Azərbaycan ədəbiyyatı tarixində həyat həqiqətlərini sadə, səmimi və təsirli şəkildə ifadə edən yazıçılar xüsusi yer tutur. Bu yazıçılar arasında Seyran Səxavət özünəməxsus yaradıcılığı ilə seçilən qələm sahiblərindəndir.
Xanlarov Seyran Əsgər oğlu (Seyran Səxavət) 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulaq) indiki Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənd orta məktəbini bitirmişdir. O, uşaqlıq illərini sadə və zəhmətkeş insanların yaşadığı bir mühitdə keçirmişdir. Kiçik yaşlarından kitaba və ədəbiyyata böyük maraq göstərən Seyran Səxavət məktəb illərində şeirlər və kiçik hekayələr yazmağa başlamışdır. Onun müəllimləri və yaxınları bu marağı görərək onu daim həvəsləndirmişlər. Bu mühit gələcək yazıçının dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdir. 1964-1970-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır. Daha sonra Natəvan adına Füzuli şəhər məktəbində direktor köməkçisi işləmişdir. 1970-1972-ci illərdə isə “Ədəbiyyat və İncəsənət” qəzetində xüsusi müxbir, “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri işləmişdir. Onun əsərlərində insan taleyi, cəmiyyət problemləri, mənəvi dəyərlər və gündəlik həyatın müxtəlif tərəfləri real və təsirli şəkildə təsvir olunur. Yazıçının yaradıcılığı Azərbaycan nəsrinin inkişafında mühüm rol oynamışdır.
Seyran Səxavət bədii yaradıcılığa 1962-ci ildən dövrü mətbuatda çap etdirdiyi şeir, hekayə və publisistik yazıları ilə başlamışdır. 1974-cü ildə tərcüməçi kimi iki illik İrana İsfahan şəhərinə ezam olunmuş beş illik fasilədən sonra “Hamı elə bilirdi ki...” adlı ilk hekayəsini yazır və Bakıya göndərir. Əsər Üzeyir Hacıbəyova həsr olunmuş yubiley nömrəsində çap olunmuş və ədəbi ictimai mühitin diqqətini cəlb etmişdir. Ramiz Rövşən və başqa ziyalılar bu hekayəyə yüksək qiymət vermişlər. O, əsasən nəsr yazıçısıdır. Amma onun poetik üslubda yazılmış parçaları və şeirvari sətirləri də var:
“İnsan bəzən susmaqla da danışır.
Söz demədən də ürəyinin ağrısını göstərir
Həyat isə hər kəsi öz yolu ilə aparır
Kimi sevinclə, kimi də səssiz kədər ilə...”
Seyran Səxavətin müxtəlif illərdə bir çox kitabları nəşr olunmuşdur. Onun tanınmış əsərləri arasında “Daş evlər”, “ Yəhudi əlifbası”, “Qaçaqaç”, “Palıd toxumu”, “Nekroloq” kimi kitabları xüsusi yer tutur. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunmuşdur.1988-ci ildə “Qızıl teşt” pyesi Azərbaycan Akademik Dram Teatrında, 1989-cu ildə isə “Büst” pyesi Lənkəran Dram Teatrında tamaşaya qoyulmuşdur.
Seyran Səxavət 1980- ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun “Nekroloq” əsəri 2003-cü ildə Azərbaycan Yazıçılar Birliyinin Yusif Səmədoğlu adına “İlin ən yaxşı” romanı mükafatına layiq görülüb. Seyran Səxavət əsasən hekayə, povest və publisistik yazıların müəllifi kimi tanınır. Onun əsərlərində sadə insanların həyatı, onların problemləri, sevinc və kədəri təsvir olunur. Yazıçının yaradıcılığında realizm güclü şəkildə hiss olunur. O, hadisələri bəzəmədən, olduğu kimi təqdim etməyə çalışır. Bu səbəbdən onun əsərləri oxuculara çox səmimi və inandırıcı görünür. Bəzən öz əsərlərində həyat və mənəviyyat barədə dərin düşüncələrini nümayiş etdirirdi: “ Kaş bütün bəşəriyyət qəbiristanlıqla üzbəüz doğulardı”...
Onun yaradıcılığı haqqında dövrünün ziyalıları yüksək fikirlər səsləndirmişlər. Xalq Şairi Xəlil Rza Ulutürk: - Bir var əsərdə bir adamın, bir ailənin faciəsini təsvir edəsən bunun özü mühüm məsələdir. Bir də var ki, bütöv bir epoxanın , xalqın, millətin taleyini, yaşantılarını, əzablarını, faciəsini canlandırasan—bu böyük ədəbiyyat işidir. Ədəbiyyata şair kimi gəlmiş, yazıçı kimi şöhrətlənmiş, sadə geyimli, mərd Seyran Səxavət bu işin öhdəsindən şərəflə gəlib”..Xalq yazıçısı İsmayıl Şıxlı: - Mən Seyran Səxavətin bu povestini bir nəfəsə oxumuşam, povestin səhnə versiyasına “Qızıl teşt” faciəsinə isə iki dəfə baxmışam. Hər iki dəfə də camaatın nəfəsini dərmədən, səhnədən deyilən sözləri dinlədiyinin şahidi olmuşam. Ilk dəfə idi ki, belə müşahidəm olurdu—tamaşada ayaq üstdə qalxıb yarım saata qədər səhnədəkiləri alqışlayan adamların sevincini unuda bilmirəm”...
Onun dili sadə, fikri isə dərin və təsirlidir. Bu xüsusiyyət onun geniş oxucu kütləsi tərəfindən sevilməsinə səbəb olmuşdur. Yazıçı, Millət vəkili Aqil Abbas: - Mən son illərdə Seyran Səxavətin qələmindən çıxan bütün əsərləri ədəbi hadisə adlandırmışam və bu fikrimdə qalıram”...
O, Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan görkəmli simalardandır. Onun poeziyası zaman keçdikcə dəyərini itirmir, əksinə yeni nəsillər tərəfindən də maraqla oxunur və qiymətləndirilir. Onun yaratdığı ədəbi irs Azərbaycan mədəniyyətinin qiymətli bir hissəsi olaraq yaşayır. Onun sənədləri gələcək nəsillərə əmanətdir və bu gün həmin dəyərli sənədlər Salman Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat Və İncəsənət arxivində 735 N-li fondda qorunub saxlanılır. Onun sənədlərinin əsasını əlyazmaları, yazışmaları,tərcümeyi-hal, təsviri sənədləri üstünlük təşkil edir. Onun həyat yolu və yaradıcılığı milli mənəvi simanı əks etdirən parlaq nümunələrdəndir. Qələmindən çıxan əsərlər Azərbaycan ədəbiyyatının zənginləşməsinə böyük töhfə vermişdir. Məqalədə 735 №-li fondda olan sənədlərdən istifadə edilmişdir
Gülnar Şərifova
S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət arxivinin aparıcı arxeoqrafı
| Bugün: | 1016 |
| Dünən: | 1505 |
| Bu həftə: | 12417 |
| Son həftə: | 13420 |
| Bu Ay: | 35922 |
| Son Ay: | 55392 |
| Bu İl: | 187961 |
| Ümumi: | 1881886 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az