O, dövrünün təhsil problemlərinin həllində, proqram və dərsliklərin hazırlanmasında, təhsilin ana dilində aparılmasında, əhəmiyyətli xidmətlər göstərmişdir.
Tanınmış pedaqoq, ictimai xadim, şair Hacı Kərim Hüseyn oğlu Saniyev (Sanılı) - XIX əsrin sonu XX əsrin əvvəllərində qəza məktəblərində fədakar müəllim kimi fəaliyyət göstərmiş və ədəbi yaradıcılıqla məşğul olmuş maarifçilərdəndir.
Hacı Kərim Saniyev 1876-cı ildə Qazax qəzasının Çaylı- Kəsəmən kəndində kəndli ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini (1886-1893) mollaxanada almışdır. Hacı Kərim Saniyev 1893-cü ildə Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan-R.S) şöbəsinə daxil olmuş və həmin Seminariyanı 1898-ci ildə bitirmişdir. Zaqafqaziya Müəllimlər Seminariyasının tatar bölməsinin məzunlar sırasında H.K.Saniyevin özünəməxsus yeri olmuşdur. O, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil aldığı müddətlərdə rus və dünya mütəfəkkirlərinin və ziyalılarının elmi-bədii, pedaqoji fəaliyyəti ilə yaxından tanış olmaq imkanını əldə etmişdir. H.K.Saniyevin bir pedaqoq kimi öz dövrünün təhsil problemlərinin həllində, proqram və dərsliklərin hazırlanmasında, ölkədə savadsızlığın və geriliyin aradan qaldırılmasında, milli uşaq ədəbiyyatının təşəkkül tapmasında, yeni məktəblərin açılmasında, təhsilin ana dilində aparılmasında, həmçinin Azərbaycan ədəbiyyatının inkişafı və formalaşdırılmasında əhəmiyyətli xidməti olmuşdur. Onun bir müəllim-pedaqoq kimi fəaliyyəti diqqətə layiqdir. Lakin milli təhsil tariximizdə və ədəbiyyatımızın inkişafında müəyyən rolu və xidmətinin olmasına baxmayaraq, təəssüf ki, respublikamızda Hacı Kərim Sanlı haqqında məlumatlar kifayət qədər yayılmamışdır. Müasir dövrdə orta məktəb şagirdlərinin H.K.Sanılı haqqında demək olar ki, heç bir məlumatı yoxdur. Çünki dərsliklərə H.K.Saniyev haqqında hər hansı bir məlumat daxil edilməmişdir. Düşünürük ki, bu qüsurlar aradan qaldırılmalı, H.K. Saniyev və onun pedaqoji fəaliyyəti haqqında məlumatlar müvafiq dərsliklərə daxil edilməlidir. Çünki H.K.Saniyev xalqını, torpağını, dilini və ədəbiyyatını sevən və milli təhsil tariximizdə izi qalan müəllimlərdən biri olmuşdur. Sovet dövründə dərc edilmiş ensiklopediyalarda H.K.Saniyev (Sanılı) haqqında ümumiyyətlə, heç bir məlumat dərc edilməmiş, 2005-ci ildə nəşr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın II cildində isə onun haqqında qısa və natamam məlumatlar dərc edilmişdir. İstər Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında, istərsə də digər kütləvi nəşrlərdə və elmi əsərlərdə onun doğum tarixi 1878-ci il göstərilmişdir.
Azərbaycan Respublikasının bəzi axivlərində, o cümlədən Azərbaycan Respublikasının Dövlət Arxivi, Dövlət Tarix Arxivi və Dövlət Ədəbiyyat və İncəsənət Arxivlərində tanınmış pedaqoq, ictimai xadim, şair Hacı Kərim Hüseyn oğlu Sənılının həyat və fəaliyyətinə dair qiymətli sənədlər qorunub saxlanılır. Arxivlərdə saxlanılan sənəd və materiallardan və digər mənbələrdən istifadə edərək Hacı Kərim Hüseyn oğlu Sanlının pedaqoji fəaliyyəti haqqında hazırladığım bu məqaləni dəyərli oxucularımızın diqqətinə çatdırıram.
Azərbaycan Dövlət Tarix Arxivinin "Qafqaz Tədris Dairəsi müdirinin dəftərxanası” fondunda (f.311-də) iki sinifli Dağkəsəmən məktəbinin müəllimi Hacı Kərim Saniyevin şəxsi işi qorunub saxlanılır. Həmin şəxsi işdə onun xidməti haqqında 12 fevral 1910 və 25 noyabr 1917-ci ildə tərtib edilmiş formulyar siyahılar vardır. 12 fevral 1910-cu ildə tərtib edilmiş formulyar siyahıda Hacı Kərim Saniyevin 33 yaşı və 1876-cı ildə anadan olduğu, dininin müsəlman, fərqli nişana malik olmadığı, ildə 400 rubl və mənzil aldığı qeyd edilmişdir. Bu formulyar siyahıda Hacı Kərim Sanılının 33 yaşı və 1876-cı ildə anadan olmasının qeyd edilməsi müəyyən suallar doğurur. Əgər formulyar siyahının tərtib edildiyi 1910-cu ildə onun 33 yaşı vardırsa, onun doğum tarixi 1876-cı il deyil 1877-ci ilə aid olmalı idi. Hacı Kərim Saniyevin doğum tarixini dəqiqləşdirmək üçün kameral siyahılara baxılmalıdır. Lakin böyük təəssüf hissi ilə qeyd edirəm ki, Qazax qəzası üzrə kameral siyahılar Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində demək olar ki, yox səviyyəsindədir. Həmin sənədlərin, həmçinin Azərbaycanın tarixinə aid digər qiymətli sənədlərin Gürcüstan respublikasının arxivlərindən aşkar edərək onların sürətlərinin Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinə təhvil verilməsi lazımdır və bu sahədə tələb olunan işlər mütləq yerinə yetirilməlidir.
12 fevral 1910-cu ildə tərtib edilmiş formulyar siyahıda H.K.Saniyevin Yelizavetpol quberniyası xalq məktəbləri direktorunun 1 sentyabr 1898-ci il tarixli təyinatı ilə Şuşa qəzasının Xaçmaz məktəbinə nəzarətçi ("smotritel”) təyin edildiyi və onun bu vəzifədə 1 sentyabr 1898-ci ildən 1 sentyabr 1902-ci ilədək fəaliyyət göstərdiyi qeyd edilir. Yelizavetpol quberniyası xalq məktəbləri direktorunun 1 sentyabr 1902-ci il tarixli 212 №-li təklifi ilə H.K. Saniyev iki sinifli Yelizavetpol məscid məktəbinə nəzarətçi ("smotritel”) vəzifəsinə təyin edilmişdir. O, bu məktəbdə bir il yarıma yaxın müddət işlədikdən sonra Yelizavetpol quberniyası xalq məktəbləri direktorunun 27 fevral 1904-cü il tarixli 551 №-li təklifi ilə istefaya göndərilmişdir.
Qazax ali-ibtidai məktəbin müəllimi vəzifəsini icra edən Hacı Kərim H.K.Saniyevin xidməti haqqında 1917-ci noyabrın 25-də tərtib edilmiş digər formulyar siyahıda göstərilir ki, o, 1898-ci il iyunun 7-də Zaqafqaziya Müəllimlər Seminariyasının tam kursunu bitirərək 311/631 №-li şəhadətnaməni əldə etmiş, sonra isə Yelizavetpol quberniyası və Qars vilayəti xalq məktəbləri direktorunun 8 sentyabr 1898-ci il tarixli qərarı ilə Nuxa qəzasının Xaçmaz məktəbinə müəllim təyin edilmişdir. Yeri gəlmişkən qeyd edək ki, H.K.Saniyevin Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) şöbəsini bitirdikdən sonra müəllimlik etdiyi ilk məktəbin hansı qəzaya aid olduğu arxiv sənədlərində müxtəlif cür qeyd edilir. Məsələn, onun xidmətləri haqqında 1910-cu il fevralın 12-də tərtib edilmiş formulyar siyahıda Xaçmaz məktəbinin Şuşa qəzasına, 25 noyabr 1917-ci ildə tərtib edilmiş formulyar siyahıda Xaçmaz məktəbinin Nuxa qəzasına və nəhayət H.K.Saniyevin sənədlərinin göndərilməsi haqqında Yelizavetpol quberniyası xalq məktəbləri direktorunun 1904-cü ildə tərtib etdiyi müşayiət məktubunda isə Zəngəzur qəzasına aid olduğu qeyd edilmişdir. Yəni ayrı-ayrı sənədlərdə Xaçmaz məktəbinin Şuşa qəzasına, başqa sənəddə Nuxa qəzasına, digərində isə Zəngəzur qəzasına aid olduğu qeyd edilir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin "Yelizavetpol quberniyasının xalq məktəbləri direksiyası fondu”nda (f.406-da) saxlanılan Yelizavetpol xalq məktəbləri direktorunun H.K.Saniyevin sənədlərinin göndərilməsi haqqında 1904-cü ildə tərtib etdiyi müşayiət məktubunda qeyd edilirdi ki, Yelizavetpol məscid rus-tatar məktəbinin keçmiş nəzarətçisi Hacı Kərim Saniyev 1 sentyabr 1898-ci ildən 1 sentyabr 1902-ci ilədək Zəngəzur qəzasının Xaçmaz məktəbində; 1 sentyabr 1902-ci ildən 1 mart 1904-cü ilədək isə Yelizavetpol məscid rus-tatar məktəbində nəzarətçi vəzifəsində işləmişdir. Yeri gəlmişkən xatırladırıq ki, həmin dövrdə Xaçmaz kəndi Yelizavetpol quberniyasının Nuxa qəzasının tərkibinə daxil olmuşdur. Ona görə də bəzi elmi əsərlərdə Xaçmaz məktəbinin məhz Nuxa qəzasına aid olduğu qəbul edilmişdir. Qazax ali-ibtidai məktəbinin müəllimi H.K. Sanılının xidməti haqqında 25 noyabr 1917-ci ildə tərtib edilmiş formulyar siyahıda da onun, Yelizavetpol quberniyası və Qars vilayəti xalq məktəbləri direktorunun 8 sentyabr 1898-ci il tarixli qərarı ilə Nuxa qəzasının Xaçmaz məktəbində müəllim təyin edildiyi qeyd edilmişdir.
H.K. Saniyev Yelizavetpolda məscid rus-tatar məktəbində işləyərkən azərbaycanlı qızların da məktəbə cəlb edilməsinə çalışmışdır. Lakin onun bu cəhdi yerli dindarlar tərəfindən çox ciddi etirazlarla qarşılandığı üçün bu fikri həyata keçirmək mümkün olmamış və cavab olaraq H.K.Saniyevə qarşı sıxışdırmalar, təzyiqlər başlanmışdır. Nəticədə rus-tatar məktəbinə çevrilmiş Yelizavetpol məscid məktəbinin nəzarətçisi H.K. Saniyev 1904-cü il fevralın 27-də Yelizavetpol quberniyasının xalq məktəbləri direktoruna raportla müraciət etməyə məcbur olmuşdur. H.K. Saniyevin Yelizavetpol quberniyasının xalq məktəbləri direktoruna ünvanladığı raportda qeyd edilirdi: "Yelizavetpol şəhərinin bəzi qabaqcıl müsəlmanları şiddətli şəkildə mənə qarşı çıxmış və xalqı aşkarcasına mənə qarşı qaldırmışlar ki, bunun da mənim həyatıma acınacaqlı təsiri ola biləcəyini nəzərə alaraq sizdən -Zati-alidən xahiş edirəm ki, məni tutduğum vəzifəmdən azad edəsiniz”.
Arxiv sənədlərindən əldə edilmiş məlumata əsasən, Yelizavetpol quberniyası xalq məktəbləri direktorunun təklifi ilə H.K.Saniyev 1904-cü il martın 1-dən etibarən vəzifəsindən azad edilmişdir. H.K.Saniyev işdən azad edildikdən sonra 1904-cü ilin martından 1905-ci ilin sentyabrına qədər istefada olmuşdur. O, həmin müddət ərzində olduqca ağır maddi ehtiyaclar içində yaşamışdır. H.K.Saniyevin 1904-cü il martın 29-da Qazax şəhərindən Yelizavetpol xalq məktəbləri direktoruna göndərdiyi ərizədə qeyd edilirdi: "Bununla iki ədəd 60 qəpiklik marka göndərərək Zati-alidən xahiş edirəm ki, sizin dəftərxanada olan mənim sənədlərimi və mənim xidmətim haqqında attestatı aşağıdakı ünvana göndərəsiniz: Qazax şəhəri. Qazax qəza idarəsi vasitəsilə Çaylı kənd sakini, müəllim - Hacı Kərim Saniyevə”.
H.K. Saniyev 1904-cü ilin martında Yelizavetpol məscid məktəbinin nəzarətçisi vəzifəsindən azad olunduqdan sonra özünə mülki məhkəmə idarəsində iş yeri tapa bilmişdir. Lakin əvvəlki iş yerindən onun sənədləri gec göndərildiyi üçün o, bu iş yerini itirmişdir. H.K. Saniyev daha sonra 1904-cü il oktyabrın 28-də Yelizavetpol quberniyasının I rayonu üzrə xalq məktəbləri müfəttişliyinə ərizə ilə müraciət edərək onun birsinifli Qıraqkəsəmənli məktəbinə müəllim təyin edilməsini xahiş etmişdir. Lakin həmin məktəbdə boş yer (vakansiya) olmadığı üçün o, işlə təmin olunmamışdır.
Yelizavetpol məscid rus-tatar məktəbinin keçmiş nəzarətçisi Hacı Kərim Saniyev 1905-ci il mayın 4-də Yelizavetpol quberniyasının xalq məktəbləri direktoruna ərizə ilə müraciət edərək ona birsinifli Poylu məktəbində müəllim-nəzarətçi vəzifəsinin verilməsini xahiş etmiş və sənədlərinin direksiyanın müfəttişində olduğunu qeyd etmişdir.
H.K.Saniyev Yelizavetpol xalq məktəbləri direktorunun 5 sentyabr 1905-ci il tarixli 2085 №-li sərəncamı ilə Poylu məktəbinə nəzarətçi ("smotritel”) vəzifəsinə təyin edilmişdir. Poylu məktəbində müəllim işlədiyi müddətdə xeyli çətinliklərlə qarşılaşmasına və ağır şəraitdə yaşamasına baxmayaraq, o, ruhdan düşməmiş və müəllimlik şərəfini daim uca tutmuşdur. Arxiv sənədlərindən əldə edilmiş məlumatlara əsasən, Qafqaz Tədris Dairəsi Popeçitelinin 30 may 1906-cı tarixli təklifi ilə H.K.Sanılı 1906-cı ilin fevral ayından etibarən Daşkəsəmən normal məktəbinə ikinci müəllim təyin edilmişdir. H.K.Saniyev Qafqaz Tədris Dairəsi Qəyyumunun 30 may 1906-cı il tarixli 7900 №-li göstərişi ilə Dağkəsəmən məktəbindən Gorusa göndərilmiş Saruxanyanın yerinə müəllim təyin edilmişdir. H.K.Sanılı Daşkəsəmən məktəbində rus dili müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirmişdi. O, həmin dövrdə sahibsiz və yetim qalmış uşaqların qayğısına qalmaqla, maarif və mədəniyyəti yaymaqla, həmçinin Azərbaycan dili və ədəbiyyatını, rus dili və ədəbiyyatını təbliğ etməklə böyük xidmətlər göstərmişdir. Xalqını elmli, azad, müstəqil görmək arzusunda olan H.K. Sanılı, ictimai-siyasi fəaliyyətə qoşulmuş, milli şüurun oyanması prosesində yaxından iştirak etmişdir.
O, milli şüurun inkişafının nəticələrindən biri kimi yaradılmış "Müdafiə” partiyasının üzvü olmuşdur. Qeyd edirik ki, 1905-1906 və 1911-ci illərdə bir-birinin ardınca "Qeyrət”, “Difai”, "Müdafiə”, "Musavat” partiyaları yaradılmış və milli hərəkat gücləndirilmişdir. Bu partiyalar müsəlmanlar arasında maarif və mədəniyyətin yayılmasını və onların hüquq və mənafelərinin müdafiə edilməsini əsas məqsəd və vəzifələrdən biri kimi irəli sürmüşdür. Üzvü olduğu partiya H.K.Saniyevin ictimai-siyasi baxışlarının inkişafında mühüm rol oynamışdır. Bu partiyanın mütərəqqi fəaliyyəti çar hakimiyyətinin diqqətini cəlb etmiş və tezliklə həmin partiyanın bir sıra üzvləri, o cümlədən H.K. Sanılı ciddi nəzarət altına götürülmüşdür.
Həmin dövrün bəzi idarə və şəxsləri tərəfindən. H.K. Sanılı haqqında həqiqətdən uzaq, saxta, iftira dolu məlumatlar toplanaraq yuxarı orqanlara göndərilmişdir. Nəticədə 1906-cı ildə siyasi baxışlarına görə H.K.Saniyev həbs edilmişdir. Öz dövrünün mütərəqqi ziyalısı F.b. Köçərli onun həbsini lənətləyərək 1906-cı ildə 37 №-li “İrşad” qəzetində yazdığı "El üçün ağlayan gözsüz qalar” adlı məqaləsində qeyd edirdi: "Paxıl, həsəd və iftira səbəbi ilə nahaq və biçərm məhbus olanlar Qazax mahalında cənab Ağabəy Qiyasbəyov və müəllim Hacı Kərim Saniyevdir... Bunları güdaza verən ancaq öz içimizdən törəyən xaric-məslək mürtədlər olubdur ki, divanbəyinin və uyezd naçalnikinin ətrafında quyruqlarını bulayıb dəyanət və rəzalətləri ucundan… millət xadimlərini bəd-fənayə verməyi özlərinə böyük hünər və qərəz bilirlər”.
1906-cı ilin sentyabrında Dağkəsəmən məktəbi yoxlanılarkən H.K. Saniyev haqqında yazılanların doğru olmadığı üzə çıxmışdır. Qafqaz tədris dairəsi direktorunun Yelizavetpol qubernatoruna göndərdiyi 30 yanvar 1907-ci il tarixli 273 №-li yazılı məlumatda qeyd edilirdi: "Əlahəzrətə məlum etməyi özümə borc bilirəm ki, mənim tərəfimdən tərtib edilmiş xasiyyətnamədən və həmçinin 22 mart 1906-cı ildən onun davranışından, 1906-cı ilin sentyabrındakı yoxlama nəticəsindən aydın olur ki, o, gözəl əxlaqi keyfiyyətlərə malikdir, rus dilini və mədəniyyətini xalqın arasında yayan ağıllı və çox lazımlı şəxsiyyətdir. Saniyevin vicdanlı fəaliyyəti nəticəsində Dağkəsəmən məktəbində müsəlman qızları rus dilini öyrənirlər”.
H.K.Sanılının rus dilini və ədəbiyyatını dərindən bilməsi yerli çar orqanları tərəfindən bəyənilir və bu, onların maraqlarına cavab verirdi. Yoxlamanın nəticəsində H.K.Saniyev həbsdən azad edilir. Həbsdən azad olduqdan sonra H.K. Saniyev pedaqoji fəaliyyətini davam etdirmişdir. O, daim öz xalqının yanında olmuş və onun dərdinə qalmış ziyalılardandır. Daşkəsəmən məktəbində özünün nümunəvi fəaliyyəti ilə qısa bir müddətdə ictimaiyyətin dərin hörmətini qazana bilmişdir.
1909-cu il oktyabrın 19-da mülki idarələr üzrə verilmiş əmrlə, H.K. Saniyev 5 oktyabr 1906-cı il tarixdən etibarən kollec qeydiyyatçısı vəzifəsinə keçirilmişdir. H.K.Saniyev Qafqaz Tədris Dairəsinin 13 may 1910-cu il tarixli göstərişinə əsasən, Sankt-Peterburq Müəllimlər İnstitutu nəzdində təşkil edilmiş əl əməyi kurslarına ezam edilmişdir. O, həmin kursu bitirdikdən sonra institutun direktoru A.Konstantinovski və müəllimlərdən M.Kareilinin imzası ilə vəsiqə əldə etmişdir. Vəsiqədə qeyd edilirdi ki, H.K.Saniyev təlim-tərbiyə predmeti kimi əl əməyi haqqında tarixi və nəzəri biliklərə yiyələnmişdir və ümumi təhsil məktəblərində tədrisə buraxıla bilər.
2 sinifli Dağkəsəmən məktəbinin müəllimi Hacı Kərim Saniyev 1914-cü il sentyabrın 2-də Yelizavetpol quberniyasının 2-ci rayonu üzrə xalq məktəbləri müfəttişinə ərizə ilə müraciət edərək ona Qazax şəhərində açılan ali-ibtidai məktəbdə rəsmxət və rəsm müəllimi vəzifəsinin verilməsini xahiş etmişdir. Yelizavetpol quberniyası xalq məktəbləri direktorunun 9 sentyabr 1914-cü il tarixli 8942 №-li qərarı ilə H.K.Saniyev Qazax ali-ibtidai məktəbinə qrafik incəsənət müəlliminin vəzifələrini icra edən təyin edilmişdir. H.K. Saniyevin pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş və o, 1912-ci il dekabrın 6-da xüsusi əmək və xidmətlərinə görə, 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilmişdir. Yelizavetpol quberniyası xalq məktəbləri direktorunun 19 sentyabr 1914-cü il tarixli 8942 №-li qərarı ilə H.K.Sanılı Qazax ali-ibtidai məktəbində qrafik incəsənət üzrə müəllim vəzifəsinin icraçısı təyin edilmişdir. Qazax ali-ibtidai məktəbin müfəttişi H. Xundadzenin Qafqaz Tədris Dairəsinin idarə edilməsi üzrə komissarlığa göndərdiyi 4 iyun 1917-ci il tarixli 255 №-li məktubda qeyd edilirdi: "Mənə tapşırılmış məktəbdə H.K.Sanıyevin ərizəsini təqdim edərək bildirirəm ki, o, 1914-cü il sentyabrın 1-dən etibarən qrafik müəllimi vəzifəsinin icra edilməsinə buraxılmışdır. 1915-ci ilin sentyabrında müəllim Q.İ.Şaroqradskinin məşğələ üçün xalq məktəbləri direksiyasına ezam edildikdən sonra Saniyevin müəllim Şaroqradskinin müavini olmasına icazə verilməsi haqqında mənim xalq məktəbləri direktoru qarşısında etdiyim təklif qəbul edilmiş və o vaxtdan bu günədək Saniyev ona həvalə edilmiş vəzifəni son dərəcə vicdanla yerinə yetirir. Bunu nəzərə alaraq onun mənə həvalə edilmiş məktəbdə müəllim təyin edilməsi haqqında cari tədris ilində mənim tərəfimdən yenidən direktor qarşısında təklif irəli sürüldü. Təklifimə cavab olaraq 27 sentyabr tarixli 4103 №-li sərəncamla Saniyev Qazax ali-ibtidai məktəbində müəllim vəzifəsini icra edən təyin olunmuş və ali-ibtidai məktəbdə müəllim adına dair şəhadətnamə təqdim edildikdən sonra həmin vəzifəyə təsdiq olunacaqdır.
Yuxarıda qeyd olunanlar haqqında məlumat verərək mən öz tərəfimdən komissariatdan xahiş edirəm ki, qeyd olunan şəhadətnamənin təqdim olunmasını gözləməyərək, Saniyevi tutduğu vəzifəsinə təsdiq edəsiniz”.
Yelizavetpol quberniyası xalq məktəbləri direktorunun 27 sentyabr 1917-ci il tarixli 4103 №-li qərarı ilə H.K. Saniyev Qazax ali-ibtidai məktəbində müəllim vəzifəsini icra edən təyin edilmişdir.
H.K.Saniyev 1917-ci ildə "Hümmət” partiyasına daxil olmuşdur. O, 1918-ci ildə həbs olunur və beş ay müddətdən sonra buraxılır. O, xalqını həmişə azad, elmli və mədəni görmək istəmiş, öz xalqını, ədəbiyyatını və dilini sevən insan olmuşdur. Bu, onun bir sıra şerlərində də öz əksini tapmışdır. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olduğu dövrdə çap etdirdiyi "Yeni Şərqilər" kitabçası ilk dəfə 1919-cu ildə "Elektrik Novruz" mətbəəsində çap olunmuşdur. "Yeni şərqilər" kitabçası yazılmış 14 kiçik əsərdən - şeirdən ibarətdir. "Yeni şərqilər" kitabçasının H.K.Sanılının yaradıcılığının birinci dövrünə aid olduğunu söyləmək mümkündür. "Yeni şərqilər” kitabçasına daxil edilmiş "Qabaq sözü” adlı şeir-əsərdə qeyd edilirdi:
Söylədiyim Azərbaycan dilidir,
Mən dərdiyim vətənimin gülüdür.
Bu çaldığım el sazının telidir,
Gərək səsi ürəkləri oynada.
Gah ərəbin, gah da farsın dilində,
Gah onların, gah da rusun dilində,
Danışardı özgəsinin dilində.
Öz dilini yanılmışdı dünyada.
Aşıq bunu çalacaqdır ellərdə,
Çoban çoluq oxuyacaq çöllərdə.
İnandığım budur, gəzə dillərdə
Çağıralar onu bağda-bağçada.
Bundan belə təzə yollar açılar,
O yollara əlvan çiçək saçılar.
Özgə şivə, özgə sözdən qaçılar,
Daha bir də biz uymarıq bir yada.
Mən bilirəm eşidəndə bu dili,
Çırpınacaq Azərbaycan bülbülü.
Dindirəcək öz dilində o gülü,
Açılacaq şirin söhbət ortada.
Hacı Kərim Sanılı ayrı-ayrı vaxtlarda iki dəfə həbs olmasına baxmayaraq, siyasi fəaliyyətini davam etdirmişdir.
H.K. Sanılı 1908-ci ildə ailə həyatı qurmuşdur. O, 1908-ci il yanvarın 6-da Xuraman xanım Axund Nağı qızı Qanizadə ilə nikah bağlayaraq evlənmişdir. Həmin nikahdan onun iki oğlu və iki qızı olmuşdur. Oğlu İslam 2 iyun 1910-cu ildə, digər oğlu Bəhram isə 27 aprel 1912-ci ildə anadan olmuşdur. Qızı Zəkiyə 16 yanvar 1914-cü, Lətifə isə 6 yanvar 1916-cı ildə dünyaya gəlmişdir.
XX əsrin əvvəllərində Azərbaycan ziyalıları qarşısında duran əsas məsələlərdən biri də milli məktəb və təhsilin yaradılması olmuşdur. Bununla bağlı uşaq ədəbiyyatı və dərs vəsaitlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edirdi. Bu dövrdə yazıda ərəb əlifbasından istifadə edirdi ki, bu da tədrisdə müəyyən çətinliklər törədir, ana dilinin öyrənilməsində çətinliklər yaradırdı. Dövrün qabaqcıl ziyalıları dərsliklərin və uşaq ədəbiyyatının yaradılmasında böyük həvəslə çalışırdılar. 1901-ci ildə R.Əfəndiyevin "Bəsirət-ül- əffal”, 1907-ci ildə S.S.Axundov, F.Ağayev, A. Şaiq, Ə. Əfəndiyev " İkinci il”, 1909-cu ildə M.Mahmudbəyov və A.Səhhət "Üçüncü il” dərsliklərini, 1910-cu ildə A.Şaiq "Uşaq gözlüyünü”, 1912-ci ildə F.b. Köçərli "Balalara hədiyyə” müntəxəbatını nəşr etdirdilər. Azərbaycan ziyalıları, müəllim və pedaqoqları təhsilin ana dilində aparılması, yeni məktəblərin yaradılması və yeni əlifba uğrunda mübarizəyə qoşulmuşdular. Yeni məktəblərin yaradılması və yeni əlifba uğrunda mübarizədə H.Zərdabi, M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, N. Nərimonov, F.b.Köçərli, S.M. Qənizadə, N.b.Vəzirov, Ü.b.Hacıbəyov, Ə.b.Hüseynzadə, C.Məmmədquluzadə müxtəlif cərəyanları təmsil etməsinə baxmayaraq, milli mənafe uğrunda eyni platformada dayanırdılar. H.K.Saniyev Oktyabr inqilabından sonra Bakıya gəlir. Savadsızlığın ləğvi uğrunda fəaliyyət göstərir. Yeni əlifba komitəsinin işində, yeni tədris proqramı və dərsliklərin yaradılmasında fəal iştirak edir H.K.Sanılının pedaqoji tarixində ən böyük xidmətlərindən biri də yüksək keyfiyyətli dərsliklər tərtib etməsi olmuşdur. Onun latın qrafikası ilə "Böyüklər üçün əlifba kitabı” (1924), "Türk əlifbası” (1927,1930), Ə.Seyidovla birlikdə tərtib etdiyi "Türk əlifbası” (1930), Ö.F. Nemanzadə və A. Axundovla birlikdə hazırladığı "Üçüncü il” (1927, 1929, 1930) adlı dərslikləri dəyərlidir. H.K.Saniyev vətən övladlarının əxlaqlı və namuslu, hərtərəfli biliyə malik şəxslər kimi yetişməsi üçün əlindən gələni etmiş, yaradıcılıqla məşğul olmuşdur. O, 1927-ci ildə əxlaqi, təlim-tərbiyəvi gücə malik “Kəndimiz və aran qöçü”, ”Dəli öküz”, “Turut qaçaqları”, “Meymun və ilan”, "Namus davası” və b. tarixi hekayə və poemalar yazır.
H.K.Saniyev 1930-cu illərdən başlayaraq "qolçomaq”, "sinfi düşmən” və digər ifadələrlə ləkələnməyə başlanmış və 1931-ci ildən etibarən ədalətsiz olaraq dərsliklərin hazırlanması işindən uzaqlaşdırılmışdır. H.K.Saniyev (Sanılı) 1929-1931-ci illərdə Azərbaycan Politexnik İnstitutunda dərs demişdir. O, 1933-1935-ci illərdə Azərbaycan Kooperativ Məktəblər Birliyində dərs hissə müdiri olmuşdur. Ömrünün axırına kimi burada işləməklə yanaşı, eyni zamanda 1930-1936-cı illərdə Azərbaycan Kooperasiya İnstitutunun fəhlə fakültəsində, 1935-1936-cı illərdə Sovet Ticarəti Texnikumunda Azərbaycan dilindən, 1936-1937-ci tədris ilində Bakının 25 №-li orta məktəbində rus dilindən dərs demişdir. H.K. Sanılının pedaqoji ideyaları içərisində ən vacib yeri insanların əmək tərbiyəsi məsələsi tuturdu. O, şagirdləri əməyə, yaradıcı əməyə dəvət edir və zəhmətlə yaşamağa çağırırdı. Sanılı “İşçi mahnısı”, "Zərbəçi qızlar”, “Əkinçi”, ”İşçi qadın və xanım”, "Çadra əsirləri” və b. şerlərində, "Namus davası”, "Zülmün sonu” poemalarında və tərtib etdiyi dərsliklərdə qadın azadlığı və təhsili məsələlərinə geniş toxunmuş, onların təhsil-tərbiyəsi, hüquqlarının qorunması məsələlərini ön cərgəyə çəkmişdir. H.K. Sanılı ölkədə məktəb şəbəkəsinin zəifliyini ciddi tənqid etmiş, bununla bağlı çar hakimiyyətinin laqeydliyini kəskin pisləmiş, yeni məktəblərin tikilməsinə şəxsi təşəbbüs göstərmişdir. O, məktəbi cəhalət və nadanlıqdan xilas yolu hesab edərək məktəblərə ümumxalq qayğısının vacib olduğunu hesab etmişdir. H.K.Sanılı dərsliklərin sadə, başa düşülən tərzdə yazılmasını vacib saymışdır.
1937-ci ildə ölkəni bürümüş qırmızı terror xalqımızın bir sıra dəyərli oğullarının, o cümlədən H.K. Saniyevin başının üstünü alır. Dəhşətli repressiyanın növbəti qurbanı H.K. Saniyev (Sanılı) olur.
Hacı Kərim Saniyevin milli təhsil tariximizdəki xidmətlərini nəzərə alaraq, Qazax rayonunda kənd məktəblərinin birinə onun adı verilsəydi, bunu ədalətli bir addım kimi qiymətləndirmək olardı.
Foto Azərbaycan Respublikasının Kino-Foto Sənədlər Arxivindəndir.
Rafiq Səfərov
Milli Arxiv İdarəsinin baş məsləhətçisi
Bugün: | 273 |
Dünən: | 774 |
Bu həftə: | 5642 |
Son həftə: | 6350 |
Bu Ay: | 18351 |
Son Ay: | 25108 |
Bu İl: | 284500 |
Ümumi: | 1304921 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az