Elmin, hünərin, mərifətin varsa, buyur gəl,
Yoxsa, bu həyat aləminə olma bir əngəl!
Ərbabi-kamalın yeridir, bil ki, bu meydan,
Bədbəxt yaşar torpağın üstündəki nadan!
Bu misralar XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin tanınmış simalarından, Azərbaycan romantizminin yaradıcılarından və ən görkəmli nümayəndələrindən biri olan Məhəmməd Hadinin ötən əsrin əvvəllərində yazmış olduğu şeirindəndir. Məhəmməd Hadi dövrünün həssas, tərəqqipərvər adamı, sosial və mədəni tərəqqi, maarifçilik məsələləri ilə məşğul olan vətəndaş-yazıçısı, vətəndaş-şairi idi. Yaşadığı dövrdə xalq həyatında baş verən böyük oyanmanı, önə çıxan qabaqcıl ictimai meylləri alqışlayan M.Hadi mədəni intibahın daha da dərinləşməsi üçün poetik, elmi-publisistik əsərləri və tərcümələri ilə öz vətəninin yüksək mədəni səviyyəyə qaldırılmasında xeyli işlər görmüşdür. Son dərəcə həssas, duyan və düşünən bir ziyalı olan Hadi zəmanəsindəki çox müxtəlif məsələlər barədə mülahizələr yürütmüşdür.
Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi təxəllüsünü götürən Məhəmməd Hadi Əbdülsəlimzadənin cəmi 40 il sürən və əzablı yollardan keçən şəxsi həyatı da, ziddiyyətli yaradıcılıq taleyi də bir-birini əvəz edən faciələrlə doludur. 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulan Məhəmməd Hadi uşaq ikən yetim böyümüş, ata-ana nəvazişinin nə demək olduğunu bilməmişdir. Kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimsəyən Hadi gənclik yaşına çatdıqda mədəniyyət mərkəzlərinin birində sistemli dünyəvi təhsil almaq arzusu ilə çırpınmış, lakin heç kəs ona yardım əlini uzatmamışdır. Sonralar o bunu fəryadla xatırlamışdır:
Oxumaqçün nə qədər dadü-fəğan etdimsə, Olmadı zərrə əsərbəxş şu istimdadım... Əfəndizadə Əbdülrəhman Tofiq,
Məhəmməd Hadi və Mirzə Ələkbər Sabir. 1909-cu il.
Məhəmməd Hadinin ədəbiyyat və mətbuat aləminə gəlişi Azərbaycan tarixinin son dərəcə məsul, keşməkeşli bir dövrünə təsadüf edir. 1905-ci ildə baş vermiş birinci rus inqilabının təsiri altında qaynar qazana bənzəyən Azərbaycanın ədəbiyyat və mətbuat aləmində də yollar ayrılmış, inqilabın lehinə və əleyhinə işləyən bir-birinə zidd iki cəbhə yaranmışdı. Öz vətənini, xalqını alovlu məhəbbətlə sevən, onun tükənməz dərdlərindən odlanıb yanan Hadi belə mürəkkəb ədəbi prosesdə özünə müstəqil yol - ədəbiyyat tariximizdə yeni, orijinal bir hadisə olan romantizm yolunu seçərək XX əsr Azərbaycan romantizminin təməl daşını qoyur.
Hadinin romantizminin xarakterik xüsusiyyəti ondan ibarət idi ki, o, xəyallarında canlandırıb kağıza köçürdüyü ülvi həyatı, ictimai bərabərlik aləmini yaşadığı həyata, mövcud quruluşa qarşı qoyur, bununla ətrafı bürüyən eybəcərliklərə qarşı oxucuda ikrah hissi oyadır, eyni zamanda zəhmətkeş insanları istismar cəmiyyətini devirib bərabərlik aləmi yaratmağa çağırırdı. Hadinin romantikası insanın işıqlı gələcəyindən xəbər verirdi. Şeirlərinin birində Hadi xəyalında yaratdığı ədalətli cəmiyyətdən söz açaraq yazır:
İzzətli bəradər, sənə bu iş ola məlum:
Yox burda hökumət, nə də hakim, nə də məhkum.
Bu üç sözü məhv eyləmişiz cümlə lüğətdən,
Azadəsəriz indi bu üç danə sifətdən.
Daha çox şair kimi tanıdığımız Məhəmməd Hadinin hər bir yeni şeiri vətənin dərdlərindən, millətin müsibətlərindən qopan fəryad, həmvətənlərini qəflət yuxusundan oyanıb mübarizəyə qoşulmağa çağırış idi. İstismar dünyasına qarşı qəzəb və nifrəti sonsuz olan Hadi yazırdı:
Qaldıq əlində bir sürü ərbabi-vəhşətin,
Olduq əsiri pəncəyi-qəhrü müsibətin!
...Minlərcə binəva quru yerlərdə can verir,
Beş-on ləim naili dəryayi-nemətin!...
Şair siyasətdən kənar məsələlərdən bəhs edərkən belə sözarası cəmiyyət məsələlərinə keçir və öz əsas dərdini şeirin içində bəyan edirdi:
Hürriyyətə, ülviyyətə, qüdsiyyətə, millət!
Amali-səadətlə olaq biz dəxi təyyar!
Bəzən dünyanın qabaqcıl xalqları, onların proqressiv hərəkata meyli ilə müqayisədə öz xalqının avamlıqda, cəhalətdə qaldığını görən M.Hadi dərin vətəndaşlıq kədəri ilə yazırdı:
İmzasını qoymuş miləl övraqi-həyatə
Yox millətimin xətti bu imzalar içində.
Hadi cəmiyyətin geridə qalmasının səbəbini mədəniyyətsizlikdə, maarifsizlikdə, savadsızlıqda görür, “maarif olsa, zülmün məhv olur, əlbəttə bünyanı” deyirdi.
Onun 1906-cı ildə yazmış olduğu bir məqalədə bu sətirlərə rast gəlirik: “İnsan bacarırsa öz xanəsini və bəlkə də vücudunu qiraətxanə yapmalı, oxumaqdan, öyrənməkdən, mütaliəyi-kütubdan yorulmamalı və usanmamalıdır”.
Məhəmməd Hadi ədəbiyyat tariximizdə vətənpərvər şeirə ən çox meyl edən şairlərdən olmuşdur. Vətənpərvərlik motivləri Hadi lirikasının ana xəttini təşkil edir. Şair vətəni Azərbaycanı vəsf etməkdən yorulmurdu:
Ey vətən, ey zəmini – pürqiymət
Qucağındır həqiqətən cənnət.
Ey vətən, ey zəmilərin gözəli,
Mislini görmədim cahan gözəli!
M.Hadi yazıçılarımız içərisində mətbuatla sıx əlaqələri olan söz ustalarındandır. O, ədəbiyyat aləminə gəldiyi ilk gündən ömrünün axırlarına qədər müxtəlif mətbuat orqanları ilə əlaqə saxlamış, cəmiyyətdə həlli vacib olan problemlərə dair bədii, elmi, publisistik əsərlərini, tərcümələrini davamlı olaraq qəzet və jurnallarda nəşr etdirmişdir. 1905-ci ildə “Bəyani-həqiqət” adlı ilk məqaləsini “Həyat” qəzetində nəşr etdirməklə mətbuat aləminə gələn M.Hadi ölümündən bir qədər əvvələ kimi mətbuatla sıx əlaqədə olmuş, o vaxtın dəbdə olan “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat” və bir çox digər qəzet və jurnallarında aktual yazılarla çıxış etmişdir.
Birinci Dünya müharibəsi başlayan zaman 1914-cü ildə Qafqaz ordusu ilə birlikdə cəbhəyə gedərək tam üç il Karpat dağlarında, Polşa torpağında qalan M.Hadinin cəbhə məktublarından belə məlum olur ki, o, top və güllə səsləri altında belə müntəzəm surətdə bədii yaradıcılıqla məşğul olur, bir-birinin ardınca əsərlər yaradırmış. “Dörd kitab vücuda gətirmişəm” – deyə Hadi cəbhə məktublarının birində qeyd edirdi. Diqqəti cəlb edən məqam budur ki, indiyədək insanı bütün kainatın ağası, təbiətin ən böyük əsəri hesab edən şair hərbin dəhşətlərindən sarsılaraq “Demək, xunxarü vəhşisən, adın hərçənd insandır” qənaətinə gəlir.
Hadi ümumiyyətlə, insanpərvər sənətkar, bəşəriyyətin səmimi bir dostu və xeyirxahı olan şair idi. “Qış günlərində odlu fəğanlar” adlı gözəl bir şeirində yazırdı:
Həmişə yaxşılıq baş verməli insan olanlardan,
Yamanlıq sadir olmaz rəhbəri vicdan olanlardan!...
Bir əldən yaxşı iş gəlmək ki, mümkündür, gərək silsin
Axan göz yaşların öz bəxtinə giryan olanlardan!
M.Hadinin bədbinliyi, içkiyə meyl etməsi onu bir çoxlarının yanında gözü kölgəli etsə də, bu mənfi xüsusiyyətlər Hadinin ictimai iztirabları, həyatında və xarakterində baş verən təlatümlərlə bağlı olmuşdur.
Müharibədən döndükdən sonra Gəncədə məskunlaşan Hadinin həyatında çətin dönəm başlayır. Müharibənin onun psixikasında yaratdığı sarsıntılar, şairin arzuladığı hürriyyətin gəlməməsi və vaxtilə Hadinin düçar olduğu ruhi xəstəliyin
şiddətlənməsi şairi ağır həyata sürükləyir. O, Gəncədə ikən təkrar meylini içkiyə salır, səfil və acınacaqlı bir hala düşür.
Maraqlı məqamlardan biri də Məhəmməd Hadinin o zaman yenicə hakimiyyətə gəlmiş müsavatçılara olan münasibətidir. Araşdırdığımız arxiv materillarından belə məlum olur ki, şairin yenicə iş başına keçmiş müsavatçılara qarşı münasibəti o qədər də “isti” olmamış, o zaman ölkəni bürümüş aclıq, səfalət və qırğınların səbəbini onlarda görmüşdür. Şair onlara düşmən kəsilmiş, fürsət tapdıqca çəkinmədən yeni hökumətin nazirlərini qılınclamışdır. Zəmanəni bulanıq, dövranı qarışıq görən Hadi barışmazlıq əlaməti olaraq Bakıdan uzaqlaşıb getmiş və ömrünün sonunadək buraya qayıtmamışdır.
1920-ci ilin may ayının ortalarında bərk soyuqlayan M.Hadi Gəncədə xəstəxanalardan birinə yerləşdirilir. Azərbaycan Qırmızı Ordu tərəfindən işğal edilən ərəfədə Gəncədə baş vermiş üsyan zamanı şəhərdə vuruşlar başlandığı vaxt həkim və baxıcılar xəstələri qoyub dağılışır və baxımsız, köməksiz qalan bir çox xəstələr, o cümlədən Hadi həmin günlərdə vəfat edir. Təəssüf ki, şairin dəqiq ölüm tarixini və dəfn olunduğu yeri müəyyən etmək mümkün olmamışdır.
Beləliklə, bütün həyatını mədəniyyət, tərəqqi və səadət uğrunda ədəbi mübarizəyə sərf edən sənətkar mənhus dövranın qurbanı olur.
Sonda bir məsələni də qeyd etmək yerinə düşərdi. Bu da Məhəmməd Hadinin dilinin qəlizliyidir.
Böyük ədəbiyyatşünas alim, Hadi irsinin ən yaxşı tədqiqatçısı yazıçı Mir Cəlal Paşayev 1943-cü ildə yazmış olduğu “Şair-vətəndaş” adlı çox qiymətli bir məqaləsində Hadinin dilinin qəlizliyindən ürək ağrısı ilə şikayətlənərək yazırdı: “Hadi yaradıcılığının tarixi talesizliyi orasındadır ki, şair bilavasitə xalq ilə dilləşə bilmir. Şairi ancaq ədəbiyyatçılar, ancaq tədqiqatçılar oxuyub anlayırlar. Şair ilə xalq arasında bir dilmanc rolunu görən bu tədqiqatçılar kənara çəkildimi, Hadi kütləvi Azərbaycan oxucusu üçün qapalı bir sandıqdır”.
Lakin bu o demək deyildi ki, M.Hadi ana dilini bilmirdi. Hadi ana dilini gözəl bilirdi, bu dildə şeir yazmağı da bacarırdı. Bunu isbat etmək üçün onun müxtəlif illərdə yazdığı şeirlərdən parçalara nəzər salmaq kifayətdir:
Məyus olma, amandır,
Məyus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır.
Təəssüf ki, müəllif belə aydın dildə ancaq bir neçə şeir yazmışdır. Onun şeirlərinin böyük əksəriyyəti qəliz dildə yazılmışdır. Bunun səbəbi o zaman Hadi ilə eyni ruhda yazan Namiq Kamal, Tofiq Fikrət, Əbdülhaq Hamid kimi türk şairlərinin, həmçinin vaxtilə çalışdığı “Füyuzat” jurnalının yürütdüyü dil siyasətinin M.Hadiyə təsiri, habelə XX əsrin əvvəllərində Azərbaycanda qəliz dildə yazmağın bəzi yazıçılar üçün dəb halına düşməsi idi.
Hadinin əsərlərindəki fikirlərin çoxu bu gün də öz əhəmiyyətini itirməmiş fikirlərdir. Şairin xəyalında bəslədiyi arzuların–azad, hürr vətən, demokratik quruluş, şəxsiyyət, vicdan və söz azadlıqlarının gerçək olduğu günlərdə yaşayan Azərbaycan xalqı hər zaman böyük şairi hörmətlə yad edəcəkdir.
Məqalənin hazırlanmasında 1, 386, 526, 724 nömrəli fondların sənədlərindən istifadə edilmişdir.
Xatirə QƏDİROVA
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinin aparıcı arxeoqrafı
Bugün: | 296 |
Dünən: | 774 |
Bu həftə: | 5665 |
Son həftə: | 6350 |
Bu Ay: | 18374 |
Son Ay: | 25108 |
Bu İl: | 284523 |
Ümumi: | 1304944 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az