Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Unutmağa haqqımız yox - Qumru xanım Nərimanova

Son Yenilənmə : 2023-09-04 13:06:07
Baxış sayı : 667

Azərbaycanın ilk qadın pedaqoqlarından Qumru xanım Nərimanova təhsilin inkişafına böyük töhfə verib. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində  Aleksandrinski qadın rus-müsəlman məktəbinin məzunu, öz dövrünün tanınmış qadın pedaqoqlarından  biri hesab edilən Qumru xanım Molla Məhəmməd qızı Nərimanovanın həyat və  pedaqoji fəaliyyəti haqqında xeyli  sənədlər qorunub saxlanılır.    Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin “Bakı - Dağıstan xalq məktəblərinin rəhbərliyi” adlı 309 saylı fondunda Qumru  xanım  Molla Məhəmməd qızı  Nərimanovanın  şəxsi işi mövcuddur. Qumru xanım Nərimanova Azərbaycanın  görkəmli ictimai siyasi  və  dövlət  xadimi  N.Nərimanovun əmisi  Əlimirzənin nəvəsidir. 

Azərbaycanın bir sıra digər qadın pedaqoqları kimi Q.Nərimanovanın da həyat və pedaqoji fəaliyyəti demək olar ki,  indiyədək kifayət qədər, öyrənilməyib. Doğrudur, tarix elmləri doktoru Sabir Gəncəlinin vaxtilə  işləyib hazırladığı və 2001-ci ildə “Azərbaycan” nəşriyyatında işıq üzü görmuş “ Qadın, Gözəllik və Ülviyyət” adlı Ensiklopedik toplunun “Nərimanovlar soyadının  davamçıları” adlı bölməsində Q.Nərimanova haqqında müəyyən məlumatlar qeyd edilib. Lakin XX əsrin əvvəllərində fəaliyyət göstərən bir sıra digər qadın pedaqoqlar kimi Q.Nərimanova  haqqında  cəmiyyətimizdə demək olar ki, kifayət qədər məlumat yoxdur. İndiyədək dərc  olunan ensiklopediyalarda  və ya digər  kütləvi nəşrlərdə onun adına rast  gəlmək mümkün deyildir. Halbuki Q.Nərimanovanın qadın pedaqoq olaraq  Azərbaycanda  qadın və qızların məktəbə cəlb edilməsində, onların savadlandırılmasında, ölkədə  savadsızlığın aradan qaldırılmasında, eləcə də ölkəmizdə mədəni-maarif işinin inkişafında  müəyyən rolu  və xidmətləri var. Qumru xanım ömür yoldaşı ilə birlikdə Bakıda və İmişlidə yaşadıqları müddətdə xalq maarifi işində çalışıb, bir sıra orta məktəblərdə pedaqoji fəaliyyətini davam etdirib. 

Arxivlərdə qorunan bu sənədlərdəki  tarixi məlumatlar Qumru  xanımın pedaqoji  fəaliyyəti ilə bağlı mövcud  boşluqları  müəyyən qədər aradan qaldırmağa imkan verir. Azərbaycanın təhsil tarixində izi qalan, rolu və xidməti olan hər bir müəllim və pedaqoqun  ölkəmizdə  təhsil və məktəb işinin inkişaf  etdirilməsindəki  fəaliyyəti  öyrənilməli və cəmiyyətimizə  çatdırılmalıdır.   Q.Nərimanova 3 noyabr  1892-ci ildə  Tbilisidə  anadan olub.   Bakı  Şəhər Duması nəzdindəki Məktəb Komissiyası sədrinin  Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S.Tixorjevskiyə ünvanladığı  3 yanvar  1912-ci il tarixli məktubda bildirilirdi ki, 19 dekabr  1912-ci il tarixli iclasda I şəhər qadın rus-tatar məktəbində müəllimə vəzifəsinə həmin məktəbdə vakant yerini  müvəqqəti olaraq  tutan Q.Nərimanovanı  seçib. Həmin məktubda  bu məsələ ilə  bağlı Xalq Məktəblərinin direktorunun  hər hansı bir etirazının  olub-olmadığı soruşulurdu. Bununla yanaşı, Bakı  Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının  sədri Q.Nərimanovaya  Bakı  Aleksandrinski qadın rus-müsəlman məktəbi tərəfindən verilən 3 saylı  attestatı da təqdim edilir. Həmin sənəddə Q.Nərimanova haqqında aşağıdakı məlumatlar da əksini tapır: ”Milliyyətcə tatardır (yəni azərbaycanlıdır-R.S.), şiə məzhəblidir, 20 yaşı var, 1908-ci  ildə Bakı Aleksandrinski  qadın rus-müsəlman məktəbinin təlim kursunu bitirib. Kladbişenskoy və Pozenovskoy  küçələrinin tinindəki Cəfərovların 10-№li  evində  yaşayır”.

Bakı Şəhər Duması nəzdindəki  Məktəb Komissiyası sədrinin vəzifələrini icra edən şəxs  Xalq Məktəblərinin Direktotuna ünvanladığı 11 aprel 1912-ci il tarixli 532 saylı məktubda bildirirdi ki, müəllim  Səkinə xanım Axundova xəstələndiyindən onun əvəz edilməsi üçün Q.Nərimanova I  qadın rus-tatar məktəbinə ezam edilir. Arxiv materialları təsdiq edir ki, Q.Nərimanova  Bakı I qadın rus-tatar məktəbindəki vakant müəllimə vəzifəsini tutmaq üçün 16 sentyabr  1912-ci ildə  də həmin məktəbə  ezam edilib. Bu haqda  Bakı  Şəhər Duması nəzdindəki Məktəb Komissiyası sədrinin I rus-tatar məktəbinin müdirinə göndərdiyi 24 sentyabr 1912-ci il tarixli məktub arxivdə qorunub  saxlanılır. Bakı  Şəhər Duması nəzdindəki Məktəb Komissiyası  sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S.Tixorjevskiyə  ünvanladığı 5 mart 1913-cü il tarixli məktubunda qeyd edilirdi: ”Məktəb Komissiyası tərəfindən I şəhər qadın rus-tatar məktəbinə  müəllimə vəzifəsinə Qumru  xanım Nərimanovanın  seçilməsi haqqında  bu ilin yanvarın 3-də göndərdiyim 13 saylı məlumata əlavə olaraq, Bakı İmperator  Birinci Aleksandr adına III kişi gimnaziyasının Pedaqoji Şurası tərəfindən aşağı tədris müəssisələrində müəllim vəzifəsini təsdiq edən və bu ilin fevralın 16-da Nərimanovaya verilmiş 204 saylı  şəhadətnaməni də  Sizə  göndərirəm”. Məktubda Q.Nərimanovaya tatar (Azərbaycan) dili müəllimi adının  16 fevral 1913-cü il  tarixində verildiyi qeyd edilir.   

            Bakı Quberniyası və Dağıstan vilayəti üzrə 2 rayonun müfəttişi S.M.Qəniyevin Qumru xanım Nərimanovaya ünvanladığı 15 aprel 1913-cü il tarixli məktubunda bildirilirdi ki, Qumru xanım  Bakı 10-cu rus-tatar məktəbində tatar (Azərbaycan) dilinin tədris etməsi məsələsinə buraxılır və o, bu haqda 1913-cü il yanvarın 17-də Bakı Şəhər Məktəb Komissiyasının sədrinə 12 saylı məlumat  da təqdim edib. Məlumat üçün qeyd edək ki, Bakı Şəhər Məktəb Komissiyasının  sədri vəzifəsində zamanından asılı olaraq müxtəlif  illərdə ayrı-ayrı  şəxslər, o cümlədən A.İ.Novikov, M.A.Belyavski, V.A.Makedonski və digərləri çalışıblar. 

1916-cı il martın 4-də  Bakı Şəhər İdarəsinin Məktəb şöbəsi tərəfindən Bakı qadın  I rus-tatar məktəbinin müəlliməsi Q.Nərimanovaya xalq məktəblərinin müəllim və müəllimələrinin kassasında  iştiraka cəlb olunması  haqqında 445 saylı məktub göndərilib. Həmin məktubda qeyd edilirdi: ”1 iyun 1910-cu il tarixli Qanuna əsasən, ibtidai məktəblərin bütün müəllimlərinin  Nazirliyin xalq məktəblərinin müəllim və müəllimələrinin kassasında iştirak  etməsi mütləq hesab edilir. Şəhər ibtidai məktəbin müəlliməsi ştatına daxil edildiyiniz üçün əməkhaqqınızın 6 faizi pensiya kassası üçün tutulacaqdır. Sizin kassaya daxil olduğunuzu Xalq Məktəbləri Müfəttişinə bildirmək lazımdır ki, o da öz növbəsində sizi şəxsi kartoçkalı blankla təmin etsin və siz həmin blanka kassa iştirakçısı olmaq üçün tələb olunan məlumatları daxil etməli, ailə və xidməti vəziyyətindəki dəyişikliklər haqqında Müfəttişliyi məlumatlandırmalısınız. 

Bu məlumatlar icra edilməsi üçün şəhər məktəblərinin bütün müəllimlərinə təqdim edilir”. 

            Qadın pedaqoq Qumru xanım Nərimanova  18 fevral 1915-ci il tarixdə Bakı şəhərində  Xalq məktəblərinin Bakı –Dağıstan Direksiyasının 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyevə ərizə ilə müraciət edərək ailə vəziyyətindəki dəyişiklik haqqında məlumat təqdim edib: ”Müvafiq sərəncam üçün nəzərinizə çatdırıram ki, mən 1915-ci il fevralın 5-də Şuşa şəhər sakini Həbib Kərbəlayi Əli oğlu Kərimovla qanuni nikaha daxil olmuşam”. 

Qumru xanım taleyini Almaniyada ali mühəndis təhsili almış görkəmli mütəxəssis Həbib Kərimovla bağlayır. Həbib bəyin Azərbaycanda qida-sənaye müəssisələrinin əsasının qoyulmasında və inkişafında böyük rolu var. Qumru xanım da ömür yoldaşı ilə birlikdə Bakıda, İmişlidə yaşadıqları illərdə xalq maarifi işində çalışır, bir sıra orta məktəblərdə pedaqoji fəaliyyətini davam etdirir. Onların bu nikahdan 1915-ci ilin avqustun 13-də Murad adlı oğlunun dünyaya gəldiyi haqqında məlumat  Qumru  xanımın  xalq məktəblərinin müəllim və müəllimələrinin kassasında şəxsi hesab bölməsində  öz  əksini tapır. Qumru xanım Nərimanova  H.Z.Tağıyevin rus-müsəlman qız məktəbinin bir qrup  tanınmış müəllimlərilə, o cümlədən Hənifə xanım Məlikova, Məryəm xanım Sulkeviç, Asiya Nərimanova, Minə Rəhimova, Ayna Müsabəyova və başqaları ilə birgə pedaqoji fəaliyyət göstərib.  

            Azərbaycanda milli ziyalı qadınlarla formalaşmasında, maarifçilik tariximizdə, dünyəvi qadın təhsilinin inkişafında, Azərbaycan qadınının dünyavi təhsil almasında H.Z.Tağıyevin təşkil etdiyi ilk müsəlman qız məktəbinin xidmətləri danılmazdır. Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonrakı dövrlərdə, xüsusilə müstəqillik illərində xalqımızın mədəni tərəqqisində, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak ediblər.   Keçmiş Rusiya İmperiyasında müsəlman qızlar üçün ilk dəfə olaraq H.Z.Tağıyev tərəfindən Bakıda açılan məktəbin fəaliyyəti 1918-ci ilin martında daşnak-bolşevik  dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən Bakı qırğını zamanı dayandırılıb. Təəssüf ki, Azərbaycan Cümhuriyyəti dövründə də bu  məktəbi bərpa etmək ümkün olmadı. Lakin bütün  bunlara  baxmayaraq, danınmaz  bir  faktdır ki, XX əsrin əvvəllərində yetişən ziyalı Azərbaycan qadınlarının böyük əksəriyyəti bu məktəbin  pedaqoqları və məzunları olub. Ölkəmizdə qızların və qadınların məktəbə, təhsilə cəlb edilməsində qadın təhsilinin inkişafında rolu və iştirakı olmuş maarif  fədailərinin, o cümlədən Q.Nərimanovanın da xidmətləri xalqımız tərəfindən unudulmur, böyük hörmət və ehtiramla yad edilir. 

            Qumru xanım ictimai-mədəni həyatda da fəallıq göstərib, dəfələrlə Bakı şəhər və indiki Yasamal rayon sovetlərinə deputat seçilib. Nərimanova yarım əsr müddətdən artıq mədəni-maarif sahəsində səmərəli fəaliyyətinə görə Lenin ordeni ilə mükafatlandırılıb.

            Azərbaycanın təhsil tarixində rolu və xidməti olan müəllim və pedaqoqlar unudulmur, böyük  hörmət və ehtiramla yad edilir.

 

Rafiq Səfərov,

                                                                                                                                                                                                                                                     Milli Arxiv İdarəsinin baş məsləhətçisi        



Bugün: 700
Dünən: 740
Bu həftə: 2952
Son həftə: 6066
Bu Ay: 16848
Son Ay: 28223
Bu İl: 257889
Ümumi: 1278310
1278310