309.siy.4.iş.392,v.12..

14. ARDTA.f.309.siy.4.iş.392,v.10.

 

 



Bugün: 109
Dünən: 824
Bu həftə: 3411
Son həftə: 6294
Bu Ay: 22414
Son Ay: 25108
Bu İl: 288563
Ümumi: 1308984
1308984