H.Z.Tağıyevin Lifli maddələrin emalı səhmdar cəmiyyəti nəzdindəki oğlan və qızlar üçün birsinifli ibtidai məktəbinin tatar(Azərbaycan dili və şəriət müəlliməsi) Törə Məşədi Rəsul qızı Zamanovanın pedaqoji fəaliyyəti haqqında bəzi qeydlər.
Azərbaycanın təhsil tarixində müəyyən rolu və xidməti olmuş, lakin haqqında bu günədək heç bir məlumat dərc edilməyən növbəti qadın pedaqoqlardın biri də Törə Məşədi Rəsul qızı Zamanovadır. Pedaqoq Törə Məşədi Rəsul qızı Zamanova haqqında nə ensiklopediyalarda, nə də ki, digər kütləvi nəşrlərdə, hətta internet saytlarında, vikipediyada hər hansı bir məlumat aşkar etmək mümkün deyildir. Bu qadın pedaqoqun fəaliyyəti bu günədək öyrənilməmiş və cəmiyyətimizə tanıdılmamışdır. Düşünürəm ki, Azərbaycanda savadsızlığın aradan qaldırılmasında, məktəb-təhsil işinin yayılmasında rolu və xidməti olmuş pedaqoqların fəaliyyəti öyrənilərək cəmiyyətimizə tanıdılmalıdır. Pedaqoq Törə Məşədi Rəsul qızı Zamanova Azərbaycanda neft sənayesinin inkişafında xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadım H.Z.Tağıyevin Bakı şəhərində təsis etdiyi Aleksandrinski, eləcədə Mariyin məktəbinin kurslarını bitirmişdir. Xatırladıram ki, Azərbaycanda milli ziyalı qadın təbəqəsinin yaranmasında, dünyəvi qadın təhsilinin inkişafında, Azərbaycan qadınının dünyavi təhsil almasında H.Z.Tağıyevin təşkil etdiyi ilk müsəlman qız məktəbinin əhəmiyyətli xidmətləri olmuşdur. Bu məktəbi bitirmiş onlarla azərbaycanlı qızlar, o cümlədən Səidə xanım Şeyxzadə , Mina xanım Aslanova, Musabəyova Ayna, Sultanova Fatma, Bayraməlibəyova Maral, Axundova Xeyransa, Axundova Sona, Nərimanova Nabat və onlarca digər qadın-pedaqoqlar sonrakı dövrlərdə, xüsusilə müstəqillik illərində millətimizin mədəni tərəqqisində, Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak etmişdilər.
H.Z.Tağıyevin müsəlman qızlar üçün təsis etdiyi Aleksandrinski qadın məktəbinin , həmçinin Mariyin məktəbinin kurslarını bitirmiş Törə xanım Zamanova 1915-ci il sentyabrın 1-də Hacı Zeynalabdin Tağıyevə ərizə ilə müraciət edərək ona fabrika nəzdində təsis edilmiş həmin məktəbdə tatar(Azərbaycan dili) müəlliməsi vakant yerinin verilməsini xahiş etmişdir. Törə xanım Zamanova eyni məzmunlu ərizə ilə 1915-ci il sentyabrın 1-də həmçinin Bakı quberniyası və Dağıstan Vilayətinin xalq məktəbləri müfəttişinə də müraciət etmişdir.
Törə xanım Zamanova istər H.Z. Tağıyevə, istərsə də Bakı quberniyası və Dağıstan Vilayətinin xalq məktəbləri müfəttişinə ünvanladığı ərizələrində sənədlərinin Aleksandrinski məktəbinin dəftərxanasında olduğunu qeyd edirdi. Törə xanım Zamanovanın H.Z. Tağıyevə ünvanladığı ərizəsinin dərkənarında məktəbin müdirəsi Vera Stefanovskaya tərəfindən aşağıdakılar qeyd edilmişdir:” Hacı göstəriş vermişdir ki, Törə Zamanova tatar (Azərbaycan dili) müəlliməsi kimi qəbul edilsin” Daha sonra məktəbin müdirəsi Vera Stefanovskayanın 3 sentyabr 1915-ci il tarixdə Törə xanım Zamanovaya ünvanladığı məktubda qeyd edilirdi:” Lütfkar məlikə, məlumat verirəm ki, siz sentyabrın 1-dən etibarən Lifli maddələrin emalı səhmdar cəmiyyəti nəzdindəki birsinifli məktəbə tatar azərbaycan dili və şəriət müəlliməsinin vəzifələrini icra edən təyin edilirsiniz. Təxirə salınmadan qulluq yerinə gəlməyinizi təklif edirəm.”
Müvafiq arxiv sənədlərində təəssüflər olsun ki, Törə Zamanovanın avtobioqrafik məlumatları aşkar edilməmişdir. Ona görə də onun avtobiaqrafiyası haqqında hər hansı bir məlumat vermək çətindir. Lakin Törə xanım Zamanovanın doğum tarixini Bakı Quberniyası və Dağıstan vilayətinin Xalq Məktəbləri Direktorunun Xalq Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M. Qəniyevə 22 sentyabr 1915-ci il tarixdə göndərdiyi məktubla təqribən müəyyən etmək mümkündür. Belə ki, həmin məktubda Bakı Quberniyası və Dağıstan vilayətinin Xalq Məktəbləri Direktoru qeyd edirdi:” Aleksandrinski məktəbinin kurslarını bitirmiş Zamanova mənim yanımda olarkən bildirmişdi ki, onun heç on altı yaşı yoxdur.Buna görə də o müəllimə vəzifəsini icra edən təyin edilə bilməz və yalnız məktəbdə dərslərə ezam edilə bilər. Bunu sizə binagüzarlıq üçün bildirirəm.”
Törə xanım Zamanovanın döğum tarixini təsdiq edən və yaxud bu barədə məlumat verən digər hər hansı bir sənəd yoxdursa, bu məlumata əsaslanaraq qeyd etmək olar ki, Törə xanım təxminən 1899-1900-cü illərdə anadan olmuşdur. Bakı quberniyası və Dağıstan Vilayətinin xalq məktəbləri müfəttişinin H.Z.Tağıyevin fabrikasının nəzdindəki məktəbin müdirinə göndərdiyi 3 sentyabr 1915-ci il tarixli məktubda Törə xanım Zamanovanın Bakı Aleksandrinski və Mariyin məktəblərinin kurslarını bitirdiyi haqqında məlumat qeyd edilmişdir.
Xalq Maarif Nazirliyinin Xalq Maarifi Departamenti hərbi xidmətə çağırılanların əvəz edilməsinə dair görüləcək tədbirlər haqqında hazırladığı sirkulyarı 1915-ci il sentyabrın 11-də Xalq məktəblərinin direktorlarına göndərmişdir. Həmin sirkulyarda o cümlədən qeyd edilirdi:”... əvvəllər ibtidai məktəblərdən hərbiyəyə çağırılanların böyük əksəriyyətinin hərbi hissələrdə saxlanılması, həmçinin hərbi xidmətə yeni könüllü kontingentinin cəlb edilməsi məktəblərin doğru fəaliyyətini təmin etmək üçün bizdən hərbiyəyə çağırılanları əvəz edə biləcək hazırlıqlı şəxslərin axtarıb tapılması və onların əvəz edilməsi işlərinə qayğı ilə yanaşılmasını tələb edir.Yuxarıda qeyd olunanları nəzərə alaraq Departament sizlərdən xahiş edir ki, hərbi xidmətə çağırılanları və könüllərin yeni kontingentini əvəz edə biləcək şəxslərin işə cəlb edilməsi işinə diqqəti artırasınız.”
Çox güman ki, Xalq Maarif Nazirliyinin Xalq Maarifi Departamentinin hərbi xidmətə çağırılanların əvəz edilməsi üzrə görüləcək tədbirlər haqqında sirkulyarın tələblərinin yerinə yetirilməsi məqsədilə Törə xanımın 16 yaşı olmasına baxmayaraq məktəbə müəllimə kimi qəbul edilmişdir.Arxiv materialları təsdiq edir ki, Lifli maddələrin emalı səhmdar cəmiyyəti nəzdindəki birsinifli məktəbdə tatar- (Azərbaycan dili) və şəriət müəlliməsi vəzifəsində 11 sentyabr 1910-cu ildən 1 sentyabr 1915-ci ilədək Rza bəy Lətifbəyov olmuşdur. Rza bəy Lətifbəyov işdən azad olunması haqqında 5 sentyabr 1915-ci il tarixli ərizəsinə uyğun olaraq işdən azad edilmişdir. Onun yerinə 1 sentyabr 1915-ci ildən etibarən Törə xanım Zamanova təyin edilmişdir. Tarixdən məlumdur ki, Rusiya İmperiyasının ictimai- siyasi həyatı 1917-ci ildə baş vermiş müxtəlif çevriliş və inqilablarla müşaiyət olunmuşdur. Fevralın 27-də paytaxt Petroqradda baş vermiş fevral demokratik inqilabı fevralın 28-də inqilabın qələbəsi ilə nəticələndi. Bunula yanaşı Rusiyanın siyasi həyatındakı təlatümlər bitməyib davam edirdi. 1917-ci il oktyabrın 25-də Petroqradda bolşevik çevirilişi baş verdi. Rusiyanın paytaxtında baş vermiş inqilabi çevriliş Bakıya da təsirsiz ötüşmədi. Bakıda 1917-ci ilin martından - 1918-ci il iyulun 31-dək hakimiyyət orqanı olmuş Bakı sovetinin 25 aprel 1918-ci il tarixli qərarı ilə Bakı Soveti Xalq Komissarlığı tərkibində Xalq Maarif Komissarlığı yaradıldı. Bununla da Azərbaycanda məktəb işinin inkişafı, məktəb şəbəkəsinin genişləndirilməsi və s. məktəb-təhsil məsələləri Xalq Maarif Komissarlığının qarşısında duran məsələlərdən biri sayıldı.
H.Z.Tağıyevin Fabrikası nəzdindəki məktəbin müəlliməsi Törə Zamanova 14/27 may 1918-ci il tarixdə Bakı Soveti tərkibindəki Xalq Maarif Komissarlığına ərizə ilə müraciət etdi. Onun həmin ərizəsində qeyd edilirdi:” 1916-cı ildən etibarən mən Tağıyevin məktəbində müəlliməyəm.Komissariatın əmrinə əsaslanaraq bildirirəm ki, mən bundan sonra da həmin məktəbdə müəllimə olaraq qalıb işləmək istəyirəm. Xahiş edirəm məni adı çəkilən məktəbə müəllimə vəzifəsinə qəbul edəsiniz. Mənim bütün sənədlərim Xalq Məktəbləri Direksiyasındadır. Cari ildə mən heç yerə getməmişəm və getməyəcəyəm, Tağıyevin fabriki nəzdindəki öz evimdə qalacam. Əmrə uyğun olaraq məndən partiyadan vəsiqə tələb edilir ki, bunu da mən təqdim edə bilməyəcəyəm, çünki, heç bir siyasi partiyada işləməmişəm."
H.Z. Tağıyevin toxuma-əyirmə fabriki nəzdində yaradılmış məktəb həm oğlan, həm də qız uşaqları üçün nəzərdə tutulmuşdur. Həmin məktəbdə fabrikada çalışan fəhlələrin hər iki cinsdən olan övladları,həmçinin Əhmədli və Zığ kəndlərindən gələn uşaqlar təhsil alırdılar. Arxiv sənədləri təsdiq edir ki, H.Z. Tağıyevin fabriki nəzdində yaşlılar üçün də axşam kursları açılmışdır. H.Z. Tağıyevin Lifli maddələrin emalı Qafqaz səhmdar cəmiyyətinin direktoru 1916-cı il yanvarın 18-də Xalq Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M. Qəniyevə ərizə ilə müraciət edərək xalq məktəblərinin proqramları üzrə məktəbin binasında fəhlələr üçün axşam məşğələlərinin açılmasını xahiş etmişdir. Bakı Quberniyası və Dağıstan vilayətinin Xalq Məktəbləri Direktorunun 1916-cı il fevralın 25-də Xalq Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M. Qəniyevə göndərdiyi 2093 saylı məktubda qeyd edilirdi ki, həmin məşğələlərdə pedaqoji fəaliyyəti şəhər məktəbinin kursunu bitirmiş Abdullayev Mir Məcid tərəfindən həyata keçiriləcəkdir. Gələn tədris ilindən etibarən isə yaşlılarla məşğələlərin aparılması üçün daha münasib şəxsin axtarəb tapılması mənim tərəfimdən təklif edilmişdir. Həmin dövrdə fabrika nəzdindəki məktəbin müdirəsi xanım M.Reyn olmuşdur.
Azərbaycanda savadsızlığın aradan qaldırılmasında, ölkəmizdə təhsilin və məktəb işinin inkişaf etdirilməsində rolu və xidməti olmuş hər bir müəllim və pedaqoqun zəhmətləri xalqımız tərəfindən unudulmur və daim yüksək qiymətləndirilir. Törə xanım Zamanovanın da ölkəmizdə savadsızlığın aradan qaldırılmasında, uşaqların təhsil ocağı olan məktəblərə cəlb edilməsində və onlara dünyavi təhsil verilməsindəki xidmətləri böyük hörmət və ehtiramla bu gün də anılır. Zəngin arxiv materialları içərisindən Törə xanım Zamanovanın pedaqoji fəaliyyətini əks etdirən sənədlərin araşdırılaraq tapəlması və həmin sənədlər əsasında onun pedaqoji fəaliyyətinə dair bu məqalənin yazılması onun xatirəsinə hörmət və ehtiramla yanaşılmasının bariz nümunəsi kimi qəbul etmək mümkündür.
İSTİFADƏ EDİLMİŞ MƏNBƏLƏRİN SİYAHISI:
ARDTA,f.309,siy.4.iş.378.v.1
ARDTA,f.309,siy.4.iş.378.v.2
ARDTA,f.309,siy.4.iş.378.v.1;2.
ARDTA,f.309,siy.4.iş.378.v.1
Yenə orada
ARDTA,f.309,siy.4.iş.378.v.7
ARDTA,f.309,siy.4.iş.378.v.6
ARDTA,f.309,siy.1.iş.814.v.32
ARDTA,f.309,siy.4.iş.378.v.6
ARDTA,f.309,siy.4.iş.378.v.3
ARDTA,f.309,siy.1.iş.814.v.38
Yenə orada
Rafiq Səfərov
Milli Arxiv İdarəsinin
Arxiv sənədlərinin nəşri, istifadəsi və
informasiya təminatı şöbəsinin baş məsləhətçisi
Bugün: | 676 |
Dünən: | 740 |
Bu həftə: | 2928 |
Son həftə: | 6066 |
Bu Ay: | 16824 |
Son Ay: | 28223 |
Bu İl: | 257865 |
Ümumi: | 1278286 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az