Xalq poeziyasının vurğunu
Yanılmıramsa İslam Sadıqla ilk tanışlığımız 1991-ci ildə respublikanın ilk nəşriyyatlarından sayılan “Azərnəşr”də olmuşdur. O zaman İslam bədii ədəbiyyat şöbəsinin müdiri idi. İstedadı, ədəbiyyatın bütün sahələrinə dərindən bələd olduğundan kollektiv çox zaman onunla məsləhətləşərdi. Onda nəinki görkəmli şairlərin, nasirlərin, həmçinin elm adamlarının əsərlərini də yüksək səviyyədə redaktə etmək bacarığı var idi. Məhz istedadının və bacarığının nəticəsi idi ki, respublikada bir çox görkəmli qələm sahibləri yazılarının redaktə olunmasını İslama həvalə edirdilər. Xalq yazıçısı Elçin “Aşıq ədəbiyyatında dünya obrazı” əsərinin redaktorluğunu və əsərə ön söz yazmağı təsadüfən İslama həvalə etməmişdi. Çünki görkəmli yazıçı-alim İslam Sadığı ədəbiyyatşünaslığın bütün janrlarını kamil bilən redaktor kimi tanıyırdı...
İslam Sadıq Tovuz rayonunun Samanlıq kəndində anadan olub. İlk təhsilini də doğma kəndlərində alıb. Məktəbdə oxuyarkən kiçik həcmli şeirlər, hekayələr yazmağa başlayır. Hələ “sümüyü” bərkiməmiş şeirləri “Pioner”, “Göyərçin” jurnallarında çap olunurdu.
İslam riyaziyyatçı olmaq istəyirdi. Bakı Dövlət Universitetində qəbul imtahanı zamanı üzləşdiyi haqsızlıq onu riyaziyyatçı olmağa aparan yolu yarıda qoydu. Müsabiqədən keçməyən İslam filologiya elminə deyil, bu dəfə kənd təsərrüfatı institutuna üz tutdu. 1973-78-ci illərdə Gəncədə S.Ağamalıoğlu adına Kənd Təsərrüfatı institutunda təhsil almasına baxmayaraq, bədii yaradıcılıq onu sakit buraxmır, yazıları respublikanın müxtəlif mətbuat səhifələrində dərc edilirdi. İslam kənd təsərrüfatı sahəsində bir müddət işlədikdən sonra ikinci təhsil almaq qərarına gəlir. 1980-ci ildə Moskvada Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Burada oxuya-oxuya “Azərnəşr”ə dəvət alır.
İ.Sadıq nəşriyyatda işlədiyi müddətdə həm ona verilən əsərləri yüksək səviyyədə redaktə edir, həm də yeni şeirlərini dövrü mətbuatda dərc etdirirdi.
İ.Sadıq vətənini, xalqını sevən, torpağına bağlı sənətkardır. Bu sevgi ona ocağında böyüyüb boya-başa çatdığı babası Sadıq kişidən keçmişdir. Sadıq kişi elin ağsaqqalı idi. Sadıq kişinin ağsaqqallığını oğlu, İslamın atası hüseyn kişi davam etdirir. O, vətənin ağır günlərində kolxoza rəhbərlik etmiş, kənd camaatını aclıq çəkməkdən qorumuşdur. Hüseyn kişi son tikəsini kəndin camaatı ilə bölüşərdi. Məhz belə ocağın istisində dünyaya göz açan İslam da ilk şeirlərini vətənə, torpağa həsr etmişdi. Düzdür, bu şeirlər bir qədər zəifiydi, lakin fikir və düşüncələri 14 yaşlı bir gəncin düşündüyündən yüksəkdə dururdu. Ona görə də xalq məhəbbəti, vətəm sevgisi, torpağa bağlılıq onun şeirlərində öz əksini tapmışdır. İslam həm də vətənimizdə gedən hadisələrə heç vaxt biganə qalmır, onları şeirlərində işıqlandırmağı unutmur.
İllər bir-birini əvəz etdikcə İ.Sadıq yaradıcılığı daha da itiləşmiş və püxtələşmişdi. Onun yaradıcılığında vətən məhəbbəti, torpaq sevgisi çox güclüdür ki, bəzən şeirlərində vətənin hər qarışını qorumaqdan ötrü haray çəkir, od püskürür.
Ata qeyrətlidir bir ovuc torpaq,
Qeyrəti güdaza vermək olarmı?!
Ana ismətidir bir ovuc torpaq,
İsməti güdaza vermək olarmı?!
Şairin qələmə aldığı misralar ağsaqqal nəsihəti idi. O bu misralarda vətənini sevməyə, torpağı düşmən əlindən qurtarmağa çağırır. Çünki torpaq babalarımızın and yeri, qeyrət simvoludur. Torpağı olan, onu göz bəbəyi kimi qoruyan xalq heç zaman dilənməməlidir.
İslam Sadıq xalqını sevən, vətəninin hər bir qarışı üçün canını verməklə yanaşı, hətta övladından keçməyə hazır olan şairdir. Şairin misraları gəlişi gözəl sözlərdən yaranmır, hər bir deyimi onun qəlbinin ağrıları ilə yoğrulur.
Oğul itirməklə dünya dağılmaz,
Beşini doğaram birinə əvəz.
Dünyada bir ovuc torpaq doğulmaz
Bir ovuc torpağın yerinə əvəz
Ona görə də şair ata qeyrətli, ana ismətli torpağı övladdan uca tutur. Əgər övlad yalnız bir ailənin sevimlisidirsə, torpaq bir elin sevgisidir. Oğul itgisinə dözmək olar, lakin qoynunda doğulduğumuz, boya-başa çatdığımız torpağı nə itirməyə dözüm göstərməli, nə də ona biganə qalmağa haqq verməliyik. Ona görə də şair deyir:
Oğul kədərini üzməyə nə var,
Torpağın kədəri üzülməz, oğul.
Oğul itgisinə dözməyə nə var,
Torpaq itgisinə dözülməz, oğul.
İ.Sadıq bəzən adət-ənənəmizə xor baxan, onu aşağılandıran şəxslərə qarşı barışmaz mövqedə dayanır və onları sərt tənqid etməkdən belə çəkinmir. Xüsusilə də toy-düyünlərdə çalınan bayağı havalarla yanaşı, xalqımızın ah-naləsindən, kədərindən xəbər verən, onun ağrılı-acılı anlarını xatırladan mahnılara qol qaldırıb oynayanlara etirazını gizlətmir. Hər hansı bir toy məclisində “Yanıq Kərəmi, “Laçınım”, bəzən də Azərbaycanın himninə oynayanlar onun səsini eşitmək istəməyəndə şairin etirazı yalvarmaq dərəcəsinə çatır. Bu yalvarış acizlikdən, gücsüzlükdən yox, öz xalqının irsinə olan dərin məhəbbətdən irəli gəlir
Yanıb külə dönmüş naz havasıdı,
Gülünü qar döymüş yaz havasıdı.
Göyləri ağladan yas havasıdı,
“Yanıq Kərəmi”yə oynama, nolar!
Əslinin köksündə çıxan şimşəkdi,
Odu içimizə axan şimşəkdi.
Kərəmi yandırıb-yaxan şimşəkdi,
“Yanıq Kərəmi”yə oynama, nolar!
İ.Sadığın yaradıcılğı xalq poeziyası, folklor nümunələri ilə yoğrulub. O, folklor nümunələrinin müxtəlif janrlarında “köhlənini” çapa bilən sənətkardır. O, qələmə aldığı şeirlərində qoşma, təcnis, gəraylı, tapmaca, deyim kimi folklor nümunələrindən bir sözlə, şifahi xalq ədəbiyyatının bir çox növlərindən ustalıqla istifadə edir. Onun “Gah suya atırlar, gah oda, neynim, Odda yanmaz, suda batmaz səsimi”, “Durub cin atına minərəm birdən”, “Düymə tilsim, düymə ruzu, düymə dən. Barmaqlarım yanır-yansın düymədən”, “Molla aşı görüb quranı atır”, “Balsız barmağını yalayan kimdir?!” və sair misralar İslamın yaradıcılığına xalq ədəbiyyatından hopmuşdur.
XX əsrin axırlarında erməni nankorlarının vətənimizə qarşı torpaq iddiasından sonra Azərbaycanda xalq hərəkatı yaranmağa başladı. Bu hərəkatın yaranması nəinki torpağımıza göz dikmiş ermənilərə, həmçinin 70 illik imperiyaya qarşı xalqın etiraz dalğası idi. Bu illərdə İ.Sadıq qələmə sarılaraq tariximizin qaranlıq səhifələrinə işıq tutur və rus imperiyası tərəfindən müxtəlif yollarla torpaqlarımızın hissə-hissə alınıb ermənilərə verilməsi haqqında çox qiymətli kitab ərsəyə gətirir. Bu kitabda həmçinin ermənilərin kimliyi, haradan gəlməyi, onların olmayan tarixi, mədəniyyəti haqqında geniş məlumat verir. İslam hələ Moskvada oxuduğu illərdə tariximizə kölgə salmış bir çox “tarixcilər”in “tədqiqatlarını” saf-çürük etmiş, xalqımızın sərvətlərinə təcavüz edən imperiyanı və onun əlaltılarının fəaliyyətini üzə çıxarmaq üçün gərgin axtarışlar aparmışdı.
Həmin illərdə ermənilərin bir-birinin ardınca xalqımızı aşağılandıran, ona qarşı yalanlar uyduraraq dünyanın hər yerində böhtan dolu yazılarla çıxış etdiyi bir vaxtda, Azərbaycanın “başbilənləri” susmağa üstünlük verdiyi zamanda, xalq yalnız heç bir təsirə malik olmayan mitinqlərdə çıxış etməklə özlərində bir təsəlli tapırdı. Bu ağır günlərdə İslam Sadıq vətəndaşlıq yanğısı ilə “Susmaq qızıl deyilmiş” adlı publisistik yazını bitirir. Bu əsərlə o nəinki ermənilərə, hətta 70 illik imperiyaya qarşı açıq-aydın döyüşə girirdi. Lakin təəssüf ki, Azərbaycanda oturan “sapı özümüzdən olan” ermənibaşlar bu kitabın çapına qadağa qoydular. İslam həmin kitabı öz hesabına çap etdirmək məcburiyyətində qaldı. Onu da əngəllədilər. Üstündən bir neçə il keçib imperiya qorxuları xeyli azalandan sonra “Azərnəşr” də İslamın bu arzusuna dayaq duranlar tapıldı.
Kitabın nəşri həmin illərdə bir hadisə kimi qiymətləndirildi. Çünki o dövr üçün belə bir əsərin yaranması vacib idi. İndiyə qədər bu kitabın nə rus dilinə, nə də başqa xalqların dillərinə tərcümə edilməməsi təəssüf doğurur.
Keçən əsrin 90-cı illərində İslam Sadıq “Fəryad”, “Azərbaycanın səsi” kimi qəzetlərə başçılıq etmiş və orada dərc etdirdiyi, həmin dövr üçün hadisə sayılan kəskin, barışmaz yazılar ilə həmişə təqiblərə məruz qalmışdı. Təsadüfi deyil ki, həmin yazılarına görə onu ailəsi ilə qorxutmağa cəhd etmişlər. Lakin İ.Sadıq öz əqidəsindən dönməmiş, kəskin yazılarını daha da “itiləmiş”di.
İ.Sadıq bədii yaradıcılığla bərabər elmi yaradıcılıqla da məşğuldur. İslam qarşısına qoyduğu məsələnin cavabını tapmaq üçün günlərlə, aylarla, bəzən də illərlə araşdırmalar aparır və həqiqiliyinə tam əmin olduqdan sonra qələmə söykənir.
O şifahi xalq ədəbiyyatı janrlarında şeirlər yazmaqdan əlavə, dünya folklorunun şah əsərlərindən biri sandığı “Koroğlu” dastanını hərtərəfli araşdırdı. Koroğlunun tarixi şəxsiyyət olması haqqında bəlli olmayan tutarlı və inandırıcı elm aləminə arqumentləri ilk dəfə üzə çıxardı. “Koroğlu kim olub?” adlı əsəri uzun illərin tədqiqatı nəticəsində meydana gəlmişdi.
Təsadüfi deyil ki, son illərdə xalq ədəbiyyatının incisi olan “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları haqqında yazdıqları bu elmi məntiqə sığmayan bu müəlliflər hamının susduğunu görüb daha çox qol-qanad açdılar. İ.Sadıq elmə söykənən araşdırmalarında, “Elmi təfəkkür olmayanda...”, “Kitabi-Dədə Qorqud: Sevgiyə bükülmüş nifrət, yaxud qapqara işıqlar içində apaydın qaranlıqlar” və bu kimi məqalələrində onlara tutarlı cavablar verirdi.
Yuxarıda qeyd etdiyimiz kimi, İ.Sadığın yaradıcılığı çoxşaxəlidir. O, bir tərəfdən xalqının həyatını, vətənin ağrılarını düşünüb şeirə köçürür, digər tərəfdən qələmə söykənib folklorumuzun az tədqiq olunmuş sahələrini araşdırır. Təsadüfi deyil ki, İ.Sadığın “Koroğlu kim olub”, “Şumerdə izim var”, “Şumer ədəbiyyatı”, “Şumer və türk dastanları” adlı geniş həcmli, qiymətli əsərləri, kitaba o qədər də isti münasibət olmayan bir dövrdə hər birimizin stolüstü kitabına çevrilməyə layiqdir.
İslam Sadığın bu fəal araşdırmalarının nəticəsidir ki, son iki əsrə yaxın bir zamanda min illər tarixi olan Şumer dünyası bir çox alimlərinin maraq dairəsində olsa da, lakin onların araşdırmalarını hələ də qənaətbəxş hesab etmək çətindir. Bir-iki tədqiqatı çıxmaqla buna münasibət o qədər də qənaətbəxş deyil, elə bil Azərbaycanda şumeri “həzm edən” tapılmırdı. Onun həqiqi tarixini müəyyən etməyə heç kimdə elə bil cürət hiss olunmurdu. Səbəbi isə görünür Şumer dünyasının qədimliyi və kifayət qədər tutarlı ədəbiyyatın olmaması idi.
Lakin bir qrup tədqiqatçılardan fərqli olaraq İ.Sadıq “hamar” yoldan imtina etmiş və Şumer dastanları haqqında tədqiqatlarını davam etdirərək, xalqımıza hələ də qaranlıq qalan tarixi faktların açılmasına rəvac vermişdi. Bu baxımdan o “Şumerdə izim var”, “Şumer ədəbiyyatı”, “Şumer və türk dastanları” kitablarında bir çox qaranlıq fikirlərin üstünə işıq salmış, elmi əsaslarla maraqlı paralellər apararaq oxşar və eyni motivləri üzə çıxarmış Şumer və türk epik düşüncəsinin eyni qaynağa söykəndiyini göstərmişdir.
1970-ci illərdə ədəbiyyata gələn İslam Sadıq indiyə qədər 20-dən çox kitabın, respublikamızın, xarici ölkələrin mətbuat səhifələrində dərc edilmiş yüzlərlə elmi, elmi-publisistik məqalələrin müəllifidir. Biz inanırıq ki, bundan sonra da görkəmli şair, publisist, alim İslam Sadıq öz bədii, elmi, publisistik yazıları ilə bizi sevindirəcək.
Qeyd edək ki, bir neçə il bundan öncə İ.Sadıq şəxsi sənədlərini Dövlət Ədəbiyyat və İncəsənət arxivinə təhvil verməkdə çox böyük təşəbbüs göstərib. Artıq arxivin əməkdaşları bu qiymətli sənədlər üzərində işini başa çatdırıb, oxucuların və tədqiqatçıların ixtiyarına verib. Fondda İslam Sadığın indiyə qədər üşıqüzü görməmiş yazıları saxlanılır. Ümid edirik ki, gələcəkdə İ.Sadığın bədii yaradıcılğı və elmi tədqiqatı ilə yaxından tanış olmaq istəyən araşdırıcılara Dövlət Ədəbiyyat və İncəsənət arxivində onun şəxsi sənədlərini mühafizə edən 708 saylı fondu istiqamətverici yol olacaq.
Aslan Qasımlı (Kənan)
ARDƏİA-nin direktor müavini
Bugün: | 303 |
Dünən: | 774 |
Bu həftə: | 5672 |
Son həftə: | 6350 |
Bu Ay: | 18381 |
Son Ay: | 25108 |
Bu İl: | 284530 |
Ümumi: | 1304951 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az