Dövlət Elm və Texnika Sənədləri Arxivində üç şəxsin sənədləri bir fondda mühafizə edilir. Akademik, məhşur seleksiyaçı alim Əhməd Rəcəblinin, onun həyat yoldaşı, - fizika sahəsində ilk elmlər namizədi Fəhimə xanım Mehdibəyova-Rəcəblinin, qızı Nigar xanım Rəcəbli-Koretskinin! Ölkənin ictimai, siyasi, mədəni həyatında mühüm rol oynayan bu ailə üzvlərinin keçdikləri şərəfli, lakin keşməkeşli, əzablı həyat yolunu əks etdirən sənədlər, yazışmalar XX əsrin əvvəllərindən başlayaraq bu günə kimi olan həyat tərzini özündə əks etdirir. Saralmış vərəqlər, rəngi itmiş möhürlər, sovet dövrünün poçt məktubları, muxtəlif bayramların təbrikləri, müsbət xasiyyətnamələr, arayışlar, həsrət dolu kəlmələr, əsirlikdə soyuqdan donan arzular ....
Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra “təmizləmə” əməliyyatı yüzlərlə bacarıqlı ,istedadlı,milli ruhlu kadrları əksinqilabçı, kulak, vətən xaini damğası ilə Sibirin, Orta Asiyanın gedər-gəlməz yollarına saldı. 30-cu illər, müharibədən sonrakı illər qara kabus kimi ölkəmizin üzərindən sağa-sola dolandı. Hətta Böyük Vətən Müharibəsi cəbhələrində yaralanıb əsir düşənlər də alınlarında “xain” adını daşımağa məhkum olundular. Ta o vaxta kimi ki, “eller atası” başını yerə qoydu. On il, iyirmi il əvvəllər repressiyaya məruz qalanlar bəraət aldılar. Sən demə, uzun illər sürgün həyatı yaşayıb min bir əziyyətə, zülmə düçar olanlar günahsız imişlər....
Bəraət kağızları isə arxadan atılan qara daşdan başqa bir şey deyilmiş...
Seleksiyaçı alim, pedaqoq, maarifçi,yazıçı Əhməd Rəcəbli də bu keşməkeşli həyat yolunu keçmiş,haqsız ittihamlara məruz qalmış ziyalılarımızdan biri olmuşdur .
Əhməd Cabbar oğlu Rəcəbli 1898-ci il sentaybrın 28-də İrəvan şəhərində anadan olub.1916-ci ildə İrəvan şəhərindəki Klassik Rus Gimnaziyasını gümüş medalla bitirib, Moskva Dövlət Universitetinin tibb fakultəsinə daxil olub. 1919-cu ildəAzərbaycan Xalq Cümhuriyyətinin himayəsi ilə təhsilini İtaliyada davam etdirməyə göndərilib, dörd il Peruca şəhərində Ali Kral Eksperimental Aqrar institutunda təhsil alıb. 1923-ci ildə Bakıya qayıdıb, torpaq komissarlığında işləmək təklifi alıb. Ancaq Ə.Rəcəbli xahiş edib ki, onu Zaqatalaya göndərsinlər, oranın təbiəti, torpağı seleksiya ilə məşğul olmaq üçün olduqca əlverişlidir. Zaqatala mahalında aqronom kimi işləməyə başlayıb. 1930-1936- ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent, kafedra müdiri kimi çalışıb, respublika torpaq komissarlığında dövlət müşaviri vəzifəsində fəaliyyətini davam etdirib. 1935-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı alıb. Umumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasında akademik Nikolay Vavilovun rəhbərlik etdiyi subtropik bitkilər bölməsinin üzvü seçilib.1937-ci ildə namizədlik dissertasiyası müdafiə edib.
Elə həmin il də həbs edilib. Səbəbi? Cox qısa və sadə. Əhməd Rəcəbli iyirminci illərdə İtaliyada – ölkə xaricində təhsil alıb və əksinqilabçı olub. Nəticəsi o olub ki, Ə.Rəcəbli Maqadan şəhərinə 8 illik sürgünə göndərilib. Üç il Kolımada, beş il Maqadanda SSRİ Xalq Daxili İşlər Komissarlığının yardımçı təsərrüfatında aqronom işləyib. Burada da peşəsinə sadiq qalan Ə.Rəcəbli yeni pomidor sortları yetişdirib .
1945-ci ildə cəzasını çəkib qurtaran Əhməd müəllim Bakıya qayıdır, Azərbaycanda meyvəciliyin inkişafı sahəsində aktual mövzular üzərində işləyir. Şirvan, Naxçıvan, Quba, Xaçmaz, Qarabağ bölgələrində yeni meyvə sortları tətbiq edir, konserv sənayesi üçün meyvələr hazırlayır, ”Azərbaycanda meyvə bitkilərinin sortları” adlı monoqrafiyasını yazır, Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə dərslik tərtib edir. Lakin 1950-ci ildə yenidən həbs edilir və bu dəfə Cambul şəhərinə (Qazaxıstan) göndərilir, dörd ildən sonra yenidən doğma Vətənə qayıdır, yenidən çoxillik bitkilər institunda ömrünün sonunadək çalışır. 1958-ci ildə o, Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki, onun bitkiçilik bölməsinin akademik katibi seçilir.
Maraqlı bir məsələni də qeyd etmək yerinə duşərdi. Seleksiyaçı alim Maqadanda həbs düşərgəsində olarkən bədii yaradıcılıqla məşğul olur, ilk dəfə qürbətdə “Babək” tarixi romanını yazır. Hansısa bir mənbədən, ədəbi qaynaqlardan istifadə etmək imkanından məhrum olmaqla tarixi roman yazmaq bioloq alimin fitri istedadindan xəbər verir.Məlum olduğu kimi Babək haqqında roman sonralar xalq yazıçısı Ənvər Məmmədxanlı tərərfindən qələmə alınmış, film də çəkilmişdir. Ə.Rəcəblinin romanı “Azərbaycan” jurnalında (2001-ci il, № 9) və “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş, “Nurlan” nəşriyyatında kitab halında nəşr edilmişdir.
Əhməd Rəcəblinin ömür yolunda ailə həyatı qırmızı xətt kimi keçir. Həyat yoldaşı Fəhimə xanım da dövrünün tanınmış ziyalısı,alimi, çətin həyat sınaqlarına mərdanəliklə dözən ömür-gün yoldaşı, övladları üçün layiqli ana olmuşdur .
Fəhimə xanım Mehdibəyova – Rəcəbli1907-ci ildə Şuşa şəhərində anadan olub. 14 yaşında ikən valideyinləri onu məhşur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin müəllimlər seminariyasında təhsil almağa qoyublar. Seminariyanı başa vurduqdan sonra Zaqatalada pedaqoji texnikumda çalışır,gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Onun həyatında o dövrün məhşur simalarından olan unikal pedaqoq ,bir sıra dərsliklərin müəllifi,Azərbaycan ədəbiyyatşunaslığının əsasını qoymuş və 1920-ci ildə qətlə yetirilmiş Firudunbəy Köçərlinin həyat yoldaşı Badisəba xanımın müstəsna rolu olmuşdur. Məhz gözəl pedaqoq və tərbiyəci Badisəba xanımın sayəsində Fəhimə xanım Əhməd Rəcəbli ilə tanış olur və onlar tezliklə ailə qururlar.İki qiz övladalrı olur –Nigar və Xalidə. Ailənin xoşbəxt həyatı uzun sürmür. Ə.Rəcəblinin həbsindən sonra Fəhimə xanım Bakiya gəlir, Azərbaycan Dövlət Universitetində bir müddət fizika müəllimi işləyir, az sonra Universitetdən xaric olunur, ona hətta orta məktəbdə müəllim işləmək yasaq edilir. 1946-cı ildə həyat yoldaşının sürgündən qayıtması ilə vəziyyət tam dəyişir. Əhməd Rəcəblini Mərkəzi Komitənin birinci katibi M.C. Bağırov qəbul edir,səhvən həbs edildiyini bildirir və fəaliyyətini davam etdirməyi tapşırır. Elə həmin il Fəhimə xanım namizədlik dissertasiyasını müdafiə edir və fizika sahəsində ilk alim qadın olur. Onun “Monokristallar və onların temperatur rejimindən asılılığı” mövzusunda elmi işi o zamanlar üçün elm və texnika sahəsində aktual, eyni zamanda vacib kəşflərdən hesab edilir. Tarix elmləri doktoru, professor Xəlil Əlimirzəyevin Bakı Dövlət Univresitetinin yubileyinə həsr etdiyi iri həcmli kitabda Fəhimə Rəcəblinin elmi işi universitretin müharibədən sonrakı illərdə (1946-1950) ən uğurlu nailiyyəti kimi qeyd olunur.
“Xalq düşməni”nin həyat yoldaşı kimi ağır yükü çiynində daşıyan Fəhimə xanım üçün hər şey çətin idi, lakin bu polad iradəli qadın bütün çətinlikləri mərdi-mərdanə özündən kənarlaşdırmağı, sürgündə olan həyat yoldaşına ürək-dirək verməklə onu yaşatmağı ,eyni zamanda ailə qayğılarını təklikdə, həm də sədaqətli və gözəl dostlarının hesabına həll etməyi bacardı. Böyük qızı Nigar Moskva Dövlət Universitetinin kimya fakultəsinə qəbul olunsa da, atasının adına görə kənarlaşdırılmışdı. Nəhayət, atasının qayıdışından sonra universitetə bərpa olunur, Vadim Koretski ilə ailə qurur. Kiçik qızı Xalidə isə Tibb Universitetinin tələbəsi oldu. Onun taleyi də ziddiyətlərlə dolu olub. O vaxtlar respublikanın daxili işlər naziri olan Ağasəlim Atakişiyevin oğlu Tofiq ilə “xalq düşməni”nin həddindən ziyadə gözəl qızı Xalidə arasında sevgi yaranır, ancaq vəziyyət gərgin idi. Əhməd Rəcəbli Ağasəlim Atakişiyevin imzaladığı orderlə həbs edilmişdi. Elə Əhməd Rəcəblinin xeyir- duası ilə iki gənc öz sevgilərinə qovuşurlar.
Əhməd Rəcəbli! Gözəl insan,istedadlı alim , ağir təbiətli, səbrli vətən fədaisi,qeyrətli azərbaycanlı və nümunəvi ailə başçısı hətta haqsız işgəncələrə məruz qalsa da, həyatı və fəaliyyətini dəyişməyən polad iradəli, inamlı insan! Sözün əsil mənasında böyük hərflərlə Şəxsiyyət! Vəfalı, sədaqətli ömür-gün yoldaşı Fəhimə xanım! Pedaqoq, “ilk”lərdən olan fizika–riyaziyyat elmləri namizədi! Qayğıkeş Ana!
İki fidan balası! Nigar, Xalidə!
Nəvələr və nəticələr!
Xoşbəxtlikdən başlayıb təlatümlərlə dolu, ancaq sonu yenə də xoşbəxtliyə bağlanan ömür dastanı!
Müzahim Ələkbərov
DETSA-nin aparıcı mütəxəssis arxeoqrafı
Bugün: | 722 |
Dünən: | 740 |
Bu həftə: | 2974 |
Son həftə: | 6066 |
Bu Ay: | 16870 |
Son Ay: | 28223 |
Bu İl: | 257911 |
Ümumi: | 1278332 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az