Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-03-01 00:15:07
Baxış sayı : 2832

Xalq musiqisinin böyük tədqiqatçısı

 

F.Shushinski       Hər bir xalq öz musiqisinin pərəstişkarı olduğu kimi, onun tarixini öyrənməli, bu sahənin yaradıcılarını arayıb-axtarmalı və təbliğ etməlidir. Bu baxımdan milli musiqimizin inkişafı yollarını, onun ifaçılıq sənətini araşdırıb xalqa çatdırmaq ilk növbədə sənətşünasların üzərinə düşür. Bu, nə qədər çətindirsə, bir o qədər də məsuliyyətlidir.

Musiqi tədqiqatçıları, xüsusən də muğam tarixinin tədqiqi ilə məşğul olmaq istəyən sənətşünas yaxşı musiqiçi olmaqla bərabər, tarixi, ədəbiyyatı, coğrafiyanı bilməli, qələm təcrübəsinə malik olmalıdır. Qeyd etdiyimiz keyfiyyətləri özündə birləşdirən, bu çətin və məsuliyyətli işi üzərinə götürən musiqişünas, əməkdar incəsənət xadimi Firidun Şuşinskinin xidmətləri xüsusi vurğulanmalıdır.
Firidun Məhəmməd oğlu Həsənov (Şuşinski) Qarabağın tacı sayılan Şuşada dünyaya göz açıb. Atası ləl-cəvahirat pərəstişkarı olduğu üçün ona el arasında “qızıllı Məhəmməd bəy” deyərdilər. 
          F.Şuşinski ilk təhsilini Şuşada alsa da, orta məktəbi və üçillik musiqi təhsilini Füzulidə başa vurmuşdu. Firidun məktəbli ikən bir çox alətlərdə - tar, kaman, kanon, piano, hətta skripkada professional şəkildə ifa edə bilirdi. O həmçinin nəfəsli alətlərdə də sərbəst çalırdı. Uşaqlıqdan musiqiyə həvəs evlərində xanəndələrin, musiqi ifaçılarının tez-tez olması səbəbindən yaranmışdı. 
Firidun on altı yaşında məktəbi bitirir. Lakin Böyük Vətən müharibəsi başlandığından ali təhsil almaqdan imtina edir. Müharibəyə getmək üçün könüllü olaraq hərbi komissarlığa ərizə ilə müraciət edir. Yaşı az olduğundan ərizəsinə müsbət cavab ala bilmir. Lakin Firidunun davamlı müraciətindən sonra rayon hərbi komissarlığı onun xahişini yerinə yetirməli olur. O, müharibənin sonuna qədər döyüşür və ordunun qalib əsgəri kimi orden və medallarla Vətənə dönür. 1946-cı ildə sənədlərini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə verir. Tələbə Firidun asudə vaxtlarını kitabxanalarda, arxivlərdə keçirərək onu maraqlandıran sualların cavabını məhz orada axtarır. Azərbaycan musiqi mədəniyyətinin mühüm bir dövrünü, XIX və XX əsrlərdə Qarabağda yetişən müğənni və xanəndələrin həyat və yaradıcılığını öyrənməyə başlayır, çoxlu arxiv sənədləri, tarixi faktlar toplayır, onlar haqqında mükəmməl məlumatlar əldə edir. 1948-ci ilin may ayında Bakının ali məktəblərinin birində böyük elmi konfransın keçirilməsi üçün təşkilat komitəsi yaradılır. Təşkilat komitəsinə Heydər Hüseynov, Abdulla Qarayev, Mirəli Qaşqay, Məhəmməd Əfəndiyev, Mehdi bəy İrəvanski, Zülfəli İbrahimov, Əli Sultanlı, Cəfər Xəndan, Səməd Vurğun, Qasım Cəfəroğlu kimi alimlər daxil edilir. Firidun tələbə elmi cəmiyyətinin sədri olduğuna görə bu konfransa daha ciddi hazırlaşır. Onun mövzusu “Vaqif və Qarabağ” idi. Məruzələrlə tanış olan təşkilat komitəsinin üzvü, şair Səməd Vurğun “Vaqif və Qarabağ” mövzusunun müəllifi ilə maraqlanır... 
        Görüş zamanı şair Firiduna deyir: - Qarabağlı balası, məruzən çox xoşuma gəldi, lakin razılıq versən, onun adını “Vaqif və Qarabağ” yox, “Vaqif bir dövlət xadimi kimi” qoyardım. Çünki bu əsərdə Vaqif əslində dövlət xadimi kimi verilib. Sonra şair əsərin adının üzərindən bir xətt çəkib, qara karandaşla sərlövhəni dəyişir və aşağıda da onun imzasını qoyur. Beləliklə, Firidunun qələmə aldığı bu mövzu onun ilk mətbu əsəri olur. Zaman ötür, F.Şuşinski musiqimizin tədqiqatçısına çevrilir. O, nəinki Azərbaycanın, hətta SSRİ-nin bir çox şəhərlərində tədqiqat işi aparmaqla musiqi tariximizin açılmamış səhifələrini vərəqləməyə başlayır. F.Şuşinskinin 1962-ci ildə nəşr etdirdiyi ilk kitabı “Şuşa” Azərbaycan ədəbiyyatında mühüm bir hadisəyə çevrilir. Şuşanın tarixini geniş, əhatəli şəkildə araşdırmaq tədqiqatçının ən böyük istəyi idi. O, bu vüqarlı qalanın əzəməti, basılmazlığı ilə fəxr edirdi. Digər tərəfdən isə mənfur ermənilərin Şuşada və onun ətraf bölgələrində hansı səbəbdən məskən salmaları həmişə F.Şuşinskini düşündürmüş və bunu araşdırmağa çalışmışdı. Ona görə də müəllif hələ universitetdə təhsil aldığı illərdə doğma Şuşanın tarixi haqqında sənədlər toplamaq üçün SSRİ-nin bir sıra şəhərlərinin arxivlərində, muzeylərində tədqiqatlar aparmışdı.
      “Şuşa” 1968-ci ildə rus dilinə tərcümə ediləndən sonra müəllif kitabın bir nüsxəsini SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü və SSRİ Ali Sovetinin deputatı A.İ.Mikoyana göndərir. F.Şuşinski bu nadürüst dövlət xadimini şəxsən tanıyırmış, münasibətləri də pis deyilmiş. Əsəri oxuyur, maskalanmış daşnakın müəllifə qarşı münasibəti kəskin dəyişir. A.Mikoyan Moskvada bir qrup erməni vəzifəlilərlə “Şuşa” əsərinə görə respublikanın rəhbərliyindən F.Şuşinskinin cəzalandırılması üçün ciddi tədbir görülməsini tələb edir. Səbəb isə Azərbaycan xalqının qatı düşmənləri, daşnak partiyasının cəlladlarından olan general Andronik, Dro, Njde, Tevan və başqalarına qarşı Şuşinskinin sərt və barışmaz mövqeyi idi. Bununla da kitab böyük hay-küyə səbəb olur. Bu barədə F.Şuşinski yazır:  “Şuşa” kitabının üstündə mənim başım nələr çəkmədi. O zaman ermənilərin əlindən üç ay Şuşaya gedə bilmədim. Küçədə, hər yerdə məni daşa basdılar. Dəfələrlə evimin küçə qapısını və pəncərələrini sındırdılar, telefon xəttini kəsdilər. Bir neçə dəfə sui-qəsd etdilər... Məni aradan götürmək üçün başıma altı milyon pul qoymuşdular. Ermənistanın “Pioner” qəzetindən tutmuş “Kommunist” qəzetinə kimi bütün mətbuat əleyhimə böhtanlar və söyüşlər yağdıraraq məni erməni xalqının ən mənfur düşməni kimi qələmə verirdilər”.
      Bu təhqirlər, hətta Livanın paytaxtı Beyrutdan da gəlirdi. Orada nəşr olunan “Hayastan” qəzeti də kitab müəllifi haqqında söyüş yazmaqla sanki Ermənistanda yaşayan soydaşları ilə yarışa girmişdi.
Həmin illərdə Moskva Dövlət Universitetinin professoru Əziz Şərif qocaman jurnalist Qulam Məmmədliyə yazdığı məktubunda bu əsərə olan hücumlar barədə öz etirazını bildirir: “Mən Firidun Şuşinskinin kitabına baxmışam. Onu tənqid edənlər bacarsınlar, bir elə kitab meydana qoysunlar. Belə tədqiqatlar qüsursuz olmaz, lakin qüsurları düzəltmək olar. Mən Firiduna vaxtilə öz “sağ ol”umu demişəm. Ancaq bu işin mütəxəssisi olmadığım üçün mətbuatda bir şey yazmamışam. Görsəniz, məndən ona salam deyin. Kaş, bizim belə tədqiqatçılarımız çox olaydı”.  “Şuşa” kitabına görə Firidun Şuşinski uzun müddət təqiblərə, tənqidlərə, iftiralara məruz qalanda onların qarşısını ümummilli lider Heydər Əliyev aldı. Ulu öndər həmin hadisəni belə xatırlayır: “Xatirimdədir, mən hələ Mərkəzi Komitənin birinci katibi seçildiyim ərəfədə Şuşa haqqında bir kitab çıxmışdı. Müəllifi Firidun Şuşinski idi. Bu kitabı çox gözümçıxdıya salmışdılar, xüsusən ermənilər. Təəssüf ki, Bakıda olan ziyalılar bu kitabın qəti əleyhinə çıxırdılar. Həmin kitabı mənə çatdırdılar. Oxudum, gördüm yaxşı kitabdır... Nə isə, mən o zaman ermənilərin hücumunun qarşısını aldım...”Beləliklə, Heydər Əliyevin göstərişi ilə bu tədqiqatçı-alimin təqib olunmasına son qoyuldu. Sonralar Şuşinski etiraf edirdi ki, Heydər Əliyev olmasaydı həmin qarğa-quzğunlar, az qala dərisini soyacaqdılar.

Bundan sonra F.Şuşinskinin musiqi tariximiz haqqında yazdığı ilk əsəri 1964-cü ildə nəşr etdirdiyi “Cabbar Qaryağdıoğlu”dur. Əsər Azərbaycan vokal sənətinin əvəzolunmaz sənətkarı “Azərbaycan musiqisinin peyğəmbəri”nin (S.Yesenin) həyat və yaradıcılığına həsr olunmuşdur.
Nəhayət, uzunmüddətli ciddi axtarışlardan sonra Azərbaycan musiqi aləmini təhlil-tədqiq edən, az qala, unudulmaqda olanları üzə çıxaran, nəinki SSRİ-də, hətta xaricdə böyük əks-sədaya səbəb olan “Azərbaycan xalq musiqiçiləri” kitabı nəşr edilir. Bu kitab barədə xalq şairi Xəlil Rza Ulutürk “F.Şuşinski bütöv bir elmi kollektivin görməli olduğu işi, çətin və şərəfli vəzifəni təkbaşına görən insan”, Azərbaycanın qəhrəman oğlu, akademik Ziya Bünyadov isə əsəri “böyük bir akademiyanın tədqiqat işi” adlandırmışdı.
       Azərbaycanda muğam tariximizin ilk və son tədqiqatı Firidun müəllimin adı ilə bağlıdır. Respublikamızda elə bir musiqi tədqiqatçısı yoxdur ki, Firidun müəllim kimi sırf muğam tədqiqatı ilə məşğul olsun. Nə yaxşı ki, muğamlarımız son günlərini “yaşayan” ərəfədə Milli Məclisin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəxsi təşəbbüsü ilə unudulmaqda olan bu qiymətli xəzinəmizi yenidən xalqımıza qaytarmağa müvəffəq oldu. 
       F.Şuşinski arxivlərdə günlərlə, həftələrlə işləməsinə baxmayaraq, Azərbaycan televiziyasında hamının səbirsizliklə gözlədiyi “İfaçılıq sənəti” adlı verilişin aparıcısı və müəllifi kimi də dinləyicilərin qarşısına çıxmağa vaxt tapırdı. Azərbaycan radiosunun musiqi verilişləri redaksiyasının təşəbbüsü ilə F.Şuşinskinin hazırladığı “Muğam konserti” rubrikası ilə verilən verilişləri yenilik adlandıran Azərbaycanın xalq artisti, bəstəkar Tofiq Quliyev qeyd edirdi ki, artıq bununla da “muğam xalturaçılarının fəaliyyəti”nə son qoyuldu. O, sevinc hissi ilə bildirirdi ki, indi biz həmin bu verilişdə, konsertlərdə klassik irslə və onun gözəl ifaçıları olmuş məşhur sənətkarlarımızın yaradıcılıqları ilə tanış oluruq. 
     Azərbaycanın qüdrətli bəstəkarı Fikrət Əmirov yazırdı: “Mən iki Firidun tanıyıram. Birinci ziyalıların 95 faizini lağa qoyan, satira qırmancına dolayan Firidunumuzdur. İkinci Firidun alim, vətəndaş, böyük əməlpərvər musiqişünas və jurnalist qardaşımızdır. Əslində, bu iki Firidunu bir-birindən ayırmaq olmaz”.
F.Şuşinski daim arayıb-axtaran, maraqlı hadisələrin mənbələrinə qədər gedib-çıxan tədqiqatçıdır. Peşəkar zövqə malik olan F.Şuşinski musiqidən, xanəndədən söhbət açanda o dövrün ovqatını, koloritini yaratmaq üçün şairlərdən, tarixçilərdən, yazıçılardan tutarlı dəlil-sübutlar gətirir, oxucunun xəyalında tamam başqa bir aləm canlandırmağa nail olurdu.

Böyük tədqiqatçı-alim Firidun Məhəmməd oğlu Şuşinski 1997-ci ilin oktyabr ayında həyatla əbədi vidalaşdı. Lakin zaman göstərdi ki, bu şəxsin xalqımıza bəxş etdiyi qiymətli tədqiqatlarına həmişə ehtiyac duyulur və yeri gəldikcə onun əsərlərindən istifadə edilir. 

 

Aslan Qasımlı (Aslan Kənan)

 

ARDƏİA-nin direktor müavini



Bugün: 844
Dünən: 817
Bu həftə: 844
Son həftə: 6197
Bu Ay: 6116
Son Ay: 25580
Bu İl: 218934
Ümumi: 1239355
1239355