Bildiyimiz kimi Azərbaycan Respublikasında üç yəhudi icması – dağ yəhudiləri, aşkenazi yəhudiləri və Gürcüstan yəhudiləri icmaları mövcuddur. Dağ yəhudilərinin ölkəmizdə məskunlaşması V-VI əsrlərə, Gürcüstan yəhudilərinin VIII əsrə aid olması ehtimal edilir. Aşkenazi yəhudilərinin isə Azərbaycana gəlişi Çar Rusiyası dövründən başlamışdır.
Belə ki, ilk aşkenazilər 1832-ci ildə Bakıda məskunlaşmışlar. XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakıda yaşanan neft bumunun baş verməsi ilə şəhərdəki yəhudi əhalisinin, o cümlədən aşkenazilərin sayı sürətlə artmışdır. 1897-ci ildə Bakıda iki mindən yuxarı yəhudi vardı ki, onların da əksər hissəsini aşkenazilər təşkil edirdi. Bununla yanaşı, 1903-1906-cı illərdə Çar Rusiyasının müxtəlif bölgələrindən də yüzlərlə aşkenazi Azərbaycana köç edərək, daha çox, Bakıda məskunlaşmışdılar.
Çar Rusiyası dövründə ölkəmizə köç etmiş Gerlər və Subbotniklər də Rusiyanın müxtəlif yerlərlərindən gəlmiş və 1820-ci illərdə yəhudiliyi qəbul etmiş etnik qruplardır. 1839-1841-ci illərdə Çar hökuməti bu şəxsləri Cənubi Qafqaza əsasən də Azərbaycana sürgün etmişdi. Onlar köhnə adı Həştərxan-Bazarı olan Cəlilabadın böyük məskunlaşma məntəqələrindən biri sayılan Privolnoyeyə yerləşdirilmişdilər. Bura sonralar Rusiyanın ən böyük Yəhudi-Rus məskunlaşma məntəqələrindən birinə çevrilmişdi. Təəssüf ki, həmin dövrün kameral təsvir kitablarından başqa, onlara aid məlumatları özündə saxlayan heç bir sənəd dövrümüzədək gəlib çatmamışdır. Bu etnik qrupdan olanların əksəriyyəti, sonradan geriyə Rusiyaya köç etmələri səbəbindən Azərbaycanda hazırda gerlər və subbotniklər demək olar ki, yaşamırlar.
XIX əsrin II yarısı – XX əsrin əvvəllərində yəhudilər ən çox Bakı quberniyasında yaşayırdılar. İmperiya zamanında dağ yəhudilərinin kompakt yaşadığı yeganə yer olan Qubanın yəhudi qəsəbəsindən əlavə Bakı şəhərində və Bakı qəzasının Sabunçu, Balaxanı, Ramanı kəndlərində, Lənkəran şəhərində və Lənkəran qəzasının Privolnoye kəndində, Şamaxı, Göyçay, Cavad qəzalarındakı yaşayış məntəqələrində yerləşmişdilər.
Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində qorunan qiymətli mənbələr arasında yəhudilərə dair rast gəlinən ilk sənədlər 1863-cü ilə aid Bakı qubernatorunun dəftərxanası işləri siyahısıdır ki, burada müxtəlif məsələlərlə bağlı qeydlərdə onların adları çəkilir (f.45, siy.2, sax.vah.79).
Bu saxlama vahidindən sonra ən maraqlısı “Qəzalardakı yəhudilərin, sineqoqların, ibadət evlərinin sayı haqqında məlumatların təqdiminə dair Bakı quberniyasının qəza rəisləri ilə yazışmaları”dır (f.44, siy.2, sax.vah.40, vər.1-8). 1869-cu ildə tərtib edilmiş sənədlər Bakı, Quba, Şamaxı, Cavad qəza rəislərinin rapotlarından ibarətdir. Quba qəzası, yəhudi qəsəbəsinin 1868-ci ilə dair göstərilən məlumatları belədir: 4947 nəfər yaşayan qəsəbədə kişilərin sayı qadınlardan çoxdur. Doğum və ölüm sayında da kişi cinsi üstünlük təşkil edir. İl ərzində 44 nikah qeydə alınıb, boşanma hadisəsi baş verməmişdir.
Sayları artdıqca ibadət evləri ilə kifayətlənməyən yəhudilərin 1908-ci ildə Bakıda, 1911-ci ildə Quba yəhudi qəsəbəsində yeni sineqoqların tikintisi ilə bağlı Bakı Qradonaçalnikinə və Quba qəza rəisinə müraciətləri tarixi baxımdan əhəmiyyətlidirlər.
Onlar təkcə dini inamları ilə deyil, təhsil və maarif sahələrində də geniş fəaliyyətləri ilə fərqlənmişlər. 1909-cu ildə Bakı yəhudi qadın peşə məktəbi fəaliyyətə başlamışdır (f.309, siy.1, sax.vah.852, vər.1-10). 1911-ci ildə “Talmud-Tora” yəhudi maarifçi cəmiyyətinin qurulmasına nail olmuşlar (f.46, siy.2, sax.vah.143, vər.1-18).
1913-cü ildə yəhudi ədəbi-musiqili cəmiyyətinin yaradılması haqqında Bakı Qradonaçalnikliyi qarşısında vəsatət qaldırmışlar (f.46, siy.2, sax.vah.164, vər.1-8). Bu arada yəhudi qəzetləri ilə yanaşı Solomon İsakoviç Dvosin adlı yəhudi rus dilində “Бакинския развлечения” jurnalının nəşr edilməsi üçün quberniya rəhbərliyindən icazə istəmişdir (f.46, siy.4, sax.vah.59, vər.1-5).
1913-cü ildə Bakı ravvin cəmiyyəti iudey dinindən olan şəxslər üçün Bakı şəhərində yəhudi xeyriyyə cəmiyyətinə xeyriyyə evi açmağa razılıq verməsinə görə şəhər İdarəsinə xahiş etmişdir (f.1, siy.1, sax.vah.1751, vər.1-6) .
1914-cü ilin Bakı şəhərinin hesabatı üzrə məlumatlara istinadən əsrin əvvəllərindən yeni məskunlaşan sakinlərinin milli tərkibində ruslar və ermənilərdən sonra yəhudilər çoxluq təşkil etmişlər. Şəhər əhalisinin 4.55 faizi hesab edilən 9689 nəfər yəhudi qeydə alınmışdır. Onların içərisində savadlılıq dərəcəsi 82.9 faiz olmuşdur (f.389, siy.1, sax.vah.643, vər.9).
1915-16-cı illərdə Birinci Dünya müharibəsinin yaratdığı səfalət üzündən Rusiya imperiyasının qərb quberniyalarından Bakıya gələn qaçqın yəhudilərin sayı 1158 nəfər olmuşdur (f.495, siy.1, sax.vah.111).
Tolerantlıq ənənələrinin və dəyərlərinin hakim olduğu Azərbaycanda bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və yəhudi xalqlarını yaxınlaşdıran başlıca cəhətlərindəndir.
Rövşən Həsənli
Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi,
Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri
Bugün: | 491 |
Dünən: | 961 |
Bu həftə: | 2127 |
Son həftə: | 5782 |
Bu Ay: | 22783 |
Son Ay: | 20603 |
Bu İl: | 70004 |
Ümumi: | 1382588 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az