Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Xan ailəsinin tək incisi - Xurşudbanu Natəvan

Son Yenilənmə : 2022-11-22 03:58:24
Baxış sayı : 953

Bu il “Şuşa ili” çərçivəsində yubileyi keçirilən sənətkarlardan biri də Xurşidbanu Natəvanın doğumunun 190 illiyidir. Qarabağ xanı İbrahimxəlil xanın nəvəsi, Mehdiqulu xanın qızı olan Xurşidbanu Natəvan 1832-ci ildə Şuşada anadan olmuşdur. Ailənin tək övladı olduğu üçün onu “Dürrü yekta” (“Tək inci”) deyə adlandırmışlar. Qarabağ xanlığının son varisi olan Xurşidbanu uşaqlıq illərini saray mühitində tərbiyəçilərin,sevimli ailəsinin əhatəsində keçirərək, dövrünün savadlı şəxslərindən dərs alıb yüksək elm və biliyə sahiblənmişdir. O, uşaqlıqdan dərin biliyə malik olmuş, şeiriyyətə, incəsənətə maraq göstərmişdir.Həyatının çox hissəsini, acılı-şirinli günləri Qarabağdakı ata-baba mülkündə yaşamışdır. 13 yaşı olarkən atasını itirəndən sonra həyatında çətin günləri bir–birini əvəz etməyə başlamışdır.

Şairənin mülkü 18-ci əsrdə Şuşada tikilən ən dəbdəbəli ev idi və fərqli memarlıq üslubu ilə seçilirdi. Ev Şuşa qalasından yuxarıda yolun kənarında ucalırdı. Bu mülkdən sonralar Sovet dövründə 1932-ci ildə Ü.Hacıbəylinin təşəbbüsü ilə Azərbaycanda ilk uşaq müsiqi məktəbi yaradılır. Daha sonralar Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Şuşa filialı kimi fəaliyyət göstərmişdir. İşğal dövründə isə bu muzey tamamilə dağıdılıb, eksponatları sındırılıb. Bakıya çox az hissəsini gətirmək mümkün olub.

Xurşidbanu Şuşa şəhərində əhalinin su saridan əziyyət çəkdiyinə biganə qala bilməyib 1873-cü ildə Sarı Baba dağından şəhərəsu çəkdirir. Bu çəkiliş il yarıma başa gəlir. Şuşa dağlarından süzülərək  mərmər sal daşlar arasından axıb gələn sudan saxsı borularla12 gözdən ibarət bulaq çəkdirir,bağ saldırır, şəhərdə hamam, məktəblər tikdirir.

Dövlət Tarix Arxivində mühafizə edilən qiymətli sənədlər oxuculara Xurşidbanu Natavan haqda daha dolğun məlumatlar verməkdə köməklik edir. Xurşidbanu ailənin tək varisi olduğu üçün o dövrün çox zəngin xanımlarından sayılırdı. Atası Mehdiqulu xan 1845-ci ildə vəfat etdikdən sonra Xurşidbanu və anası Bədircahan xanıma böyük mülklər və torpaq sahələri qalmışdı. Bunu Dövlət Tarix Arxivinin Şuşa qəzası üzrə bəy zümrəsinə mənsub olan şəxslərin əmlakları göstərilən sənədlərinə nəzər salarkən aydın görmək olur. 1823-cü ilə dair“Müsəlman əyalət idarəsinin dəftərxanası”nın məlumatından məlum olur ki, sənəddə adı çəkilən kəndlər Mehdi Qulu xandan ailəsi ilə birgəİrana qaçdığı üçün alınır, lakin xanlıq ləğv edildikdən sonra 1834-cü ildə ona geri qaytarılır. Qafqaz Canişinliyi tərəfindən Xurşidbanudan Suşa qəzası üzrə 100 ailədən ibarət Gindarx kəndi,34 ailədən ibarət Ağdam kəndi və s. kəndlər alınsa da, bir müddət sonra geri qaytarılır.Digər kəndlər isə Xurşidbanuya atasının ölümündən sonra miras qalmışdır: Məməd bəy Qalabəyov tərəfindən idarə olunanOtuz-ikilər mahalı,Minbaşı Mərdan bəy tərəfindən idarə olunanHacıəlili kəndi, Təklə mahalı: Xasılı kəndi, Çolu, Atamazlar, Xıdırlı, Çəmənli, Sarıhacılı, Pirhəsənli və sair xeyli sayda kəndlər himayəsində olmuşdur. (Fond69, siy. 1, sax.vah.81)

Xurşidbanu elinə-obasına, millətinə bağlı xanım olmuşdur. Elə bu bağlılığa görədə ailə qurduqdan sonra Tiflisdə çox yaşaya bilməmiş vətənə qayıtmışdır. Xurşidbanu çar hakim dairələri ilə, xalqı düşünməyən yerli ağalarla mubarizə aparmış, ata-babadan miras qalmış torpaqları geri qaytarmaq üçünçox əziyyətlər çəkmiş,bir çox dövlət idarələri ilə uzun müddət danışıqlar, yazışmalar aparmışdır.Dövlət Tarix arxivində Xurşidbanunun öz torpaqlarınasahiblənməsi niyyəti ilə bir çox məmurlara yazdığı məktublar günümüzədək qorunub saxlanılır. Buna misal olaraq06 may 1874-cü il tarixində Quberniya idarəsinə müraciətində onun övladlarına məxsus dədə-baba yurdu olan Küratan ərazisinin Kəbirli mahalının sahə rəisi olan Xandəmirov ilə arasında olan mubahisə nəticəsində əlindən alınmasından bəhs edilir (F.123,siy.1, sax. vah.6). Xurşidbanu bir neçə dəfə ərizə ilə müraciət etsə də, heç bir nəticə əldə edə bilmir. Məktublarında ona məxsus on beşə yaxın mülkünün alındığını və geri qaytarılmasını tələb edir. Deyilənə görə qubernator etdiyimüraciətlərinə görə“bir xanıma bu qədər torpaq nəyə lazımdır” dedikdə, Natəvan “bu torpaqlar təkcə mənim üçün yox,gələcək nəsilüçün, millətim üçündür” deyibmiş.

Azərbaycan Dövlət Tarix Arxivində qorunan "General-mayor Mehdiqulu xan Cavanşir Qarabaski" fondunun "Xankəndi torpaqlarının  xəzinədən ödənməklə Minqrel alayına icarəyə verilməsi haqqında Qafqaz Ordusu Baş Qərargah rəisi ilə yazışmalar" adlı saxlama vahidində (f.123, siy.1, sax.vah.3) barəsində bəhs etdiyimiz mülk və torpaq sahələri ilə bağlı hallar sənədlərin şahidliyi ilə geniş əks olunub. Bu yazışmalarda çar məmurlarının yalançı, iki üzlü sifətlərini görməmək mümkün deyil.

Digər bir sənəddə Xurşidbanunun  Şuşa qəza rəisinə unvanladığı mətndə belə bildirilir: 16 mart 1867-ci ildə Qafqaz Hərbi Dairə Ştabının Şuşa qəza rəisinə verdiyi əmrə əsasən Xurşidbanu bütün tikililər, təsərrüfatı ilə birlikdə Xankəndi ərazisinin sahibi kimi elan edilir. Həmin dövrdə Xankəndi ərazisində yerləşdirilən 16-cı Minqrel alayınınheç bir sahiblik hüququna malik olmadığı bildirilir. Lakin Xurşidbanu ərizəsində Qafqaz Hərbi Dairə ştabının bu əmri yerinə yetirilmədiyi üçün həmin sənədin surətinin tələb edir (Fond 123, siy. 1, sax. vah. 9).

O, Tiflisə  torpaq məsələlərini həllinə görə gəldiyi zaman Qafqaz canişinliyində Dağıstan knyazının varisi knyaz Xasayla rastlaşır. Knyaz Xasay onun bu cəsarətinə valeh olur. Canişin Knyaz Xasaya subaylığın daşının atmasını artıq evlənmək vaxtının gəlib çatdığının və buna namizəd kimi Xurşidbanunu göstərir. Bu evliliyin İmperatorunda xoşuna gələcəyini söyləyir. O Xasay bəyi bu evliliye təhrik etməklə çar Rusiyasına sədaqətli tərəfdaş qazanmaq kimi siyasi məqsəd güdür.Bu izdivac baş tutur. Həyat yoldaşı Xasay xanın Canişinlikdə qulluğu ilə əlaqədar olaraq, Xurşidbanunun bir müddət Tiflisdə yaşaması, onun şair və rəssam kimi formalaşmasına böyük təsir göstərir. Tiflis mühiti Xan qızına Qafqazın çoxmillətli mədəniyyəti ilə tanış olmaq və ondan bəhrələnmək imkanı yaradır. Xurşidbanu bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulmuş, özü də milli ənənəsi, kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyatmışdır.

Knyaz Xasay Usmiyevlə evli olarkən uzun müddət övladı olmadığı üçün Bakının Şıx kəndinə pirə ziyarətə gələrkən yolların pis vəziyyətdə olduğunu görərək kəndə yeni yol çəkdirir. Tiflisdə yaşadığı müddətdə isə Azərbaycan cəmiyyəti ilə daim əlaqədə olmuşdur. Onun Xasay bəylə evliliyindən 1854-cü ildə oğlu Mehdiqulu (Fond 43, siy. 2, sax.vah. 7344, səh.159 arx.) və Xanbikə adlı bir qızı dünyaya gəlmişdir.

Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan vermişdir. Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfəri zamanı o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşmüşdr. 1858-ci ildə xoşbəxt bir təsadüf Bakıda məşhur fransız yazıçısı A.Düma ilə Xurşidbanunu rastlaşdırmışdır. A.Dümanın Qarabağa gəlişi zaman Natavan və Xasay bəy onu oz evlərində qonaq etmiş. Bu zaman Dümaya Qarabağa aid sənət inciləri, xalçalar, atlar göstərilir. A. Düma özunun Qafqaza səyahətə həsr olunmuş kitabında Qarabağın gözəlliyini, adət-ənənəsini, milli geyimlərini heyranlıqla təsvir edir.Natəvanın həyat yoldaşı Xasay xanın fransız dilində təmiz danışması qonaqların heyrət və sevincinə səbəb olmuş, aralarında dostluq telləri yaratmışdır.

Xasay bəy Xurşidbanunun onun millətini, kasib camaatı nece sevdiyini, kəndlilərin nece qayğısına qaldığını görüb, susuz kəndlərə Arazdan Mil düzünə su cəkdirmək fikrini alqışlayırdı. O, Xursidbanuya vətəninə Dağıstana köçməyi təklif etsədə Xurşidbanu bundan imtina etmişdir. Kəndlilərinin ona ana kimi baxdığı, hər dərdlərini-sərlərini ona dediklərini vəonları hec vaxt atıb getməyəcəyini söyləyir.Xasay bəy Şuşanı, Xurşidbanunu və övladlarını tərk etməli olur və onların izdivacına son qoyulur.

Ömrünün gözəl çağında 16 yaşlı cavan oğlunu itirdikdən sonra həyata qarşı küskünləşmiş, daim kədər qəm içərisində dolaşmışdır. Şairin yaradıcılığı əsasən təbiətə, sevgiyə və həsrətə həsr olunan şerlərlər, qəzəllərdən, rübailərdən ibarətdir. Oğlunun itkisi ilə heç vaxt barışmamış, ruh düşkünlüyü onu daim izlədiyi üçün qəzəllərində daim ah-nalə çəkmiş, bəxtindən şikayətlənmişdir.

Anasının vəfatından və Xasay bəydən ayrıldıqdan sonra sanki Xurşidbanu tək qalır, siyasi sıxıntıları, çətinliklərin içərisində tək mübarizə aparır. Sanki onu kimsəsiz görərək tək qadın kimi meydanda tənha qaldığından istifadə edir onu sındırmağa çalışırlar. Natəvan Çar hökümətində torpaqlarını, mülklərinin geri qaytarmağı tələb etdiyi zaman da yalnız özünü düşünmür, əslini-kökünü unutmayaraq ata-baba əmanətlərinə sahib çıxmağa çalışır.Hətta bir çox yerdən onunla evlənmək istəyənlər olur. Dedi-qodulara son qoymaq üçün sarayında çalışan Seyyid Hüseyn adlı rəiyyət içərisindənçıxmış sadə bir insana ərəgedir. Natəvan özvar-dovlətini sadə insanların güzəaranının yaxşılaşdırmasına sərf edir, tabeliyində olan işçilərlə xoş rəftarı, onların həm özlərinin, həm övladlarının qayğısına qalır, idarəçilik və təssərrüfat işlərindən vaxt tapanda isə incə duyğularını kağıza, kətana və bəzən də tikmələrlə parça üzərinə köçürərmiş. Gözəl əl qabiliyyəti olan Natəvanın çəkdiyi şəkillərdən ibarət “Gül dəftəri” günümüzədək M.Füzuli adına Əlyazmalar instutunda qorunub saxlanlır. Ora Qarabağın gozəl təbitətində bitən güllərin şəklini çəkər və həminşəklə aid şeir yazarmış.

19-cu əsrin ikinci yarısında Qarabağ ədəbi mühütü xüsusi ilə seçilirdi. O dövrdə Azərbaycanın bir sıra şəhərlərində Bakıda, Şəkidə, Şamaxıda, Lənkəranda ədəbi məclislər qurulur, şerdən-sənətdən qiymətli söhbətlər aparılır. Onun şeirləri hələ sağlığında dildən-dilə düşmüş, müasirləri arasında əlyazma şəklində yayılmışdır. Təxəllüsündən bəlli olduğu kimi, Xurşidbanu Natəvan şeirimizə narahat bir ilhamla, şikayətçi bir ruhla gəlmişdir. Füzulidə olduğu kimi, onun lirikasında da sevinclə kədər birləşərək vəhdət yaratmışdır.

O, Şuşada çox sayda yaradıcı insanı - musiqiçi, şair, rəssam və xəttatı özündə cəm edən "Məclisi-üns" ədəbi məclisini yaradır, daha sonra geniş fəaliyyəti üçün məclisi sarayına köçürür. Şuşa əhalisinin maariflənməsinə, təhsilinə xüsusi diqqət yetirir. Uzaq şəhərlərdə oxuyan azərbaycanlı tələbələr, yoxsul alim, şair və sənətkarlar Xurşidbanudan yardım almışlar. Qarabağla birlikdə bütün Zaqafqaziyanın sənət sahibləri onun himayəsinə sığınırdılar. Əsl mənada Natəvan vətənin rifahı naminə canını, varını əsirgəməyən, xalq yolunda ürəyini məşəl edən el anası olmuşdur. 1872-ci ildə Xurşidbanunun təşəbbüsü və maddi yardımı ilə əsası qoyulan “Məclisi-üns” ədəbi məclisi öz ətrafına otuza yaxın şair toplamışdır. “Məclisi-üns” üzvlərinin sayına və tərkibinə görə sonradan təşkil edilən “Beyti-Fəramuşan” (Şuşa), “Məcməüşşüara” (Bakı), “Beytüssəfa” (Şamaxı) məclislərindən fərqlənmişdir. Natəvanın 20 ilə qədər rəhbərlik etdiyi “Məclisi-üns”də Azərbaycan, fars dilləri ilə yanaşı, çığatay dilində də qiymətli mənzumələr yaranmışdır. Məclisdə klassiklərdən tərcümələr edilmiş, Xaqani, Nizami və Füzuli kimi qüdrətli qələm sahiblərinin əsərlərinə nəzirələr yazılmışdır. Ömrünün son beş ili Natəvan üçün həm həyatda, həm də sənətdə ağır və böhranlı keçmişdir. Şairə 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat etmişdir. Dəfn mərasimində iştirak edən camaat, hörmət əlaməti olaraq, şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparmış, Xan qızı Ağdamda “Imarət” deyilən ailə qəbiristanlığında dəfn olunmuşdur.

 

                                                      

 Dövlət Tarix Arxivinin

                                                        aparıcı arxeoqrafı

                   Zərifə Əhmədova

 

 



Bugün: 162
Dünən: 1014
Bu həftə: 5328
Son həftə: 6066
Bu Ay: 19224
Son Ay: 28223
Bu İl: 260265
Ümumi: 1280686
1280686