Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Tarixin zülmətləri içində incilər arayan alim - Həmid Araslı

Son Yenilənmə : 2019-02-20 10:53:12
Baxış sayı : 799

          Həmid Araslı Azərbaycan elmində böyük xidmətləri və öz səsi-sözü, dəsti-xətti olan görkəmli alimlərimizdəndir. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində apardığı sanballı tədqiqat işləri ilə öncül mövqeyə sahib olmuş akademik Həmid Araslı çoxşaxəli araşdırmaları ilə ədəbiyyatşünaslığımızın inkişafına böyük töhfələr vermişdir.

       1909-cu il fevral ayının 23-də Gəncə şəhərində dünyaya göz açan Həmid Hacı Məmmədtağı oğlu Araslı ilk təhsilini Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə almağa başlamış,  daha sonra Gəncə Darülmüəllimi Seminariyasında oxumağa davam etmişdir. 1929-cu ildə Bakıya gələrək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə, 1932-ci ildə isə aspiranturaya daxil olur,eyni zamanda SSRİ EA-nın Azərbaycan filialının nəzdindəki kitabxananın şərq şöbəsində müdir işləyir. Həmin illərdə şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi mühüm bir işə başlayır və tezliklə yaratdığı fondun direktoru olur. O, həmçinin, Nizami adına Ədəbiyyat və Dil İnstitutunda müxtəlif şöbələrə rəhbərlik etmiş, 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur. 1954-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək professor adını alır.

     Alimin tərcümeyi-halından da göründüyü kimi, Gəncə mədrəsəsində təhsil alması, ərəb və fars dillərini mükəmməl öyrənməsi, orta əsrlər ədəbiyyatımızı bu dillərlə canlı təmasda, üzvi əlaqədə öyrənməyin labüdlüyünü dərk etməsi böyük fenomenin ilk yaranma səbəblərindən olmuşdur. Çünki ərəb və fars dillərini bilmədən Xaqani, Məhsəti, Nizami kimi farsca yazan şairlərimizin irsi bir yana, heç Nəsimi və Füzuli kimi ana dilimizdə, o zamankı ədəbi dilimizdə yazanların da poetik dünyasının dərinliyinə gedib, onları açmaq mümkün olmazdı.Qətran Təbrizi , Xaqani Şirvani, Məhsəti Gəncəvi, Marağalı Əvhədi, Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai kimi klassiklərin yaradıcılığını ilk mənbələr əsasında araşdırıb ədəbiyyat tarixində mövqelərini müəyyən edən görkəmli mütəxəssis  - akademik Həmid Araslı idi. Bu sənətkarların bir çoxunun əsərlərinin ilk nəşri üçün də biz Həmid Araslıya borcluyuq.

       Azərbaycanda Nizami Gəncəvi haqqında ilk araşdırma aparan, onu təbliğ edən, şairin türk olduğunu sübut edən alim akademik Həmid Araslıdır.  O, Nizamini Yaxın Şərq ədəbiyyatında müharibələr əleyhinə çıxan, insanları dinc, müharibəsiz, mehriban yaşamağa dəvət edən, həmçinin müsbət qadın obrazları yaratmış  ilk sənətkar kimi xarakterizə edir. Böyük alim “Xəmsə”də 100-ə qədərtürk sözləri olduğunu və Azərbaycan atalar sözlərindən istifadə olunduğunu arayıb tapmış, bununla da Nizaminin türk olmasına dair şübhələri alt-üst etmişdir.

       Ana dilli şeirimizin peyğəmbəri Füzuli haqqında da ilk böyük tədqiqat əsərini Həmid Araslı yazıb nəşr etdirmişdir.

     Lakin şərq dillərini yaxşı bilməsi vaxtilə onun üçün böyük başağrısına da səbəb olmuşdu. Yaratdığı Şərq Əlyazmaları fonduna görə 1937-ci ildə “sovet ideologiyasına zidd əlyazmaları və köhnə kitabları topladığı və saxladığı üçün” işdən azad edilmiş və komsomol sıralarından xaric olunmuşdu.

       Həmid Araslı hər şeydən əvvəl böyük ədəbiyyat tarixçisi idi. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması H.Araslının adı ilə bağlıdır. 1943-1944-cü illərdə 2 cilddə “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”, 1957-1960-cı illərdə 3 cilddə “Azərbaycan ədəbiyyatı tarixi”nin yazılmasında akademikin rolu əvəzsizdir. Hər iki nəşrin I cildləri üçün VIII əsrdən XVIII əsrədək 1000 illik bütöv bir epoxanın Azərbaycan ədəbiyyatına dair aparıcı, ümumiləşdirici elmi oçerkləri akademik Həmid Araslı yazmışdı. Bu əsərlər öz yüksək elmi qiymətini indi də qoruyub saxlayır. Həmid müəllim on illər boyu haqlı olaraq Azərbaycanda ədəbiyyat tarixçiliyinin çox mötəbər patriarxı kimi şərəfləndirilmiş, ədəbiyyat tariximizə aidbir çox dərsliklərin yazılması ona həvalə edilmişdir.

     “Kitabi Dədə Qorqud” dastanının taleyində isə Həmid müəllimin tarixi xidmətləri ölçüyəgəlməzdir. O, “Dədə Qorqud” boylarını 30-cu illərin əvvəllərində öyrənməyə başlamış, eposu 1939-cu ildə latın qrafikalı əlifba ilə çap etdirmişdir. H.Araslı eposa bir Azəbaycan ədəbi abidəsi kimi yanaşmış, eposun dilinin məhz Azərbaycan dili qanun-qaydalarına daha çox uyğun gəldiyini elmi əsaslarla sübut etmiş,buna görə o vaxtlar haqsız tənqid və təqiblərə məruz qalmışdı. Belə ki, həmindövrdə“Dədə Qorqud” boylarına millətçilik damğası vurulmuş,epos milli folklorumuz,  mədəniyyətimiz üçün yad bir əsər elan olunmuşdu. Professor Həmid Araslı isə bu ədalətsiz qərara qarşı etirazını bildirmiş, üstəlik dastanla bağlı araşdırmalarını davam etdirərəksonrakı illərdə onu düzəliş və təshihlərlə dəfələrlə nəşr etdirmişdir.

     Professor Həmid Araslı “Koroğlu”, “Şah İsmayıl”, “Əsli və Kərəm”, “Aşıq Qərib” kimi dastanlarımızın araşdırılmasında da fədakarlıq göstərmiş, həmçinin, sovet dövründəyaranmış, müasir həyatın yeniliklərini əks etdirən yeni dastanları da tədqiq etmişdir.

       H.Araslı şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini də tədqiq etmiş, orta əsrlər Azərbaycan ədəbi əlaqələrini araşdırmışdır.

     Görkəmli ədəbiyyatşünas alim, tənqidçi, H.Araslının tələbəsi olmuş Əziz Mirəhmədov müəlliminə yeni ad alması münasibətilə göndərdiyi təbrik məktubunda yazırdı: “Əziz müəllimim!Tarixin zülmətləri içindən çıxardığınız sənət inciləri üçün ellər Sizə həmişə minnətdar olacaq”.

      Doğrudan da, nə qədər ki, Azərbaycan ədəbiyyatı və elmimizdə ədəbiyyat tarixi məsələsi var, o qədər də akademik Həmid Araslı yaşayacaq.

         Məqalənin hazırlanmasında 70, 368, 386, 724 nömrəli fondların sənədlərindən istifadə olunmuşdur.

 

Xatirə QƏDİROVA

                                                                                                                   S.Mümtaz adına Dövlət Ədəbiyyat  və İncəsənət

arxivinin aparıcı arxeoqrafı 



Bugün: 448
Dünən: 592
Bu həftə: 1040
Son həftə: 2036
Bu Ay: 7148
Son Ay: 11881
Bu İl: 96577
Ümumi: 209196
209196