19 Noyabr 2018 12:18 XƏBƏRLƏR Baxış sayı : 2361
300 illik tarix, 700 milyon sənəd, 17 min fond...
Ölkəmiz yenidən müstəqilliyə qovuşduqdan sonra, bütün sahələrdə olduğu kimi, dövlət əhəmiyyətli arxiv sənədlərinin tədqiqi və mühafizəsi istiqamətində mühüm işlər görülüb. Son illər dövlət arxivlərində saxlanılan sənədlərdən daha səmərəli istifadə, yeni elektron xidmətlərin yaradılması, müasir iş metodlarının tətbiqi, şəffaflığın təmin edilməsi üçün bir çox layihələr reallaşdırılıb. Yanaşma və yeniliklərin tətbiqi, arxiv işinin gələcək istiqamətləri, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin hazırkı durumu, qazanılan uğurlar və qarşıda duran vəzifələrin icra vəziyyəti ilə bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov AZƏRTAC-a geniş müsahibə verib. Müsahibəni təqdim edirik.
-Əsgər müəllim, əvvəlcə Milli Arxiv İdarəsinin başlıca vəzifələri haqqında məlumat verərdiniz...
- Milli Arxiv İdarəsi respublikada arxiv işi üzrə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Vəzifələrimiz isə ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı müvafiq Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də təsbit olunub. Vəzifələrimiz Azərbaycan Respublikasının qanunlarının, dövlət başçımızın fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, həmçinin İdarənin müvafiq iş qaydalarının əsasında icra olunur. Başlıca vəzifələrimiz arxiv işi sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək, habelə Milli Arxiv Fonduna daxil olan, özündə xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, sosial, iqtisadi, siyasi, mədəni, bədii və başqa əhəmiyyət kəsb edən respublikamızdan kənarda yerləşən və ölkəmizə aid tarixi, mədəni irslə bağlı arxiv sənədlərinin qəbulunu, mühafizə və istifadəsini təmin etməkdən ibarətdir. Eyni zamanda, fəaliyyət istiqamətlərimizə Milli Arxiv Fondunun sənədlərinin komplektləşdirilməsi, uçotu və istifadəsinin vahid prinsiplərinin hazırlanmasında iştirak etmək, bilavasitə İdarəyə tabe olan dövlət arxivlərinin və dövlət arxivinin filiallarının işlərini əlaqələndirmək, eləcə də onların fəaliyyətini təmin etmək, respublikada arxiv işinin inkişafını və bu sahədə elmi-texniki tərəqqini tənzimləmək və digər məsələlər daxildir.
- Qeyd etdiyiniz kimi, qurum arxiv işi sahəsində dövlət siyasətinin formalaşmasında iştirak edir. Bu istiqamətdə hansı yeniliklər tətbiq olunur?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, həmçinin dövlət idarəetməsinin təkmilləşdirilməsi sahəsində görülən işlər, sözsüz ki, ölkədə arxiv işindən də yan keçmir. Arxiv idarəetmənin tərkib hissəsidir və istənilən sahədə aparılmış hər hansı bir islahat mütləq özünü həmin təşkilatın arxiv sənədlərində və arxivində göstərməlidir. İdarənin vəzifələri və ona verilmiş hüquqlar çərçivəsində respublikada arxiv işinin idarə olunması sahəsində bir sıra normativ hüquqi aktlar hazırlanmış, müvafiq qaydada rəsmi qeydiyyata alınmış, saxlanma müddətləri göstərilməklə nümunəvi siyahı hazırlanaraq təsdiq edilmiş və müvafiq reyestrdən keçirilmişdir. Ölkə rəhbərliyinin dövlət orqanları qarşısında qoyduğu tələblərdən biri də elektron idarəçiliyin təşkil edilməsi, elektron hökumət infrastrukturunun yaradılmasıdır. Milli Arxiv İdarəsi elektron arxivlərin yaradılması, arxiv işinin elektronlaşdırılması istiqamətində də fəaliyyət göstərir. İşimizin nəticəsi olaraq, bir sıra dövlət informasiya ehtiyatlar və sistemləri yaradılmış və istifadəyə verilmişdir. Bununla yanaşı, arxiv işi sahəsində vəzifələr, arxiv işi üzrə normativ göstəricilər, dövlət arxivlərimizin əsasnamələri yenidən hazırlanaraq istifadəyə verilib.
- Arxiv işinin təşkilində dövlət orqanları ilə əməkdaşlıq hansı səviyyədədir?
- “Milli Arxiv Fondu haqqında” Qanununa əsasən, xüsusi əhəmiyyətli arxiv fondları istisna edilməklə digər dövlət orqanları idarəmizin tabeliyində fəaliyyət göstərən dövlət arxivlərinin komplektləşdirmə mənbələridir. Bu siyahıya nazirliklər, komitə və idarələr, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və digər təsisatlar daxildir. Əksər qurumlarla yüksək səviyyəli əməkdaşlığımız olsa da, təəssüflə qeyd etməliyəm ki, heç də bütün qəbul mənbələrimiz qanunun tələblərinə tam ciddi surətdə əməl etmir. Arxiv işinin yerində aparılması ilə yanaşı, dövlət arxivinə təhvil verilməli olan sənədlərin qəbulunda, işlənilməsində, yoxlanılmasında problemlər var. Bununla yanaşı, bir sıra qurumlarla nümunəvi əməkdaşlığımız mövcuddur. Bu günlərdə Dövlət Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə əməkdaşlıq haqqında memorandum imzaladıq. Bu memorandumun məqsədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması prosesində ərizəçilər tərəfindən saxta sənədlərin təqdim edilməsinin qarşısının alınması, habelə sənədlərin həqiqiliyi ilə bağlı yaranmış şübhələrə aydınlıq gətirilməsinin elektron informasiya sistemləri vasitəsilə operativ şəkildə təmin olunmasıdır.
- Milli Arxiv Fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddəti neçə ildir və rəsmi qurumlar arxiv sənədlərini neçə ildən bir təhvil verməlidir?
- Sənədlərin idarə arxivlərində mühafizə müddəti “Milli Arxiv Fondu haqqında” Qanunun müvafiq maddəsində təsbit edilib. Həmin maddəyə əsasən, respublika dövlət hakimiyyət orqanlarının sənədləri üçün 15 il, rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün 5 il, yerli özünüidarəetmə orqanlarının sənədləri üçün 5 il, elmi-texniki sənədlər üçün 15 ildən artıq olmamaq şərti ilə, praktiki əhəmiyyətini saxladığı müddətə, kino, foto, fonosənədlər və videoyazılar üçün 3 il, vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət, məhkəmə işləri və şəxsi heyət barədə sənədlər üçün 75 il vaxt müəyyən edilib. Göstərilən müddətlər sənədlərin hazırlandığı vaxtdan hesablanır. Bir məsələni də qeyd etmək lazımdır ki, sözügedən qanunun tələblərinə görə, ləğv edilmiş dövlət idarə, müəssisə və təşkilatlarının varisi olmadıqda onların arxiv fondları da qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət arxiv fonduna təqdim olunur. Qeyd etdiyimiz müddətlər “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə Nümunəvi Siyahısı” əsasında tənzimlənir.
- İdarə arxivlərinin işinə və tabeliyindəki təşkilatların kargüzarlığında sənədlərin təşkilinə nəzarət necə həyata keçirilir?
- Dövlət arxivləri təsdiq olunmuş plana əsasən, il ərzində hər bir qəbul mənbəyi üzrə mütəmadi qaydada idarə arxivlərinə, onların işinə və aidiyyəti üzrə digər sahələrə dair yoxlama və baxış keçirirlər. Bu zaman hər bir idarənin nomenklatur siyahısı, idarə arxivlərinin pasportlaşdırılması, idarə, müəssisə və təşkilatlar üzrə ekspert yoxlama komissiyalarının fəaliyyətinə, eləcə də dövlət mühafizəsinə qəbul ediləcək sənədlərin seçilməsinə və məhv olunmaq üçün seçilmiş sənədlərə nəzarət edilir. Bu nəzarət qanunvericiliyin tələbləri əsasında işin təşkilinə dair müvafiq təlimatlar vasitəsilə İdarənin müvafiq şöbələri, Mərkəzi Ekspert Yoxlama Komissiyası, respublika dövlət arxivləri, rayon dövlət arxivləri vasitəsilə həyata keçirilir.
-Əsgər müəllim, dövlət arxivlərində saxlanılan sənədlərdən daha səmərəli istifadə etmək üçün axtarış-məlumat sistemi barədə danışardınız...
- Ölkə rəhbərinin dövlət qurumları qarşısında müasir tələblərə cavab verə biləcək, elektron infrastruktura malik idarəetmə sistemlərinin, məlumat bazalarının yaradılması və istifadəsi barədə tapşırığına müvafiq olaraq, Milli Arxiv İdarəsi dövlət arxivlərində mühafizə edilən fondlar və onların tərkibi barədə açıq informasiyalardan ibarət məlumatı Elektron Arxiv Məlumat Sistemi (EAMS) vasitəsilə istifadəçilərin ixtiyarına verib. İstifadəçi onu maraqlandıran hər hansı bir mövzu ilə əlaqədar sistemdə axtarış apara, həmin məlumatın hansı arxivdə və fondda saxlanıldığını öyrənə, həmçinin məlumatın hansı dövrə aid olduğunu onlayn rejimdə interaktiv şəkildə əldə edə bilər. EAMS ilə idarənin rəsmi internet saytında tanış olmaq olar. Hazırda sözügedən sistemdən minlərlə istifadəçi yararlanır.
- Milli Arxiv İdarəsi yeni elektron xidmətlərin tətbiqi sahəsində hansı yeniliklərdən istifadə edir?
-Milli Arxiv İdarəsi arxiv işi sahəsində yeni elektron xidmətlərdən istifadə edir. Elektron arxivlərin qurulması məqsədilə yaradılan və istifadə olunan informasiya sistemləri, həmçinin arxiv işinin elektronlaşdırılması istiqamətində görülən işlərin nəticəsi olaraq, hazırda Elektron Arxiv Sistemi, Elektron Arxiv Məlumat Sistemi və Elektron Hesabatlar Sistemi adı altında dövlət informasiya ehtiyatları sistemi fəaliyyət göstərir. Elektron arxivlərin qurulması, həmçinin kağız əsaslı arxiv sənədlərinin rəqəmsallaşdırılması və müvafiq məlumat bazasının idarə edilməsi istiqamətində xüsusi proqram təminatlarından, sənədlər üçün alınmış xüsusi skanerlərdən istifadə olunur.
-Regionlarda fəaliyyət göstərən arxivlərdə günün tələbləri baxımından iş necə qurulub?
- Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən, idarənin tabeliyində 6 respublika dövlət arxivi, dövlət arxivinin 15 filialı və sənədləri dəyişən tərkibli 57 rayon (şəhər) dövlət arxivi, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi, Naxçıvan dövlət arxivi və muxtar respublikanın rayon (şəhər) dövlət arxivləri fəaliyyət göstərir.
Bundan başqa, Milli Arxiv İdarəsi yanında təsərrüfat hesablı qurum olan idarə sənədlərini qaydaya salan mərkəz də fəaliyyət göstərir. Regional olaraq hər bir filial öz əhatə dairəsinə daxil olan 4 və ya 5 rayon (şəhər) dövlət arxivinə əməli və metodiki köməklik göstərir. Hər bir filial və əhatə dairəsinə daxil olan rayon dövlət arxivləri təsdiq edilmiş plana əsasən, idarənin məsul vəzifəli əməkdaşlarından ibarət komissiya tərəfindən kompleks qaydada yoxlanılır və nəticələri kollegiyada müzakirə olunur.
Qanunvericiliyin tələbləri çərçivəsində idarə regionlarda fəaliyyət göstərən dövlət arxivlərinin maddi-texniki təchizatını, arxiv qutuları ilə təmin edilməsini, binalarının əsaslı və cari təmirini diqqət mərkəzində saxlayır.
-Milli Arxiv İdarəsinin beynəlxalq əlaqələri hansı səviyyədədir və bu münasibətlər ölkəmizə aid arxiv sənədlərinin gətirilməsi, öyrənilməsi işinə kömək edirmi?
-Milli Arxiv İdarəsi beynəlxalq əməkdaşlıq əlaqələrinə xüsusi önəm verir. Bu yaxınlarda Finlandiya Milli Arxivi ilə əməkdaşlıq haqqında memorandum imzalamışıq. Bununla yanaşı, Türkiyə, Rusiya, İsveç, Gürcüstan, Qazaxıstan, Belarus, Ukrayna, Polşa, Rumıniya və digər ölkələrlə də əməkdaşlıq səviyyəsini qarşılıqlı şəkildə müəyyən edən rəsmi sənədlər imzalanıb. Bu əlaqələr sözügedən ölkələrin arxivlərində mühafizə edilən Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə və digər sahələrə aid sənədləri müəyyənləşdirərək surətlərini çıxarıb ölkəmizə gətirməyə imkan verir. Tanınmış ictimai-siyasi xadim, tədqiqatçı Ramiz Abutalıbov Fransa Milli Arxivində araşdırma apararaq Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında müstəsna xidmətləri olmuş, sonradan mühacir həyatı yaşamış bir sıra görkəmli şəxslər barəsində, o cümlədən Ceyhun Hacıbəyli, Ümbülbanu Əsədullayeva və digərlərinə aid arxiv sənədlərin surəti, həmçinin arxivçilərimiz tərəfindən Türkiyədən, Osmanlı arxivindən ölkəmizə məxsus bir sıra sənədlərin elektron nüsxələri, qardaş ölkənin digər dövlət arxivlərində saxlanılan Əhməd Ağaoğluya, habelə Gürcüstan arxivlərində saxlanılan Mirzə Fətəli Axundzadəyə aid bir neçə fotoşəkilin və digər sənədlərin surətləri ölkəmizə gətirilib. Beynəlxalq əlaqələr çərçivəsində, Çanaqqala döyüşlərində iştirak etmiş azərbaycanlılarla bağlı araşdırma aparılması, həmçinin Azərbaycan ərazilərində ermənilərin törətdiyi soyqırımı və qətliamlarla bağlı türkiyəli tədqiqatçılarla hər iki tərəfdə arxiv sənədlərin üzə çıxarılması məqsədilə əməkdaşların qarşılıqlı səfərləri təşkil edilib. Əməkdaşlarımız MDB ölkələri arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının iclaslarında, Fransa, Türkiyə, Koreya Respublikası, Malayziya, Rusiya və digər xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda ölkəmizi təmsil edirlər. Bütün bunlar beynəlxalq əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir.
- Rəhbərlik etdiyiniz qurumda müasir iş metodları, yanaşmalar və yeniliklər hansı səviyyədədir?
- Ölkə başçısı dövlət qurumları qarşısında konkret tapşırıqlar qoyub. Bu tapşırıqlar, ilk növbədə, vətəndaşlara şəffaf xidmət göstərmək, müasir idarəçilik metodlarının, müasir menecmentliyin, eləcə də elektron informasiya sistemlərinin işə tətbiqini nəzərdə tutur. Milli Arxiv İdarəsi olaraq, bu tələbləri ən yüksək səviyyədə icra etməyə çalışırıq. Son hesabat dövrünün məlumatlarına əsasən, respublika üzrə dövlət arxivlərinə 50 minə yaxın müraciət olunub. Bunlardan 41 faizini daşınmaz əmlak üzərində əşya hüququnun təsdiq edilməsi ilə bağlı arayış və çıxarışlar təşkil edir. Əlavə olaraq, İdarənin fəaliyyətində tətbiq edilən “Bir pəncərə” sistemini göstərə bilərəm. Bu sistem Milli Arxiv İdarəsi və onun tabeliyindəki bütün qurumlar tərəfindən 2017-ci il mayın 10-dan tətbiq olunur. Bu günədək bu sistem vasitəsilə 12 mindən çox vətəndaşa ən yüksək səviyyədə arxiv xidməti göstərilib. Onları müvafiq hüquqmüəyyənedici sənədlərlə, arayışlarla, çıxarışlarla təmin etmişik. Sistem tam olaraq elektron növbə və digər İKT avadanlıq və proqramlarla təmin olunub. Biz, eyni zamanda, “ASAN xidmət” Mərkəzlərində də arxiv xidməti üzrə fəaliyyət göstəririk. Arxiv işinin elektronlaşdırılması, həmçinin elektron arxivlərin yaradılması istiqamətində də hazırda işlərimiz davam edir.
-Arxivlərə ən çox kimlər müraciət edir?
- Arxivlərimizə əməkhaqqı və iş stajı, təltif, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sənədlərindən arayış almaq istəyən, daşınmaz əmlak üzərində əşya hüququnun təsdiq etmək istəyən hüquqi və fiziki şəxslər, həmçinin tədqiqatçılarımız müraciət edir.
- Arxivdə mühafizə olunan sənədlər hansı dövrü əhatə edir, ümumilikdə burada nə qədər sənəd saxlanılır?
- Dövlət arxivlərimizin mühafizə etdiyi sənədlər 300 illik dövrü əhatə edir. Arxivlərimizdə 17 mindən çox fond, 3.5 milyondan çox saxlama vahidi etibarlı şəkildə mühafizə olunur. Bu da orta hesabla 700-750 milyon sənəd deməkdir.
-Bizə vaxt ayırıb sullarımızı cavablandırdığınız üçün təşəkkür edirik.
Ceyhun Alışlı
AZƏRTAC-ın müxbiri
Müsahibə ilə həmçinin BURADAN tanış ola bilərsiniz.
Bugün: | 819 |
Dünən: | 817 |
Bu həftə: | 819 |
Son həftə: | 6197 |
Bu Ay: | 6091 |
Son Ay: | 25580 |
Bu İl: | 218909 |
Ümumi: | 1239330 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az