Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Şair və maarifçi din xadimi - Seyid Əzim Şirvani - 190

Son Yenilənmə : 2025-07-01 09:11:47
Baxış sayı : 192

          Seyid Əzim Şirvani 1835-ci ilin iyulun 9-da Şamaxıda, ruhani ailəsində anadan olmuşdur. Kiçik yaşlarında atası Seyid Məhəmməd vəfat etdiyindən ana babası molla Hüseynin himayəsi altında böyümüşdür. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim ruhani təhsilini artırmaq üçün 21 yaşında İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə gedir. Dinlə yanaşı, o, həm də dünyəvi elmlərə də böyük maraq göstərir. Vətənə qayıdıb bir müddət yaşadıqdan sonra, ikinci dəfə, yenə uzaq səfərə çıxır.  Bu dəfə Məkkə və Mədinədən keçərək Misirə, Qahirə şəhərinə gedir.

           Səfərdən Şamaxıya qayıtdıqdan sonra, 1869-cu ildə orada yeni üsul üzrə “Məclis” adlı məktəb açaraq, ömrünün sonunadək müəllimlik edir. Onun məktəbində digər mollaxanalardan fərqli olaraq uşaqlara dini elmlərlə yanaşı fars, rus və ana dilini təlim edir, tarix, coğrafiya, hesab və sair fənlərdən ibtidai biliklər də çatdırırdı. Görkəmli şair Mirzə Ələkbər Sabir, tanınmış pedaqoq, maarif xadimi Sultan Məcid Qənizadə və bir sıra başqa məşhur şəxslər onun məktəbində dərs alıblar.

          Seyid Əzimin zəngin ədəbi yaradıcılığı azərbaycanca və farsca iki böyük küllüyatdan ibarətdir. Onun bədii mirasının əsasını daha çox qəzəllər təşkil edir. Şərq klassikasından etdiyi tərcümələr, Sədi, Hafiz və Füzuli şeirlərinə yazdığı nəzirələr öz mükəmməlliyi ilə seçilirlər. Qəzəllərindəki lirikada aşiqlik, nikbinlik həyat sevgisi, dini etiqad xüsusi dərəcədə nəzərə çarpandır.

          Şair qəzəllərindən savayı maarifçi və tənqidi-satirik  mövzuda realist şeir yaradıcılığına da malikdir. Onun belə şeirlər yazmasına o vaxtlar çap edilən Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin böyük təsiri olmuşdur. Bu qəzetin səhifələrində onun ondan çox şeiri işıq üzü görmüşdür. “Əkinçi”yə həsr etdiyi şeirlərdə , o, dövrünün əksər ziyalıları kimi mətbuatın böyük imkanlarını dəyərləndirir, onun xalqın tərəqqisi və inkişafında vacib vasitə olduğunu duyurdu.

          Şairin yaradıcılığında öyüd-nəsihət, təmsil, didaktik mahiyyətli mənzum hekayələri maarifçi şeirləri ilə birləşir, insanlarda gözəl və nəcib duyğuların artmasına xidmət edir. O, bütün pedaqoji fəaliyyəti dövründə ana dili və ədəbiyyatını tədris etmiş, “Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani” və “Tacül-kütüb” adlı dərsliklər yazmışdır. Dövrünün görkəmli şəxsləri sayılan Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə ilə yaxın münasibətləri olmuşdur.

          Pedaqoji fəaliyyətində bir din adamının xarici dilləri dəyərləndirməsi, bu dillərin öyrənilməsinə önəm verməsi çar məmurlarının diqqətini cəlb etmişdir. Mütərəqqi mövqeyinə görə maarif sahəsindəki xidmətlərini nəzərə alaraq Zaqafqaziya tədris idarəsi 1886-cı ildə onu gümüş medalla mükafatlandırmışdır.

          Azərbaycan Dövlət Tarix Arxivinin ”Zaqafqaziya şiə ruhaniyyə idarəsi” fondunda Seyid Əzim Şirvani ilə bağlı bir saxlama vahidi saxlanır. Saxlama vahidində olan Qafqaz idarəçiliyi Mülki hissəsi baş rəisliyi dəftərxanası direktoru müavini tərəfindən Zaqafqaziya şiə ruhaniyyə idarəsinə yazılan 17 dekabr 1886-cı il tarixli məktubda göstərilir ki, müsəlman etiqadlı Şamaxı şəhər məktəbinin müəllimi Hacı Seyid Əzim Seyid Məmməd oğlunun sinəyə taxılan “çalışqanlığına görə” yazısı qeyd edilən gümüş medalla və Stanislav lenti ilə təltif edilməsi üçün Zaqfqaziya təhsil idarəsi vəsatət qaldırıb.

          Ardınca Zaqafqaziya tədris idarəsinin bu vəsatətinin həyata keçirilməsində hər hansı xoşagəlməz hallar yaranarsa, Şiə Ruhaniliyindən onlara xəbər etmələri xahiş olunur.

          Seyid Əzimin qabaqcıl müəllim kim cəmiyyətdə tanınması, maarifçi və tənqidi-satirik şeirləri ilə mövhumatı, cahilliyi, qamçılaması onu cəhalət dindarlarının  kəskin etirazları və müqaviməti ilə üzləşdirdi. Onu sevməyənlərin, düşməncəısinə münasibət bəsləyənlərin sayı gündən-günə artdı. Nadanlar Şamaxıdan doğan ziya günəşinə kor oldular, zülməti, qaranlığı seçdilər. Odur ki, 53-cü yaşı tamam olmamış  - 1888-ci ilin 20 mayında Şamaxı məscidində sui-qəsd nəticəsində bədii irsi hər zaman yaşayacaq Seyid Əzim dünyasını dəyişdi.

            Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli qərarı ilə Seyid Əzim Şirvaninin əsərləri dövlət varidatı elan edilmişdir.  

Cari ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamışdır.

 

Rövşən Həsənli
Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin
Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri



Bugün: 412
Dünən: 1430
Bu həftə: 10048
Son həftə: 11350
Bu Ay: 38221
Son Ay: 48584
Bu İl: 38221
Ümumi: 1732146
1732146