Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Görkəmli maarif və mədəniyyət xadimi - Sultan Məcid Qənizadə

Son Yenilənmə : 2026-05-15 10:24:51
Baxış sayı : 14

          

          Azərbaycanın görkəmli maarif xadimi, yazıçı, jurnalist  və tərcüməçi, ölkədə realist ədəbiyyatın və milli pedaqoji sistemin formalaşmasında əvəzsi rol oynayan şəxsiyyətlərdən biri - Sultan Məcid Qənizadə 1866-cı ilin aprelində Şamaxıda dünyaya gəlmişdir. Ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən biri olub.

          Rus dilini Şamaxıda təhsil alarkən mükəmməl öyrəndiyi üçün 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur. İnstitutu bitirəndən sonra o vaxt müsəlmanların şəhər məktəblərində işləməyi yasaq edildiyindən tələbə dostu Həbib bəy Mahmudbəyovla birlikdə kənd məktəblərinə təyin ediliblər. Bu haqsızlıqla barışmayan iki dost Bakıya gələrək 1887-ci ildə “rus-tatar məktəbi” adlı ibtidai təhsil ocağının yaradılmasına nail oldular. 

           XIX əsrdə Azərbaycan maarifçilik cərəyanının görkəmli nümayəndəsi olan Qənizadənin Azərbaycan Dövlət Tarix Arxivinin bir neçə fond və ondan artıq saxlama vahidində zəngin pedaqoji fəaliyyətini əks etdirən xeyli sənədlər mühafizə olunur. Bu sənədlərin çoxluğunu nəzərə alıb arxivdə sənəd axtarışını asanlaşdırmaq məqsədi ilə onun 1891-1914-cü illər üzrə pedaqoji fəaliyyətindən bəhs edən tematik siyahı da tərtib edilmişdir.  

           Belə ki, həmin sənədlər 03 may 1891-22 may 1892-ci il zamanında Bakı şəhərində 3-cü rus-tatar məktəbinin açılışına şərait yaradılması üçün S.M.Qəniyev və H.Mahmudbəyov tərəfindən Bakı şəhər Dumasına ünvanlanan məktubların toplandığı saxlama vahidi ilə başlayır (f.389, siy.6, sax.vah.32, vər.5-8).

            Ardınca Bakı şəhərində oğlanlar üçün açılan iki məktəbdən birinə rəhbər təyin edilməsi haqqında Bakı şəhər Dumasının məktəb komissiyası sədrinə ərizəsi, onun 15 iyun 1891-ci ildən rus-tatar məktəbinə rəhbər təyin edilməsinə dair əmr, Qənizadənin məktəbin saxlanması və fəaliyyəti ilə bağlı sənədlər maarifçilik tariximizin qiymətli səhifələridir.

           Tacir İ.Məlikov, həkim X.Axundov və 2-ci rus-tatar məktəbinin rəhbəri S.M.Qəniyev tərəfindən Bakıda açılışına görə müraciət də, o dövrün mütərəqqi hadisələrindəndir (f.45, siy.2, sax.vah.282, vər.1-11).

           Sultan Məcid Qənizadə pedaqoji fəaliyyətini təkcə rəhbər işlədiyi məktəblə məhdudlaşdırmamış, “Nicat” xeyriyyə cəmiyyəti nəzdində müsəlman uşaqlar arasında savadlılığın yayılması məqsədi ilə kursların açılmasına da çalışmış, bu haqda Bakı quberniyası və Dağıstan vilayəti Xalq məktəbləri inspektoruna müraciət etmişdir (f.389, siy.6, sax.vah.563, vər.7).

           Onun yaratdığı bir sıra lüğətlər və dərsliklər təhsil sahəsində ilk addımlardan sayıla bilər. “Lüğəti  - rusi və türki”, “Samouçitel tatarskoqo yazıka” və hazırladığı digər dərs vəsaitləri Qənizadənin millətinə göstərdiyi xidmətlərdən xəbər verir.

           1908-ci ildə Bakı quberniyası və Dağıstan vilayəti Xalq məktəblərinin ilk azərbaycanlı müfəttişi, 1917-ci ildə direktoru təyin edilmişdir.

           O, həm də, böyük yazıçı idi. Ən sanballı bədii əsəri “Məktubati – Şeyda bəy Şirvani” (1900) adlanır. Çoxlu hekayə, təbdil və mənzumələr yazmışdır. “Allah xofu” (1906), “Qurban bayramı” (1907) hekayələri əsərləri arasında xüsusi yer tuturlar.

           Eyni zamanda jurnalist kimi “Dəbistan”, “Molla Nəsrəddin” jurnallarında və qəzetlərdə müntəzəm çıxışlar edir, bədii mətnlər, felyetonlar yazırdı.

           Qənizadə həm də, mədəniyyət xadimi idi. Azərbaycan teatrının inkişafında böyük xidmətlər etmişdir. O, kiçik pyeslər yazmış, bəzən rejissorluq etmiş, səhnədə rol oynamış, teatr sənətinə Hüseyn Ərəblunski sayaq neçə-neçə istedadlı həvəskarları cəlb eləmişdir.

           O, 1918-20-ci illərdə ictimai xadim kimi İttihad Partiyasının sədr müavini, Zaqafqaziya Seyminin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini olmuşdur.

           Böyük ziyalı, otuzuncu illərin repressiyalarının qurbanı olaraq pantürkizimdə ittiham edilmiş, ömrünün yetmiş ikinci ilində - 22 mart 1938-ci ildə güllələnmişdir.

 

Rövşən Həsənli


Dövlət Tarix Arxivinin
Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri



Bugün: 241
Dünən: 1560
Bu həftə: 9188
Son həftə: 10866
Bu Ay: 24868
Son Ay: 55339
Bu İl: 232246
Ümumi: 1926171
1926171