Solmuş çöhrələri həyat təbəssümünə boyayan İNSAN!
Azərbaycan xalqının şöhrət tacı olan qadınlar həmişə xüsusi yer tutmuş, sivilizasiyanın, mədəniyyətin, təhsilin inkişafında böyük rol oynamışlar. Qadınlarımızın ictimai həyatın bütün sahələrində olan fəaliyyətinə nəzər salarkən görkəmli fransa şairi və ictimai xadimi Lamartinin sözləri yada düşür. O, qeyd edir ki: “Kitabı qadın oxumuşsa, onu bütün ailə, bütün xalq oxumuşdur”. Qadın təhsillidirsə, cəmiyyət savadlıdır, ölkənin intellekt səviyyəsi yüksəkdir. Cəmiyyətin hər sahəsində qadınlar əsas müəyyən sahələrdə isə aparıcı rol oynayır. Respublikamızda təhsil müəssisələrində çalışanların yarıdan çoxunu qadınlar təşkil edirlər. Həkimlərin isə 59,2 faizi qadınlardır.
Həkimlik etmək, qar kimi ağappaq xalat geyib, insanların sağlamlığı keşiyində dayanmaq xüsusi məharət tələb edir. Həkimliyin sirri o qədər çoxdur ki, hətta geontologiya adlı xüsusi bir elm sahəsi yaranmışdır. Ən əvvəl onu deyək ki, həkim öz sahəsini gözəl bilməlidir, çünki “dünyanın ən böyük neməti olan can cağlığı” onun əlindədir. Və bu bilik yalnız onda səmərə verir ki, xəstə həkimə inansın. Böyük Nizami demişkən:
Bir dərman istəsən dərdinə əgər,
Gizlətmə dərdini, təbibə göstər.
İctimai xadım, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının müdiri, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Adilə (Ədilə) Namazova hər zaman güvənilən belə həkimlərdən biridir.
Azərbaycanda səhiyyənin, tibb elminin inkişafında və tibb kadrlarının hazırlanmasında xüsusi xidmətləri olan Adilə Namazova 1926-cı il sentyabrın 9-da Qarabağın dilbər guşələrindən olan Ağdamda anadan olmuş, Ağdamda böyümüş
və orta təhsilini də 1944-cü ildə Ağdam şəhər 1№- li orta məktəbdə başa vurmuşdur. Həkim olmaq, ağ xalat geyib xalqına xidmət etmək arzusu onda hələ
orta məktəbdə oxuyarkən baş qaldırmışdır. Odur ki, orta məktəbi qurtaran kimi tərəddüd etmədən sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Uşaq xəstəlikləri fakültəsinə vermiş, qəbul imtahanlarından ağ üzlə çıxaraq instituta qəbul olmuşdur. Ali təhsil aldığı illər gələcək alim üçün tibb elminin zirvələrinə doğru qalxan bir pillə olur.
1949-cu ildə uşaq həkimi kimi öz rayonlarına, Ağdama qayıdır. Paytaxtdan, elmi müəssisələrdən uzaq düşməsi onun öz üzərində yorulmadan çalışmasına qətiyyən maneçilik törətmir. Gənc həkim elmi axtarışlarını kənd uşaqlarının ürəyində tapdıqca neçə-neçə körpəni ovundurub, şəfqəti ilə, məlhəmi ilə onların çöhrəsini həyat təbəssümünə boyayır. Müdriklərimiz əbəs yerə deməyiblər: “Kim körpənin yanaqlarındakı yaşı silib onun çöhrəsini təbəssümə boyayıbsa, o, imarətlər ucaltmış memarlardan, gözəl şeirlər qoşmuş şairlərdən, nadir tablolar yaratmış sənətkarlardan daha xeyirxah işlər görmüş olur.”
Rayonda qazandığı təcrübə gənc həkimin gələcək inkişafında böyük rol oynayır. O, elmi biliklərini artırmaq üçün 1954-cü ildə Respublika Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasında aspiranturaya qəbul olunur. Burada SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı, professor Q.N.Speranskinin rəhbərliyi altında “Uşaqlarda yel xəstəliyinin fəal mərhələsində ürək-damar quruluşunun funksional vəziyyətinin öyrənilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etdi. Sonra bir alim kimi N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qayıdaraq, uşaq xəstəlikləri kafedrasında asistent vəzifəsində çalışaraq öz nəzəri biliyini əməli işlə zənginləşdirir. Bu illərdə o, uşaq ürəyi üzərində daha ciddi müşahidələr aparmağa başlayır və bu sahədə elmin daha dərinliklərinə doğru gedir.
Bir müddət ATU-də çalışdiqdan sonra Adilə xanım 1960-ci ildə İ.M.Seçenov adına Ali Moskva Dövlət Tibb İnstitutunun Pediatriya kafedrasına və SSRİ Tibb Elmləri Akademiyasının Elmi-Tədqiqat Pediatriya İnstitutuna doktorant qismində elmi ezamiyyətə göndərilir. 1965-ci ildə orada “Uşaqlarda ürək arakəsməsinin anadangəlmə qüsurlarının kliniki əlamətləri, differensial diaqnozu, cərrahi əməliyyata göstəriş və əks göstərişləri” mövzusu üzrə doktorluq dissertasiyası müdafiə edərək Tibb Elmləri doktoru elmi dərəcəsinə yiyələnir. Alim bundan sonra yenidən vətənə qayıdıb, ATU-nun uşaq xəstəlikləri kafedrasının professoru vəzifəsində çalışıb. Beləliklə, Adilə xanım Namazovanın adı pediatriya sahəsində doktorluq dissertasiyası müdafiə edmiş ilk azərbaycanlı qadın kimi tarixə düşür.
Akademik Adilə Namazova 1966-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçilir və 51 ildən artıqdır ki, həmin vəzifəni peşəsinə məhəbbət dolu bir həvəslə yerinə yetirir. Onun qələminin məhsulu olan 350-dən çox elmi əsər, o cümlədən SSRİ Dövlət Kəşf və İxtiralar Komitəsi tərəfindən təsdiq edilən 5 ixtira, 30 monoqrafiya, dərslik və dərs vəsaiti, çoxsaylı elmi kütləvi kitab və məqalələrin həm ölkəmizin, həm də dünyanın bir çox elmi məcmuələrində işıq üzü görmüş və müəllifinə beynəlxalq miqyasda nüfuz qazandırmışdır.
Azərbaycan Respublikası Dövlət Elim və Texnika Sənədləri Arxivində Adilə Namazovanın çoxəhatəli bir şəxsi fondu yaradılmışdır. (Fond 140, siy. 1) Sənədləri vərəqlədikcə əl yazılarından ibarət bir çox xəstəliklərin “Solğun əzvay növlü göbələklərdə zəhərlənmənin klinikası və müalicəsi”, “Uşaqlarda sümük xəstəlikləri haqda”, “Tənəffüs yollarının xəstəlikləri”, “Kəskin plevmaniya”, “Allergik” xəstəliklər və s. haqqında olan məruzələrinin mətnləri, yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri, müxtəlif illərdə Azərbaycan “Tibb jurnalı”nda uşaq xəstəlikləri haqqında yazıları, Beynəlxalq forumlarda çıxışları əsasında tərtib olunan məqalə və tezisləri, xarici ölkələrə (Yaponiya, ABŞ, İtaliya, Fransa, Almaniya, Əlcəzair, Misir, Hindistan) səfərləri zamanı etdiyi çıxışların əl yazıları, eyni zamanda yol qeydləri, xarici mətbuatda çap edilən elmi məqalələrindən də alim xanımın nə qədər öz sahəsini sevdiyi, elmə nə qədər bağlı olduğunu görürük.
Ölkəmizin ictimai həyatında da yaxından iştirak edən akademik Azərbaycan torpaqlarını erməni vandalları tərəfindən işğalı zamanı keçmiş SSRİ-nin sonuncu millət vəkili kimi yüksək kürsülərdə bir vətənpərvər azəri qızı kimi, bir qarabağlı kimi öz sözünü demiş, qanlı müharibəyə son qoyulması barədə dəfələrlə SSRİ–nin prezidenti Mixail Qorbaçovla və deputatlarla görüşüb tələbkar söhbətlər aparmışdır.
Keçmiş sovet ordusunun 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda və ətraf bölgələrdə amansız vəhşiliklər, qırğınlar törətdiyi zaman Adilə xanım Namazova qaniçənlərə qarşı mübarizə aparmışdır. O, xalq artisti, bəstəkar Arif Məlikov və fəhlə Sara Vəzirova ilə birlikdə “Salyan” kazarmasına və digər yerlərə gedərək sovet ordusu komandirləri tərəfindən tərkisilah edilərək zirzəmilərə salınan 300-dən çox Azərbaycan əsgərinin azad edilməsinə nail olmuşdur.
Ümummilli lider Heydər Əliyevin akademik Adilə xanım Namazovanın yüksək erodisiyasını, öz işinə məsuliyyətlə yanaşmasını, ali tibb ocağında böyük pedaqoji təcrübəyə, insanpərvər, vətənpərvər bir alim səriştəsinə malik olmasını nəzərə alaraq ona Naxçıvan Dövlət Universiteti nəzdində yeni açılmış tibbi-pediatriya fakültəsini hamiliyə götürməsini təklif etdikdə o, bundan çox məmnun olduğunu bildirmiş, həvəslə həmin missiyanı yerinə yetirməyə başlamışdır. Ən əvvəl fakültədə zəngin tibbi kitabxana yaradır, tədris proqramı tərtib edir, tədris ili ərzində bir neçə dəfə Naxçıvana gedib orada elmi, tibbi mühazirələr oxuyub, müəllimlərə dəyərli məsləhətlər verib, tələbələrlə səmimi söhbətlər aparmışdır.
Əbəs yerə akademiki, Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri tibbi-pediatriya fakültəsinin “Mənəvi Anası” adlandırmamışlar.
Akademik Adilə xanım Namazovanın vətən qarşısındakı xidmətləri dövlət tərəfindən lazımınca qiymətləndirilib, ən yüksək adlara layiq görülüb. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə (1996) “Şöhrət”, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə (2011) “Şərəf” ordenlərinə layiq görülüb. Görkəmli alim və İctimai xadim Adilə Namazova kimsəsiz, yetim və xəstə uşaqlara göstərdiyi qayğı və yardıma görə Beynəlxalq Uşaq Fondunun prezidenti, Bütün Rusiyanın və Moskvanın Patriarxı II Aleksiy tərəfindən “Müqəddəs Çar Dmitriy” ordeni ilə təltif olunub.
Bütün bu adlarla yanaşı Adilə xanıma ən çox həyat bəxş etdiyi uşaqların və onların valideynlərinin verdiyi “İkinci Ana”, “uşaqların sevimlisi” adı daha əziz və doğmadır. Elə bu ada uyğun olaraq 1981-ci ildə 11 yaşlı Sevincin yazdığı “Uşaqların sevimlisi” şeiri, 1966-cı ildə Vartaşen rayonunun Padar kəndinin sakini İmdad Yusif oğlu Nəsirov tərəfindən “oğlum Etibarın şəfa-gözəli, hörmətli professor Adilə Namazovaya” yazdığı “Əziz professor” adlı şeiri: (ETSA, fond 140, siyahı 1, saxlama vahidi 216) :
Olmasaydı əgər sənin əməyin,
Sağlam görərdinmi bala ürəyin?
Heç vaxt üzülməsin halal çörəyin
Çün halal yaşayan bir hilalsınız.
- bəlkə də Adilə xanımın ən çox sevdiyi şeirlərdəndir.
Adilə xanımın maraqlı və mənalı ömür yolu, şairlərin, jurnalistlərin digər qələm sahiblərinin də diqqətindən yan keçməmişdir. Onlar alim xanım haqqında bir-birindən maraqlı oçerklər, məqalələr, şeirlər yazmışlar. Musiqisi Faiq Sücəddinova, sözləri Dadaş Mehdiyə aid olan “Şəfalı əllər” mahnısı fəxrimiz Adilə xanıma ithaf olunmuşdur:
Ürək ağrılarımı
Oxudum gözlərindən,
Ürəyimin yerinə
Ürəyini verdin sən.
Müdriklərimiz yaxşı deyiblər: “Başqasına həyat verən özünə əbədi ömür qazanır”. Bu sözləri Adilə xanım haqqında inamla demək olar.
Alim xanımımızın 91 illik zirvələrə ucalan həyat yolu, sadəliyi və nəcibliyi ilə xalqına göstərdiyi xidmətləri yeni nəsillər üçün bir məktəbdir.
Məqalənin yazılmasında DETSA-də mühafizə olunan (fond 140, siyahı 1) sənəd və foto-şəkillərdən istifadə edilmişdir.
Səadət CABBARLI
Dövlət Elm və Texnika Sənədləri
Arxivinin aparıcı arxeoqrafı
Bugün: | 791 |
Dünən: | 793 |
Bu həftə: | 1584 |
Son həftə: | 5729 |
Bu Ay: | 2286 |
Son Ay: | 25108 |
Bu İl: | 268435 |
Ümumi: | 1288856 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az