Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Zəhra Quliyeva-100

Son Yenilənmə : 2023-01-31 06:22:11
Baxış sayı : 764

Millətinin və onun bütün övladlarının uğurlarına sevinən İnsan!

 

Həyatda elə şəxsiyyət var ki, onun keçdiyi ömür yolu, yaşantıları, mübarizəsi uğurlu, mənəvi dünyası gənc nəsil üçün örnək məktəbi olur. Belə şəxsiyyətlərdən biri də tanınmış alim, gözəl səhiyyə işçisi, qadın hərəkatının öndəri, ictimai və dövlət xadimi professor Zəhra Quliyevadır. Mənalı və şərəfli ömür yaşayan Zəhra xanım Quliyeva respublika səhiyyəsinin inkişafına, tibb elminə böyük töhfələr verib. Onun milli tibb kadrlarının yetişməsində, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatına cəlb edilməsində böyük əməyi olmuşdur.

Zəhra xanım Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1940-cı ildə Bakı şəhər 132 saylı orta məktəbi əla qiymətlərlə bitirərək, həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə imtahansız qəbul edilmişdir. Elə həmin vaxtdan oftalmologiya onun qanına-canına çökmüş və həyatını bu gözəl peşəyə bağlamışdır.

1944-cü ildə institutu əla bitirdiyinə görə Dövlət Komissiyasının qərarı ilə Göz xəstəlikləri kafedrasında ordinator vəzifəsinə təyin edilir. 1946-cı ildəmüsabiqə yolu ilə assistent, 1959-cu ildə isə dosent vəzifəsinə seçilir. O, pedaqoji fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını dadavam etdirir.

Beləliklə, 1958-ci ildə “Müxtəlif üsulla billurun çıxarılmasında buynuz qişanın sferikliyinin və refraksiyasının dəyişilməsi” adlı namizədlik və 1967-ci ildə “Görmə itiliyinin, refraksiyanın və akkomodasiyanın rəng duyğusuna təsiri” adlı doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru dərəcəsi alır.

Bir il sonra Zəhra xanım Azərbaycan Dövlət Tibb İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir. 1975-ci ildə isə həmin kafedranın müdiri olur. Alimin elmi tədqiqatları o zaman oftalmologiyanın ən aktual problemləri sayılan refraksiya-akkomadasiya, rəngin qavranılması, traxoma, tor qişa və görmə siniri xəstəliklərinin öyrənilməsi sahəsini əhatə edir.

Professor Z.Quliyeva 1972-1983-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru, 1975-ci ildə isə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri seçilib,Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin vəSSRİ Səhiyyə Nazirliyinin Ali Tibb Mərkəzi Şurasının üzvü olmuşdur.

Zəhra xanım təcrübəli pedaqoq, istedadlı alim, bilikli həkim, mahir oftalmoloq-cərrah idi.Uzun müddət oftalmologiya kafedrasına rəhbərik etmiş, sevimli müəllimi – Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ümnisə xanım Musabəyovanın ənənələrinə sadiq qalaraq həkim və elmi pedaqoji kadrların yüksək səviyyədə hazırlanması sahəsində əzmlə çalışmışdır. O, eyni zamanda 4 namizədlik dissertasiyasının elmi rəhbəri, 4 monoqrafiyanın, 160-dan artıq elmi məqalənin, Tibb Uiversitetinin tələbələri və gənc həkimlər üçün Azərbaycan dilində “Göz xəstəlikləri” kitabının, 4 dərs vəsaitinin, 1 ixtira və 4 səmərələşdirici təklifin müəllifidir. Keçmiş tələbələrindən biri olan tanınmış oftalmoloq, professor, şair Paşa Qəlbinurun Z.Quliyeva haqqında yazdığı məqalədə deyilir: “Müxtəlif adamların boyuna biçilmiş elə ifadə və təyinlər var ki, Zəhra xanıma aid olanda gərək aydın aramla oxunsun və yalnız böyük hərflərlə yazılsın: Ana, Vətəndaş, Alim, Həkim, Natiq, İctimai xadim, Millətinin və onun bütün övladlarının uğurlarına sevinən İnsan!”.

Zəhra xanım bir ictimai xadim kimi də öz sözünü deyə bilmişdir. Belə ki, 1971-ci ildə ABŞ-ın Çikaqo şəhərində keçirilən iqtisadi və irqi birlik uğrunda I Qadın Qurultayında, 1973-cü ildəVarşava Müqaviləsinin 20 illiyində parlament nümayəndəsi kimi iştirak etmişdir. Polşa, Almaniya, İsveç, Danimarka, Norveç, Finlandiya, Baltikyanı ölkələrdə sülh günlərinin iştirakçısı olmuşdur. Eyni zamanda, dəfələrlə SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

Z.Quliyeva uzun müddət Bakının Nəsimi rayonunda Qadınlar Şurasının üzvü və sədri vəzifəsində olub. 1995-ci ildən “Sevil” Azərbaycan Qadınlar Məclisinin sədr müavini, Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, 1998-ci ildən isə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə  Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin olunmuşdur.

Hansı vəzifədə çalışmasından asılı olmayaraq, Zəhra xanlm həmişə ictimai işlərdə fəal iştirak edib, ölkədə qadın problemləri ilə yaxından məşğul olub, onların problemləri, yaşayış və məişət qayğıları ilə maraqlanıb, kömək edib və dayaq durub.

2000-ci ildə Nyu-York şəhərində “Qadınlar 2000-ci ildə: gender bərabərliyi - sülh və inkişaf XXI əsrdə” mövzusunda BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında iştirakçı olmuş və məruzə etmişdir. Həmin sessiyada Azərbaycan höküməti adından “Qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv edilməsi haqqında” Konvensiyanın Fakultativ Protokolunu Prezidentin fərmanı əsasında imzalamaq Zəhra xanıma həvalə olunmuşdur.

Bundan başqa 2000-2001-ci illərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Cenevrə, Türkiyənin Bursa, İstanbul, İranın Tehran, Çinin Pekin, Şanxay və Makedoniyada keçirilmiş yüksək səviyyəli toplantıların iştirakçısı və məruzəçisi olmuşdur.

Vətən qarşısında göstərdiyi xidmətlərə görə iki dəfə “Şərəf Nişanı”, “Qırmızı Əmək Bayrağı”, “Şöhrət ordeni” və bir çox medal və fəxri fərmanlarla təltif edilmişdir. Eyni zamanda, Amerika Bioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin qadını” seçilib və xüsusi diplomla təltif edilmişdir.

Zəhra xanım haqqında nə qədər yazılsa da, onun çoxşaxəli fəaliyyətini tam şərh etmək mümkün deyil. Bu alim-ictimaiyyətçi qadının mənalı, şəffaf həyat yolu gənclərə örnək olmalıdır. Zəhra xanım təkcə gözlərə deyil, qəlblərə də işıq verən, Qadın hərəkatının lideri və böyük təşkilatçısı, görkəmli alim, nəcib insan, bacarıqlı rəhbər olmuşdur. Əsl mənada Azərbaycan qadınının Simvoludur.

Görkəmli elm və dövlət xadimi Zəhra xanım Quliyeva 2005-ci il noyabrın 28-də dünyasını dəyişmişdir. Sadəliyin, kübarlığın, ziyalılığın timsalı olan Zəhra xanım böyük qəlbə malik bir insan, ən əsası isə özünü təsdiq edən şəxsiyyət kimi yaddaşlarda daim yaşayacaqdır.

Məqalənin hazırlanmasında ARDETSA-da Zəhra xanım Quliyevaya aid qorunub saxlanılan şəxsi fonddan istifadə edilmişdir.

         Fond 159,siyahı 1,saxlama vahidi 78, 284, 294, 295, 301, 305.

 

Zinyət Vəliyeva,

Dövlət Elm və Texnika

Sənədləri Arxivinin aparıcı arxeoqrafı.

 

         



Bugün: 285
Dünən: 774
Bu həftə: 5654
Son həftə: 6350
Bu Ay: 18363
Son Ay: 25108
Bu İl: 284512
Ümumi: 1304934
1304934