Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Görkəmli teatr və kino xadimi Ağahüseyn Cavadovun 125 illiyi münasibətilə Milli Arxiv İdarəsi sənətkarın həyat və fəaliyyətinə həsr olunmuş virtual sərgini istifadəçilərin ixtiyarına vermişdir.

Ömrünün 60 ildən çoxunu səhnəyə həsr etmiş və 200-dən artıq səhnə obrazı yaratmış, milli teatr və kino ustası Ağahüseyn Cavadovun bu il anadan olmasının 125 illiyidir. Ağahüseyn Cavadov böyük teatr səhnəsində istər klassik dramaturgiya nümunələrində, istərsə də müasir əsərlərdə eyni hərarət və səmimiyyətlə çıxış etmiş və yaratdığı obrazlar uzun müddət hafizələrdə yaşamışdır.    

Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Bakının Xırdalan kəndində anadan olmuşdur. O, ilk təhsilini mollaxanada daha sonra “Səadət” məktəbində almışdır.

1920-ci ildən səhnə fəaliyyətinə başlayan aktyor ömrünü əsasən M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı ilə bağlamışdır. O,  yaratdığı komik obrazlarla yadda qalan, sevilən, istər kiçik, istərsə də böyük rollarda gülüş doğuran, satirik və yumoristik səhnələrin daha canlı, parlaq olması üçün öz aktyorluq imkanlarından hər daim məharətlə istifadə edirdi. Əsl sənət fədaisi olan bu insan həmişə, istər səhnədə, istərsə də həyatda təbiiliyi, səmimiliyi ilə hamıdan seçilirdi. İstedadlı aktyor məhz, ciddi sənət axtarışları, dəqiq və zəngin həyat müşahidəsi sayəsində kinoda da, bir-birindən maraqlı obrazlar yaratmışdır. Onun “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Bir qalanın sirri”, “Qızmar günəş altında”, “Sehirli xalat”, “İstintaq davam edir”, “Şərikli çörək”, “Əhməd haradadır?”, “Qərib cinlər diyarında” filmlərində yaratdığı rolları kino tariximizin qiymətli obrazları hesab etmək olar. İstər baş, istərsə də epizodik rollarda onun ifası tamaşaçıların ürəyincə olmuş və bu gün də həmin filmlər böyük maraqla izlənilir.

Ağahüseyn Cavadov Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 1931-ci ildə respublika Əməkdar artisti, 1938-ci ildə isə Xalq artisti fəxri adı ilə təltif olunmuşdur. Bundan əlavə o, Sovet İttifaqının müxtəlif orden və medallarına layiq görülmüşdür.

Görkəmli səhnə ustası 20 iyul 1981-ci ildə Bakıda vəfat etmişdir.

Bu gün görkəmli səhnə ustasının həyat və yaradıcılığını əks etdirən bir çox maraqlı sənədlər Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunmaqdadır. Bu sənədlərdə Azərbaycan teatr və kino sənətinin tədqiqatçıları üçün kifayət qədər zəngin məlumat bazası toplanmışdır.

Virtual sərgidə görkəmli teatr xadimi Ağahüseyn Cavadovun həyat və fəaliyyətini özündə əks etdirən və Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən sənədlər və fotoşəkillər yer almışdır.

Sərgi ilə BURADAN tanış ola bilərsiniz.


Bugün: 827
Dünən: 914
Bu həftə: 4979
Son həftə: 6066
Bu Ay: 18875
Son Ay: 28223
Bu İl: 259916
Ümumi: 1280337
1280337