29 May 2018 02:23 XƏBƏRLƏR Baxış sayı : 1633
“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz”.
Heydər Əliyev
Epiqraf seçilən kəlam müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqımızın tarixinə və bu tarixin yazılmasına ciddi münasibətinin göstəricisidir.
Həqiqətən də, xalq öz keçmişini bilməyəndə, gələcəyini də qura bilmir. Keçmiş isə, ilk növbədə, yaddaşlarda yaşayır. Yazılı (kağız əsaslı və rəqəmsal), görüntülü (kino-foto) və səsli (fono) arxiv sənədləri isə xalqın milli-faktoloji yaddaşı, maddi-mənəvi sərvətidir. Mükəmməl arxivi olan xalqın etibarlı qorunan tarixi mirası var deməkdir. Arxiv sənədləri bu baxımdan xalqın öz tarixini öyrənmək, dərk etmək, ondan faydalanmaq və ibrət dərsi götürmək üçün əvəzsiz mənbələrdir. Ümummilli lider Heydər Əliyevin aşağıdakı müdrik düşüncəsi arxiv xidmətinin siqlətini, arxiv sənədinin dəyərini, arxiv işinin siyasi və elmi-tarixi əhəmiyyətini dəqiq və sərrast ifadə edir: “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkinci də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.
Hal-hazırda bilavasitə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində sənədlərin istifadə edilmək məqsədilə qəbulunu, saxlanmasını və uçotunu həyata keçirən 6 dövlət arxivi (Azərbaycan Respublikası Dövlət Arxivi, Dövlət Tarix Arxivi, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Dövlət Elm və Texnika Sənədləri Arxivi, Dövlət Kino-foto Sənədləri Arxivi, Dövlət Səs Yazıları Arxivi), eləcə də Dövlət Arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, habelə 57 rayon (şəhər) dövlət arxivi fəaliyyət göstərir. Bu arxivlərdə 15000-dən artıq fond, 3,7 milyona yaxın saxlama vahidi, 650 milyon vərəqdən artıq kağız əsaslı, 450 minə yaxın kino-foto və fono-video sənəd mühafizə olunur.
Sözügedən arxiv fondlarından 163-ü Azərbaycan Xalq Cümhuriyyətinin may 1918 - aprel 1920-ci illər arasındakı fəaliyyəti dövrünə aiddir. Azərbaycan Respublikasının Dövlət Arxivində qorunan həmin fondlarda Cümhuriyyətin quruluş mərhələsini, Parlamentinin və 5 Hökumətinin Tiflis, Gəncə və Bakıdakı 23 aylıq fəaliyyətini əks etdirən 26299 saxlama vahidindən ibarət arxiv sənədləri qorunmaqdadır. Bu sənədlər, eləcə də dövlət arxivlərinin müxtəlif fondlarında və elmi-məlumat kitabxanasında mühafizə edilən sənəd və materiallar şahidlik edir ki, XX əsrin ilk iki onilliyində xalqımızın tarixində baş verən taleyüklü hadisələr - Azərbaycan Milli Şurasının yaradılması, dövlət müstəqilliyimizin rəsmi Aktı olan “İstiqlal Bəyannaməsi”nin qəbulu, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınması - Şərqin ilk demokratik və parlamentli dövlətində baş vermişdir. Bu cahanşümul hadisələr millətimizin əsrlərboyu öz içində daşıdığı azadlıq və müstəqillik arzusunun gerçəkləşməsinin, suveren Azərbaycan xalqının milli mənlik şüurunun özünə qayıtmasının və öz müqəddəratını təyin etməyə qadir olmasının sübutu idi.
Məqalə ilə daha yaxından BURADAN tanış ola bilərsiniz.
Bugün: | 820 |
Dünən: | 817 |
Bu həftə: | 820 |
Son həftə: | 6197 |
Bu Ay: | 6092 |
Son Ay: | 25580 |
Bu İl: | 218910 |
Ümumi: | 1239331 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az