1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk demokratik və yeganə parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və İstiqlal Bəyannaməsinin elan edilməsi xalqımızın böyük tarixi nailiyyəti idi. Azərbaycan xalqı özünün çoxəsirlik tarixində müstəqil dövlətini yaratdı, ictimai-siyasi quruluşun müvafiq modelini qurdu.Yenicə yaradılmış dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, daxili düşmən qüvvələrini zərərləşdirmək və xarici müdaxilələrin qarşısını almaqdan ötrü silahlı qüvvələrin yaradılması idi. Milli ordunun yaradılması vəzifəsi həyati zərurətdən irəli gəlirdi və yenicə yaradılmış dövlətin qarşısında dayanan təxirəsalınmaz vəzifələrdən biri sayılırdı.
Müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, iqtisadi, mədəni ən əsası isə Ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atdı. Milli Şuranın 28 may 1918-ci il tarixli qərarına əsasən F.X.Xoyskinin sədrliyi ilə yaradılmış birinci müvəqqəti hökumətin tərkibində təsis edilmiş Hərbiyyə naziri vəzifəsinə Xosrov Paşa bəy Sultanov təyin edildi. II müvəqqəti hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman Korpusunun adı dəyişdirilərək “ Əlahiddə Azərbaycan Korpusu “ adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. Hökumətin 26 iyun 1918-ci il tarixli digər qərarı ilə Əlahiddə Azərbaycan Korpusu nəzdində xüsusi tapşırıqlar üzrə general vəzifəsi təsis edildi. 1918-ci il iyulun əvvəllərində Azərbaycan Korpusunun hissələri iki Türk diviziyasının - 5-ci Qafqaz və 15-ci Çanaqqala diviziyasının hissələri ilə birgə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun tərkibinə daxil edildi. Başda general-leytenant Nuru Paşa olmaqla, Qafqaz İslam Ordusunun qərərgahı Gəncə şəhərində yerləşdirildi. Qeyd edirik ki, ölkəmizdə Silahlı Qüvvələrin yaradılması son dərəcə ağır hərbi-siyasi şəraitdə aparılırdı. Belə ki, 1918-ci ilin yayında Azərbaycanda siyası vəziyyət ölkədə iki hakimiyyətliyin mövcudluğu ilə xarakterizə edilirdi. Azərbaycanın şərq hissəsi (Bakı quberniyası) Bakı Soveti və onun icraiyyə orqanı olan Bakı XKS-in təsiri altında, qərb hissəsi(Yelisavetpol quberniyası) isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə tabe idi.
Ölkəmizdə milli ordu quruculuğu tarixinə nəzər salaraq,bu yolda böyük zəhməti və xidmətləri olmuş şəxsləri böyük hörmət və ehtiramla yad edərək arxiv sənəd və materialları əsasında hazırlanmış bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırırıq.
Əsasən erməni-bolşevik-daşnaklardan ibarət olan Bakı XKS-i Azərbaycanın milli hökumətini nəinki tanımadı, hətta bütün vasitələrlə ona qarşı mübarizə elan etdi. Bakı XKS-i və onun ordusu Gəncə üzərinə yürüşə keçərək ölkədə “vətəndaş müharibəsini” yenidən alovlandırdı. Azərbaycanda Sovet hakimiyyəti qurmaq adı altında azərbaycanlılara qarşı divan tutulmağa başlandı. Bakı, Şamaxı, Quba, Lənkəran, Səlyan, Naxçıvan, Qarabağ və digər bölgələrdə dinc azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğınlar törədildi. Erməni-daşnak qüvvələrinin törətdiyi bu azğınlığın qarşısının alınmasında xalqımızın hərbi köməyə ehtiyacı var idi.
1918-ci il iyunun 4-də Osmanlı İmperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi imzalandı. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və Xarici işlər naziri M.H.Hacinski, Türkiyə tərəfindən isə Xarici işlər naziri Xəlil bəy və Qafqaz cəbhəsinin Baş komandanı Vahib Paşa imzaladılar. İmzalanmış həmin müqaviləyə əsasən Türkiyə tərəfindən Azərbaycana lazımi hərbi yardım göstərildi. Azərbaycan - Türk qoşun hissələrinin birgə səyi nəticəsində əsasən ermənilərdən ibarət ibarət olan Qırmızı Ordunun I Qafqaz korpusunun Gəncəyə doğru hücumunun qarşısı alındı. Azərbaycan-Türkiyə birləşmiş qoşunları ilə Bakı XKS-nin qoşunları arasında ilk döyüş iyunun 16-18-də Göyçaydan bir qədər şərqdə yerləşən Qaraməryəm kəndi yaxınlığında baş verdi. Nazirlər Şurası 1918-ci il iyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul etdi. Hökumətin 1918-ci il iyunun 23-də qəbul etdiyi qərarla ölkədə hərbi dövrün qanunları tətbiq edildi. Müvəqqəti Hökumət 1918-ci il iyulun 3-də əsgərliyə çağırış yaşının müəyyən edilməsi haqqında qərar qəbul etdi. Həmin qərara görə 19 yaşına çatmış gənclər hərbi mükəlləfiyyətli hesab olunurdu. Daha sonra 1918-ci il iyulun 11-də 1894-1899-cu illərdə anadan olmuş və müsəlman dininə mənsub vətəndaşların Ordu sıralarına çağırılması barədə qərar qəbul edildi. 15 sentyabr 1918-ci il tarixli 1№li “ Azərbaycan” qəzetində hərbi xidmətə çağırışın müvəffəqiyyətlə keçirilməsi haqqında məlumat dərc edilmişdir. Həmin məlumatda qeyd edirdi: “Əyalətlərdən alınmış məlumatlara görə əsgərliyə çagırış müvəffəqiyyətlə keçirilir.Yaşın düzgün təyin edilməsi ilə bağlı yaranmış vəziyyət bir qədər çətinlik törədir. Bakıya yaxın kəndlər döyüş qabiliyyəti olan bütün kişiləri cəbhəyə çıxarmışdılar. Nuxa və Ərəş qəzalarından əsgərliyə yeni çağırılmış şəxslər isə artıq çoxdandır ki, Bakı ətrafında gedən döyüşlərdə iştirak edirlər”.
Belə ki, 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adının dəyişdirilərək “Əlahiddə Azərbaycan Korpusu” adlandırılması və ilk nizami hərbi hissənin yaradılması ordu quruculuğu sahəsində ən mühüm addım oldu. Məhz bu qərar demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında fərman verildi. 1918-ci il dekabrın 25-də Hərbi Nazirlik yaradıldı. İstedadlı general Səməd bəy Mehmandarov Hərbi nazir, Əlağa Şıxlinski isə onun müavini təyin edildi. Qısa müddətdə ordu quruculuğu sahəsində böyük uğurlar qazanıldı, bacarıqlı milli hərbi kadrlar yetişdirildi.
Azərbaycan Xalq Cumhiriyyəti dövründə Milli Ordunun tərkibində özünü çox istedadlı və bacarıqlı hərbiçi kimi göstərmiş və sonralar Türk ordusunda xidmət edərək general-mayor rütbəsinə yüksəlmiş milli hərbi kadrlarımızdan biri də, Gəncədə “El atası” çağrılan Ələkbər bəy Rəfibəylinin kiçik qardaşı Meşədi bəyin oğlu, Cümhuriyyət dövründə Gəncənin xalq qubernatoru seçilmiş Xudad bəy Rəfibəylinin əmisi oğlu Səməd Bəy Rəfibəyli olmuşdur.
26 iyun Silahlı Qüvvələr Günu ərəfiəsində respublikamızın ordu quruculuğu tarixində xüsusi xidmətləri olan şəxslərin anılması, mürəkkəb tarixi şəraitdə həmin şəxslərin azərbaycanın milli hökumətinin müdafiəsi, ərazi bütövlüyü uğrunda apardığı mübarizə, keçdikləri həyat yolu barədə dəyərli oxucuları məlumatlandırılmasını borc bilərək bu məqalənin hazırlanması nəzərə alınmışdır.
Azərbaycan milli istiqlal hərəkatı tarixində görkəmli yeri olan tanınmış hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, Türkiyə ordusunun generalı (1948) Rəfibəylilər nəslinin nümayəndəsi Səməd bəy Məşədi bəy oğlu Rəfibəyovun həyat və fəaliyyəti haqqında məqalə hazırlanarkən Azərbaycan Respublikasının Dövlət və Dövlət Tarix Arxivlərində, həmçinin Milli Arxiv İdarəsinin Elmi-Məlumat Kitabxanasında qayğı ilə qorunub saxlanılılan arxiv materiallarından, eləcədə digər internet mənbələrindən istifadə edilmişdir.
Səməd bəy Məşədi bəy oğlu Rəfibəyli 1892-ci ildə Gəncə şəhərinin Balabağman qəsəbəsində anadan olmuşdur. O, hərbi təhsilini 1916-cı ildə Tiflisdə kadet korpusunda almışdır.Hərbi kadet məktəbini müvəfəqqiyyətlə bitirdikdən sonragənc Səməd bəy Rəfibəyli 1916-cı ilin yanvarın 1-də kiçik zabit qismində xidmət keçməsi üçün7-ci Qafqaz sərhəd piyada polkuna göndərilmişdir.1916-cı il iyulun 1-dən 6 dekabr 1917-ci ilədək həmin polkda rotaya komandanlıq etmiş,Səməd bəy özünü istedadlı hərbici kimi göstərə bilmişdir.
Səməd bəyin gənc zabit kimi hərb sahəsindəki bacarığı nəzərə alınaraq 1918-ci ilin yanvarında yeni formalaşdırılan Müsəlman (Azərbaycan) korpusunda xidmətə daxil olur və burada I piyada diviziyasının I atıcı Bakı polkunda rota komandiri təyin edilir. Şücaətli hərbiçi Bakıda gedən bolşevik-daşnaq dəstələrinə qarşı vuruşmada fəal iştirak etmişdir.Bu xidmətlərinə görə ona 1918-ci il iyulun 2-də poruçik rütbəsi verilir, eyni zamanda tələb olunan nizami senzi qazandığı üçün o, elə həmin gün ştabs-kapitan rütbəsinə keçirilir. Azərbaycan müsəlman korpusu ləğv edilərək buraxıldıqdan və onun hissələrinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşmüş görkəmli türk sərkərdəsi Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun sıralarına daxil olmuşdur. İstedadlı və peşəkar hərbiçi Səməd bəy Nuru paşanın təqdimatı ilə müvəqqəti olaraq Azərbaycanın dəmir yolları Komissarı təyin edilir. 1919-cu il fevralın 3-də ştabs-kapitan Səməd bəy Rəfibəyov Ağdamda yerləşən I piyada diviziyasının ştabının böyük adyutantı vəzifəsinin icracısına başlayır. Qarabağda erməni daşnaqlara qarşı döyüşlərdə fəali iştirak edir.Səməd bəyin hərbi nailiyyətləri nəzərə alınaraq, o qısa müddətdən sonra Cavanşir piyada polkunun 3-cü batalyonuna komandir təyin olunur. Ştabs-kapitan Rəfibəyovun I Cavanşir piyada polkunun komandiri polkovnik-leytanant I.Israfilova təqdim etdiyi raportda qeyd olunur:”Mənim xidmətim barədəqısa qeyddən sonra, sizi məlumatlandırıram ki,mən kapitan rütbəsinə uyğun vəzifədə xidmət edirəm....., ona görə də mənə kapitan rütbəsinin verilməsi haqqında sizin xahişinizi rica edirəm”.
Polkun komandiri I.Israfilov S.Rəfibəyovun ön mövqelərdəhərbi sıralarda olaraq rotaya komandirliyin on iki aylıq senzini qazandığı üçün raportu dəstəkləmişdi.Azərbaycan Respublikası Hökumətinin hərbiçilərin rütbələri haqqında 25 iyun 1919-cu il tarixli 28 saylı əmrinə uyğun olaraq I Cavanşir piyada polku üzrə Səməd bəy Rəfibəyov xidmətdə fərqləndiyinə görə ştabs-kapitan rütbəsindən kapitan rütbəsinə keçirilmişdir.Tezliklə 26 avqust 1919-cu il tatixdə Hərbi nazir Artilleriya generalı Səməd bəy Mehmandarov Hökumətin yuxarıda qeyd edilən əmrinin ardınca yeni təyinat üzrə digər əmr imzalamışdı. Həmin əmrdə qeyd edilirdi:”I Cavanşir piyada polkunun kapitanı S. Rəfibəyov yeni yardılan Lənkəran ehtiyat batalyonuna komandan təyin edilir. Adı çəkilən ober-zabit dərhal ehtiyat batalyonunun yaradılmasına başlasın və batalyonu yaratdıqdan sonra məruzə etsin. Həmin əmrdə həmçinin qeyd edilirdi ki, batalyon bütün məsələlərdə 2-ci piyada diviziyasının rəisinə tabedir.”
Sənədlər təsdiq edir ki, Lənkəran ehtiyat batalyonunun yaradılması üzrə işlər Səməd bəy Rəfibəyov tərəfindən müvəffəqiyyətlə yerinə yetirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini Artilleriya generalı Əliağa Şıxlinski qeyd edirdi ki, “ Vətəni və gənc Ordusu qarçısındakı borcunu anlayaraq kapitan Rəfibəyov özünün bütün bilik və bacarığını, enerjisini batalyonun yaradılması işinə sərf etmişdir. Onun gördüyü işlərinin nəticələri də olduqca parlaq olmuşdur. Batalyon qısa müddətdə təşkil edilərək tam hazırlıqlı hərbi hissə səviyyəsinə yüksəldildilmişdir”.
Ordu quruculuğundakı parlaq xidmətləri nəzərə alınaraq, Cümhuriyyət Hökumətinin Hərbi Naziri Səməd bəy Mehmandarov 1 dekabr 1919-cu il tarixli əmriilə təcrübəli və bacarıqlı zabitSəməd bəy Rəfibəyovu müvəqqəti olaraq Lənkəran ehtiyat batalyonunun bazasında yeni yaradılmış 7-ci Şirvan piyada polkunun komandanı təyin edilmişdir. Qısa müddətdən sonra 25 yanvar 1920-ci ildə uğurlu hərbi xidmətlərinə görə Səməd bəy Rəfibəyov Cavanşir 1-ci piyada polkunun komandanı təyin edilmiş, xüsusi əhəmiyyətli fəaliyyətinə, həmçinin əsgərlərə göstərdiyi qayğılarına görə elə həmin gün kapitan Rəfibəyova polkovnik-leytanant rütbəsi verilmişdir. Müvəqqəti olaraq hərbi nazirin vəzifəsini icra edən Artilleriya generalı Ə. Şixlinskinin əmrində qeyd edilirdi:”Polkovnik-leytanantSəməd bəy Rəfibəyova Xidmət adından vicdanlı və fədakar xidmətinə görə səmimi minnətdarlığımı bildirirəm, inanıram ki, yeni xidmət yerində ona edilən etimada tam layiq olduğunu göstərərək Cavanşir polkunu lazımi zirvəyə çatdıracaqdır.” Böyük hərbi təcrübəyə malik general öz ümidlərində yanılmadı. Polkovnik-leytenant S.Rəfibəyovun rəhbərliyi altında Cavanşir piyada polku Azərbaycan Milli Ordusunun mükəmməl hərbi vahidinə çevrilərək ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə yaxından iştirak etdi və öz döyüş əzmi ilə seçildi.
1920-ci ilin əvvəllərində Qarabağda vəziyyət yenidən gərginləşəndə Hərbi nazir 25 yanvar 1920-ci il tarixli 54 №-li əmri ilə vaxtından əvvəl polkovnik-leytenant hərbi rütbəsi verilməklə Səməd bəy Rəfibəyovu 1-ci piyada diviziyasının 1-ci Cavanşir piyada alayına komandir təyin edir. Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarov Rəfibəyovun təyin əmrində onun Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək bunları qeyd etmişdir: "Mənim 26 avqust 1919-cu il tarixli 373 №-li əmrim ilə kapitan indi polkovnik-leytanant Rəfibəyov yeni yaradılan Lənkəran ehtiyat taborunun komandiri təyin edilib. Ölkə və gənc ordumuzun qarşısında məsuliyyətini dərk edən Rəfibəyov bütün enerjisini və biliyini Lənkəran taborunun formalaşmasına yönəldərək qısa müddət ərzində yüksək nəticələr əldə etməklə döyüş qabiliyyətli bir hərbi hissəni formalaşdırır. Təcrübəli və savadlı bir zabit kimi daha sonra mənim 1 dekabr 1919-cu il tarixli 551 №-li əmrim ilə yeni yaradılan 7-ci Şirvan piyada alayının komandiri vəzifəsinin icraçısı təyin edilir. Onun işgüzarlığını və şəxsi heyətə qayğısını nəzərə alaraq, mən xüsusi təqdimatımla Rəfibəyova vaxtından əvvəl "podpolkovnik" hərbi rütbəsi verilməsi üçün Hökumət qarşısında vəsatətlə çıxış etdim və Hökumətin 25 yanvar 1920-ci il tarixli əmri ilə ona "podpolkovnik" hərbi rütbəsi verildi. Əmri elan etməklə səmimi qəlbdən podpolkovnik Rəfibəyova vicdanlı və səmimi xidmətinə görə "Təşəkkür" elan edirəm və əminəm ki, yeni xidmət yerində də ona verilən etimadı doğruldaraq qısa müddət ərzində hərbi hissənin döyüş qabiliyyətini lazımi səviyyəyə qaldıracaqdır."
Diviziya komandirlərinin, eləcə də Hərbi nazirin müavini general Əlağa Şıxlinskinin raportlarında da Səməd bəy Rəfibəyov savadlı, yorulmaz komandir kimi xarakterizə edilib. Alay, briqada və diviziya komandiri vəzifələrinə zabitlər şəxsən Hərbi nazir tərəfindən seçilərək təyin edilirdi. Seçim zamanı onların hərbi biliyi, təcrübəsi, şəxsi keyfiyyətləri, xalqına və dövlətinə sadiqliyi əsas kriteriya kimi götürülürdü. Səməd bəy Rəfibəyovda bu keyfiyyətlər olmasaydı, şübhəsiz Hərbi nazir onu Qarabağ kimi mürəkkəb bölgədə alay komandiri vəzifəsinə və bir ildə iki dəfə yeni hərbi rütbəyə təqdim etməzdi. Bu etimadı polkovnik-leytanant Səməd bəy Rəfibəyov öz gərəkli və gərgin əmık tələb edən xidməti ilə qazanmışdı.
Polkovnik-leytanant Səməd bəy Rəfibəyov 1920-ci ilin mart və aprel aylarında Azərbaycanın Qarabağ quberniyasında ermənilərin qaldırdığı üsyanın yatırılmasında uğurla iştirak etmişdir. Azərbaycan ordusunun əməliyyat komandanı olan general Həbibbəy Səlimovun Hərbi nazirə ünvanladığı raportda Səməd bəyin Xankəndidə, Əskəranda, Keşişkənd əməliyyatında milli hökumətimizə qarşı qiyam qaldırmış erməni daşnaklara qarşı döyüşlərdə özünü yaxşı cəhətdən göstərdiyi və qəhrəmanlıq göstərənlərdən biri olması qeyd edilmişdir. General Səlimovun 23 aprel 1920-ci il tarixdə Şuşadan göndərdiyi məlumatda həmçinin Dığ istiqamətində Rəfifibəyovun dəstəsi tərəfindən Askəran çayı üzərindən keçən körpünün dağıdıldığı qeyd edilirdi.
1920-ci ilin aprelində Azərbaycanda bolşevik sovet hakimiyyətinin qurulması ilə barışmayan Səməd bəy, həmin ilin may – iyun aylarında rus bolşevikləri ilə erməni daşnaklarının birləşmiş qüvvələrinə qarşı Gəncə üsyanında qeyri-bərabər döyüşlərdə peşəkar zabit kimi vuruşmuşdu. Gəncə və Qarabağdakı Cümhuriyyət ordusunun üsyanı yatırıldıqdan sonra polkovnik-leytanant Səməd bəy Rəfibəyov hərbi hissəsinin sağ qalanları ilə birlikdə Türkiyəyə keçmişdir. 01 iyul 1920-ci ildən Şərq Cəbhəsində Türk ordusunun tərkibində həqiqi hərbi xidmətə başlamışdır. Həmin dövrdə qəhrəman türk zabitləri işğalçı qüvvələrə qarşı istiqlayiyyət mübarizəsini aparırdılar. İstiqlayiyyət müharibəsinin Şərq cəbhəsinin Azərbaycan süvari alayının komandanı təyin edilən Səməd bəy Rəfibəyov ermənilərə qarşı aparılan Qars və Sarıqamış əməliyyatlarında fəal iştirak etmişdir. O, həmin vəzifədə 1921-ci ilin martına kimi xidmət edib.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra taleyin hökmü ilə Türkiyəyə gedən Səməd bəy Rəfibəyov Türk hərbi qüvvələrinin sıralarında böyük və şərəfli yol keçdi.Səməd bəy Rəfibəylinin Türk ordusunda həqiqi hərbi xidmətə qəbul edilmə tarixi xidmət dəftərçəsində 1 iyul 1918-ci il (01 temmuz 1336-cı il) göstərilir. Böyük ehtimalla bu tarix Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunda həqiqi hərbi xidmətədaxil olma tarixidir.
Səməd bəy Rəfibəyov "Ermənistan hərəkatı" və "İraq cəbhəsi" adlanan döyüş əməliyyatlarında iştirak edib. 1921-ci ilin martından 1922-ci ilin noyabrına kimi Şərq Cəbhəsi qərargahında tərcümə şöbəsinin rəisi olub. 1922-ci ilin noyabrından 1924-cü ilin noyabrına kimi 6-cı süvari diviziyasının 15-ci süvari alayı komandirinin müavini olub. 1924-cü ilin noyabrından 1928-ci ilə kimi isə həmin diviziyanın qərargahında əlaqələndirici zabit vəzifəsində xidmət edib. 1928-1930-cu illərdə hərbi məktəbdə təkmilləşdirmə kurslarında təhsil alıb. Təhsilini bitirdikdən sonra 13-cü süvari alayında süvari bölük komandiri vəzifəsinə təyin edilib. Həmin alayda 1932-ci ilədək xidmət edib, sonra 5-ci süvari alayına keçirilib. 1935-ci ildə 5-ci süvari alayı qərargahında xidmətdə olarkən alay komandiri vəzifəsini icra edib. 1938-ci ildə 41-ci süvari alayı komandirinin müavini vəzifəsinə təyin edilib və 1940-cı ilədək həmin vəzifədə xidmət edib. 1940-cı ilin əvvəllərində 3-cü ordunun kəşfiyyat şöbəsinin rəisi təyin edilib. 15 avqust 1942-ci ildə isə 45-ci süvari alayının komandiri vəzifəsinə təyin edilib. 28 avqust 1948-ci ildə daha yuxarı vəzifəyə 2-ci süvari briqadasının komandiri vəzifəsinə irəli çəkilib. Bəzi mənbələrdə onun Türk ordusuna xidmətə qəbul edilərkən "polkovnik" hərbi rütbəsində olduğu bildirilsə də, Türk Silahlı Qüvvələrində xidmətdə olarkən 2 avqust 1952-ci ildə tərtib edilmiş xidmət dəftərçəsindən görünür ki, ona yalnız 30 avqust 1942-ci ildə Türk ordusunda "polkovnik" (albay) hərbi rütbəsi verilmişdir. Səməd bəy Rəfibəyov Türkiyə Cümhuriyyətində soyad qanunu çıxanda Əbdülsəməd bəy Sayqın adını götürmüşdür. Onun Türkiyə Silahlı Qüvvələrindəki xidmət dəftərçəsində, eyni zamanda, Əbdülsəməd bəy Sayqın Rəfibəyzadə də qeyd edilmişdir. Əbdülsəməd bəy Sayqın (Səməd bəy Rəfibəyov) 30 avqust 1948-ci ildə süvari briqadasının komandiri olarkən "general-mayor" hərbi rütbəsinə layiq görülmüşdür. 2 avqust 1952-ci ildə general-mayor Əbdülsəməd bəy Sayqın Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının İnspeksiya qrupunun üzvü olur və həmin vəzifədən ehtiyata buraxılır.
General-mayor Əbdülsəməd bəy Sayqın (Rəfibəyov Səməd bəy Məşədi bəy oğlu) qardaş Türk ordusunda həqiqi hərbi xidmətdə olarkən İstiqlal savaşında yaxından iştirak edib, "Hərb" və "İstiqlal" medalları ilə təltif olunub. Xidmət dəftərçəsindəki qeydə görə sonuncu qeydiyyat yeri Ankara şəhəri Sakarya məhəlləsi ev 28t ünvanı olub.
Əbdülsəməd bəy Sayqın hərbi xidmətdə və ehtiyatda olarkən qardaş Türkiyədə Azərbaycan siyasi mühacirləri ilə daim sıx əlaqədə olmuş və Azərbaycanın yenidən müstəqilliyə qovuşması üçün mübarizə aparmışdır. Xalqımızın bu istedadlı oğlu qardaş Türkiyə ordusunda general-mayor hərbi rütbəsinə layiq görülən ilk azərbaycanlı zabitdir. Əbdülsəməd bəy Sayqın 1980-ci il yanvarın 19-da ömrünün 88-ci ilində qardaş Türkiyədə vəfat edir. Generalın həm Cümhuriyyət ordusunda, həm də Türkiyə ordusundakı xidmətləri, onun əqidə bütövlüyü, dürüstlüyü, zabit əyilməzliyi, Cümhuriyyət ordusuna və qardaş Türk ordusuna sədaqəti, Azərbaycan xalqı qarşısında sədaqətli xidmətləri gələcək nəsillərin də xatirələrində yaşamalı və hər bir müasir Azərbaycan zabitinə sədaqət nümunəsi sayılmalıdır.
Azərbaycan xalqının görkəmli oğlu, istedadlı hərbi sərkərdə general Səməd bəy Rəfibəyovun həyat və fəaliyyəti Azərbaycan Hərbi Qüvvələrinin gənc zabitləri və qulluqçuları üçün hərbi borcun yerinə yetirilməsində nümunə rolunu oynaya bilər.
Həsən Həsənov
Azərbaycan Respublikası
Milli Arxiv İdarəsinin rəis müavini
Rafiq Səfərov
Milli Arxiv İdarəsinin Sənədlərin nəşri
və istifadəsi şöbəsinin baş məsləhətçisi
İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:
1. ARDA f. 2898, s.1, iş1, v.4 Собрание узаконений. Ст. 23, с.12
2. ARDA f. 2898, s.1, iş1, v.4 Собрание узаконений. Ст. 23, с.13
3. İctimai-Siyasi Sənədlər Arxivi, f. 277, s.2, iş. 17, v. 6-7
4. ARDA f. 2898, s.1, iş 1, v.2 Собрание узаконений. Ст. 10, с. 8
5. ARDA f. 51, s.2, iş 185, v. 9 Cобрание узаконений Ст. 41, с. 17
6. ARDTA Daimi saxlanılan kargüzarlıq işlərinin siyahısı, iş 790, v.1
7. Yenə orada.
8. ARDTA Daimi saxlanılan kargüzarlıq işlərinin siyahısı, iş 790, v. 2.
9. ARDTA Daimi saxlanılan kargüzarlıq işlərinin siyahısı iş 790, v. 3.
10. Азербайджанская Демократическая Республика (1918-1920) Армия, ст. 323
11. Atamalı Şahbazov-Azərbaycanın və qardaş Türkiyənin istiqlaliyyəti üçün savaşmış azərbaycanlı zabit. Ordu.az
Bugün: | 298 |
Dünən: | 774 |
Bu həftə: | 5667 |
Son həftə: | 6350 |
Bu Ay: | 18376 |
Son Ay: | 25108 |
Bu İl: | 284525 |
Ümumi: | 1304947 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az