Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Tanınan soyadın tanınmayan nümayəndəsi

Son Yenilənmə : 2023-09-04 13:14:50
Baxış sayı : 648

          Dövlət Tarix Arxivində Aleksandrinski qadın rus-müsəlman məktəbinin məzunu, dövrünün tanınmış qadın pedaqoqlarından sayılan Qumru xanım Molla Məhəmməd qızı Nərimanovanın həyat və pedaqoji fəaliyyəti haqqında xeyli sənədlər qorunub saxlanılır. Arxivin “Bakı - Dağıstan xalq məktəblərinin rəhbərliyi” adlı 309 saylı fondunda bu maarifçi xanımın şəxsi işi mövcuddur. Q.Nərimanova Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi N.Nərimanovun əmisi Molla Əlimirzənin nəvəsidir.

Azərbaycanın bir sıra digər qadın pedaqoqları kimi Qumru xanımın da həyat və pedaqoji fəaliyyəti demək olar ki, indiyə qədər kifayət qədər öyrənilməmişdir. Doğrudur, tarix elmləri doktoru Sabir Gəncəlinin vaxtilə işləyib hazırladığı və 2001-ci ildə “Azərbaycan” nəşriyyatında işıq üzü görmuş “Qadın, Gözəllik və Ülviyyət” adlı ensiklopedik toplunun “Nərimanovlar soyadının davamçıları” adlı bölməsində Q.Nərimanova haqqında müəyyən məlumatlar qeyd edilmişdir. Lakin XX əsrin əvvəllərində fəaliyyət göstərmiş bir sıra digər qadın pedaqoqlar kimi bu xanım haqqında da cəmiyyətimizdə demək olar ki, kifayət qədər məlumat yoxdur. İndiyədək dərc olunmuş ensiklopediyalarda və ya digər kütləvi nəşrlərdə onun adına rast gəlinmir. Halbuki Qumru xanım Nərimanovanın pedaqoq olaraq Azərbaycanda qadın və qızların məktəbə cəlb edilməsində, onların savadlanmasında, savadsızlığın aradan qaldırılmasında, eləcə də mədəni-maarif işinin inkişafında rolu və xidmətləri olmuşdur. Qumru xanım ömür yoldaşı ilə birlikdə Bakıda və İmişlidə yaşadıqları zaman bir sıra orta məktəblərdə pedaqoji fəaliyyətini davam etdirmişdir. O, ömrünün yarım əsrdən artıq bir dövrünü mədəni-maarif işi ilə məşğul olmuş, hətta “Lenin” ordeninə layiq görülmüşdür.

Arxiv materiallarını araşdırarkən Qumru xanım Nərimanovanın həyatı və pedaqoji fəaliyyəti haqqında müəyyən sənədlər aşkar edilmişdir. Qumru xanım 1892-ci il noyabrın 3-də Tiflisdə anadan olmuşdur. Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S.Tixorjevskiyə ünvanladığı 3 yanvar 1912-ci il tarixli məktubda bildirilirdi ki, məktəb komissiyası özünün 19 dekabr 1912-ci il tarixli iclasında I şəhər qadın rus-tatar məktəbində müəllimə vəzifəsinə Qumru xanım Nərimanovanı seçmişdir. Həmin məktubda müəyyən məlumatlar da təqdim edilirdi: “Milliyyətcə tatarkadır (yəni azərbaycanlı qızdır - R.S.), şiə məzhəblidir, 20 yaşı var, 1908-ci ildə Bakı Aleksandrinski qadın rus-müsəlman məktəbinin təlim kursunu bitirmişdir. Kladbişenskoy və Pozenovskoy küçələrinin tinindəki Cəfərovların 10 nömrəli evində yaşayır”.
Digər arxiv sənədində göstərilirdi ki, Qumru xanım Nərimanova 18 fevral 1915-ci ildə Bakı şəhərində Xalq məktəblərinin Bakı-Dağıstan Direksiyasının 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyevə ərizə ilə müraciət edərək ailə vəziyyətindəki dəyişiklik haqqında məlumat təqdim etmişdir. Bildirirdi ki, 1915-ci il fevralın 5-də Şuşa şəhər sakini Həbib Kərbəlayi Əli oğlu Kərimovla qanuni nikaha daxil olub. O, taleyini Almaniyada ali mühəndis təhsili almış görkəmli mütəxəssis Həbib Kərimovla bağlamışdır. Həbib bəy Azərbaycanda süd-pendir müəssisələrinin əsasının qoyulmasında və inkişafında böyük rol oynamışdır. Qumru xanım da ömür yoldaşı ilə birlikdə Bakıda, İmişlidə yaşadıqları illərdə xalq maarifi işində çalışmış, bir sıra orta məktəblərdə Azərbaycan dilindən dərs demişdir. Onların bu nikahdan 1915-ci il avqustun 13-də Murad adlı oğlu dünyaya gəlmişdi.
Qumru xanım Nərimanova H.Z.Tağıyevin rus-müsəlman qız məktəbinin bir qrup tanınmış müəllimələri, o cümlədən Hənifə xanım Məlikova, Məryəm xanım Sulkeviç, Asiya Nərimanova, Minə Rəhimova, Ayna Musabəyova və başqaları ilə birgə pedaqoji fəaliyyət göstərmişlər. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda milli ziyalı qadın elitasının yaranmasında, maarifçilik tariximizdə dünyəvi qadın təhsilinin inkişafında H.Z.Tağıyevin təşkil etdiyi ilk müsəlman qız məktəbinin böyük xidmətləri danılmazdır. Bu məktəbi bitirmiş onlarla azərbaycanlı qız sonrakı dövrlərdə xalqımızın mədəni tərəqqisində, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak etmişdir. Keçmiş Rusiya İmperiyasında müsəlman qızlar üçün ilk dəfə olaraq Hacı Zeynalabdin Tağıyev tərəfindən Bakıda açılmış məktəbin fəaliyyəti 1918-ci ilin martında daşnak-bolşevik dəstələri tərəfindən azəbaycanlılara qarşı törədilmiş soyqırımı zamanı dağıdılmışdır. Cümhuriyyət dövründə də bu məktəbi bərpa etmək mümkün olmamışdı. Lakin bütün bunlara baxmayaraq, danılmaz bir faktdır ki, XX əsrin əvvəllərində yetişən ziyalı azərbaycanlı qadınların böyük əksəriyyəti bu məktəbin pedaqoqları və məzunları idilər. Ölkəmizdə qızların və qadınların məktəbə, təhsilə cəlb edilməsində qadın təhsilinin inkişafında rolu və iştirakı olmuş maarif fədailərinin, o cümlədən Qumru xanım Nərimanovanın da xidmətləri xalqımız tərəfindən unudulmur, böyük hörmət və ehtiramla yad edilir. Qumru xanım ictimai-mədəni həyatda da fəal olmuş, dəfələrlə Bakı şəhər Sovetinə deputat seçilmişdir. 

Rafiq SƏFƏROV,
Milli Arxiv İdarəsinin baş məsləhətçisi

 



Bugün: 58
Dünən: 824
Bu həftə: 3360
Son həftə: 6294
Bu Ay: 22363
Son Ay: 25108
Bu İl: 288512
Ümumi: 1308933
1308933