Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Məhəmməd ağa Şahtaxtlı və “Şərqi-rus”

Son Yenilənmə : 2026-05-15 04:55:06
Baxış sayı : 4

Naxçıvanın Araz çayı sahilində yerləşən Şahtaxtı kəndi özünün adlı-sanlı, nüfuzlu şəxsiyyətləri ilə məşhurlaşmışdır. Bu kəndin yetirməsi olan, Azərbaycan elminə, mədəniyyətinə töhfələr verən bir çox tanınmış insanlar vardır. Onlar arasında ilk olaraq kəndin adını soyadlarına çevirən, Şahtaxtlı nəslinin görkəmli nümayəndələri xatırlanır. XIX-XX əsrlərdə Şahtaxtlı nəslinin nümayəndələri Azərbaycanın tibb, hərb, dilçilik kimi bir çox elm sahələrinə əvəzsiz töhfələr vermişdir. Bu şəcərənin tanınmış xadimlərindən biri publisist, şərqşünas, pedaqoq, dilçi, ictimai xadim Məhəmməd Ağa Şahtaxtlıdır.

         Məhəmməd ağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtlı (Şahtaxtinski) 1846-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olmuşdur. İlk təhsilini o zaman Naxçıvanda məşhur ruhani ziyalılarından biri  olan Hacı Mirzə Məhəmədəlinin yanında almış, fars, ərəb dillərini öyrənmişdir. Daha sonra isə təhsilini Naxçıvandakı rus-tatar məktəbində davam etdirmişdir. 1860-cı ildə məktəbi bitirərək Tiflis klassik gimnaziyasına daxil olur. Şahtaxtlı Tiflis gimnaziyasında təhsilini müvəffəqiyətlə bitirdikdən sonra Peterburqa yollanır. Məhəmməd ağa Peterburqda alman dilini də öyrənməyə başlayır. O dövrün bir qrup ziyalısı ilə birlikdə Almaniyaya gedir. 1871-ci ildə Leypsiq Universitetinin fəlsəfə tarix, ədəbiyyat fakultəsinə daxil olur. Təhsil aldığı illərdə  V.Drobin, H.L.Fleyşer, V.Hanke  kimi dövrünün  tanınmış alimlərindən dərs almışdır. 1873-1875-ci illərdə Fransada yaşayır. 1879-cu ildə “Təkmilləşdirilmiş müsəlman əlifbası” layihəsini hazırlayıb nəşr etdirir. 1899-1902-ci illərdə Fransanın Sarbonna şəhərində Ali Təcrübi Təhsil məktəbində təhsil alır. Daha sonra Tiflisə qayıdan Məhəmməd ağa Şahtaxtlı ictimai- siyasi fəaliyyətə başlayır.

         Məhəmməd Ağa dövrünün mütərrəqi ideyalara sahib olan, bu ideyaları həyata keçirmək üçün mütəşəkkil olaraq çalışan şəxsiyyətlərindən idi. Bunun başlıca göstəricisi onun ana dilində qəzet dərc etdirmək istəyi idi. “Əkinçi” qəzeti bağlandıqdan sonra yeganə ana dilimizdə dərc edilən “Kəşkül” qəzetinin 1891-ci ildə Tiflis qubernatorunun sərəncamı ilə  öz fəaliyyətini dayandırması milli dildə yenidən mətbuat orqanının açılmasını zəruri hala çevirmişdir. Məhəmməd ağa Şahtaxtlı ictimai fikrin inkişafında doğma dilimizdə mətbuat orqanın olmasını labüd bilir, bunun üçün səylə çalışırdı. Məhəmməd ağa  Şahtaxtlı 1902-ci il aprelin 2-də Rusiyanın  mətbuat işləri üzrə Baş İdarəsinə “Şərqi-rus” adlı qəzet nəşr etmək üçün müraciət edir. Onun ilk müraciəti nəticəsiz olur. Fəlsəfə və qəzet işi sahəsində Parisdə təhsil almış, “Московскйе ведомости” qəzetində 10 ilə yaxın çalışmış, Peterburqun işgüzar dairələri ilə sıx əlaqələr qurmuş Məhəmməd ağa Şahtaxtlı inadlı səyləri nəticəsində Azərbaycan dilində “Şərqi-rus” adlı  qəzetin dərcinə müvəffəq olur. Mətbəə üçün gərəkli avadanlıqlar almaqda maddi cəhətddən çətinlik çəkən Məhəmməd ağa doğma yurdu olan Şahtaxtı kəndində öz payına düşən mülkləri sataraq əldə etdiyi sərmaye ilə Tiflisə qayıdıb mətbəəni açır.

         “Şərqi-rus” qəzetinin ilk nömrəsi 1903-cü il 30 mart tarixində işıq üzü görür.  İlk vaxtlar qəzet həftədə 3 dəfə, 1904-cü il iyunun 8-dən isə gündəlik olaraq dərc olunurdu. Qəzetdə əlifbanın dəyişdirilməsi, maarifin inkişafı, dünyəvi elmlər, qadın azadlığı kimi məsələlər qaldırılmış, bu mövzularda məqalələr dərc edilmişdir. Məhəmməd ağa Şaxtaxtlı “Şərqi-rus” qəzetinin ətrafında Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Əliqulu Qəmküsar kimi bir çox  mütərəqqi ziyalıları toplamışdı.

          Şahtaxtlının Avropa ölkələrində təhsil alması, qərb mədəniyyətinə meyl etməsi onun dini fikirlərində bəzi ziddiyətlər yaradırdı. Dini fanatizmə qarşı çıxır, elmsiz tərəqqinin olmayacağını hər daim vurğulayırdı. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Zaqafqaziya şiə ruhaniyyə idarəsi” fondunda saxlanılan Məhəmməd ağa Şahtaxtlının 27 noyabr 1903-cü il tarixində Zaqafqaziya şiə ruhaniyyə müsəlman idarəsinə ünvanladığı ərizədə nəşr etdiyi qəzetin əhəmiyyəti, ruhanilərin öz fikirlərini çatdırmaq üçün mətbəənin və rəsmi məlumatların şərq dillərinə düzgün tərcümə üçün tərcüməçinin olmaması, dinin təbliğində olan olan bəzi nöqsanların aradan qaldırılması, ümumbəşəri biliklərin təbliğinin lazımlığı qeyd edilir (f.290, siy.2, sax.vah.2505, vərəq 1, 10).

         Qəzetin 262-ci nömrəsinədək  redaktor Məhəməd ağa Şahtaxtlı olmuş, daha sonra bu vəzifəni öz məsləkdaşı Cəlil Məmmədquluzadəyə həvalə etmişdir. “Şərqi-rus”un axırıncı – 392-ci nömrəsi 1905-ci il 15 yanvar tarixində dərc edilir. Qəzet maliyyə çətinlikləri və rəsmi senzura ilə bağlı problemlərə görə bu təqvimdən etibarən nəşrini dayandırır.

       Daha bir sənəd - Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı şəhəri və Bakı quberniyası üzrə müvəqqəti general-qubernatorunun dəftərxanası” fondunda Məhəmməd ağa Şahtaxtlının 1905-ci il 25 fevral tarixində Bakı General qubernatoruna qəzetin mətbəəsinin Tiflisdən Bakıya köçürülməsinə və senzuranın nizamlanması ilə bağlı müraciəti mühafizə olunur (f.484, siy.1, sax.vah.35, vərəq 43-45 arx).

        “Şərqi-rus” millətin şüurunda demokratik ideyaları formalaşdıran, Cumhuriyyətin mütləq olduğuna xalqı inandıran, dövlətçilik məfkurəsinə sadiq, XX əsrin əvvəllərində Azərbaycan dilində fəaliyyət göstərmiş ilk mətbuat orqanı idi. “Şərqi-rus” ədəbi prosesi ictimailəşdirən, maarifçi tənqidin inkişafına təkan verən modernləşmiş mətbuatın banisi oldu.

         Məhəmməd Ağa “Şərqi-rus”dan sonra ictimai-siyasi, elmi fəaliyyətini davam etdirmiş, bir çox lahiyə və təkliflərini irəli sürmüşdür. 1907-ci ildə İrəvan quberniyasından Dövlət Dumasına millət vəkili seçilir. 1909–1912-ci illərdə Rusiya İmperiyasının Türkiyədəki səfirliyində tərcüməçi-jurnalist işləmişdir.

         O, bir müddət Fransanın Sarbonna şəhərində Ali Təcrübi Təhsil məktəbində şərq dillərindən dərs demiş, Sarbonna Universitetinin dekan vəzifəsinə yüksəlmişdir. Zəhmətlərinə görə Fransa Maarif Nazirliyinin fəxri Diplomu ilə təltif olunur.

         1919-cu ildə vətənə qayıdan Məhəmməd ağa Azərbaycan Xalq Cumhuriyyəti qurularkən Demokratik Respublikanın yaradılmasını arzulayan, istiqbal uğrunda mübarizə aparan  qabaqcıl ziyalılardan biri idi. Görkəmli xadim Cumhuriyyəti milli istiqlalımızın dayağı hesab edirdi. Bu dayağın daha da etibarlı olmasında  maarifin inkişaf etdirilməsini başlıca amil hesab edirdi. O, xalq Cumhuriyyəti dövründə, yeni hökümətin maarif mədəniyyət və mətbuat işlərinin formalaşmasında əməli addımlar atmışdır. Xalqın rifahını təhsildə görən Şahtaxtlı Bakıda Universitetin açılması lahiyəsinin əsas müəlliflərindən idi. Məhəmməd ağa Universitetin açılmasını təxirəsalınmaz vəzifə olduğunu qeyd edirdi.

         Bakıda ilk Universitet açılan zaman universitetdə dosent olaraq dərs deməyə başlamışdır. Universitetdə çalışdığı illərdədə azərbaycançılıq ideyasına sadiq qalmış, ərəb-fars dillərini tədris etməsinə baxmayaraq, bir neçə dəfə dərslərin türkcə təbliğini və türk dilli müəllimlərin işə götürülməsi ilə bağlı müraciətlər etmişdir. Yüksək ixtisaslı şərqşünas kadrların yetişməsində, Məhəmməd ağanın xüsusi rolu olmuşdur. Məhəmməd ağa elmi şuranın qərarı ilə 1922-ci ildə universitetin ilk Azərbaycanlı professoru kimi təqaüdə göndərilir.

        Böyük ziyalı 12 dekabr 1931-ci ildə Bakıda vəfat etmiş, Çəmbərəkənd qəbirstanlığında dəfn edilmişdir. Məhəmməd Ağa Şahtaxtlı ictimai fikir tarixində özünəməxsus yeri olan, həyatını xalqının milli dəyərlərinin inkişafına həsr edən, Azərbaycan tarixində əvəzsiz xidmətləri ilə əbədi yaşayacaq “Şahtaxtiniskilər”  nəslinin nəcib, ziyalı, parlaq nümayəndəsi kimi yaddaşlara həkk olunub.

 

Həsənova Günay

Dövlət Tarix Arxivinin aparıcı arxeoqrafı



Bugün: 241
Dünən: 1560
Bu həftə: 9188
Son həftə: 10866
Bu Ay: 24868
Son Ay: 55339
Bu İl: 232246
Ümumi: 1926171
1926171