Bu il İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən zəbt edilməsi ilə Şimali Azərbaycanın işğalının tamamlanması, Türkmənçay müqaviləsinin 198 ili tamam oldu. Müqavilədən dörd ay əvvəl isə Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı İvan Paskeviçin bir həftəlik mühasirəsindən sonra 1827-ci ilin 13 oktyabrında İrəvan qalası süqut etmişdi.
Dövlət Tarix Arxivində şimal-qərbi Azərbaycan torpaqlarının işğalı ilə bağlı araşdırmalar zamanı 1827-1890-cı illəri əhatə edən “Zaqafqaziya Şeyxülislamının dəftərxanası” adlı fondda maraqlı bir saxlama vahidi mövcuddur: “İrəvan, Sərdarabad qalalarının ələ keçirilməsi haqqında Tiflis hərbi və mülki qubernatorunun Tiflis axunduna ismarışı” (f.288, siy.1, sax.vah.1).
Bu ismarış nədən ibarət idi? Deməli, 27 sentyabr 1827-ci ildə Tiflis şəhərində mülki qubernatorun müşaviri M.Vasilyevski Sərdarabad qalasının alınması münasibəti ilə Tiflisin axundu Molla Məmmədəli Salyanskiyə aşağıdakı məktubu yazmışdır:
“Dünən Tiflis hərbi qubernatoru cənab general-leytenant və kavaler Sipyaqindən qoşunlarımız tərəfindən farsların Sərdarabad qalasının alınması və İmperator Həzrətləri Konstantin Nikolayeviçin dünyaya gəlməsi münasibəti ilə verilmiş ali manifest barədə mənə xəbər daxil olmuşdur. Bu xoş hadisələrin baş verməsi səbəbi ilə bu gün Tiflisdə yunan, rus, katolik və erməni kilsələrində Uca Allaha şükran məqsədi ilə dualar edilmişdir.
Xahiş edirəm, Allaha şükran üçün dualar edilməsini tatar məscidində də təşkil edəsiniz”.
Əvvəlcə bu işmarışa qədər baş verən hadisələrin gedişatına varaq. Ruslar İrəvanın mühasirəsini asanlaşdırmaq üçün öncə Sərdarabad qalasının üzərinə hücum etmişdilər. 1815-ci ildə istifadəyə verilən, xanlığın ikinci böyük qalası İrəvan sərdarı tərəfindən tikildiyindən Sərdarabad qalası adlandırılırdı. Bu istehkam tikili Osmanlı ilə sərhəddə tikilmiş, xarici hücumların əsas zərbəsini öz üzərinə götürərək İrəvan şəhərinin qərb tərəfdən qapısı sayılırdı. Rusların aprelin ortasından başlamış hücumları qaladağıdıcı topların hesabına sentyabrın 19-da qalanın alınması ilə başa çatmışdı.
Sərdarabaddan sonra ruslar İrəvan qalasını tutmağı qarşılarına məqsəd qoydular. Tarixi mənbələrdə göstərilir ki, rusların İrəvana ilk hücumu 1804-cü ildə baş vermiş, İrəvan xanı Məhəmməd xan və mühasirədə olan qardaşlarına köməyə gələn Naxçıvan xanı Kəlbəli xan general Sisianovun başçılıq etdiyi Rusiya ordusunu məğlub edərək geri çəkilməyə məcbur edib. 1808-ci ildə bu dəfə general Qudoviçin başçılığı altında yenidən qalaya hücum edilib. Rusiya ordusu yenə də məğlub edilibmiş. Nəhayət, iyirmi ilə yaxın müddətdən sonra, Sərdarabad qalasını alan rus ordusu üçüncü cəhddə İvan Paskeviçin rəhbərliyi altında 1827-ci ilin oktyabrında İrəvan qalasının müqavimətini qıra bilmişdir.
Bu barədə adını çəkdiyimiz saxlama vahidində general adyutant Sipyaqinin Paskeviçə müraciətlə yazılmış məktubunun surəti də saxlanılır. Məktubda qalanın alınmasında öz tərəflərindən göstərilən şücaət mübaliğə ilə təsvir edilir:
“Möhtərəm Əlahəzrətləri, İrəvanın fəthi münasibəti ilə sizi təbrik edirəm. Altı günlük mühasirədən və qənimətlərin aşkar edilməsindən dörd gün sonra şəhər 1 oktyabr tarixində bizim tərəfimizdən alınmışdır.
Düşmənin hücumları nəticəsində sərhəd ərazisində mütləq qarışıqlıqlar, o cümlədən dağıntılar baş vermişdir. Bununla əlaqədar olaraq yerli əhali ciddi təhlükə altına düşmüşdü. Mövcud vəziyyət ictimai asayişin qorunması üçün təcili və qəti tədbirlərin görülməsini zəruri etmişdir. Bu səbəbdən hərbi qüvvələrin hərəkəti gücləndirilmiş, yollar və keçidlər nəzarət altına alınmış, qayda-qanun təmin olunması üçün lazımi sərəncamlar verilmişdir.
Eyni zamanda əhaliyə qarşı zorakılığın qarşısının alınması, mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi və dövlət tələblərinə uyğun davranışın saxlanılması, xüsusilə tapşırılmışdır. Qanuna zidd hərəkətlərin yol verilməməsi, imperiya hökumətinin qoyduğu qaydalara ciddi şəkildə əməl tələbi qoyulmuşdur.”
Məktubda İrəvan qalasının alınması haqqında özlərinə sərf edən qeydlər də yazılıb: “Qala heç bir müqavimət göstərilmədən alındı, düşmən tərəf xilas ola bilmədiklərini anlayıb silahları atıb qaçmışdılar. İrəvan sərdarının qardaşı Həsən xan, qalanın komendantı, Sərdarın kürəkəni Sübhanqulu xan, beş xan və bütün fars məmurları əsir götürüldü. Qalada 35 top, 2 artilleriya qurğusu və digər silahlar tapıldı. Bizim tərəfdən itki: bir ober zabit və dörd aşağı rütbəli həlak olmuş, iki ober zabit və otuz altı aşağı rütbəlilər yaralanmışdır”.
Saxlama vahidində hərbi qubernatorun Tiflis axunduna 14 iyun 1828-ci il tarixli eyni məzmunlu daha bir məktubu var. Məktubda deyilir: “Türk qalalarının Rusiya tərəfindən tutulması münasibəti ilə avqust ayının 5-də Tiflis şəhərinin bütün yunan-gürcü kilsələrində dua mərasimləri icra olunacaq.
Sizdən xahiş olunur ki, tatar məscidlərində də şəriət qaydalarına uyğun olaraq təşəkkür və dua mərasimlərinin təşkilini təmin edəsiniz”.
Beləliklə, çar generalları göründüyü sayaq bizim dindarları və din xadimlərimizi özümüzün qalalarını və şəhərlərimizin, yurdlarımızın işğalını bayram etməyə, təcavüzlərinə dualar etməyə sövq edirlər və bunu onların təəbəlik borcu hesab edirlər.
Həmin dövrün hadisələrini, şimal qərbi Azərbaycanımızın ilhaqının tarixi nəzərdən sübutları kimi haqqında danışdığımız bu arxiv sənədləri misilsiz dərəcədə dəyərli və əhəmiyyətlidirlər.
Rövşən Həsənli
Dövlət Tarix Arxivi
Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri
| Bugün: | 244 |
| Dünən: | 1560 |
| Bu həftə: | 9191 |
| Son həftə: | 10866 |
| Bu Ay: | 24871 |
| Son Ay: | 55339 |
| Bu İl: | 232249 |
| Ümumi: | 1926174 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az