Hər şey 1930-1931-ci illərdə Lənkəran rayonunun Gərmətük kəndində kolxozlaşma zamanı Şəddat Cəfərovun ailəsinin başına gətirilən faciələrdən başladı. Onlarin yaşadığı ev yeni hökümət tərəfindən sökülür, nəticədə ailə Bakıya köçür.
Şəddat Cəfərov 1940-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsilini də burada almışdır.
Şəddatı ilk dəfə mətbəəyə aparan “Elm” nəşriyyatında çalışan böyük qardaşı Xudadat olub. Şəddat poliqrafiya sahəsinə elə bağlanır ki, bu peşədən ayrılmaq xəyalına da gəlmir.
Əmək fəaliyyətinə mətbəədə sinkoqrafçı (məətbəə çapı üçün sink klişe hazırlayan) kimi başlayan Şəddat qısa zamanda mətbəədə baş mühəndis vəzifəsinə irəli çəkilir. Daim yeniliklər, mütərəqqi üsullar axtarışında olan istedadlı gənc tez bir zamanda hamının rəğbətini qazanır.
Onu da qeyd edək ki, onun istehsalatla təhsili daim paralel olaraq inkişaf edirdi. Şəddat Cəfərov 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1971-ci ildə Moskva Poliqrafiya İnstitutunu, 1975-ci ildə həmin institutun aspiranturasını bitirərək, namizədlik dissertasiyası müdafiə edib, iqtisad elmləri namizədi alimlik dərəcəsi alır.
İllər keçdikcə Ş.Cəfərov bacarıqlı təşkilatçı, təcrübəli rəhbər kimi hər kəsin diqqətini özünə cəlb edir. Məhz bu xüsusiyyətlərinə görə o, 1976-78 illərdə mətbəə direktoru, 1978-85-ci illərdə “Kommunist” nəşriyyatında baş direktor müavini vəzifəsində çalışır.
Kitab çapında əsas amillərdən sayılan mexanikləşdirilmiş axın xəttini Şəddat Cəfərov Azərbaycanda ilk dəfə “26-lar” mətbəəsində tətbiq edir. O Moskvada olan dostlarının köməyindən istifadə edərək, layihəsi verilən mexanikləşdirilmiş axın xəttinin bir neçə hissəsinin hazırlanmasını sifariş verir. Beləliklə, Şəddatın bilavasitə təşəbbüsü və əməli köməyi ilə nəhəng texniki tərəqqi olan mexanikləşdirilmiş axın xətti yaranır. Gənc mütəxəssis olaraq Şəddatın bu yeniliyi böyük marağa səbəb olur.
Əlbəttə, belə kadrı gözü götürməyənlər də az deyildi. Şəddatın uğurlarına, poliqrafiyaya gətirdiyi yeniliklərə paxıllıqla, qısqanclıqla yanaşanlar da tapılırdı. Bədxahları müxtəlif ünvanlara anonim məktublar yazırdılar. İnzibati orqanlara gedib-gəlmək, qərəzli məktublara cavab vermək onun vaxtını alır, görəcəyi işlərə mane olurdu. Halbuki onun səmərəlıi təklif və yenilikəri dövlətə milyon manatlarla gəlir gətirirdi.
Şəddat nə qədər bacarıqlı, işgüzar olsa da, bir o qədər məğrur, qürurlu bir insan idi, sözgötürən deyildi. Nəhayət, bədxahları arzusuna çatır, yuxarı dairələrlə onun arasını vururlar. Şəddat da soyuq münasibətdən bezərək, sevmədiyi adamların rəhbərliyi altında işləmək istəməyərək, Moskvaya müraciət edir. Moskvada Şəddat Cəfərovu yaxşı tanıyır, bir mütəxəssis və insan kimi çox sevirdilər. Odur ki, “Ulyanovskaya Pravda” nəşriyyatına baş direktor vəzifəsinə təyin olunur. Bu mühüm məsuliyyətli işdə etimadı tezliklə doğruldan Cəfərov nəşriyyatda qəzetlərin ofset üsulu ilə çap olunması, bərk və yumşaq cildli kitabların nəşri və bir çox yeni keyfiyyət göstəricilərinə nail olaraq keçmiş SSRİ miqyasında çalışdığı mətbəəni qabaqcıl müəssisə kimi şöhrətləndirə bilir. Çalışdığı böyük istehsalatda onun nüfuz dairəsi genişlənərək bir çox məsul vəzifələrə irəli çəkilir, Ulyanovsk şəhərinin və yaşadığı rayonun deputatı seçilir.
1988-ci ilin meydan hadisələri zamanı Şəddat Cəfərovun da adı tez-tez xatırlanırdı. Xalq onun Vətənə qayıtmasını tələb edirdi. Bu dövrdə Azərbaycan hökuməti də Şəddatı Bakıya işləməyə dəvət edir. Şəddat 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Vətənə məhəbbət naminə yüksək vəzifə postunu təhvil verib Bakıya qayıtmağı qəti qərara alır. O, Bakıda əmək fəaliyyətini Mətbuat və informasiya nazirinin köməkçisi kimi davam etdirməyə başlayır.
Lakin istehsalata canı ilə bağlı olan bu insan heç bir vəchlə nazirlikdə qərar tuta bilməzdi. O, 1991-ci ildən 2002-ci ilə qədər müxtəlif mətbəələrdə direktor, 1992-1993-cü illərdə isə “Azərbaycan “ nəşriyyatının baş direktoru vəzifələrində çalışır.
Təbiətcə sakit, son dərəcə təmkinli, zəngin mədəniyyətə, dərin biliyə malik olan bu insan həmişə azərbaycançılıq ideyalarına xidmət etməyə çalışmışdır.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə respublikaya qayıdışı zaman Naxçıvan Muxtar Respublikasında olan ağır, çətin şərait haqqında həqiqətləri mətbuatda çap etdirmək hünər tələb edirdi. Muxtar Respublikanın problemlərindən bəhs edən “Naxçıvan yaşayır, döyüşür” kitabçasının tərtibçiləri kitabın üz qabığında ümummilli lider Heydər Əliyevin şəklini çap etdirərkən ciddi çətinliklə üzləşmişdilər. Bu çətinliyin aradan qaldırılmasında həmin dövrdə “Azərbaycan” nəşriyyatının direktoru işləyən Şəddat Cəfərovun cəsarət nümayiş etdirməsi alqışa layiq idi. O özü sonralar müsahibələrinin birində bu barədə deyirdi: “Əliyevin şəklini çap etdirmək çox təhlükəli olsa da, mən bu kitabçanın üzərində dahi siyasətçininin şəklini çap etdirməkdən qorxmadım. Açığı, bunu Prezident Aparatının tabeçiliyində olan bir nəşriyyatda çap etdirmək heç də asan deyildi. Bu səbəbdən də kitabça çap olunduqdan sonra müxtəlif təzyiqlərə məruz qaldım. Lakin haqq işinin təbliğatçısı olduğuma görə bütün təzyiqlərə dözürdüm”.
Şəddat müəllimin həyat hadisələrini reallığı ilə qələmə almaq qabiliyyəti də vardır. Onun qələmə aldığı bir çox hekayələri cəmiyyətdə baş verən, günümüzün reallıqları ilə səsləşən hadisələr əsasında yazılmışdır. Mübaliğəsiz söyləmək olar ki, böyük nəşriyyat və mətbəələrdə rəhbər vəzifə səlahiyyətləri daşımaq vaxtını almasaydı, yəqin ki, Ş.Cəfərov ən böyük qələm sahiblərindən biri olardı.
Unikal, çox da böyük olmayan bir sahənin zəhmət adamı olan Şəddat müəllim bu işə adi fəhlə kimi başladı. Fəhləlikdən başlayan peşəsinin alimliyinədək yüksəldi, vəzifə etibarilə böyük nəşriyyatlarda baş direktor kreslolarında oturdu. Yaşının müdrik çağında – 85 illiyində işləmək üçün enerjisi tükənməyən, xalqıımız, dövlətimiz və dövlətçiliyimiz üçün öz müqəddəs zəhmətini, bilik və bacarığını əsirgəməyən Şəddat Cəfərov hələ çox işlər görmək, yaratmaq və yetişdirmək imkanına malikdir.
Xatirə Qədirova
S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət arxivinin şöbə müdiri
Məqalənin hazırlanmasında 782 №-li fondun
sənədlərindən istifadə olunmuşdur.
| Bugün: | 1016 |
| Dünən: | 1505 |
| Bu həftə: | 12417 |
| Son həftə: | 13420 |
| Bu Ay: | 35922 |
| Son Ay: | 55392 |
| Bu İl: | 187961 |
| Ümumi: | 1881886 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az