Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Mübariz, maarifpərvər ziyalı qadın –Şəfiqə Əfəndizadə

Son Yenilənmə : 2023-09-06 06:30:29
Baxış sayı : 719

Şəfiqə  Əfəndizadənin 140 illiyinə həsr olunur

 

 

XX əsrin əvvəllərində Cənubi Qafqazda ilk Azərbaycan dili müəlliməsi,  Azərbaycan qadın jurnalisti və publisisti olmuş, böyük ziyalı Şəfiqə Əfəndizadənin anadan olmasının 140 ili tamam olur.

Şəfiqə Əfəndizadə1883-cü il mart ayının 19-da Tiflis quberniyasının Axalsıx qəzasının Azqur kəndində tanınmış pedaqoq Məhəmməd Əmin Hafiz Şeyxzadənin ailəsində dünyaya  göz  açmışdır. Şəfiqə xanımın adı Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi və III Aleksandrovski kişi gimnaziyası tərəfindən verilmiş sənədlərdə “Əsma Soltan”  kimi qeyd edilmişdir. Bütün bu dəqiq məlumatlar Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanılan “Bakı şəhər idarəsi” fondunun “Şəfiqə Xanım Əfəndiyevanın rus-tatar qadın məktəbində müəllimlik xidməti haqqında şəxsi işi” saxlama vahidində əks olunur (f. 389,siy. 8,sax.vah.1921,səh.1,3).

O, ilk təhsilini kiçik bacısı ilə birgə evdə atasından almışdır. 1896-cı ildə onlar Nuxa şəhərinə köçür və Şəfiqə xanım hələ 14 yaşında ikən atasının orada açdığı məktəbdə qızlar üçün təsis olunmuş sinifdə dərs deyir. Daha sonra o, Qafqaz Müsəlmanları Ruhani İdarəsində və Bakıda III Aleksandrovski kişi gimnaziyasında imtahan verərək ibtidai məktəbdə türk dili və şəriət müəllimi vəsiqəsi almışdır. 1901-ci ildə Tiflisdə Zaqafqaziya Ruhani İdarəsində müəllimlik attestatı almış və həmin ildən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təsis etdiyi Aleksandriyski rus-müsəlman qızlar məktəbində tatar (Azərbaycan) dili fənnini həqiqi müəllim kimi tədris etməyə başlamış və həmin məktəbdə 1910-cu ilə kimi pedaqoji fəaliyyət göstərmişdir. Sonralar o, fars, rus və ərəb dillərini, klassik şərq ədəbiyyatını dərindən öyrənmiş, eyni zamanda qadın pedaqoji məktəbində müəllimlik kurslarında dərs demişdir.

Şəfiqə xanım Əfəndizadə bədii-publisistik yaradıcılığına ilk dəfə 1903-cü ildə “Şərqi-rus” qəzetində (1903-cü il,№ 7) başlamışdır. Sonralar, o, “Dəbistan”, “Məktəb”, “Füqara füyüzatı” , “Dirilik” jurnalları və “Açıq söz” qəzeti iləəməkdaşlıq etmiş, təlim-tərbiyə mövzularına dair silsilə məqalələr, uşaqlar üçün hekayələr dərc etmişdir. Eyni zamanda mətbuatda yazıçı kimi də çıxış etmiş, adları çəkilən nəşriyyatlarda bədii əsərlərini çap etdirmişdir.

1906-cı ildə o, Azərbaycan müəllimlərinin I qurultayında iştirak etmişdir.

Şəfiqə xanım özü kimi pedaqoq olan Əlaəddin Əfəndizadə ilə ailə qurur və 1907-ci ildə ilk övladı Adil, 1909-cu ilin fevral ayında isə ikinci oğlu Fuad dünyaya gəlir. Bu səbəbdən o,1906 – 1909-cu illərdə işindən müvəqqəti ayrılmalı olur. 1909-cu il 13 oktyabr tarixli ərizə ilə (f.389, siy. 8, sax.vah.1921, səh. 2), Bakı Məktəb Komissiyasının sədrinə müraciət edən Şəfiqə xanım I rus-tatar qadın məktəbinəAzərbaycan dili müəllimi təyin edilir. Onun adı daha bir fondun saxlama vahidində, 27.10.1909-cu il tarixli sənəddə I rus-tatar qadın məktəbinə seçilmiş qadın müəllimlər sırasında çəkilir (f.309, siy.2, sax.vah.56, səh.3).

 1911-ci ildə isə Şəfiqə xanım öz xahişi ilə Sara xanım Vəzirovanın müdiri olduğu II rus-tatar qadın məktəbinə keçirilir və 1918-ci ilədək həmin məktəbdə çalışır (f.389, siy.8,sax.vah.1921,səh. 9).

1914-cü ildə yazdığı “İki yetim” yaxud “Kərimin himməti” povesti isə ayrıca kitab şəklində “Kaspi”mətbəəsində (“Azərbaycan kitabı”, Bakı, 1963, s. 139) nəşr olunmuşdur. 1916-cı ildə o “Açıq söz” qəzetində (№ 187, 17 may 1916-cı il) Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinə ilk rəyi dərc  etdirmişdir.

1917-ci ilin dekabr ayında Bakı II qadın gimnaziyasında türk dili müəllimi işinə götürülməsi üçün xahiş ərizəsi yazır (f.395, siy.1, sax.vah.781, səh.67).  

1918-ci ilin qanlı mart hadisələri Bakının müsəlman əhalisini evlərindən didərgin salır, bəziləri ailəsini də götürüb İrana, Türkiyəyə, Rusiyanın müxtəlif şəhərlərinə qaçır, vəziyyətin sabitləşməsini gözləyirlər. Şəfiqə xanım da öz ailəsi ilə birgə bir müddət  Bakıdakı ağır vəziyyətə dözür, lakin avqustun sonlarında Bakını tərk edərək əvvəl Alusqaya, doğma Azqur kəndinə gedir, lakin Alusqada vəziyyətin daha da faciəli olduğunu görüb, oradan da İstanbula yollanır. Bu səfər Şəfiqə xanım üçün çox üzücü olur. Səfər zamanı o, ailəsinin iki üzvünü itirir – həyat yoldaşı Azqurda vəbadan, gənc bacısı Səidə isə İstanbulda vəfat edirlər. Həmin olaylardan onun Bakı şəhər Dumasının Məktəblər komissiyasına 22.04.1919-cu il tarixdə yazdığı ərizədə geniş bəhs edilir. (f.389, siy.8, sax.vah.1921,səh. 22). Şəfiqə xanım geri dönmək qərarına gəlir. Geri döndükdən sonra Şəfiqə xanım müəllim kimi öz işinə bərpa oluna bilməsə də, Azərbaycanın ilk parlamentində dəftərxana müdirinin köməkçisi vəzifəsinə təyin olunur.

“Azərbaycan” qəzetinin 5 iyun 1919-cu il tarixli nömrəsində dərc olunmuş “Milli Bayram və qadınlarımız” adlı məqaləsində isə Şəfiqə xanım mayın 28-də  Azərbaycanın  istiqlaliyyətinin bütün dünyaya çatdırılmasından fərəhlə bəhs edir. Hər bir azərbaycanlının bundan böyük qürur duyduğunu qeydedir: “Mayın 28-də Azərbaycan istiqlalı sənayi-dövriyyəsi münasibətilə milli bayram təşkil olundu.O günün şərəfindən, təsirindən hər kəs, hər kəs məğrur idi”.

Azərbaycan qadınlarını daim təhsilli, savadlı, dünyagörüşlü görmək istəyən Şəfiqə xanım Əfəndizadə “Analar! Qızlarınızı oxudunuz!” deyə qadınlara müraciət edir. Onun “Azərbaycan” qəzeti ilə əməkdaşlığı Xalq Cümhuriyyətinin süqutunadək davam  edir.

Sovet hakimiyyəti illərində də maarifpərvər qadın qızların yüksək təhsil alması  naminə əvəzsiz xidmətlər göstərir.

1920-ci ildə Əli Bayramov klubunun təşkilində fəal iştirak edir. Bakıda yaradılan Dər-ulmüəllimatın müəllimi olur. Moskvada qadınlar qurultayında nümayəndə kimi iştirak  edir.

“Şərq qadını” jurnalı fəaliyyətə başladıqdan sonra bu nəşrlə fəal əməkdaşlıq edir. Redaksiya heyətinin üzvü seçilir. Jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olur. “Şərq qadını” o zaman onun haqqında yazmışdı: “Şəfiqə xanım bütün Cənubi Qafqazda ilk Azərbaycan dili müəlliməsi, jurnalisti və yazıçısı olmuşdur” (1924-cü il). Maarifçi qadın 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü  seçilmişdir.

Şəfiqə xanım Əfəndizadə 1932-ci ilə qədər pedaqoji fəaliyyətlə məşğul olmuş və  həmin ildən təqaüdə çıxaraq müəllimlik sənəti ilə vidalaşmışdır.

O, 1959-cu ildə ömrünün müdrik çağında Bakı şəhərində dünyasını dəyişmişdir.

 

 

 

Əhmədzadə  Fidan

 Dövlət Tarix Arxivinin arxeoqrafı



Bugün: 774
Dünən: 793
Bu həftə: 1567
Son həftə: 5729
Bu Ay: 2269
Son Ay: 25108
Bu İl: 268418
Ümumi: 1288839
1288839