19 İyul 2019 04:18 XƏBƏRLƏR Baxış sayı : 1443
Tədbiri giriş nitqi ilə açan İdarənin rəisi, professor Əsgər Rəsulov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamlar imzaladığını, Milli Arxiv İdarəsində həmin sərəncamlardan irəli gələn tədbirlər planı hazırladığını və bu toplantının da sözügedən planda nəzərdə tutulmuş tədbirlərdən biri olduğunu qeyd etmişdir.
O, Nəsiminin həyatı və yaradıcılığı, sufi-fəlsəfi görüşləri haqqında məlumat vermiş, böyük sənətkarın Azərbaycan dili və poeziyasının inkişafındakı misilsiz xidmətlərindən bəhs etmişdir.
Sonra Respublika Dövlət Arxivlərinin materialları əsasında hazırlanmış və dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Həqq mənəm, həqq məndədir, həqq söylərəm...” adlı sənədli film nümayiş olunmuşdur.
Daha sonra çıxış edən Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru V. Tapdıqlı, Dövlət Tarix Arxivinin direktoru A.Qasımlı, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri C. Məmmədli Nəsimi yaradıcılığı haqqında öz fikir və mülahizələrini bölüşdülər. Bildirildi ki, XIV-XV əsrlər türkdilli Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi İmadəddin Nəsiminin yaradıcılığında təsəvvüf ideyaları bütöv bir konsepsiya təşkil edir. Digər klassik şairlərimizdən fərqli olaraq Nəsimi bilavasitə fəlsəfi təlim zəminində yetişmiş və onun şeirlərindəki fəlsəfi ideyaların əsasında hürufilik dayanmışdır. Nəsimi insanların qəlbini, onların mənəvi dünyasını misilsiz ustalıqla bədii-fəlsəfi araşdırmadan keçirmiş, nəticədə, insanı kainatın ən kamil varlığı kimi ulu Yaradanın mahiyyətinə yaxınlaşdırmış təlimin poetik formulunu yaratmışdır. Nəsiminin insanlıq, kamil şəxsiyyət haqqında təsəvvürləri mükəmməl və gerçəkliyə uyğundur. Nəsimi ideal bir biçimdə insanın bəşəri keyfiyyətlərini incələyir, mənalandırır, poetik səviyyəyə yüksəldir. Şairin fikrincə, insan bütöv bir aləmdir, külli kainatdır. Nəsimi əsərlərində insanın ən gözəl xüsusiyyəti özünü dərk etməsidir. O, yaradıcılığı boyu insanı özünü dərk etməyə çağırmışdır.
Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Ustad şairin yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Bugün: | 715 |
Dünən: | 914 |
Bu həftə: | 4867 |
Son həftə: | 6066 |
Bu Ay: | 18763 |
Son Ay: | 28223 |
Bu İl: | 259804 |
Ümumi: | 1280225 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az