24 Aprel 2017 06:30 XƏBƏRLƏR Baxış sayı : 1859
21 aprel 2017-ci il tarixində Milli Arxiv İdarəsində Azərbaycan Respublikası Dövlət Arxiv təşkilatlarının 2016-cı ildə fəaliyyəti və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilmişdir. İclasda MAİ Kollegiyasının üzvləri, MAİ-in əməkdaşları, Respublika Dövlət Arxivlərinin, rəhbərləri və əməkdaşları, DA Filiallarının və Rayon Dövlət Arxivlərinin rəhbərləri iştirak edirdilər.
İdarənin rəis müavini Əsgər Rəsulov Azərbaycan Respublikası Dövlət Arxiv təşkilatlarının 2016-cı ildə fəaliyyətini əks etdirən geniş məruzə ilə çıxış etdi. Natiq qeyd etdi ki, 2016-cı ildə respublika arxiv təşkilatlarının fəaliyyəti “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunundan, həmin qanunun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı ilə təsdiq olunmuş normativ-hüquqi sənədlərdən, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”, “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması haqqında”, “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında fərmanlarından, ali hakimiyyət və icra orqanlarının tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə yönəlmişdir.
Məruzədə hesabat ilində arxiv işinin təşkili, arxivlərin komplektləşdirilməsi, uçot və mühafizə, sənədlərdən istifadə, arxiv sənədlərinin elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili, həmçinin arxiv işi sahəsində beynəlxalq əlaqələr, arxivçi kadrların hazırlanması, mövcud kadrların ixtisasının artırılması və aidiyyəti üzrə digər sahələrdə əldə edilən nəticələr barədə məlumat verildi. Sözügedən sahələr üzrə statistik göstəriciləri və əldə edilən müsbət nailiyyətləri açıqlayan Ə. Rəsulov arxiv işi sahəsində yol verilən nöqsanları, ayrı-ayrı arxiv təşkilatlarında mövcud olan problemləri qeyd etdi. Daha sonra məruzə ətrafında çıxışlara yer verildi.
Çıxış edən natiqlər 2016-cı ildə arxiv işi sahəsində mövcud problemlər və onların həlli istiqamətində təkliflər barəsində öz fikirlərini bildirdilər.
Daha sonra MAİ-nin rəis müavini Ə.Rəsulov yekun nitqi söylədi. O, 2017-ci ildə qarşıda duran vəzifələrin hazırda işğal olunmuş rayonlarda işğalaqədərki dövrdə mövcud olmuş müxtəlif təyinatlı tikinti obyektlərinin qeydiyyat və planlama məlumatlarının vahid elektron reyestrdə toplanılması məqsədilə arxiv sənədlərinin aşkarlanması və aidiyyəti dövlət orqanlarına təqdim edilməsi, ölkə prezidentinin 2017-ci il 10 yanvar tarixli Sərəncamı ilə cari il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” çərçivəsində respublika arxiv təşkilatlarının üzərinə düşən vəzifələrdən irəli gələn tədbirlərin keçirilməsi, arxivlərdə sənədlərin etibarlı mühafizəsinin təşkil edilməsi və arxiv işinin müxtəlif sahələrini əhatə edən digər tədbirlərin görüləcəyini iclas iştirakçılarının nəzərinə çatdırdı.
Bununla yanaşı məruzəçi bildirdi ki, cari ildə 50 minə yaxın vərəqin bərpası, 55 mindən artıq işin cildlənməsi və 54 min işin qutulara yığılması nəzərdə tutulub. Bütün sənəd növləri üzrə 394 mindən artıq saxlama vahidinin mövcudluğu və vəziyyəti yoxlanılması, sənədlərə elmi-məlumat aparatının yaradılması və təkmilləşdirilməsi işinin davam etdirilməsi, 37 mindən artıq idarəçilik sənədi, 4565 saxlama vahidi digər sənəd növləri qəbul edilməsi nəzərdə tutulmuşdur.
Əsgər Rəsulov bu istiqamətdə respublika arxivçilərinin üzərinə düşən məsuliyyəti qeyd edərək bu sahədə onlara uğurlar arzuladı. Sonda Kollegiya iclasının yekun Qərarı qəbul edildi.
Bugün: | 403 |
Dünən: | 816 |
Bu həftə: | 2881 |
Son həftə: | 6294 |
Bu Ay: | 21884 |
Son Ay: | 25108 |
Bu İl: | 288033 |
Ümumi: | 1308454 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az