Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“Əhmədiyyə Cəbrayılovun Fransa müqavimət hərəkatında döyüş yolu” kitabının təqdimat mərasimi keçirilib

14 may 2026-cı il tarixində Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində fransız tarixçi Aleksandr Vatanın müəllifi olduğu “Əhmədiyyə Cəbrayılovun Fransa müqavimət hərəkatında döyüş yolu” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Milli Arxiv İdarəsinin Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova iştirak edib.

Tədbiri giriş nitqi ilə açıq elan edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva bildirdi ki, İkinci Dünya Müharibəsi zamanı xalq müdafiə hərəkatının iştirakçısı olmuş əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş bu kitab Azərbaycanlıların adıçəkilən müharibədə faşizm üzərində qələbənin əldə edilməsində fəal iştirakını bir daha sübut edir.

Xarici İşlər Nazirliyinin nümayəndəsi Nigar Hüseynova bildirib ki, İkinci Dünya müharibəsində Azərbaycanlılar Avropanın müxtəlif ölkələrində - Fransada, Polşada, İtaliyada, Niderlandda yerli xalqlarla çiyin-çiyinə vuruşublar. Fransa Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı partizanlar azadlıq, insanlıq və ədalət uğrunda mübarizənin simvoluna çevriliblər. Onun sözlərinə görə, səfirliyin və Fransadakı Hərbi attaşelik aparatının birgə fəaliyyəti çərçivəsində tarixi yaddaşın qorunmasına xüsusi önəm verilir. Bu istiqamətdə müxtəlif formatlarda tədbirlər — film təqdimatları, konfranslar, elmi görüşlər təşkil olunur. Kitabın müəllifi, fransız tarixçi Aleksandr Vatan qeyd edib ki, nəşr Əhmədiyyə Cəbrayılovun hərbi fəaliyyətindən bəhs edir və tarixi yaddaşın qorunmasına xidmət göstərir. Müəllif vurğulayıb ki, oxucular bu kitab vasitəsilə cəsarətli döyüşçünün həyat yolu ilə daha yaxından tanış olacaq. Fransanın Azərbaycandakı səfiri Sofi Laqutun Əhmədiyyə Cəbrayılovun göstərdiyi cəsarətin, keçdiyi ağır həyat yolunun və partizan hərəkatına verdiyi töhfələrin onu unudulmaz şəxsiyyətə çevirdiyini deyib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Əhmədiyyə Cəbrayılovun göstərdiyi xidmətlərin Azərbaycan-Fransa dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. Əhmədiyyə Cəbrayılovun ailə üzvü Cavanşir Cəbrayılov tədbirin qəhrəmanın xatirəsinə göstərilən böyük ehtiramın nümunəsi olduğunu söyləyib.

Daha sonra qonaqlar Fransa səfirliyinin əməkdaşlarının hazırladığı videoçarxı izləyiblər.


Bugün: 404
Dünən: 1560
Bu həftə: 9351
Son həftə: 10866
Bu Ay: 25031
Son Ay: 55339
Bu İl: 232409
Ümumi: 1926334
1926334