Şəfiqə Axundovanın 100 illiyinə həsr olunur.
Qoca Şərqin opera tarixinin məhz Azərbaycandan başlandığını qürur hissi ilə xatırlayırıq. Sevinirik ki, bu şərəfli peşədə öz adını tarixə pozulmaz hərflərlə yazdıran opera məskənində neçə-neçə aktyor və ifaçı nəsil yetişdi. Bu sənətkarlardan biri də Şərqin ilk opera yazan qadın bəstəkarı, operetta, suita mahnı və romansların müəllifi Şəfiqə Axundovadır.
Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində (keçmiş Nuxa) anadan olmuşdur. O, ilk dəfə 1938- ci ildə yeddinci sinifdə oxuyarkən “Röya” və “Qəlbimiz” mahnılarını bəstələmişdir. 1943-1944-cü illərdə Asəf Zeynalı adına Bakı Musiqi məktəbində təhsil almışdır. Həmin illərdə o Üzeyir Hacıbəyovdan dərs almışdır. 8 il onun tələbəsi olmuşdur. 1944-cü ildə onun köməkliyi ilə Azərbaycan SSR-in himninin yaradılması üçün keçirilən müsabiqədə iştirak etmişdir. Dövlət Filarmoniyasında Komissiya qarşısında ilk dəfə Şəfiqə Axundova çıxış etmişdir. Daha sonra 1956-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə təhsil almışdır. Gənc olmasına baxmayaraq SSR-i dövrünün çətin sınaqlarından keçmiş “Əməkdə fərqlənməyə görə” medalı ilə, 1959-cu ildə “Şərəf ordeni”, 1961- ci ildə Azərbaycan SSR-nin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Şəfiqə xanımın sənətə gəlməsində ailəsinin başlıca olaraq bacısının böyük dəstəyi olmuşdur. Onun bacısı ilk azərbaycanlı qadın alim Zümrüd Axundovadır.
Hər zaman həyat dolu, zərif, baxımlı olan bu xanımın həyatda bir məhəbbəti olub o da sənəti. O “Həyat sən nə şirinsən”, “Gözlərimin işığı sənsən”, “Tapmayacaqsan məni”, “Mehriban olaq”, “Hardasan sevgilim gəl” “Gəl ey səhər” və buna bənzər 300- dən çox mahnının müəllifidir. O, hər zaman öz ilkləri ilə seçilirdi. Qadın bəstəkarlar arasında ilk operetta janrında çıxışı, səhnə əsərlərinə musiqi bəstələnməsi onun adı ilə bağlıdır. Hələ gənc yaşlarında onun bəstələdiyi mahnıları Şövkət Məmmədova, Bülbül, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Rübabə Muradova və başqaları ifa etmişdir. Lakin onun sənətinin unudulmaz zirvəsi 1972-ci ildə Süleyman Rəhimovun eyniadlı povestinin motivləri əsasında “Gəlin qayası” operasını yazmaqla başladı. Beləliklə, Şərqdə ilk opera yazan qadın kimi tarixə düşdü. Şəfiqə xanım o günlərini hər zaman belə xatırlayırdı : “ O vaxtlar mənim ən böyük arzularımdan biri opera yazmaq idi. Əlbəttə mən opera yazmazdan öncə bir çox mahnılar bəstələmişdim. Amma “Gəlin qayası” operası mənim həyatımda önəmli bir yer tutdu”.
Şöhrəti sərhədlər aşan Şəfiqə xanımın sənət də uğurları üzünü güldürsə də, lakin ailə həyatı uğursuz olmuşdur. Bəlkə də bəstələrinin bu qədər duyğu yüklü olması onun öz acı taleyini, dərdini bizə çatdırırdı. O, çox qısa ailə həyatı olmuşdur. Şəfiqə xanım həyat yoldaşından ayrılmasını belə xatırlayırdı : “Yoldaşım məni başa düşmürdü. Ya ailə, ya sənət. İkisi bir yerdə tutur deyən adam yarımçıq sənətkardır. Tam mənasında özünü sənətə həsr etmək üçün gərək tənha olasan. Mən bu tənhalığı seçdim və özümü sənətə həsr etdim”. Onun tükənməz, bitməz istedadının tək bəhrəsi mahnıları, bəstələri deyildi. Istedadlı pianoçu, bəstəkar Taleh Hacıyevdə bu ailədə dünyaya göz açmışdır. Onun 18 yaşında bəstələdiyi “Belə qəmli dayanma” mahnısını tanımayan, dinləməyən tapılmaz. Gənc pianoçu ömrünün baharında xəstəliyə düçar oldu 2008-ci ildə bu xəstəlikdən vəfat etdi. Şəfiqə Axundovanın yaradıcılığı hər zaman dövlətin diqqət mərkəzində olmuş əvəzsiz sənəti yüksək şəkildə qiymətləndirilmişdir. O, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüşdür. Daha sonra 2004- cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilmişdir. O, ömrünün böyük bir hissəsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənt Universitetində pedaqoq kimi fəaliyyətə həsr etmiş, gənc nəslin yetişməsində əvəzsiz xidmətləri olmuşdur.
Bu gün Şəfiqə Axundova irsi Salman Mümtaz adına Dövlət Ədəbiyyat İncəsənət Arxivində 63 N-li fondda qorunur və saxlanılır. Onun fondu öz zənginliyi ilə seçilir və bu fondun daha da yeni sənədlərlə zənginləşdirilməsi üçün işlər aparılır. Sənədləri arasında onun fotoşəkilləri, yazışmaları üstünlük təşkil edir. Şövkət xanım zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı çox çətinliklərdən sınaqlardan çıxmışdır. Məhz bu il 21 yanvar 2024-cü il tarixində görkəmli sənətkarın yubileyi keçiriləcəkdir. Sənətkarın 100 illik yubileyində onu yad etməsək yaradıcılığına, uğurlarına günah olardı. Ömrünün 70 ildən çoxunu sənətinə, bəstələrinə həsr edən Şərqin nəğməli xanımının mahnıları bu gündə dillər əzbəridir. Onun bütün həyatı boyu getdiyi yol nə qədər çətin olsa da bir o qədər şərəfli və məsuliyyətli idi. Ömrünün sonlarına yaxın onun səhhəti xeyli pisləşmişdi. O, 2013-cü il 26 iyul tarixində vəfat etmişdir. Rəşid Behbudov adına Mahnı teatrında onunla izdihamlı vida mərasimi keçirilmişdir. Ən sevdiyi “Həyat sən nə qəribəsən şirinsən, kim səndən doydu getdi” mahnısının sədaları altında son mənzilə yola salındı. Böyük bəstəkar İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Məqalənin hazırlanmasında ARDƏİA-nin 63 №-li fondunda daimi mühafizə edilən sənədlərdən istifadə edilmişdir.
Gülnar Şərifova
ARDƏİA,
aparıcı arxeoqraf
Bugün: | 771 |
Dünən: | 740 |
Bu həftə: | 3023 |
Son həftə: | 6066 |
Bu Ay: | 16920 |
Son Ay: | 28223 |
Bu İl: | 257961 |
Ümumi: | 1278382 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az