Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Tarixdə iz qoyan şəxsiyyətlərdən - Kamal Talıbzadə - 100 il

Son Yenilənmə : 2023-09-05 11:28:11
Baxış sayı : 436

Azərbaycanda ədəbi tənqidin kökləri çox qədim zamanlara dayanır. Onun əsr yarımlıq yaşı vardır. Ədəbi-ictimai fikrimizin nəhənglərindən biri də – Kamal Talıbzadədir. Ədəbiyyatşünaslıq elminin bir çox istiqamətlərinin xüsusilə ədəbi tənqidin yaranması və inkişafında Kamal Talıbzadənin böyük rolu vardır. O, 1923-cü il avqust ayının 14-də Bakıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin ailəsində anadan olmuşdur. Ədibin hikmət dolu söhbətləri ilə püxtələşmişdir. Böyük ziyalılar nəslinin müəllimi sayılan Abdulla Şaiq həm də tənqidçi və ədəbiyyatşünas olmuşdur. Məhz onun tənqidi fikirləri atasının təsiri ilə formalaşıb. Insan genindən, soyundan tanınar deyərlər. Kamal Talıbzadədə olan müsbət cəhətlər məhz ona atasından irsən keçmişdir. O atasını həmişə belə xatırlayırdı: “Mənim xəyalımda, düşüüncəmdə elə bil indi də canlıdır, məsləhətləşir, yol göstərir, nəsihət verir”.

1930-cu ildə  orta məktəbə daxil olan Kamal Talıbzadə bir çox elm sahələrinə maraq göstərsə də, onun ədəbiyyata sevgisi sonsuz idi. Tələbəlik illərindən ədəbiyyatşünaslıq elminin cazibəsinə düşən Talıbzadə ilk tədqiqatları üzərində işləməyə başlayır. Onun “Fizuli şeirinin Azərbaycan romantiklərində əks sədası” adlı kurs işi romantizm mövzusunda yazdığı ilk qələm təcrübələrindəndir. O, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirdikdən sonra Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyətə başlamışdır. O vaxtdan bütün fəaliyyətini bu elm ocağına bağlayır. 1949-cu ildən İnsitutun baş elmi işçisi, 1952-ci ildən Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə layiq görülmüşdür. Gənc tədqiqatçı Kamal Talıbzadə çalışdığı illərdə ilk fundamental tədqiqat əsəri olan “Abbas Səhhətin həyat və yaradıcılığı mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Bu qiymətli tədqiqat əsərinə görə görkəmli elm xadimləri Səməd Vurğun, Mir Cəlal, Cəfər Xəndan və başqaları ədəbiyyatşünaslıq elmində onun fəaliyyətini yüksək qiymətləndirmişlər.              

Kamal Talıbzadə milli tənqidin tarixini yaratmaq istiqamətində də uzun araşdırmalar aparmışdır. O ömrünün on ildən artıq dövrünü bu işə həsr etmişdir. “XX əsr Azərbaycan ədəbi tənqidi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onun həmin dissertasiyada ədəbiyyatşünaslığın bu mühüm sahəsinə həssas münasibəti duyulur. Fikrincə, tənqidçi obyektiv, prinsipial və ən başlıcası cəsarətli olmalı, həyat hadisələrinin mahiyyətinə varmalıdır. Bütün bu detallar hamısı onun məqalə, çıxış və məruzələrində öz əksini tapmışdır. Həmçinin  yaradıcılığında Məmməd Arifə, Mirzə İbrahimova, Cəfər Xəndana, Nəbi Xəzriyə həsr etdiyi portret oçerkləri də diqqəti cəlb edir.                     

  Kamal Talıbzadənin 400-dən artıq məqaləsi ədəbiyyatımızın aktual məsələrindən bəhs edir. 70-ci illərdə çap olunan “Ədəbi irs və varislər”, “Sənətkarın şəxsiyyəti”, “Tənqid və tənqidçilər” və başqa kitablarında isə dövrün əsas hadisələrini əks etdirir. Onun bu kitablarında ədəbi tənqidin inkişafında xüsusi rolu olmuşdur. Arif Ərdəbili, Saib Təbrizi, Firudin bəy Köçərli, Seyid Hüseyn və digər ədiblərin maraq doğuran məqalə və tədqiqatları öz əksini tapmışdır. Hələ çox gənc olan Talıbzadə ilk növbədə öz tədqiqatçı cəsarəti və müraciət etdiyi mövzuları ilə nüfuzlu elm xadimlərinin diqqətini çəkmişdir. Onun elmi fəaliyyətinin ən qızğın vaxtı Sovet dövrünün 80-ci illərinə təsadüf edir və diqqəti cəlb edir. Mötəbər fəxri adlar, yüksək titullar, mükafatlar alması məhz həmin dövrə təsadüf edir. O, 1980-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1982-ci ildə “Əməkdar Maarif xadimi”, 1986-cı ildə “Azərbaycan Dövlət mükafatı laueratı”, 1998-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Onun yaradıcılığı, elmi təşkilatçılığı hər zaman dövlətin diqqət mərkəzində olmuş və layiqincə qiymətləndirilmişdir. Hal-hazırda isə görkəmli tənqidçinin sənədləri Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 45 №-li fondda mühafizə edilir. Arxivə daxil olan sənədlər arasında onun əlyazmaları, məktubları, fotoşəkilləri, topladığı sənədlər üstünlük təşkil edir. Kamal Talıbzadənin 100 illik yubileyi respublikanın elm və təhsil ocaqlarında təntənə ilə qeyd edilmişdir. O, milli ədəbi tənqid tariximizin salnaməsi yaradan nüfuzlu  tədqiqatçılardan olmuşdur. Akademik hər zaman öz səmimiliyi, böyüklüyü ilə seçilmiş, gördüyü işlərlə zamanın tələbi ilə hesablaşmışdır. O ömrünün son illərində ən çox  Abdulla Şaiqin ev muzeyi və ədəbi-bədii irsi ilə məşğul olmuşdur. Görkəmli alim 19 yanvar 2006-cı ildə 82 yaşında dünyasını dəyişmişdir.

Məqalədə Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən 45  №-li fondun materiallarından istifadə edilmişdir.

 

Gülnar Şərifova

ARDƏİA, aparıcı arxeoqraf

 



Bugün: 325
Dünən: 774
Bu həftə: 5694
Son həftə: 6350
Bu Ay: 18403
Son Ay: 25108
Bu İl: 284553
Ümumi: 1304974
1304974