Umummilli lider Heydər Əliyev vaхtılə Şuşa haqqında qeyd etmişdir: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ilin yanvarın 5-də 2022-ci ilin “Şusa ili” elan olunması haqqında sərəncam imzalamışdır. Həmin sərəncamda qeyd edilirdi:” Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Təməli 1752-ci ildə Qarabağ xanı Pənah Əli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin tarixi inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.”
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğ olunması məqsədi ilə 7 may 2021-ci il tarixdə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında növbəti sərəncam imzalanmışdır.
Həmin sərəncamda o cümlədən qeyd edilirdi: “ Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur... Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.” Bu sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-i və 13-də Şuşa şəhəri Ermənistanın işğalından azad olunduqdan sonra "Xarıbülbül" festivalı keçirilmişdir.
Tarixi mənbələrə əsasən Şuşa qalasının tikilməsi 1750-1751-ci illərə aid edilir. Azərbaycanın Dağlığ Qarabağında yerləşən Şuşanın əsası bəzi tarixi mənbələrdə 1751-ci ildə, digər mənbələrdə isə Qarabağ xanlığının qorunması üçün 1752-ci ildə Pənah Əli xan tərəfindən qoyulduğu qeyd olunmuşdur. İlk vaxtlarda şəhər onun əsasını qoymuş şəxsin şərəfinə Pənahabad, sonralar isə Şuşa adlandırılmışdır. Tarixdə Şuşa şəhəri 1795-ci ildə İran ordusunun hücumundan qəhrəmancasına müdafiə olanması ilə tanınmışdır. Şuşa 1823-cü ilədək Qarabağ xanlığının paytaxtı olaraq qalmışdır.
Tarixi sənəd və mənbələr təsdiq edir ki, Qarabağ Azərbaycan xalqının əzəli və əbədi torpağıdır, onun tarixi beşiyidir. Qarabağın Rusiyanın hakimiyyəti altıına keçməsi haqqında tarixi mənbələr - Qarabağ xanı İbrahim xanla Rusiya imperiyası qoşunlarının generalı Pavel Sisianovun 1805-ci il mayın 14-də imzaladıqları Kürəkçay traktatı, həmçinin Gülüstan (12 oktyabr 1813-ci il.) və Türkmənçay (10 fevral 1828-ci il.) müqavillələri kimi tarixi mənbələr əyani surətdə subut edir ki, imperiya sırf Azərbaycan torpaqlarını işğal etmiş və həmin tarixi sənədlərin heç birində erməni malikanələri və onların Rusiya təbəəliyinə keçməsi haqqında heç bir işarə belə olmamışdır.
Azərbaycana məxsus torpaqlar Rusiya imperiyasının tərkibinə daxil edildikdən sonra imperiya tərəfindən geosiyasi məqsədlərlə erməni ailələri mərhələ-mərhələ İran,Türkiyə və digər yerlərdən köçürülərək Qarabağda, Yelizavetpol (Gəncə-R.S.) və İrəvan quberniyalarının ərazilərində yerləşdirildi və bununla da süni surətdə gələcəkdə yaradılacaq “problem”in əsası qoyuldu.
Tarix subut edir ki, ermənilər çar hakimiyyəti tərəfindən müxtəlif siyasi məqsədlərlə İran və Türkiyədən kütləvi surətdə köçürülərək Azərbaycanın Qarabağında yerləşdirilməsinə qədər olan müddətlərdə Azərbaycanın bu tarixi ərazisində milli zəmində hər hansı bir “problem” və ya münaqışə yaşanmamışdır. Həmin münaqişələr bu köçürülmə prosesslərin acı bəhrələri kimi sonralar meydana çıxmışdır.Rusiya İmperiyası tərəfindən ermənilərin bu yerlərə ilk növbədə geosiyasi məqsədlərlə yerləşdirildiyi bir sıra digər tarixi mənbələrdə öz əksini tapmışdır. Məsələn, Qafqazdakı rus qoşunları komandanının 22 may 1805-ci il tarixli 19№li raportunda qeyd edirdi ki, coğrafi mövqeyinə görə Qarabağ nəinki Azərbaycanın, hətta İranın da daravazası sayılır və ona görə də bu əyalətin öz əlimizdə saxlanmasına və möhkəmləndirilməsinə xüsusi diqqət yetirilməlidir. 1805-ci il mayın 14-də Qarabağ xanlığının Rusiya İmperiyasının tabeliyinə keçməsi haqqlında gen.Pavel Sisianov və İbrahim xan Qarabağlı tərəfindən imzalanmış Kürəkçay müqaviləsi yuxarıda qeyd olunan vəzifənin yerinə yetirilməsinə əlverişli şərait yaratmış oldu və həmin dövrdən başlayaraq Rusiya impeiyası tərəfindən ələ keçirilmiş Azərbaycan torpaqlarına kütləvi surətdə ermənilərin köçürüllməsinə başlanıldı. Daha sonra 1805, 1813, 1828-ci illərdə Şimali Azərbaycanın əraziləri Rusiya imperiyasının əlinə keçdikdən sonra isə on minlərlə İran və Türkiyə erməniləri çar hökuməti tərəfindən Azərbaycanın tarixi torpaqlarında, o cümlədən Qarabağda, Gəncə quberniyasının müxtəlif ərazilərində, Şuşada və Qarabağın digər şəhər və kəndlərində yerləşdirildi.
Rus hakimiyyəti tərəfindən müxtəlif siyasi məqsədlərlə ermənilərin Şuşaya və Qarabağın digər bölgələrinə külli miqdarda yerləşdirilməsinə baxmayaraq1852-ci ilin «Кавказский Календарь»-ında həmin dövrdə Şuşadakı azərbaycanlıların sayının ermənilərin sayından artıq olduğu qeyd olunmuşdur. Bundan əlavə digər mənbədə- məsələn,S.P. Zelenskinin “ Yelizavetpol quberniyasının Zəngəzur qəzasındakı dövlət kəndlilərinin iqtisadi həyatı haqqında” adlı əsərində İmperiya məmurları olan Yermolov və Mogilevski tərəfindən tərtib edilmiş vergi reyestrinə əsaslanaraq 1823-cü ildə Qarabağda 20.095 nəfər əhalinin yaşadığı, onların da etnik tərkibinin və sayının aşağıdakı kimi olduğu qeyd edilirdi:” Azərbaycanlı ailələrin sayı-15.729, onlardan şəhərdə-1.111; kənddə-14.618.
Erməni ailələrin sayı-4.366, onlardan şəhərdə-421; kənddə-3.945”
Şuşa ilə bağlı digər tarixi mənbələrdə də qiymətli məlumatlar yer almışdır. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti dövründə rus dilində çap olunan 11 fevral 1919-cu il tarixli 31 saylı «Азербайджан» qəzetində “Qarabağ” adlı məqalə dərc edilmişdir.Həmin məqalənin müəllifi Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Xarici İşlər Nazirliyinin İnformasiya bürosunun şöbə müdiri Aleksandr Serqeyeviç Şepotyev olmuşdur.
Bu məqalə müəyyən maraq kəsb etdiyi üçün hörmətli oxucularımızı həmin məqalə ilə bir qədər ətraflı tanış etmək istəyirəm. A.S. Şepotyev yazdığı məqaləsində erməni hökumətinin Qarabağın bir hissəsinə gözlənilmədən “iddia” ilə çıxış etdiyi haqqında məlumat verilərək qeyd edir:”... ermənilər özlərinin bu “iddialarının” etnoqrafik və tarixi “hüquqlara” əsaslandığını, eləcə də “ bu hüquqların” şübhəsiz olduğunu hamıya bəyan etdiklərinə görə şağıdakı suallar üzərində bir qədər ətraflı dayanmalı olacağıq- Qarabağ nədir və nə üçün Ermənistanın gözlənilməz iddiaları Azərbaycan hökuməti üçün tamamilə əsassız hesab edilir?
A.S. Şepotyev Qarabağın ərazisini təsvir edir:” Qarabağ- Kür və Araz çayları arasındakı və Kiçik Qafqaz sıra dağlarının şərq qollarından ibarət olan sahədən, yəni müasir Azərbaycanın əsas ərazilərindən biri sayılan Gəncə quberniyasının Cavanşir, Karyagin, Zəngəzur,Şusa qəzalarından ibarətdir.Qarabağ təbiətinə, iqtisadi və təsərrüfat həyatına görə bir-biri ilə ayrılmaz əlaqəsi olan üç hissəyə - böyük aran; dar,qapalı dağ və dağətəyi rayonlara ayrılır. Aran rayonlarında əkinçilik və maldarlıq inkişaf etmiş, əgər süni suvarma işləti yaxşı qurularsa, dağlıq və dağətəyi rayonlarda da əkinçiliyi, bağçılığı, ipəkçiliyi və üzümçülüyü inkişaf etdirmək mümkündür.Qarabağ sakinlərinin əsas məşğuliyyətlərindən biri də maldarlıqdır. Bununla belə yazda, adətən aprel ayının ortalarında bütün naxırlar aran yerlərindən qağlıq yerlərə aparılarkən payız düşənə qədər mal sürüsü ilə yanaşı əhalinin bir hissəsi də dağlıq yerlərinə köçür və nəticədə yay aylarında dağlıq ərazilərində yaşayan insanların sayı qiş mövsümü ilə müqayisədə bir neçə dəfə artmış olur.
Yayda aran yerlərində quraqlıq və mal-qara arasında xəstəliklər yayıldığı üçün Qarabağda bu cür köcmələr kənd təsərrüfatının əsasını təşkil edir. Bundan əlavə aranda malyariyanın yayılaraq inkişaf etməsi bu cür köçmələrin ümumiyyətlə yerli əhalinin salamat qalmasının vacib şərtinə çevirir.
Dağlıq ərazilərin şəraitini nəzərə alaraq Arandan dağlıq bölgəyə köçməyin yalnız aşağıda qeyd olunan üç yerdən mümkün olduğunu söyləmək olar – Şuşadan dağ dərəsi üzərindən uzanan girəcək yol, Adqardan Cavanşir qəzasına və Minqrel sahəsindən İstisuya, hərdən bir bəzi naxırlar buradan İrəvan quberniyasının Alagöz ətəyinə qədər uzanan yolla gedirlər. Beləliklə,bu 3dərə aran sahəsində yaşayan əhalinin mövcudluğunu təmin edir və onların iqtisadi rifahını şərtləndirir.
Qarabağın ərazisi Zaqafqaziyada məskunlaşmış türk xalqının özəyini təşkil edir. 1735-ci ildə Zaqafqaziya tanınmış Nadir şah tərəfindən istila edildikdən sonra Qarabağ xanlığının sərbəst mövcudluğu başlandı. Nadir şahın ölümündən sonra onun yaxın köməkçilərindən olan Pənah Əli bəy özünü Qarabağın müstəqil hökmdarı elan edərək Şuşa şəhərinin əsasını qoydu və bu şəhəri yeni xanlığın paytaxtı elan etdi. Çingiz xanın nəslindən olan yerli mülkadar məliklər də qismən bu şəhərə qoşuldular.Tezliklə,Qarabağ xanlığı kifayət qədər çiçəkləndi və müasir Azərbaycanın əhəmiyyətli xanlıqlarından birinə çevrildi. Rusların Qafqazda meydana çıxması ilə Qarabağ xanlığı öz müstəqilliyini digərləri ilə müqayisədə daha uzun müddətə qoruyub saxlaya bildi.İbrahim xan Qarabağlı Rusiyanın “himayədarlığ”ını qəbul edərək onunla vassal münasibətlərinə qoşuldu, lakin bu münasibətlər olduqca zəif idi. “ Zaqafqaziya müsəlman əyaləti” adı altında Qarabağın Rusiyaya qəti olaraq birləşdirilməsi haqqında Akt yalnız 1844-cü ildə dərc edildi.Digər əyalətlərin bəylərindən fəqli olaraq müstəsna hüquqlara malik Qarabağın mülkədar bəylərinin hüquqlarının tananması haqqında 1846-cı ildə əlavə akt da dərc edildi. Gəncə quberniyasının yaradılması ilə əlaqədar 4 qəzaya bölünmüş Qarabağ ona birləşdirildi. Hazırda Zəngəzur qəzasındakı kürd əhalisinin böyük olmayan zolağından savayı Qarabağın ərazisində azərbaycan türkləri və ermənilər yaşayırdı. Ermənilər dağlıq rayonda cəmləşmişdilər, onların kəndləri Vonkdan Şuşaya keçərək Gəncəyə qədər uzanan türk köçərilərinin dağa gedən yolu ilə kəsişən nazik lent şəkilində düzülmüşdür ki, buralarda da yayda müsəlman əhalisinin sayı bir neçə dəfə artır. Qarabağın digər ərazisini başdan-başa azərbaycan türkləri tutmuşdur.
Qarabağda türk və erməni əhalisinin sayını dəqiq müəyyən etmək çətindir. 1917-ci iln “Кавказский календарь”-ında 1916-cı il üçün- ermənilərin sayı 242 min.,müsəlmanların sayı isə -322 min olduğu qeyd edilir. Lakin bu rəqəmlər həqiqətə uyğun deyildir, belə ki, qarabağ ermənilərinin sayına Bakıdan Rostova qədər, daha sonra Dərin Don vilayətinin stansiyalarına qədər səpələnmiş çoxlu sayda erməni fəhlə və sənətkarların sayı da daxil edilmişdir. Təkcə bunu demək kifayətdir ki, Qarabağın əhalisini təşkil etməyən və onunla heç bir bağlılığı olmayan yalnız Bakı mədənlərindəki külli miqdarda olan minlərlə fəhlə qarabağlı erməniyə aid edilmişdir. Ona görə də Qarabağın dağ zolağında məskunlaşmış ermənilərin sayı kifayət qədər az olmalıdır.
Digər tərəfdən dəqiq qeydə alınmaya məruz qalmayan, hökmən metrikası və hərbi mükəlləfiyyətləri olmayan türk əhalisinin həqiqi sayı göstərilənlərdən daha çox olmalıdır. Bu,“1912-ci ildə Zaqafqaziyada pay torpaqlarının buraxılması haqqında təhriri məruzə”də əks olunan görovdan çıxartma üzrə bir xadimin torpaq pulunun ödənilməsi haqqında məlumatlarlari ilə subut olunur. Qeyd edilirdi ki,öz başlanğıcını 70-ci illərin komeral siyahısından götürmüş məlumatlar əsasında müsəlman əhalisinin sayına uyğun olaraq hesablanmış 28 milyon rubl torpaq pulu əvəzinə , 50 milyon rubldan artıq pul qeydiyyatdan keçirilməli olmuşdular. Bütün bunlar 1917-ci ilin siyahıya alınması,eləcə də kənd təsərrüfatının sonuncu siyahıya alınması məlumatları ilə təsdiq olunur.Ona görə də Qarabağın erməni əhalisinin sayını 170 min; türk əhalisinin sayını isə 415 min müəyyən etmək olar. Ermənistan Respublikasının Qarabağa dair bu yaxınlardakı iddiası tamamilə əsassızdır və daşnak nazirlərinin imperialist fantaziyasının məhsulu kimi təsvir olunur. Bir tərəfdən Qarabağın erməni əhalisi şübhəsiz azlıq təşkil edir, onlar buradakı bütün əhalini təmsil etməyən,hər tərəfdən türk əhali ilə əhatə olunmuş, Ermənistan Respublikasındakı erməni mərkəzləri ilə heç bir nə iqtisadi, nə də ki, tarixi əlaqəsi olmayan, dağlıq rayonun dar, qırıq zolağında cəmləşmiş azlıq təşkil edir. Digər tərəfdən əgər aranla dağ otlaq rayonları arasında olan dağ dərəsi özgə allərdə olarsa, Qarabağda azərbaycanlı türklərin mövcudluğu ölümcül təhlükəyə məruz qala bilər, yəni kifayətdir ki, oranı bağlayasan və düzənlikdə olanlar ölümə düçar qala bilər. Köç yerlərinə gedən yollar istənilən vaxt kəsilə bildiyinə görə həmin yerlərin sərbəst sürətdə tutulması haqqında heç bir müqavilə həqiqi sayıla bilməz.
Nəhayət, Qarabağda türk elementinin 9 əsrdən artıq olan bir müddətdə möhkəmləndiyinə görə türklərin Qarabağa olan hüququ danılmazdır.
Nə tarixi, nə iqtisadi, nə də ki, etnoqrafik gösrəricilərə görə haqq qazandırılması mümkün olmayan erməni hökumətinin bu cür iddialarına son qoyulmalıdır, belə ki, onların bütün Borçalıya olan iddiası ilə uğursuzluğa düçar olduqdan sonra indi də Azərbaycanın köklü və ayrılmaz hissəsinə iddia ilə çıxış edirlər.
Bu iddiaların onlar tərəfindən çoxdan “hazırlandığı” erməni hökumətinin vaxtilə rədd etdiyi, indi isə öz müdafiəsi altına aldığı “general” Andranikin çağırışlarından görünür.
Hazırki vaxtda hər bir azərbaycanlı türkü üçün Qarabağın Azərbaycanın digər əraziləri ilə əlaqəsi o qədər qəti və aşkardır ki, bu məsələ haqqında heç bir mübahisə və söhbət ola bilməz.
Qeyd olunan bu Qarabağ oçerki Qarabağla tanışlığı olmayan hər bir kəsə, onun haqqında birtərəfli olaraq erməni mənbələrindən məlumat alanlara göstərir ki, erməni iddiaları tamamilə əsassızdır.”
A.S.Şepotyevin bu məqaləsində Şuşanın, bütövlükdə Qarabağın Azərbaycan olduğu dəqiq və hərtərəfli təsvir edilmişdir.
1918-ci il mayın 28-də Müsəlman Şərqində dövrün ilk demokratik və yeganə parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan xalqı özünün çox əsirlik tarixində müstəqil dövlətini yaratdı, ictimai-siyasi quruluşun müvafiq modelini qurdu. Azərbaycan Şərqi və Cənubi Zaqafqaziyadan ibarət tam hüquqlu müstəqil dövlət elan olundu. İstiqlal bəyannaməsinin birinci maddəsində deyilirdi: "Bu gündən etibarən Azərbaycanın xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət Azərbaycan tamhüquqlu müstəqil dövlətdir. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bütün tarixi ərazisində öz siyasi hakimiyyətinin bərqərar etməyə çalışdığı bir vaxtda yenicə elan olunmuş Ermənistan (Ararat) Respublikası Qarabağa heç bir əsası olmayan iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu iddianı rədd etdi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.M.Topçubaşov (1862-1934) Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-ci il noyabrın 18-də İstanbulda apardığı danışıqlar zamanı bildirmişdi: "Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5 ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq - Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu xanlığın ərazisidir və burada erməni və müsəlmanların sayı bərabər olmasa da, ermənilərin əsaslı çoxluğu haqqında danışmağa əsas yoxdur. Bununla belə, onlar buranın yerli əhalisi deyillər, Rusiya ilə müharibədən sonra Türkiyədən buraya qaçıb gələnlərdir.Nəzərə alınmalıdır ki,hazırda Ermənistan Respublikasının ərazisinə daxil edilmiş Osman İmperiyasının əsas inzibati-ərazi vahidlərindən olan İrəvan vilayətində100 minlərlə müsəlman yaşayır və biz həmin torpaqların mübahisəsini aparmırıq. Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda deyil, müsəlmanlarla qarışıq halda yaşayırlar. Lakin biz bütün bunlara baxmayaraq , beynəlxalq xarakterli deyil, bizim daxili xarakterli bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq".
1918 ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronun quldur dəstələri vasitəsilə dövlət səviyyəsində azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirməyə başladı. Ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq 1919-cu il yanvarın 15-də Cavanşir , Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının müvəqqəti general - qubernatoru vəzifəsinin təyin edilməsi haqqında qərar qəbul etdi.Həmin qərarla daxili işlər nazirinə tapşırılırdı ki, hökumətin növbəti iclasında baxılması üçün general-qubernator vəzifəsinə namizədi seçsin və onun sərəncamına hansı məbləğdə vəsaitin ayrılmasının lazım olduğu haqqında fikirlərini təqdim etsin. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 29 yanvar 1919cu il tarixli qərarı ilə Xosrov bəy Sultanov Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general- qubernatoru təyin edilmişdir. Həmin qərarla general-qubernatorluğun ehtiyaclarını ödəmək üçün 20 milyonluq fonddan 5 milyon rubl ayrılmışdır. Hökumətin 01 fevral 1919-cu il tarixli qərarı ilə Quda Qudiyev Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general- qubernatorunun müavini təyin edilmişdir. Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X.Tekinski 1919-cu il iyunun 25-də Ermənistan Respublikasının xarici işlər nazirinə 224№li nota tədqim edərək aşağıdakiları bildirmişdi: “Hökumətimin tapşırığı ilə sizə bildirirəm ki, Sultanov Azərbaycan hökuməti tərəfindən 1919-cu il yanvarın 15-də Azərbaycanın qəti ayrılmaz hissəsi olan Şuşu, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin edilmiş və o, müttəfiqlərin komandanlığı tərəfindən general-qubernator kimi aprelin 3-də rəsmi olaraq tanınmışdır. Odur ki, Ermənistan Respublikası hökumətinin Sultanovun fəaliyyətinə və yaxud Azərbaycan qoşun hissələrinin adı şəkilən qəzalarda olmasına qarşı müxtəlif etirazları Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etmək deməkdir. Qarabağın general-qubernatoru Sultanov gördüyü ciddi tədbirlərlə Şuşa rayonunda nizam-intizamı bərpa etmiş və həyat məcrasına düşmüşdür... ”
Xosrov Paşa bəy Sultanov Şuşaya gələn kimi Qarabağda daşnak Andronik başda olmaqla erməni quldur dəstələrilə amansız mübarizəyə başladı, təhlükəli yerlərdə milli ordunun əsgərlərindən ibarət mühafızə dəstəsi yaratdı, Erməni Milli Şurası üzvlərinin Azərbaycandan çıxarılmasına nail oldu. Buna cavab olaraq erməni yaraqhları Şuşada silahlı toqquşma törətsə də, ertəsi gün - iyunun 6-da sülh əldə edilmiş, şəhərin dinc erməni əhalisi Xosrov bəy Sultanova üzrxahlıq məktubu yazaraq, erməni separatçılarının fıtnəkarlığına görə onun şəxsində Şuşanm müsəlman camaatından üzr istəmişdi. 1919 ilin yayında Azərbaycan hökumətinin qəti mövqeyi və məqsədyönlü siyasəti nəticəsində Qarabağda, Zəngəzurda və ermənilərin ərazi iddiası irəli sürdüyü digər yerlərdə Azərbaycanın suveren hüquq larının bərpa edilməsində Xosrov bəy Sultanov böyük xidmət göstərdi. Həmin ilin sentyabrında Azərbaycan hökuməti burada yaşayan ermənilərə mədəni muxtariyyət verdi. Azərbaycan hökumətinin 29 sentyabr 1919-cu il tarixli qərarı ilə Qarabağın erməni müəllim və müəllimələrinə yardım edilməsi üçün Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının müvəqqəti general-qubernatorunun sərəncamına 1mln. rubl pul vəsaiti ayrıldı. Şuşa şəhərində müəllimlərin qurultayının keçirilməsi üçün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 27 sentyabr 1919-cu il tarixli qərarı ilə Xalq Maarif Nazirinin süərəncamına 30 min rubl ayrılmışdır. Bunlardan savayı 1919-cu il noyabrın 20-də Azərbaycan Parlamenti 1 iyun 1919-cu ildən etibarən Şuşa şəhərində 30 çarpayılıq pulsuz hökumət xəstəxanasının yaradılması haqqında qanun qəbul etdi.
Tarixi faktlar sübut edir ki, Azərbaycan xalqı və dövləti haqq yolunda, öz ərazisinin toxunulmazlığı uğrunda daim mübarizə aparmış və son nəticə etibarilə qalib gəlmişdir. Azərbaycan xalqının beşiyi sayılan Qarabağ uğrunda xalqımızın ədalətli mübarizəsi buna canlı sübutdur.
Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoydu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi. Noyabrın 8-də Prezident , Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında xalqımıza müraciət edərək böyük sevinc hissi ilə ruhumuzun özü, varlığımızın nüvəsi olan Şuşamızın dünyanın ən mənfur təcavüzkarı olan terrorçu Ermənistan ordusunun işğalından azad olunması müjdəsini verdi: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Rafiq Səfərov
Milli Arxiv idarəsinin
Sənədlərin nəşri və istifadəsi şöbəsinin
baş məsləhətçisi
İstifadə edilmiş mənbə və ədəbiyyatın siyahısı
1. https://azertag.az/xeber/Susa-tarixi mədəni və strateji_əhəmiyyətə_malik_səhər. Bakı, 8 may, AZƏRTAC;
2. Azərbaycan qəz. №1, 06 yanvar 2022-ci il;
3. Azərbaycan qəz. №97, 08 may 2022-ci il;
4. Yenə orada;
5. AKAK, t.2,s.703 З.Бунятов «История Азербайджана по документам и публикациям».Баку.1990,с.38;
6. З.Бунятов «История Азербайджана по документам и публикациям».Баку.1990,с.39;
7. Адрес-Календарь, Баку, 1919, с.5;
8. Азербайджан, 11 февраля 1919 г., №31;
9. Азербайджанская Демократическая Республика(1918-1920). Внешняя политика. Баку,1998 с.152-156;
10. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurası İclaslarının Protokolları. Bakı-2006 s.124;
11. А.А. Топчибашев «Дипломатические беседы в Стамбуле(1918-1910гг.) .Баку 1994 с.64-65;
12. ГААР, Ф.894 оп.2 д.81 л.49; газ.Азербайджан.1919.№12 Азербайджанская Демократическая Республикам (1918-1920) Законодательные акты. Баку-1998. с. 261;
13. ГААР, Ф.894 оп.1 д.22 л. 19. Азербайджанская Демократическая Республикам (1918-1920) Законодательные акты. Баку-1998. с. 269-270.
14. ГААР, Ф.894 оп.1 д.22 л. 25; газ. Азербайджан 1919 6 февраля, №27 Азербайджанская Демократическая Республикам (1918-1920) Законодательные акты. Баку-1998. с. 270;
15. ГААР, ф.970 оп.1 д.85 л.76;
16. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası,Bakı-2005. II cild səh. 362-363;
17. ГААР, ф.970 оп.1 д.85 л.76;
18. ГААР, ф.51 оп.4 д.7 л.2;
19. ARDA, f.895 siy.3 iş 113 v.39.
Bugün: | 319 |
Dünən: | 774 |
Bu həftə: | 5688 |
Son həftə: | 6350 |
Bu Ay: | 18397 |
Son Ay: | 25108 |
Bu İl: | 284546 |
Ümumi: | 1304967 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az