29 Mart 2023 05:10 XƏBƏRLƏR Baxış sayı : 550
İdarənin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərov tərəfindən Xankəndi Pedaqoji İnstitutunun tarixi haqqında arxiv sənəd və materialları əsasında hazırlanmış məqalə “Azərbaycan” qəzetinin 28 mart 2023-cü il tarixli, №62 (9229) sayında dərc edilmişdir.
Sözügedən məqalədə qeyd edilir ki, Azərbaycanda Ali Pedaqoji İnstitut –Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun 1921-ci il avqustun 26-da imzaladığı 66 saylı dekretlə yaradılmış və yeni yaranmış institutun vəzifəsi orta məktəblərdə Azərbaycan dilində dərs deyən ixtisaslı müəllim kadrları hazırlamaqdan ibarət olmuşdur. Həmin dekretdə qeyd edilirdi: “Respublikanı vahid əmək məktəbi ideyasını həyata keçirə biləcək yüksək ixtisaslı maarif işçiləri ilə təmin etmək məqsədi ilə Azərbaycan SSR Xalq Komissarları Soveti qərara alır: Bu ilin sentyabrın 1-dən etibarən Bakı şəhərində dövlət dili olan türk dilində xüsusi olaraq II dərəcəli məktəblər üçün müəllimlər hazırlayacaq ilk Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu təsis edilsin. Dekret dərc edildikdən sonra İnstitutun təşkilinə başlansın.”
Arxiv sənəd və materialları təsdiq edir ki, Azərbaycanda Ali Pedaqoji İnstitutun bünövrəsinin qoyulmasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) ölkəmizdə maarif işinin təşkilində və onun yenidən qurulmasında böyük xidmətləri olmuş müəllim və pedaqoqların, maarif fədailərinin yaxından iştirakı olmuşdur. Bu təhsil ocağının yaradılması uğrunda xalqımızın qabaqcıl, mütərəqqi ziyalıları, ictimai- siyasi xadimləri uzun müddət ərzində gərgin mübarizə aparmışdılar. 1921-ci ildə Bakıda ilk Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu təsis edildikdən sonra Azərbaycanın pedaqoji kadrlara olan ehtiyacını ödəməkdən ötrü bölgələrdə Azərbaycan Pedaqoji İnstitutunun filialları yaradılmağa başlandı. 1968-1969-cu tədris ilində Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialı yaradıldı. Sonrakı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin 28 noyabr 1973-cü il tarixli 377 saylı qərarına uyğun olaraq V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialı əsasında Xankəndi Pedaqoji institutu təşkil edildi. Azərbaycan SSR Nazirlər Sovetinin qəbul etdiyi həmin qərarın layihəsi 1973-cü il noyabrın 19-da Azərbaycan KP MK Bürosunda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilmiş iclasında baxılmış və layihə bəyənilmişdir. Həmin İnstitutda tələbələrin təhsili Azərbaycan, rus və erməni dillərində aparılması göstərilirdi. İşğala qədər həmin institutda Azərbaycan və erməni sektoru da fəaliyyət göstərirdi. Azğınlaşmış millətçi erməni-daşnak qüvvələri tərəfindən Qarabağda milli münasibətlərin qızışdırılması nəticəsində 1988-ci il mayın 16-da institutun Azərbaycan bölməsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlər altında Xankəndi şəhərini tərk etməyə məcbur oldular. Bununla da, Xankəndi Pedaqoji İnstitutu özünün köçkünlük həyatını yaşamağa başladı.
27 sentyabr 2020-ci tarixində baş vermiş və 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərimiz işğaldan azad edilmiş, ərazi bütövlüyümüz bərpa olunmuşdur. Ümid edirik ki, işğaldan azad olunmuş ərazilər abadlaşdırıldıqdan sonra Qarabağımızın Xankəndi şəhərində Xankəndi Pedaqoji İnstitutunun fəaliyyəti bərpa olunacaqdır.
Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.
Bugün: | 903 |
Dünən: | 914 |
Bu həftə: | 5055 |
Son həftə: | 6066 |
Bu Ay: | 18951 |
Son Ay: | 28223 |
Bu İl: | 259992 |
Ümumi: | 1280413 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az