Qocaman tarzən Bəhram Mansurov Azərbaycan tar ifaçılığı sənətinə adını əbədi olaraq qızıl hərflərlə yazmış sənətkarlarımızdandır.Onun milli musiqimizin şahı olan muğamın dünya miqyasında tanınmasında danılmaz xidmətlərini heç vaxt unutmamalıyıq. Bakının ziyalı bəy ailəsində dünyaya gəlmiş unudulmaz sənətkar neçə-neçə tanınmış xanəndə və tarzənin müəllimi, onların milli musiqi sənətində keçəcəkləri keşməkeşli yolda rəhbəri olmuşdur.
Görkəmli tar ustasının S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunan sənədlərində kiçik bir araşdırma apardıqda onun neçə-neçə tanınmış şəxsiyyətlərlə, böyük sənətkarlarla çiyin-çiyinə çalışdığına, mehriban dostluq münasibəti saxladığına və bu əsnada səmimi yazışmalarına şahid oluruq. Sözügedən arxivdə mühafizə edilən 650 saylı fondda (bu Bəhram Mansurovun arxiv sənədlərindən ibarət olan fondun nömrəsidir) böyük maraq kəsb edən şair Əliağa Bakirin tarzən dostuna göndərdiyi məktublar yer almışdır. Bu məktublar bayramlarda göndərilən təbrik açıqcaları və yazdığı qəzəllərdən ibarətdir. Həmin qəzəllərdən biri də şairin qocaman tarzənə 1977-ci ildə ithaf etdiyi qəzəl idi. Qəzəldə tarın incə tərifi fonunda Bəhram Mansurovun necə bir ustad tarzən olduğu bir daha bəyan edilir.
Dindirir tar, onun hökmilə kamança dil açır,
Etsə də bəmdə fəqan, hikməti-sirri zil açır.
Nə qədər güc var imiş tarda, bunu dərk elədim,
Elə bil bağ ilə gülşəndə dili bülbül açır.
Piri-Qurbanım olubdur ona ilk həmdəmi-can,
Bərəkət rəmzi deyərdim, elə bil sünbül açır.
Ona Bəhram verib öz eşqini də, qəlbini də,
Odlu mizrabı ilə köks-tarında gül açır.
Barmağın hikməti ilə o verib şerə qanad,
Çün həkimanadı mizrabı onun dil-dil açır.
Götürür gəncliyimiz qüdrəti-sirrin ondan,
Odu ustadı-zaman, pərdeyi-tardan tül açır.
Bakira, şahidi dövrümdə onun Bəhrami-kur,
Duymuşam mən bunu aləmdə ki, o müşkül açır.
Bəhram Mansurov Əliağa Bakir
Cavid MƏMMƏDLİ
S.Mümtaz adına ARDƏİA-nın
Sənədlərin istifadəsi və nəşri
şöbəsinin müdiri
Bugün: | 283 |
Dünən: | 774 |
Bu həftə: | 5652 |
Son həftə: | 6350 |
Bu Ay: | 18361 |
Son Ay: | 25108 |
Bu İl: | 284510 |
Ümumi: | 1304931 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az