02 Dekabr 2021 11:55 XƏBƏRLƏR Baxış sayı : 690
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.
Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilmişdir.
Sözügedən Sərəncamın icrasını təmin etmək məqsədilə müvafiq tədbirlərin keçirilməsi, Dövlət Arxivlərində mühafizə edilən və Nizami Gəncəvi irsini, onun öyrənilməsini, təbliğini əks etdirən arxiv sənədlərinin seçilməsi və ictimaiyyətə çatdırılması istiqamətində işlərin görülməsi müvafiq olaraq Milli Arxiv İdarəsinin iş planına daxil edilmişdir.
Ulu Nizaminin doğma yurdu olan qədim Gəncə şəhərində yerləşən Dövlət Arxivinin Gəncə filialında 30 iyun 2021-ci il tarixində “Nizami Gəncəvi İli”nə həsr olunmuş tədbir keçirilmişdir. Dövlət Arxivinin Gəncə filialının təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsi, Gəncə Dövlət Universiteti, Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsi, Gəncə şəhər Mirbəşir Qasımov adına 23 saylı tam orta məktəbin nümayəndələri iştirak etmişdirlər.
Milli Arxiv İdarəsi tərəfindən hazırlanan və geniş ictimaiyyətə təqdim edilən “Nizami irsi arxiv sənədlərində” adlı sənədli videoxülasə Dövlət Arxivində, Dövlət Kino-Foto Sənədləri Arxivində, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Dövlət Səs Yazıları Arxivində, Dövlət Arxivinin Gəncə filialında mühafizə edilən arxiv sənədləri əsasında hazırlanmışdır. Sözügedən xülasədə sənədlərin bəziləri ilk dəfə elmi ictimaiyyətə təqdim edilir. Sənədlər əsasən dahi Nizami Gəncəvinin 800, 840 illik yubileylərinin keçirilməsi, Nizami irsinin yaşadılmasını, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dahi Nizami Gəncəvinin 840 illiyk yubileyinin ümumittifaq və respublika səviyyəsində qeyd edilməsi və s. haqqındadır.
Xronoloji ardıcıllıla verilən sənədlər haqqında məlumat başlıqlarla açıqlanmışdır. Sözügedən videoxülasə Milli Arxiv İdarəsnin rəsmi YouTube səhifəsinə yerləşdirilmişdir.
Bugün: | 801 |
Dünən: | 1014 |
Bu həftə: | 5967 |
Son həftə: | 6066 |
Bu Ay: | 19863 |
Son Ay: | 28223 |
Bu İl: | 260904 |
Ümumi: | 1281325 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az